Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:55

-

"Bir gün eşitdik ki, kəndin əlidaşlı gəncləri Camalgilin evini daşlayırlar."

Tural İsmayılov

Anasına görə qovulan Camal

Keçən yağışlı və sıxıntılı günlərdən biri idi. Yenə evdə darıxmaqla məşğul idim. Ümumiyyətlə, mənə heç kim sona kimi dözməsə də, bu darıxmaq əl çəkmirdi.

Birdən rayondan zəng gəldi, dayıma yenə azuqə yollamalı idik.

Həmişəki kimi, gəldim dəmiryol vağzalına, vaxtından biraz tez gəlmişdim.

Qatar stansiyası

Qatar stansiyası

Uşaqlıqdan vağzal yanında evimiz olduğundan və küçəmiz birbaşa vağzala açıldığından bir vağzal uşağı ibarəsi də yaranmışdı.

Ona görə tez gəldim ki, limonadla kojikin tək qaldığı gözləmə zalında həm onları dadım, həm qatar səsləri ilə uşaqlığıma enim, həm də evdəki pessimist, qaramat auradan yaxamı qurtarım və biraz nəfəs alım.

Birdən gördüyüm mənzərədən mat-məəttəl qaldım. Bir nəfər gənc oğlan təkərli arabalarda yük daşıyırdı, üstü-başı pis gündə idi, ağızda dişi qalmamış və gözləri solğun idi.

Gördüyüm anda tanıdım, çox dəyişsə də bu, həmin, uşaqlıqdakı Camal idi. Səliqəli geyinən, mərifətli danışan, oturuşu-duruşu həmişə qaydasında, heç kimi incitməyən, başını aşağı salıb işini görən, dərslərində fərqlənən Camal.

Yarımçıq saxladığım kojiki göyərçinlərə verdim və arxasınca getməyə başladım. Əslində gedib də nə edəcəyimi heç bilmirdim.

Yazıq Camalı başqaları təkləyəndə mən də qoşulmuşdum. Hər nə qədər uşaq olsam da, indi uşaqlığımda etdiklərimdən də utanıram. Eləcə məqsədsiz gedirdim arxasınca, üzüm yox idi, saxlayım, hal-əhval tutum. Ən qəribəsi isə, tam 17 il sonra mən sual verdim özümə: “Camaldan nə istəyirdik?”

O vaxt evdə qadınlar danışırdılar ki, Sənubər əxlaqsız qadındır, pozğundur. Bir nəfər də dəlil, sübut gətirmirdi ki, qadının pozğunluğu aydın olsun. Qadın qeybətləri və birinə qarşı iftiralardan ən çox psixologiyası zədələnənlər uşaqlar olurdu.

Evdə eşitdiklərimizi məktəbə daşıyır və beləcə, körpə beyinlərimizə ötürülən zəhərləri öz həmyaşıdlarımıza tuşlayırdıq. Uşaq olanda ilan kimi yetişdirilmək də dərddir, ilahi…

Hər gün "anan pisdir" deyə-deyə Camalı incidirdik, hər dərs ən iyrənc atmacalar atır, onu utandırırdıq, heç vaxt ağzını belə, aça bilmirdi.

Bir dəfə Ərşad dayının oğlu topla məktəbin şüşələrini sındırdı. Hamı Camalı dövrəyə aldı ki, bəs bizim dəstənin fəalı Fərahimdir, həm də Ərşad dayı rayonda hörmətli kişidir, sən boyununa götür, pəncərəni özün qırmış kimi qələmə ver.

Biraz hörməti olması üçün dəridən-qabıqdan çıxan Camal hadisəni üstlənmiş və direktordan ilk silləni almışdı.

Sinifdə hamı qız sevə bilərdi, Camal yox, dili gödək idi axı. Camal öz pulundan hamıya saqqız, meyvə alardı, amma biz nəsə alanda onu adam yerinə saymazdıq. Üstü-başı səliqəli idi, gah ayağına vurub yıxar, gah təbaşir, palçıq, çirkli su, nə gəldi tolazlayardıq ki, geyimi bulansın.

Bax beləcə, Camal ən mədəni və dözümlü, başqa aləmlərin uşağı kimi böyüyürdü, o pozğun dedikləri qadın belə bir övlad böyüdürdü.

Təxminən səkkizinci sinifdə oxuyurdum, bir gün eşitdik ki, kəndin əli daşlı gəncləri Camalgilin evini daşlayırlar, guya anasının məşuqəsi kəndin içində qız-gəlindən utanmadan onlara gedib-gəlir.

İllər sonra gələnin əslində Camalın xalasının nəvəsi olduğu bilinəcəkdi. O gündən sonra Camalgil kənddən köçdülər, sonralar biz Camal kimi qəlbi böyük uşağın yoxluğunu daha yaxşı anladıq.

Mən üçüncü kursda oxuyanda dayım oğlu demişdi, Camalın anası dərddən Bakıda xəstəliyə tutulub ölüb, hamıdan inciyən Camal da yetimxanadan qaçmış və bir də gözə dəyməmişdi.

İndi mənim qarşımdakı, bax, həmin Camaldır. Sadəcə üzr istəmək üçün çox gec idi…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG