Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:26

-

"Bir gün intihar etmək istəyəndə kitaba gözüm sataşdı və bir də oxumağa başladım, bu dəfə isə tolazlansa belə, oxuyacaqdım sona qədər və sonra qəsd edəcəkdim özümə. Kitabı bitrdim, anladım ki, hələ bu qədər gözəl kitablar yazılacaq, ölüm zamanımı özüm təyin etsəm, axmaqlıq olar".

Tural İsmayılov

Palanikin kitabı (Hekayə)

Çöldə yağış dəli kimi pəncərələri döyəcləyirdi. Oturub eləcə fikirləşirdim ki, anama qulaq asıb hüquqşünaslıq oxumaq bəlkə də daha yaxşı olardı. Elman müəllim yenə Marksizmdən danışırdı, artıq təngə gəlmişdim fəlsəfə dərslərində ancaq partnomenklatura şinelindən çıxan fəlsəfi cərəyanların və sosialist təlimlərin tədrisindən. Amma onsuz da Elman müəllimdən daha kapitalist təfəkkürlü birini də tanımırdım, hər il qiymət kəsdiyi tələbələrin qarşısında təzim edəcək şəkildə, yalvarış dolu ümidli gözlərlə ona baxmasından ləzzət alırdı. Mən ilk dəfə idi ki, Çak Palanikin “Döyüşçü Klubu” kitabını oxuyurdum. Birdən müəllim məni səslədi:

- Qalx ayağa, dərsimə və mənə neçənci dəfədir hörmətsizlik edirsən, səni bayıra çıxarmayacam bu dəfə, çağırın dekanı, bu özündən razı gədəyə dərsini versin.

- Sizin məni təhqir etmək ixtiyarınız yoxdur. Mən sizə qarşı heç bir hörmətsizlik etmirəm. Dərslərim qaydasındadır, yazılı seminarlarda həmişə yüksək qiymət alıram, semestr imtahanından da yüksək qiymət aldım, məni sizin boz və sıxıcı Leninist-Trotskist mühazirələrinizə qulaq asmağa məcbur etməyin. Sakitcə oturub, kitabımı oxuyuram, səs salmıram, sizi də digərləri kimi ələ salmıram.

Chuck Palahniukun "Döyüşçü klubu" kitabı azərbaycan dilində.

Chuck Palahniukun "Döyüşçü klubu" kitabı azərbaycan dilində.

- Mən seminar müəlliminiz Vaqif müəllimlə də danışaram, görüm o, sənə necə yüksək qiymət yazır? Sənin heç bir təcrübən və fəlsəfi biliyin yetgin deyil, amma böyük fəlsəfi məktəblərə dil uzadırsan, axmaq-axmaq kitablar oxuyursan. Bir kitabın adı ki “Döyüşçü Klubu ” ola, onu oxuyan adamdan mən heç nə gözləmirəm. Sənin tərbiyən də yəqin o kitabla pozulur.

- Əvvəla sizin üç mənim yaşım qədər təcrübəniz var, amma buna baxmayaraq, siz hələ də Leninçi fəlsəfəni böyük hesab edirsiz, halbuki, bu fəlsəfələr artıq inkişaf etmiş dövlətlərdə ümumiyyətlə tədris olunmur. Böyük fəlsəfə fəlsəfənin beşiyi Antik Yunan fəlsəfəsidir, ekzistensializmdir və postmodern düşüncə fəlsəfəsidir. Bundan əlavə, siz oxumadığınız bir kitab haqqında belə dəqiq fikir bildirməklə bir tədris işçisi olaraq fəlsəfədən danışmağa haqqınız olmadığını sübut edirsiz. Chuck Palahniuk Qərbdə hökm sürən, buralarda da adi olan və sizin kimi adamların görməzlikdən gəldiyi şeylərə etiraz edir, onun döyüşü çürümüş mənəvi dünyalarladır. Və siz haqqlı olsaz da, artıq üçüncü dəfədir məni təhqir edirsiz, heç bir tərbiyəsizliyimi görməyə-görməyə, belə olanda mən sizdən sadəcə asılı olduğum üçün zorakı sayğı duya bilərəm.

Uşaqlar qımışırdı, bunu gördükcə müəllim daha da əsəbləşirdi, dəsmalını çıxararaq tərdən daha da aydın görünən alnındakı yaraları cib dəsmalı ilə sildi. Gülüşdüyü üçün uşaqlara təpindi, jurnalı açıb, dərsdə iştirak etdiyim halda mənə qaib qoydu və sonra jestlə geri çevrilərək hirslə soruşdu:

- Anarxistsən, əə?

- Əmin olun ki, yox. Onlar sizdən daha çox yarasızdır insanlığa.

Ayağa durdum, qaib yazıldığı üçün dərsdə iştirak etməmin mənasız olduğunu düşündüm. Bu vaxt Elman müəllim stolumdan Palahniuk kitabını götürərək, qapıya doğru tolazladı. Qıpqırmızı oldum, doluxsundum, istədim çevrilib nəsə deyim, üzünə belə baxmadan otaqdan çıxanda sabahdan onun dərsinə dekanın icazə kağızı olmadan girə bilməyəcəyimi söylədi. Mənim isə heç nə vecimə deyildi, bilmirəm nə idi, amma kitabın azca əzilən səhifələrinin qamətini itirməsi və yerdə olması məni daha çox sarsıdırdı. Sonralar müəllimlə hər şey düzəldi, bir də heç vaxt dillənmədim və ay yarım sonra o, daha bizə dərs demədi. Kitabı isə tamamlamadım, oxumaq gəlmirdi içimdən, sanki o müəllimin timsalında cəmiyyətin oxumadığı kitaba verdiyi ilkin dəyərsiz reaksiyanın günahkarı mən idim, sonunu maraqla gözlədiyim kitabı heç vərəqləmədim. Amma həmişə rəfdə o kitabın yarımçıq qalmağı mənə pis təsir edirdi, sanki neçə uşaqla bir qadını atmışam kimi gəlirdi.

Universitetdən məzun oldum. Hərbi xidmətdə boş vaxtlarımda kitab oxuyurdum, adətən istirahət günlərində. Bir gün bölük komandirinin müavini durduğum yerdə qayıtdı ki, yaman özündən razı adamsan sən, ümumiyyətlə, mən kitab oxumağa icazə vermirəm. Onun buna haqqının çatmadığını və istirahət saatında ədəbiyyat mütaliə etməmin nizamnaməyə zidd olmadığını söyləyəndə isə lap əsəbləşdi, kitabı alıb çarpayıma doğru atdı. Yenə Palahniukin boz siması yerdə idi, bu dəfə isə əsgər botinkalarından boylanırdı. Sonralar kitab oxumama bir söz deyilmədi, amma mən yenə Palahniukin ən məşhur kitabını tamamlaya bilmədim.

Yaxşı bir iş tapmışdım. Aylıq gəlirim normal idi. Atam da hardansa xəstəlik qapmışdı, evə yardım edir, kreditləri ödəyir, atamın müalicəsi uçun çabalayırdıq. Bu dəfə Palahniukin kitabını artıq yarılaya bilmişdim, tələsik mütaliəni sevmirdim, amma bitirə bilməmə qorxusu var idi.

Axşam yeməyini yedikdən sonra kitabı oxuyurdum, atam televizorun səsinə o qədər güc verdi ki, otağımda da toy müğənillərinin karnavalı idi sanki.

- Ata, xahiş edirəm, azalt səsini, kitab oxuyuram, bir az asta tonda dinlə, lütfən.

- Məni müalicəm düşündürür, indi bu xaraba viranxanada rahat bir musiqi də dinləməyək? Mən atamın yanında tir-tir əsərdim, sənin qudurğanlığına bax.

- Axı mən qudurğanlıq etmirəm. Səndən niyə qorxum ki? Atamsan, düşmənim yox, sənlə dost ola bilmədik heç vaxt, amma düşmənim deyilsən ki, tir-tir əsim, baxmayaraq ki, heç düşməndən də qorxmaq düzgün deyil.

İndi sənə göstərərəm mən...

Dizlərim tir-tir əsirdi. Bu dəfə də kitab atılacaqdı. Atam sanki xəstəliyinin heyifini məndən çıxırdı. Atalarımız üçdən deyir, atam da o kitabı yerə tullayan üçüncü adam oldu.

Bir il sonra atam öldü, onun heç vaxt hiss etmıdiyimiz yaxınlığını onda hiss etdik, atasız ev nə çətin imiş.

Anam da xəstələndi, pul yox, müalicə ümidsiz. Bir gün intihar etmək istəyəndə kitaba gözüm sataşdı və bir də oxumağa başladım, bu dəfə isə tolazlansa belə, oxuyacaqdım sona qədər və sonra qəsd edəcəkdim özümə. Kitabı bitrdim, anladım ki, hələ bu qədər gözəl kitablar yazılacaq, ölüm zamanımı özüm təyin etsəm, axmaqlıq olar. O kitabı bitirəndə artıq intihardan daşındım, ikinci dəfə oxuyanda isə yazmaq istədim.

Bir kitab insanın 8 ili üçün bir xatirə yarada bildi, ən əsası ağılsızlıqdan xilas etdi, səhv addım atmadım.

Günün bütün mövzuları

XS
SM
MD
LG