Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:52

►Əsabəli Mustafayev: “Məhkəməyə çağırılmağım Avropa Məhkəməsinin qərarlarının əks-sədasıdır”

İyulun 1-də vəkil Əsabəli Mustafayev məhkəməyə dəvət edilib. Bu, onun şikayətləri üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 13 qərarın elan edilməsindən bir gün sonraya təsadüf edir.

Bu haqda vəkilin özü məlumat verib. Onun deməsinə görə, vergi idarəsi məhkəməyə təqdimat verib ki, onun xaricə çıxışına qadağa qoyulsun.

“Olmayan hüquqa necə qadağa qoymaq olar?” – deyə sual edən vəkil bildirib ki, artıq, iki ildir Baş Prokurorluğun qadağası sayəsində ölkədən çıxa bilmir.

Əsabəli Mustafayevin bildirməsinə görə, Vergilər Nazirliyi ondan 8 min manata yaxın əlavə vergi tələb edir.

“Guya ki, rəhbərlik etdiyim QHT 2-3 qrantı qeydiyyatdan keçirməyib. Halbuki, bu qrantların qeydiyyatdan keçməsi barədə məlumat Ədliyyə Nazirliyinin saytında yerləşdirilib. Mən əlavə verginin tətbiqi barədə idarənin bu qərarını dərhal məhkəmədə mübahisələndirmişəm. Lakin, məhkəmə bu iş üzrə icraatı vergilər idarəsinin xahişi ilə bir ilə yaxındır ki, dayandırıb. Bəhanəsi də budur ki, prokurorluqda araşdırma davam edir”, deyə vəkil bildirib.

Ə.Mustafayevin sözlərinə görə, bir tərəfdən əlavə verginin qanuniliyinə məhkəmədə baxılmasına imkan verilmir, digər tərəfdən hər ay faiz hesablanır:

“Mənim olmayan hüququmu məhdudlaşdırmaq istəyirlər. Ölkədən çıxışıma qadağanın, təşkilatın və mənim şəxsi bank hesablarıma qoyulmuş həbslərin qanunsuzluğu barədə qaldırdığım iddiaya da baxılmır. Çünki, prokurorluğun nümayəndəsi prosesə gəlmir. Absurd ondadır ki, təşkilatın bank hesabında əlavə vergini ödəməyə çatacaq məbləğ var. Lakin vergi onu götürə bilmir ki, pokurorluq hesaba həbs qoyub. Pulun ödənilməsinə prokurorluq imkan vermir, cəzalanan isə mən oluram. Ən əsası isə, "Rəsul Cəfərov Azərbaycana qarşı" işi üzrə qərarda Avropa Məhkəməsi belə əlavə vergi hesablanmasını qanunsuz sayıb. Lakin nə prokurorluq, nə məhkəmə, nə də vergi belə məsələləri nəzərə alır”.

Vəkilin bildirməsinə görə, iyulun 1-nə təyin edilən məhkəmə iclası iyulun 8-nə təxirə salınıb.

Vəkilə ikiqat cəza?

Ə.Mustafayev məhkəmədən gözləntilərini də dilə gətirib.

“Yəqin ki, vergi idarəsinin təqdimatı təmin olunacaq və mən ölkədən 2 qat çıxa bilməyəcəyəm. Sonra yəqin işıq, su, kanalizasiya və digər bu kimi idarələr də məhkəmələrdə öz tələblərini qaldıracaqlar”, deyə vəkil ironiya ilə bildirib.

Ə.Mustafayevə görə, Vergilər Nazirliyinin məhkəməyə müraciəti Avropa Məhkəməsinin bir gün əvvəlki 13 qərarının əks-sədasıdır.

İyunun 30-da Avropa Məhkəməsi vəkilin müdafiə etdiyi 13 şikayəti təmin edib. İndiyədək Avropa İnsan Hüquqları Məhkəməsi Əsabəli Mustafayevin müdafiə etdiyi 71 şikayəti təmin edib.

Bu il Avropa Məhkəməsi onun müdafiə etdiyi 22 şikayətçinin xeyrinə qəarar çıxarıb.

Ümumilikdə, Mustafayev 297 iş üzrə Avropa Məhkəməsinə şikayət verib. Hazırda 81 şikayət üzrə kommunikasiya başa çatıb, qərar gözlənilir. 1 iş üzrə isə kommunikasiya başlanıb.

Əsabəli Mustafayevin rəhbərlik etdiyi "Demokratiya və İnsan Hüquqları" Resurs Mərkəzi, artıq, iki ilə yaxındır ki, QHT-lər üzrə qaldırılan cinayət işi üzrə istintaqa cəlb olunub. Bu cinayət işi üzrə vəkilin ölkədən çıxışına qadağa tətbiq edilib, təşkilatının və özünün bank hesablarına həbs qoyulub.

Vikilin bu dediklərinə Vergilər Nazirliyindən, hələlik, münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG