Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:46

S.Baycan: Van Goghu kimlər anlaya bilər...


Yazıçı Seymur Baycan
Yazıçı Seymur Baycan

-

"Adamlara elə gəlir ki, Van Gogh absent içib, qulağını kəsib dahi olub. Başa düşürəm, maraqlı, cəlbedici həm də aldadıcı söhbətlərdi. Adamlar belə söhbətləri xoşlayırlar".

"Elə bil adamlar əhvalat axtarırlar. Elə bil adamlar istəyirlər kimsə uğursuzluğa düçar olsun, sağlığında səfil-sərgərdan dolaşsın, üşüsün, söyülsün, döyülsün, ölsün sonra da şöhrət tapsın. Açıq-aşkar manyaklıqdı".

Seymur Baycan

Van Gogh haqqında

... Qəzetlərdən birinə Çexov haqqında məqalə yazmağa söz vermişdim. Lakin işə başlayan kimi hiss elədim ki, hal-hazırda Çexov haqda “məqalə” deyilən janrda bir şey yazmaq çətindir, hətta mümkün olan iş deyil. Sanki rus dilində Çexova aid ola biləcək nə qədər söz varsa hamısı deyilib qurtarmışdır. Bu məhəbbət dildəki ən yaxşı ifadələrin axırına çıxmışdır. Burada təkrarçılıqdan, ümumi sözlərdən qaçmaq çətindir.
Çexov haqda sanki hər şey deyilmişdir. Lakin onun bizim xasiyyətlərimizə təsiri və Çexovu sevənlərin ürəyində bu adamın bir insan kimi buraxdığı dərin izlərdən hələ az danışılmışdır.

Konstantin Paustovsky
Chexov haqqında məqalədən.


Ölkəmizdə keçirilən yubiley tədbirlərində çıxış edən adamlardan biri çıxışında yubliyar haqqında mütləq belə bir cümlə işlədir : “Onun haqqında danışmaq həm asandır həm də çətin”. Ona görə asandır ki ... Ona görə çətindir ki... Beləcə çıxış edən adam yubliyar haqqında danışmağın həm asan həm də çətin olmasını izah etməyə çalışır.

Holland rəssamı Van Goghun sağlığında çəkilmiş nadir fotolarından biri.
Holland rəssamı Van Goghun sağlığında çəkilmiş nadir fotolarından biri.

Zarafat bir yana, Van Gogh haqqında da yazmaq həm asandır həm də çətin. Ona görə asandır ki, Van Goghun qəribəlikləri, dəlilikləri, davranışları haqqında çoxlu əhvalatlar, söhbətlər, nağıllar, əfsanələr mövcuddur. Bu söhbətlərdən, əhvalatlardan birini götürüb yuxarısını-aşağısını, sağını-solunu,orasını-burasını bir az bəzəyib-düzəyib yazı düzəltsən rəssamların, ümumiyyətlə sənətkarların dəliliklərini, qəribəliklərini xoşlayan diletantların, “sənət həvəskarları”nın asanlıqla rəğbətini qazanarsan. Bu işin asan tərəfidir.
Həyatı və yaradıcılığı haqqında kitablar yazılmış, filmlər çəkilmiş, məşhur bir rəssam haqqında yazı yazmaq böyük məsuliyyətdir. Ən acınacaqlısı odur ki, bu məsuliyyəti dərk etməkdəyəm. Bu da işin çətin tərəfidir. Zənnimcə Van Gogh haqqında yazı yazmağın həm asan həm də çətin olmasını qısa da olsa izah edə bildim.
Həyatı və yaradıcılığı ən müxtəlif bucaqlardan araşdırılmış,dünyaca məşhur bir sənət adamı haqqında nəsə təzə söz demək müşkül məsələdir. Özümü sığortalamıram. Bu doğurdan da belədir. Bununla belə Van Gogh haqqında yazmaq, öz minnətdarlığımı bildirmək istəyirəm. Bu minnətdarlığa ehtiyac varmı? Bu suala konkret cavab vermək mümkün deyil. Çox adam düşünə bilər ki ,böyük şöhrət qazanmış bir rəssamın sənin minnətdarlığına heç bir ehtiyacı yoxdur. Olan olub, keçən keçib. Amma məncə var. Minnətdarlıq ali duyğudur və onu hər hansı bir formada bildirmək heç vaxt gec deyil. Minnətdarlığını bildirdiyin adamın məşhur və ya qeyri-məşhur olması da vacib deyil.

Van Goghun həyatının ayrı-ayrı dövrləri, ailəsi, sənətə necə gəlməsi, uğursuzluqları haqqında yazmaq istəmirəm. Buna ehtiyac görmürəm. Uzun söhbətdi. Sadəcə bacardıqca qısa olaraq üç məsələyə toxunmaq istəyirəm.

Van Goghun ən məşhur əsəri "Ulduzlu gecə" 1889.
Van Goghun ən məşhur əsəri "Ulduzlu gecə" 1889.

Adətən Van Goghun yaradıcılığından və həyatından danışan adamların çoxu bir vacib məqamın, bir vacib məsələnin üstündən çox rahatlıqla, sükutla keçirlər. Çoxları onun dəliliklərindən, rəngləri yeməsindən, qulağını kəsməsindən, dəlixanada yatmasından, absent içməsindən, dava - dalaşlarından və dəxi bu kimi hərəkətlərindən danışmağı xoşlayırlar. Adamlara elə gəlir ki, Van Gogh absent içib, qulağını kəsib dahi olub. Başa düşürəm, maraqlı, cəlbedici həm də aldadıcı söhbətlərdi. Adamlar belə söhbətləri xoşlayırlar. Etiraf edək ki, belə söhbətlər sənətkarların tanınmasında, onlara qarşı adamlarda maraq yaranmasında öz rolunu oynayır. Lakin hər şey dəlilikdən ibarət deyil. Van Goghun zəhmətkeşliyi, necə gərgin işləməsi haqqında danışanlar azdı. Bu Van Gogha qarşı böyük ədalətsizlikdi. On beş ayda iki yüz əlli rəsm əsəri çəkmək vəhşicəsinə işləmək deməkdir. Düzdü, orası da var ki, Van Gogh işləməklə həyatdan, reallıqdan qaçmağa cəhd edirdi. O, işləməklə özü-özünü xilas etmək istəyirdi. Bu haqqda məktublarında yazır. Van Gogh işləməklə reallıqdan qaçırdı, özünü xilas etmək istəyirdi, bunlar öz yerində, amma fakt faktlığında qalır, o dəhşətli dərəcədə zəhmətkeş adam idi. Bunu ona görə qeyd edirəm ki, adamlar zəhməti unutmasınlar və sənətkarların dəlilikləri haqqında əhvalatlara çox da uyub reallıq hissini itirməsinlər.

Van Goghun qulağını kəsdikdən sonra onu sarıyaraq çəkdiyi çoxsaylı portretlərindən biri.
Van Goghun qulağını kəsdikdən sonra onu sarıyaraq çəkdiyi çoxsaylı portretlərindən biri.

Necə oldu sağlığında cəmisi bir əsəri satılmış Van Gogh öləndən sonra kəskin şəkildə məşhurlaşdı? Gəlin əvvəlcədən qeyd edək ki, bir çox insan sağlığında öz həqiqi qiymətini ala bilməyib, amma bu daha çox fikir adamlarına aiddir. Fikir adamlarının, yaxud elm adamlarının vaxtında öz həqiqi qiymətini almaması daha normaldır. Məsələn, bir adam cəmiyyətin hara gedəcəyini görür. Deyir ki, mənim buyurduğum, mənim düşündüyüm kimi yaşasaq daha yaxşı olar. Dövlət belə olsa, cəmiyyət belə olsa, vergi belə yığılsa daha yaxşı yaşayarıq. Onsuz da axır-əvvəl dediyimə gəlib çatacaqsınız, yaxşı olar ki, elə əvvəlcədən qəbul edəsiniz. Onun dedikləri ya din, ya dövlət, ya da elə adamların özü tərəfindən narazılıqla qarşılanır. Zaman keçir, müxtəlif hadisələr baş verir. Onun dedikləri aşağı-yuxarı öz sübutunu tapır. Adamlar da uzaqgörənliyinə, vaxtında öz sözünü deməsinə görə ona öz minnətdarlığını bildirirlər. Bəziləri hətta onun çəkdiyi əzab-əziyyətə görə üzr istəyirlər. Bəziləri xəcalət çəkirlər. Heykəl qoyurlar, adına küçə verirlər, şəklini pulun üstünə vururlar.

Sənət məsələsinə gəldikdə isə sənət adamının zamanında öz həqiqi qiymətini almaması elm, fikir adamlarının zamanında öz həqiqi qiymətini almaması kimi normal görünmür, daha çox anormal görünür. Adamların öyrəşmədikləri, hazır olmadıqları mövzunu, üslubu, yeniliyi qəbul edə bilməməsini nəzərə almaqla bərabər elə bil sanki burda bir oyun var. Elə bil adamlar əhvalat axtarırlar. Elə bil adamlar istəyirlər kimsə uğursuzluğa düçar olsun, sağlığında səfil-sərgərdan dolaşsın, üşüsün, söyülsün, döyülsün, ölsün sonra da şöhrət tapsın. Açıq-aşkar manyaklıqdı. Elə bil adamlar darıxırlar və bilmirlər darıxdıqlarından nə etsinlər, kimi oyuna salsınlar, kimi dəli etsinlər, kimi acından öldürsünlər. Necə olur, bir adamın sağlığında bir rəsmi satılır, öləndən sonra şöhrəti aşıb-daşır? Yəni nə oldu adamlar onun sənətini, yaradıcılığını qiymətləndirdi? Nə baş verdi? Bu zövq necə yarandı? Məncə adamlar elə belə də istəyirdi. Məncə adamlar oynatmağa dəli axtarırlar. Bəziləri bazarda, küçədə dəli oynadırlar. Onların istəkləri konkretdi, məqsədləri və əyləncəsi birbaşadı. Bəziləri , özünü daha üst təbəqədən hesab edənlər isə bazarda, küçədə dəli oynatmağı özünə yaraşdırmır. Həm də bazardakı küçədəki dəlilərin səviyyəsi onları qane etmir. Ona görə də daha ağıllı dəli axtarırlar və beləcə öz ehtiyaclarını ödəmək üçün yazıçı, rəssam adı qoyub konkret dəli oynadırlar. Əslində isə formalar başqa-başqa olsa da məzmun eynidi. Nə bilim, deyəsən çox qarışdırdım.


Görəsən, Van Goghu tanıyan adamlardan nə qədəri onu həqiqətən tanıyır? On min adamdan biri, yoxsa yüz min adamdan biri? Dəqiq bir rəqəm söyləmək olmaz, amma məncə Van Goghu həqiqətən tanıyan adamların sayı onu elə-belə, üzdən, səthi tanıyan adamların sayından olduqca azdır. Van Goghu tanımaq o demək deyil ki, sən onun həyatı və yaradıcılığı haqqında saatlarla əzbərdən danışırsan. Van Goghun həyatı və sənəti haqqında dayanmadan danışıb onu tanımamaq da mümkündü. Öz müşahidələrimə əsaslanıb, bəli qəti hökm verirəm. Öz müşahidələrimə əsaslanıb deyə bilərəm ki, əsərləri oxuyan adamların çox az, olduqca az qismi ordakı incəlikləri tuta bilir. O incəliklər ki, həqiqi sənətin böyüklüyü, əzəməti, bütün ağırlığı orda gizlənib.Böyük çoxluq süjetlə, hadisələrin gedişatı ilə tanış olur. Böyük çoxluq əsəri oxuyur, Knyagina Şerbatskayanın kimə ərə getməsini öyrənir və bununla kifayətlənir, özünü əsəri oxumuş hesab edir. Görəsən “İvan İliçin ölümü” əsərini oxuyan adamlardan neçəsi bu cümlənin üstündə dayanıb : "Doğurdan da, burada, bax, bu pərdəni taxmaqla həyatımla vidalaşmışam. Doğurdanmı? Necə də dəhşətli və axmaq bir iş! Bu ola bilməz! Ola bilməz, amma olub". Görəsən, “Dorian Qreyin portreti” əsərini oxuyan neçə adam bu cümlələrin üstündə dayanıb, bu cümlələrin ağırlığını hiss edib:


“ - Bazil, artıq gecdir, çox gecdir!
- Yox, Dorian, heç vaxt gec deyil! Gəlin diz üstə çökək və yalvaraq, duaları yadımıza salaq! Məncə, Bibliyada haradasa belə bir ayə var: "Sizin günahlarınız qan kimi qırmızı olsa da mən onları qar kimi ağappaq edəcəm".
- Bu sözlərin indi mənimçün heç bir mənası yoxdur” .

Görəsən Tagorun memuarını oxuyan adamlardan neçəsi “ Qoca Banyan ağacı, o balaca uşağı xatırlayırsanmı ” sözünün üstündə dayanaraq fikirə gedib?
Belinskinin Goghola yazdığı məktubda belə bir cümlə var: “İsa peyğəmbər öz həqiqətlərini öz iztirabları ilə möhürlədi” . Bu cümləni Van Gogha da aid etmək olar. Van Gogh öz sənətini öz iztirabları ilə möhürləmişdi. John Updikeninsənətin gücü içində gizlənmiş əzabla ölçülür, həqiqətən də, kim ki, əzab çəkməyib, onun deməyə sözü yoxdur” sözləri Van Goghun simasında necə də yerinə oturur. Yalnız bütün ümidini itirmiş adamlar həyatı dərk edə bilərlər. Van Goghun xəstəlikləri, ümidini tam itirməsi onun həyatla tam, hərtərəfli tanış olmasına şərait yaradırdı. Kamyunun təbirincə desək, o əsl sənətkar kimi özündə bədbəxt olmaq cəsarəti tapmışdı. Xəstəlik müdrikliyə, həqiqətə gedən yolu qısaldan vasitələrdən biridir. Sveyq Nitşe haqqında monoqrafiyasında yazır : “Yalnız əzab insanı müdrik edir. Sadəcə irsiyyətlə əldə edilən və heç sarsılmayan donuz sağlamlığı xam və xəbərsiz məmnunluq deməkdir. Onun istəyi, sorğu-sualı yoxdur, buna görə də sağlam şəxslərdə psixologiya olmur. Biliyin hər cür növü iztirabdan gəlir... Ancaq böyük ağrı,yalnız o bizi içimizin ən dərinliklərinə enməyə məcbur edir və kimin belə öldürücü ağrısı olmuşsa o insan özü haqqında bu barədə qürurla deyir - Mən ölümlə tez-tez üz-üzə gəldiyim üçün həyat haqqında daha çox şey bilirəm”. Məhz buna görə Van Gogh yaşının az olmasına baxmayaraq həyat haqqında çox şey bilirdi. Onun həssaslığını ədəbiyyatda Tomas Vulfun, Lermontovun həssaslığı ilə müqayisə edə bilərik. Van Goghun vəhşicəsinə işləməsi də səbəbsiz deyildi. Əgər o vəhşicəsinə işləməsəydi onun bütün iztirabları, ağrıları, ümumiyyətlə həyatı öz mənasını itirəcəkdi. O şüurlu olaraq tarana gedirdi. Əbədiyyət tanrısına lazım olduğundan da artıq qurbanlar verirdi. Mopassan kimi artıq onun da geriyə qayıtmağa yolu qalmamışdı. O bunu bilirdi. O dahi olmalı idi. ALLAH ona rəhmət eləsin! Qəbiri nurla dolsun və yatdığı torpaq qu tükündən yumuşaq olsun! Amin!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG