Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 05:29

-

"İncilin başlıca dəyərinin onun mənəvi mahiyyətində, dağüstü moizələrdə olduğunu anlatmaq yerinə, bu kitabı da köhnə andlaşmadakı tarixlərə bağlayırsınız və peyğəmbərlərlə, müxtəlif möcüzələrlə bağlı əfsanələr uydurursunuz".

Ən pisi isə, insana ruhunun qurtuluşu üçün öz şüuruna deyil, kilsənin dediklərinə inanmağı və onun buyuruqlarına sözsüz əməl etməyi öyrədirsiniz.​

Lev TOLSTOY

RUHANİLƏRƏ ÇAĞIRIŞ

(Araz Gündüzün tərcüməsində)

I

Kim olursunuzsa olun: papalar, kardinallar, yepiskoplar, superintendentlər, keşişlər, pastorlar, eləcə də, hansı təriqətin kilsəsinə bağlı olmağınız da bir yana qalsın, gəlin bircə anlığına da olsa, sizin və yalnız sizin İsa Məsihin təliminin gerçək biliciləri və onu öyrətməyə haqqı olan kimsələr olduğunuza bəslədiyiniz sarsılmaz inamınızı bir qırağa qoyub, papa, kardinal, yepiskop, superintendent, habelə bu kimi görəvlər daşımazdan öncə, özünüzün də bütün başqa insanlar kimi, bu dünyaya Tanrı tərəfindən göndərildiyinizi və onun qanunlarına əməl eləyərək yaşamalı olduğunuzu xatırlayın; bunu xatırlayın və sonra nə iş gördüyünüzə baxıb, düşünün. Dediklərinizdən anlaşıldığına görə, Tanrının özü tərəfindən gözləriniz açılmış və onun yer üzünə göndərdiyi gerçək və insanları qurtuluşa çatdıra bilən, dünyada tayı olmayan təlimini öyrənə bilmisiniz, elə buna görə də, sizin ömrünüz bu təlimi öyrətməyə, yaşatmağa və yaymağa həsr olunmuşdur.

Öyrətdiyiniz bu, dünyada tayı olmayan, gerçək və insanlara qurtuluş verən təlim nədən ibarətdir? Hansı xristian təriqətinə bağlı olmağınızdan, katolik, pravoslav, lyüteran, yoxsa ingilis kilsəsindən sayılmağınızdan asılı olmayaraq, sizin təliminiz 1600 il bundan öncə xristianların Nikey yığıncağında müəyyən olunmuş inanc simvolları üzərində qurulmuşdur. Bu simvollar aşağıdakılardır:

Birinci: Ata Tanrı (üçüzlü Tanrıdan birincisi) vardır, o göyü, yeri və göydə yaşayan bütün mələkləri yaratmışdır.

İkinci: Ata Tanrınn tək bir oğlu olan Tanrı vardır (üçüzlü Tanrının ikincisi), o yaradılmayıb, ancaq doğulubdur. Həyat bu Oğul Tanrının vasitəsi ilə yaradılmışdır.

Üçüncü: Özlərinin ulu babaları olan Adəmin törətdiyi suça görə Ata Tanrı tərəfindən cəzalandırılmış insanlığı suçlardan və ölümdən qurtarmaq üçün bu Oğul Tanrı Müqəddəs Ruh və Bakirə Məryəmdən doğularaq insan görkəmində yer üzünə gəlmişdir.

Dördüncü: Oğul Tanrı insanların günahları ucbatından çarmıxa çəkilmişdir.

Beşinci: Oğul Tanrı insanların əli ilə işgəncələr çəkərək öldürülmüş, yəhudi kitablarında yazıldığına görə, ölümündən üç gün sonra dirilmişdir.

Altıncı: Diriləndən sonra göyə uçub gedən Oğul Tanrı Ata Tanrının sağ yanında yer alaraq oturmaqdadır.

Yeddinci: Vaxtı çatanda Tanrı oğlu yenidən, diriləri və ölüləri mühakimə eləmək üçün, yer üzünə gələcək.

Səkkizinci: Üçüzlü Tanrının üçüncü təzahürü olan Müqəddəs Ruh da vardır, O elə Ata Tanrının özü deməkdir və peyğəmbərlər onun aşıladığı sözləri danışmışlar.

Doqquzuncu (bu simvol, geniş yayılmış təriqətlərin çoxunda vardır): Vahid, müqəddəs, heç vaxt yanılmayan kilsə vardır (təriqətlərdən hər biri bu vahid, müqəddəs və heç vaxt yanılmayan kilsənin yalnız özününkü olduğunu sanır). Bu kilsə ona itaət eləyən bütün diriləri və ölüb gedənləri öz ətrafında birləşdirir.

Onuncu (bu simvol da geniş yayılmış xristian tərqiətlərinin çoxunda vardır): İnsanlar xaç suyuna salınır, bu ayinin köməyi ilə müqəddəs ruhun gücü onların bədəninə keçir.

Onbirinci: İsa Məsihin yer üzünə ikinci gəlişindən sonra ölənlərin ruhu yenidən öz bədənləri ilə birləşəcəkdir və bu bədənlər artıq ölümsüz olacaqlar.

Onikinci: İsa Məsihin gəlişindən sonra, doğru yol tutan inanclı xristianların cənnətdə, suça batıb yanlış yol tutanların isə cəhənnəmdə keçəcək əbədi ömürləri başlayacaqdır.

Mən burada, katolik və pravoslavlar arasında özünü göstərən: bir sıra insanların müqəddəsləşdirilməsi və onların bədənlərinin qalıqlarına sitayiş olunmasından, habelə İsa Məsihin və onun Anası Məryəmin təsvirlərinin sitayiş obyektinə çevrilməsindən geniş danışmaq istəmirəm, məncə, danışdığım bu on iki maddə ilə də sizin Tanrı tərəfindən ilhamlanaraq öyrəndiyinizi və insanların ruhunu qurtara biləcəyini dediyiniz bu, həqiqi dini təliminizin mahiyyətcə nə demək olduğunu anlamaq mümkündür. Sizlərdən bir çoxunuz sadaladığım maddələri elə olduğu kimi də insanlara öyrətməyə çalışırsınız, bir başqalarınız isə, onlara biraz ayrı biçim verib çağdaş biliklər və sağlam düşüncə ilə uyğunlaşdıraraq təbliğ eləyirsiniz, ancaq hamınız bu dediklərinizin sizə Tanrının verdiyi ilhamla qazandığınız mütləq həqiqət olduğuna və insanların yaxşılığını istədiyiniz üçün bu həqiqəti onlara öyrətdiyinizə inanırsınız, başqa cür ola da bilməzdi.

II

Çox yaxşı, tutalım, elə doğrudan da, insanların ruhunu qurtarmaq üçün olan həqiqət, Tanrı vergisi aldığınız üçün, sizlərə bəlli olmuşdur, burası da var ki, belə bir bilgini yalnız həqiqəti öyrənmək yanğısı olan adamlar qazana bilirlər və onlara bu bilik verilən kimi, bu adamlar böyük sevinclə bunu qəbul eləyir və bütün ömürlərini bu həqiqətə uyğun olaraq yaşamağa başlayırlar.

Ona görə də, Tanrının özünün sizlərə öyrətdiyi və insanları qurtarmaq işinə yarayan həqiqətinizi, istər şifahi, istərsə də yazılı olaraq, insanlara anlatmaq da gərək olduqca sadə və aydın, habelə ağlabatan mühakimələr şəklində olaydı, dedikləriniz inandırıcı olduğundan insanlar da onu çox asanlıqla qəbul edəydilər. İndi isə gəlin, baxaq görək, siz bildiklərinizi insanlara necə öyrədirsiniz? Özünü kilsə adlandıran qurum yaranan gündən, sizin ardıcılları olduğunuz keçmişin ruhaniləri bu həqiqəti ən çox zora arxalanaraq yaymağa çalışmışlar. Onlar adamları bu həqiqətə inanmağa çağırmış, bunu qəbul eləməyənləri isə edam eləmişlər. (On milyonlarla insanlar bu həqiqətə inanmaq istəmədikləri üçün işgəncələrlə üzləşmiş, öldürülmüş, diri-diri tonqalda yandırılmışlar.)

Ancaq belə bir “öyrətmə üsulu” işə yaramadığından, ondan getdikcə daha az yararlanmağa başlamışlar və məncə, indi xristian ölkələri arasında bu üsuldan yalnız Rusiyada yararlanırlar.

Bildiyiniz həqiqəti yaymağın başqa bir üsulu xarici effektlərdən yararlanmaqla adamların duyğularına təsir eləmək olmuşdur: onlar üçün təntənəli olan günlərdəki ovqatdan, rəsmlərdən, heykəllərdən, nəğmələrdən, musiqilərdən, dram əsərlərindən və natiqlik bacarığından istifadə etməklə insanları deyilənlərin doğruluğuna inandırmağa çalışmışlar. Ancaq zamanın gedişində bu üsuldan da getdikcə daha az yararlanmağa başladılar. Örnək üçün, protestant təriqətində olan ölkələrdə, bu üsullardan yalnız birindən: natiqlik bacarığından yararlanırlar (ancaq son şağlar protestantizm özülündə yaranmış, özünü “Qurtuluş ordusu” adlandıran dini cərəyan bu yöndə başqa, daha yeni vasitələrdən yararlanmağa çalışır).

Ancaq indi ruhanilər bütün gücləri ilə, həmişə az-çox yararlandıqları, indi isə var gücləri ilə yararlanmağa başladıqları, üçüncü bir vasitəyə əl atmağa başlamışlar. Bu üsulla, deyilənlərin doğru, yoxsa yanlış olduğunu ayırd eləyə bilməyən adamlara, kilsənin təlimi aşılanır (təlqin olunur).

Bu durumda olan insanlar ya bütünlüklə savadsız, ağır əməyə qatlaşan insanlar olur və onların eşitdikləri sözlərin üzərində düşünüb-daşınmağa vaxtları da olmur, ancaq, bu sıradan olan insanların böyük çoxluğu, eşitdiklərinə götür-qoy eləmədən, araşdırmadan inanan və bu yaşda aldıqları təəsürratların izlərini ömrü boyu daşıyan uşaqlardır.

III

Beləliklə də, bizim günlərdə Tanrının sizə açdığı bu sirli həqiqəti yaymağınızın başlıca üsulu, onu yaşlı və savadsız insanlara, bir də bütün eşitdiklərinə düşünüb-daşınmadan inanan uşaqlara öyrətməkdir.

Siz insanları öyrətməyə müqəddəs tarix deyilən mövzudan başlayırsınız, bu isə Bibliyanın, yəhudilərin müqəddəs sandığı köhnə andlaşma bölməsindən seçilmiş hissələr olub, sizin təliminizə görə, müqəddəs ruhun mahiyyətini açıqlayır, ona görə də, bütün bunlar nəinki şəkksiz həqiqətlərdir, habelə müqəddəs sözlərdir. Bu, müqəddəs dediyiniz tarix üzrə, şagirdlərinizə: dünya, insanların yaşamı, yaxşılıq və yamanlıq, habelə Tanrı ilə bağlı ilkin biliklər öyrəsirsiniz.

Lev Tolstoy öz iş otağında

Lev Tolstoy öz iş otağında

Müqəddəs tarix isə belə başlayır: əbədi yaşar Tanrı 6000 il bundan öncə, heçlikdən göyü və yeri yaratmış, daha sonra vəhşi heyvanları, balıqları, bitkiləri yaratmış, ən sonda isə birinci insan olan Adəmi, habelə, onun qabırğasından Adəmin arvadını yaratmışdır. Daha sonra insanın və onun arvadının yeyib, qüdrət qazana biləcəyi sehirli bir almadan söz açılır, Tanrının, insanın bu almanı yeməsindən qorxduğu üçün, insanlara onu yeməyi yasaqladığı bildirilir; ancaq yasağa baxmayaraq ilk insanlar almanı yedilər və buna görə də cənnətdən qovuldular, habelə, onların özləri və bütün gələcək nəsilləri, yaşadıqları yer üzü də, lənətləndi, elə bu qarğışa görə də, yer üzündə cənnətdəki kimi sağlam bitkilər yetişmir. Bundan sonra Adəmin sonrakı nəsillərinin yaşamından danışılır və onların öz pozğunluqları ilə Tanrını qəzəbləndirdikləri, buna görə də Tanrının yalnız Nuh və onun ailəsinin, bir də onların öz gəmilərinə mindirdiyi bütün bitki və heyvanlardan başqa, yer üzündəki bütün insan, heyvan və bitkiləri daşqınla məhv elədiyindən söz açılır.

Sonra Tanrının necə, bütün insanların arasından Avraamı seçib onunla anlaşdığından, bu anlaşmaya görə Avraamın Tanrıya sayğı ilə yanaşma öhdəliyi götürdüyündən və bunun təsdiqi olaraq sünnət olunduğundan danışılır. Tanrı isə bunun qarşılığında Avraama çoxsaylı oğul-uşaq verməyi, onun bütün gələcək nəsillərinə qayğı göstərməyi öhdəsinə götürür. Daha sonra Tanrının Avraam və onun törəmələrini himayə eləməsindən və bu vaxt möcüzə adlanan qeyri-adi işlər görməsindən, habelə bir sıra çox qorxunc amansızlıqlar eləməsindən söz açılır. Bütün bu tarixlərin içində bir-iki epizodu çıxsaq,–bunlara örnək olaraq, Tanrının iki mələklə Avraamın yanına gəlməsini və İsaakın toyunu göstərmək olar,– qalan bütün olaylar, aşağıda sadalayacağımız örnəklərdə olduğu kimi, əxlaqsızlıqla dolu nağıllardır: Tanrının sevimlisi olan Yakovun fırıldaqları, Samsonun amansızlığı, İosifin hiyləgərliyi kimi iyrəncliklər, bundan öncə danışılan: Moiseyin misirlilərin yanına göndərilməsi və misirlilərin birinci doğulan uşaqlarının hamılıqla Tanrı buyuruğu ilə öldürülməsi, 250 sui-qəsdçinin Tanrının göndərdiyi odda diri-diri yanması, Tanrı istəmi ilə yerin yarılıb Kore, Dafan və Avrionun, habelə onlarla birlikdə 147000 adamın torpağın altına gömülməsi, öz yağılarını mişarla doğrayıb öldürmək, kahinlərin İlyanı mişarlayıb öldürməsi və onun bundan sonra göyə uçması, sonra Müqəddəs Yeliseyə güldükləri üçün iki uşağı ayının parçalayıb yeməsi kimi axmaq hekayələrdə, gülünc möcüzələrlə yanaşı olaraq, biri-birindən alçaq və yaramaz əməllər törədilir, həm də, bütün bu işləri ya yəhudilər, ya onların başçıları, ya da birbaşa Tanrının özü törədir.

Ancaq sizin müqəddəs adlandırdığınız bu tarix bütün bunlarla da qurtarmaq bilmir. Köhnə andlaşmadan başqa, siz yeni andlaşma (İncil) kitablarında da uşaqlara və savadsız adamlara yeni bir uydurma tarix danışırsınız və İncilin başlıca dəyərinin onun mənəvi mahiyyətində, dağüstü moizələrdə olduğunu anlatmaq yerinə, bu kitabı da köhnə andlaşmadakı tarixlərə bağlayırsınız və peyğəmbərlərlə, müxtəlif möcüzələrlə bağlı əfsanələr uydurursunuz: ulduzların yürüşü, göylərin dillənib nəğmə oxuması, iblislə danışmaq, suyun çaxıra dönməsi, suyun üzəri ilə addımlamaq, xəstəlikləri sağaltmaq, ölüləri diriltmək və ən sonda İsa Məsihin özünün dirilib göyə uçması kimi yalanları bu adamlara sırıyırsınız.

Mən sizdən soruşmaq istəyirəm: xristian dünyasında oxudulan kitablar arasında bu, “müqəddəs tarix” adlanan kitabdan da daha qorxunc olan başqa bir kitab varmı?

Birdən bu, yeni və köhnə andlaşma kitablarındakı tarixlər nağıl kimi tanıdılsaydı, düşünmürəm, hansısa tərbiyəçi savadlandırmaq istədiyi uşaqlara və böyüklərə belə nağıllar danışmağı özünə sığışdırardı. Sizin bu nağıllarınız eşitdiklərini araşdırmaq bacarığı olmayan adamlara danışılır və bütün bu uydurmalar dünyanın təsviri və onun qanunları ilə bağlı ən etibarlı bilgilər kimi tanıdılır, uzaq keçmişlərdə yaşamış insanlar haqqında ən doğru bilgilər kimi öyrədilir, bunlarla, sanasan, insanlara nəyin yaxşı, nəyin pis olduğunu, Tanrının varlığı və özəllikləri, habelə, insanın vəzifələri aydınlaşdırılır.

Çox vaxt bir sıra kitabların ziyanlı olduğundan danışırlar. Mən sizdən soruşmaq istəyirəm: xristian dünyasında oxudulan kitablar arasında bu, “müqəddəs tarix” adlanan kitabdan da daha qorxunc olan başqa bir kitab varmı? Bununla belə bu müqəddəs tarixin yazıldığı kitablar xristian dünyasındakı insanlara, hamılıqla, uşaqlıq çağlarından başlayaraq öyrədilir, elə yaşlı və savadsız insanlara da bu kitablarda yazılanlar ən zəruri, ən başlıca bilik qaynağı və əbədi ilahi həqiqət kimi tanıdılır.

IV

Hansısa yad bir cismi canlı orqanizmə yeridəndə, həmişə, bu orqanizmin ondan azad olmaq çabası yaranır və çox vaxt, bu çabalar orqanizmi üzüb əldən salaraq onun ölümünə də gətirib çıxara bilir. Elə isə, Bibliyanın köhnə və yeni andlaşma bölümlərində olan, çağdaş biliklərə, sağlam düşüncəyə və insan şüuruna yad olan bilgilərin, insanın uşaqlıq çağında, onun nəyin doğru, nəyin yalan olduğunu ayırd eləyə bilmədiyi, deyilən sözlərin hamısını danışıqsız qəbul elədiyi durumunda, onun şüuruna yeridilməsinin necə qorxunc bir olay olduğu da aydındır.

Bir insanın şüuruna müqəddəs həqiqət adı ilə aşağıdakılar yeridilmişsə: Tanrı 6000 il bundan öncə dünyanı heçlikdən yaratmışdır, Tanrının göndərdiyi daşqından qurtula bilən Nuhun gəmisinə yer üzünün bütün canlıları yerləşmişdir, Tanrının üç təzahürü var, başqa sözlə, o bir olduğu kimi həm də üçdür, İsa Məsih Tanrı oğlu olaraq, cinsi əlaqə olmadan, bakirə qadından doğulmuşdur, İsa Məsih möcüzələr yarada bilirdi, o, bu dünyaya insanlığın suçlarını təmizləmək üçün öldürülməyə gəlmişdi, habelə, buna oxşar başqa uydurmalar insanlara aşılanmışsa və onlar da buna inanmışlarsa, onda belə bir inam yiyəsi olan insan üçün şüurun tələbləri vacib deyildir və belə bir insan heç bir doğru olan nəsnəyə də inana bilməz. Axı, Tanrı bir olduğu kimi həm də üç ola bilirsə, cinsi əlaqə olmadan doğulmaq olursa, İsa Məsihin qanı insanlığın suçunu təmizləyirsə, onda demək hər şey ola bilər və baş verdiyi deyilən olayların ağlabatanlığı üzərində düşünməyə də dəyməz.

Taxıl anbarının döşəməsinin taxtaları arasına bir paz vurub, onları aralayın. Bu anbara nə qədər taxıl töksəniz də o döşəmədə qalmayıb aşağı töküləcəkdir. Elə bunun kimi də: eyni zamanda həm bir, həm də üç olan Tanrı, yaxud da Tanrı oğlunun yer üzünə öldürülmək üçün gəlib insanların suçunu yuyaraq göyə uçması kimi “pazlar”, insan beyninə vurulmuşsa, bu insanın şüuru heç bir ağıllı və sağlam mühakiməni qəbul eləyib ona inana bilməyəcəkdir.

Döşəmə taxtaları aralı olan anbara nə töksən hamısı axıb gedəcək, ələ gəlməyəcəkdir. Anlamsız inancı qəbul eləmiş şüura nəyi anlatmaq istəsən də, o deyilənləri qəbul eləyib özündə saxlaya bilməyəcəkdir.

Belə, öz inancını qorumaq üçün tir-tir əsən insan, qaçılmaz olaraq, bütün ömrü boyu onun inamını sarsıda və onun düşüncələrini aydınlada biləcək bütün bilikləri pislik sayacaq, özünü onların təsiri altına düşməkdən qorumağa çalışacaqdır; ya da, kilsə təlimini öyrədən ruhanilərin ona anlatdığı kimi, həmişəlik olaraq, şüuru insanı yanıldan bir qaynaq sayacaqdır, beləliklə də, belə birisi: insanın öz ömür yolunu doğru-düzgün qura bilməsi üçün olan bu, təkbir işıqdan–şüurdan yararlanmaq istəməyəcək, biliksizlik qaranlığında yaşamağı üstün tutacaqdır; ya da, ən qorxuncu, belə bir insan ən ağılsız şeylərin ağlabatan olduğunu sübut eləmək üçün hiyləgər mühakimələrə əl atacaqdır, ən pis halda isə, bu insan nəinki ona aşılanan inancından əl çəkəcəkdir, habelə, dünyada insanın inana biləcəyi hansısa inancın ola biləcəyini də, bütünlüklə danacaqdır.

Dediyimiz hər üç durumda, uşaqlıq çağlarından başlayaraq, şüuruna anlamsız və ziddiyətli bilgilər dini həqiqətlər kimi aşılanmış insan, var gücü ilə və hər cür acılara dözərək, bütün bu yalanlardan öz şüurunu qurtarmağa çalışmırsa, onda bu insanın ağıl çatışmazlığı vardır. Belə bir insan yan-yörəsindəki yaşamın daimi hərəkətdə və dəyişməkdə olduğunu görsə də, bütün bunları doğru-düzgün anlamaq yolunu tuta bilmir: onun dünya görüşünü dağıdan bu proseslərə qıcıqlanmadan baxmağı bacarmır, belə bir şüurlu və ağlabatan yaşam yolunu tutan insanlara istər üstüörtülü, istərsə də açıq-aydın şəkildə kin bəsləmədən yanaşmaya bilmir, insanların şüurunu işıqladan biliklərə göz yumur və həqiqətə qarşı dayanan cəhalət qaranlığının və yalanın yanında olmaqdan özünü çəkindirə bilmir.

Uşaqlıq çağlarından aşılanmış anlamsız inancın ucbatından, aydın və sağlam düşünə bilmək bacarığını itirmək, insanlığın xristianlıq adlanan kəsimindəki böyük bir çoxluq üçün xarakterikdir.

V

Kilsə təliminin insanlara aşıladığı bilgilər insanın şüurlu fəaliyyəti üçün belə bir ziyan törədir. Ancaq bu aşılamanın törətdiyi mənəvi pozğunluq bundan qat-qat ziyanlıdır. İstənilən insan dünyaya gələndə, ona həyat verən, yenilməz qüdrəti olan, gizlin-ilahi bir başlanğıcdan qaynaqlanır, bu insanda, özünün bütün

Kilsə təliminin insanlara aşıladığı bilgilər insanın şüurlu fəaliyyəti üçün belə bir ziyan törədir.

insanlarla, və insanların hamılıqla biri-biri ilə bərabər olması şüuru vardır, habelə, bu insanda başqalarının onu, özünün başqalarını sevməsi və özünün bu yolla yetkinləşə bilməsi ilə bağlı istəklər də olur, bəs siz bu insana nə aşılayırsınız?

Onun, bütün yaxşılıqların qaynağı kimi anmaq istədiyi ilahi başlanğıcla bağlı olaraq siz ona: acıqlı, ədalətsiz, insanları öldürən, onlara ağrı-acılar yaşadan bir Tanrıdan danışırsınız.

Körpə uşağın və oxumamış insanların belə, öz varlıqlarında duyduğu bütün insanların bərabərliyi ideyasının yerinə siz insanlara belə bir yalanı sırıyırsınız: nəinki insanlar öz aralarında, heç xalqlar da biri-biri ilə bərabər deyildirlər, insanlarla olduğu kimi, xalqlardan da biriləri Tanrının sevimlisidir, bir başqaları isə onun sevmədiyi varlıqlardır, insanların bir bölüyünün ağalıq eləməsi, başqa bir bölüyünün onlara qulluq göstərməsi də, Tanrının istəmi ilə baş verir.

İstənilən, əxlaqca və mənəviyyatca korlanmamış insanın varlığında başlıca özəllik olan: başqalarının özünü, özünün də başqalarını sevməsi istəyini artırmaq yerinə, siz onlara insanlar arasındakı münasibətlərin yalnız zorakılığa, qorxuya, edamlara əsaslandığını aşılayırsınız, insanlara belə bir iyrənc düşüncəni öyrədirsiniz: məhkəmə qərarı ilə və müharibələrdə insanı öldürmək nəinki yolveriləndir, hətta, Tanrının özü də, bunun doğru olduğunu buyurur.

İnsanların yetkinləşmək istəyini doğru yönə çəkməkdənsə, siz onlara yetkinləşmənin ancaq onlara aşıladığınız bu yanlış inanca bağlı olmaqla yarandığını deyirsiniz, insanların öz güclərinə arxalanaraq yetkinləşməsini, bunun üçün: dualardan, öz suçlarını ayinlərlə bağışlatmaqdan yararlanmaq istəməməsini isə, onların yekabaşlığı və ağır günahı kimi dəyərləndirirsiniz, ən pisi isə, insana ruhunun qurtuluşu üçün öz şüuruna deyil, kilsənin dediklərinə inanmağı və onun buyuruqlarına sözsüz əməl etməyi öyrədirsiniz.

Belə bir təlimin uşaqların və savadsız insanların ruhunda hansı pozğun və iyrənc anlayış və duyğular yaratdığını düşünməyin özü belə adama çox qorxunc gəlir.

VI

Yaşadığım 60 illik ömrün ağlım kəsən dönəmində, Rusiyada nələrin baş verdiyini və bunların hələ də davam elədiyini ürəyi ağrımadan düşünmək olmur.

Ruhani akademiyalarındakı müəllimlərin, yüksək rütbəli ruhanilərin, alim monaxların, din yayıcısı olan oxumuş ruhanilərin arasında, dolaşıq ilahiyyat soruları ilə bağlı hiyləgər mühakimələr yürütmək adi bir hala çevrilmişdir, onlar əxlaqla dini ehkamları uyğunlaşdırmaqdan danışır, ehkamların dəyişilən, yoxsa dəyişməz olması kimi dini incəliklər üzrə qızğın söz çəkişmələrinə qapılırlar. Bütün bu ruhanilərin yüz milyonluq kütləyə öyrətdiyi isə bunlardır: kazan və iver ikonasına inanın, müqəddəslərin qəbrini ziyarət eləyib şəfa alın, şeytanlar var və özünüzü onlardan qoruyun, çaxıra batırılmış çörəyi dua oxumaqla yeyəndə ruhunu suçdan qurtarmaq olar, kilsədə şam yandırmaq imanlılıqdır, ölənləri anma mərasimləri keçirməlisiniz, habelə, bu kimi ayinlər və dualarla bağlı çoxlu yozumlar danışılır və bunları təkcə elə öyrətməklə yetinməyib onların hamısının bütün dəqiqliyi ilə yerinə yetirilməsinə göz yetirir, xalqın içində kiminsə bunlara laqeyd yanaşması və onları pozmasını isə ən böyük suçlardan sayırlar.

Hansısa bir kəndli çarın taxta çıxmasının ildönümünü bayram etmirsə, qapılarda gəzdirilən, möcüzə törətdiyi deyilən ikonanı əllərində daşıyanları evinə çağırmırsa, İlya cümə günündə işləyirsə, çox keçmədən onu çuğullayırlar və kilsə də, hakimiyyətlə birgə, bu kəndlini izləyir, sıxışdırır, sürgünə göndərir. Pravoslav ayinlərini yerinə yetirmək istəməyən təriqətlərdən olan insanların yaşamı isə daha dözülməzdir: onları kilsədə deyil, başqa bir yerdə yığışaraq İncili oxuduqlarına görə mühakimə eləyib cəzalandırırlar. Bütün bunların ucbatından on milyonlarla insan, o sıradan rus qadınlarının az qala hamısı, İsa Məsihin kim olduğunu bilmək bir yana qalsın, heç onun adını belə eşitməmişlər. Buna inananlar az olacaq, ancaq bu faktdır və inanmayanlar bunun doğruluğunu özləri də yoxlaya bilərlər.

Yüksək çinli ruhanilərin, ilahiyyat üzrə akademiklərin kilsələrdə və yığıncaqlardakı çıxışlarına qulaq asın, onların buraxdıqları jurnalları oxuyun və sonra düşünün: rus ruhaniləri, necə yanlışlara uğrasa da, ancaq hələ də, ilkin xristianlığın həqiqətlərinin qorunub saxlandığı xristian inancını xalqa necə öyrədirlər; ruhanilərin xalq arasında gördükləri işlərə baxsanız, onların yalnız və yalnız bütpərəstlik yaydıqlarını görəcəksiniz: ikonaların insanların gözündə ucaldılması, müqəddəs su ilə paklıq yaradılması, möcüzə doğurduğu deyilən ikonaların qapı-qapı gəzdirilməsi, müqəddəs sayılan insanların qəbirlərinin şəfaverici elan olunması, xristianların boyunlarından xaç asması və habelə, bu kimi ayinlərin və adətlərin təbliğ olunması, bunu bütün aydınlığı ilə göstərməkdədir; xristianlığın gerçək mahiyyətinə uyğun olan inancın öyrənilməsinə yönəlik bütün çalışmalar isə, bu ruhanilər tərəfindən izlənilib sıxışdırılmaqla qarşılanır. Mənim tanıdığım əməkçi rus xalqı, yaxın keçmişlərədək yaşatdığı, özünün gerçək xristianlığa uyğun olan özəlliklərinin çoxunu artıq itirmişdir və onun xristianlıqdan belə uzaqlaşdırılması ruhanilərin var gücü ilə apardıqları çalışmaları ucbatından baş verməkdədir.

Keçmişlərdə xalq arasında, ağızdan-ağıza keçən, xristianlıqla bağlı əfsanələr və deyimlər vardı(bunlar indi yalnız ucqarlarda qalmışdır), bu əfsanələr arasında yoxsul bir insan kimi dünyanı gəzib dolaşan İsa Məsihdən, Tanrının mərhəmətli olduğuna inamını itirmiş mələkdən, yeməkxanalarda rəqs eləyən dərvişdən danışılırdı, deyimlərdə isə: “Tanrını anmadan evinin kandarından çıxma”, “Tanrının gerçəkliyi onun gücündə yox, həqiqətindədir”, “bugünü gecəyə kimi, ömrünü sonsuzluğa kimi yaşamağa çalış” kimi sözlər danışılırdı və bütün bu əfsanələrlə deyimlər xalqın ruhunu qidalandırırdı.

Xalqın böyük çoxluğu, ən çox da qadınlar, 600 il bundan öncə necə mövhumatçı idisə, indi də eləcə qalmaqdadırlar.

Bundan başqa da, xalqın yerinə yetirdiyi xristian adətləri də vardı və onlar insanları: caniyə və yolçuya acımağa, sonuncu tikəsini yoxsullarla bölüşməyə, incitdikləri kimsələrdən bağışlanmasını xahiş eləməyə çağırırdı.

İndi bütün bu adətlər unudulub aradan getməkdədir. Bütün bunların yerini indi dua və ayin kitablarını əzbərdən öyrənmək, Tanrının üçüzlü olmasını anlamaq, öz ağaları və çar üçün dualar oxumaq, habelə bu kimi anlamsız ayinlər tutur, yaşadığım bu illərdə xalqın öz dini inancında günü-gündən gerilədiyini və inanca bağlılıqlarında daha qaba formalara keçməyə başladığını görürəm.

Xalqın böyük çoxluğu, ən çox da qadınlar, 600 il bundan öncə necə mövhumatçı idisə, indi də eləcə qalmaqdadırlar, ancaq bu keçmişlərdə heç olmasa onların yaşamına sızan xristian ruhu var idi; xalqın yerdə qalan bölümü isə, katexizisisi (xristian dininin ehkam və ayinlər kitabı) əzbər bilsə də, büsbütün ateist düşüncəsinə yiyələnmişdir. Bütün bunlar isə ruhanilərin bilərəkdən törətdikləri əməllərin ucbatındadır.

“Bu yalnız sizin Rusiyanızda belədir”, avropalı insanlar, katoliklərlə protestantlar belə deyə bilərlər. Ancaq mənim düşüncəmə görə, bizdə olanlar, ola bilsin, ondan da pisi, elə katolisizmdə də baş verir, İncilin müstəqil oxunmasına qoyulan yasaqları, özünün bər-bəzəkli notr-damları ilə, katolisizm, xristianlığın mahiyyətindən çox uzaq görünür, eləcə də protestantlıqdakı şənbə günlərini boş-bekar keçirmək, Bibliyanın hərfi anlamlarına kor-koruna inanmaq kimi çağırışların da, xristianlığa qarışacağı yoxdur. Məncə, xristianlığın yarımçıq və yanlışa uğradılmış formalarla öyrədilməsi ilə bağlı olan bütün təlimlər üçün də bunu demək olar.

Yüzilliklər boyunca davam eləyən bu fırıldaqların ən parlaq örnəyi olaraq, İsa Məsihin dirilidiyi gün sanılan həmən bazar günündə, Yerusəlimdə, özü-özünə alışan məşəllə bağlı quraşdırılan gülünc oyunu göstərmək olar və kilsə xadimlərindən heç biri bunun bir oyun olduğunu açıb xalqa demək istəmir, yaxud da, protestantlığın sonuncu formaları arasında günahların bağışladılması və bununla da ruhun qurtuluşa çatması ilə bağlı yürüdülən hay-küylü mühakimələr də, elə bu sıradan olan uydurmalardan biri sayılmalıdır.

VII

Kilsə təliminin məntiqsizliyinin və mənəviyyatsızlığının vurduğu ziyan bir yana qalsın, bu təlimə inananların yaramazlıqlardan çəkinmədən və əxlaqın tələblərinə uyğun yaşamadan, özlərinin gerçək xristian ömrü sürdüklərinə inanması insanlara daha artıq ziyan vurur.

İnsanlar ağlasığmazlıq həddinə çatan cah-cəlal içində yaşayır, bütün bu var-dövlətlərini alçaldılmış yoxsul kütlənin əməyi ilə əldə eləyir, özlərini və var-dövlətlərini keşikçilərlə, məhkəmələrlə, edamlarla qoruyub saxlamağa çalışırlar və ruhanilər də, İsa Məsihin adından onların bu yaşamlarını təqdir edir, onlara xeyir-dua verir, belə bir yaşamın xristianlığa uyğun olduğunu deyir və bütün bunların qarşılığında isə, hakim təbəqənin xalqı ara vermədən talamaqla topladığı var-dövlətin bir hissəsini kilsə üçün ayırmağı məsləhət görürlər.(Bəlli olduğu kimi, quldarlıq quruluşu ortalıqda olanda da, xristian ruhaniləri onu doğruldan sözlər danışır, bu rəzaləti xristianlığa zidd saymırdılar.)

Bugünümüzün insanları silah gücünə, başqalarını öldürməklə, özlərinin şəxsi və ictimai, habelə, eqoist məqsədlərinə çatmağa can atırlar, ruhanilər isə İsa Məsihin adından onların bu müharibə hazırıqlarına xeyir-dua verir, onları təqdir eləməklə yetinməyib bu işlərə biraz da artıq şirnikləndirirlər və bütün bu qanlı savaşlarda və insan qırğınında xristianlığa zidd olan heç nə görmürlər.

Sizin öyrətdiyiniz xristianlıq yalançı xristianlıq vaksinidir.

Bu təlimə inanan insanlar ona uymaqla təkcə elə alçaq bir yaşama qapılmaqla qalmır, həm də, bu yaşamlarının ən doğru olduğunu və ondan yaxşısının ola bilməyəcəyinə də ürəkdən inanırlar.

Ancaq bu da azdır: bu təlimin başlıca yamanlığı onun çox böyük ustalıqla xristianlıq donuna girməsidir və bu təlimə inanan insanlar siz ruhanilərin öyrətdiyi bu təlimin gerçək xristianlıq olduğunu düşünür və bundan doğru başqa bir təlimin olmadığına inanırlar. Siz təkcə elə insanları dirilik suyundan uzaqlaşdırmadınız, – sizin azdırmağınıza baxmayaraq, insanlar gec-tez onu tapa bilərdilər – siz bundan da pisinə əl atıb, bu suyu öz təliminizlə ağuladınız, sizin öz yozumlarınızla ağuya döndərdiyiniz xristianlıq bu inancı düşüncəli insanların gözündən büsbütün sala bildiyindən, onlar artıq başqa cür, daha doğrusu, gerçək bir xristianlıq inancının ola biləcəyinə də inanmırlar.

Sizin öyrətdiyiniz xristianlıq yalançı xristianlıq vaksinidir(peyvəndidir), çiçək və difteriya xəstələklirinə yoluxmamaq üçün olan vaksinlər kimi, sizin bu peyvəndinizlə iynələnən insanların gerçək xristianlığı qəbul eləməsinin qarşısı biryolluq alınmış olur.

Sizin öz təsiriniz altına saldığınz neçə-neçə nəsillər, gerçək xristianlığa zidd olan, ancaq sizin xristianlıq kimi tanıtdığınız bu təlimə uyğun gələn yaşama alışdıqlarından, onlar artıq xristian kimi ömür sürdüklərini düşünürlər və gerçək xristianlığa qayıtmaq bacarıqlarını da itirmişlər.

VIII

Bu hələ sizin təliminizə inanan insanlardır, ancaq bu insanlardan başqa da, sizin təliminizdən azad olan, dinsiz adlandırılan insanlar da vardır.

Bu insanlar, – onların çoxu kilsə təliminə inanan adamlara baxanda daha çox mənəviyyatlı bir ömür sürürlər, – uşaqlıq çağlarında xristian toplumlarındakı bütün qaragünlü insanlarla olduğu kimi, qarşılaşdıqları həmən o ruhi sarsıntı ucbatından, daha doğrusu, kilsənin danışdığı yalanlara görə, kilsənin anlatdığı xristianlıqla gerçək xristianlığı eyni bir anlayış saymağa başladıqlarından, onları biri-birindən ayırmağın mümkünlüyünü görmürlər və yalançı kilsə təliminin içində gizlənən gerçək xristianlığı da, bu təlimlə birlikdə bir qırağa tullayırlar.

Bu insanların onlara aşılanan yalanları görməyə gözləri olmadığından, bu yalanların ucbatından dərin sarsıntılar keçirdiklərindən, indi artıq nəinki xristianlığın, habelə, bütün başqa dinlərin də, təkcə elə yararsız olduğunu sanmır, onların hamılıqla şər aləti olduğunu düşünürlər.

Onların düşüncəsinə görə, çağdaş dini inanclar, haçansa insanlara gərək olmuş mövhumatın bugünə gəlib çatmış qalıqlarıdır, indi o nəinki insanlara gərək deyil, hətta, onlara ziyan vurur. Ona görə də, onların öyrətdiyi təlimə görə, insanlar istənilən dini təlimlərdən və onların aşıladıqları dini inanclardan nə qədər tez azad ola bilsələr, bu onlar üçün bir o qədər yaxşı olacaqdır.

Yüksək təhsil almış və aralarında çoxlu alimlərin də olduğu bu kimsələr, yaşadıqları toplumlarda sözü eşidilən sayğılı insanlar olduğundan, onların həqiqət axtaran adamlara istənilən dinin yalan olmasını və onlardan qurtulmağın gərəkliyini aşılaması, bu insanları, toplumda mənəviyyatın pozucusu olan ən böyük təbliğatçılara çevirməyə başlayır.

Şüurlu varlıqların ən başlıca ruhani özəlliyi onların: hər şeyə başlanğıc verən ilkin qaynaqla öz münasibətlərini qurması və bu münasibətdən doğan pozulmaz mənəvi qanunlara arxalanaraq yaşamasıdır, dini danan bu adamlar isə, dinin mahiyyətini bildirən belə bir yoldan çıxmaqla, istər-istəməz, bütün bunlara qarşı, yalnız insanın özünü eqoistcəsinə sevməsini qoyurlar və bundan qaynaqlanan: insanın yalnız öz cismani istəklərinə qulluq eləməsi kimi yanlış bir düşüncəyə qapılır və bunu yaymağa başlayırlar.

Bütün Rusiyanın patriarxı prezident Putinlə birgə

Bütün Rusiyanın patriarxı prezident Putinlə birgə

Elə bu adamların arasında da, materialistlərin dünyagörüşündə daimi olaraq özünü göstərmiş, öncələrdə çəkingənliklə deyilsə də, ancaq həmişə gizli və üstüörtülü şəkildə olmuş, eqoizmdən, yamanlıqlardan və nifrətdən yoğrulmuş bir təlim yaranıb ortaya çıxmaqdadır, bu təlim son çağlar Nitçşenin əsərlərində özünü daha da qabarıq göstərməkdədir və onun bu təlimi indi çox böyük bir yeyinliklə yayılmaqda, adamlar arasında ən qaba heyvani və amansız instinktləri oyatmaqdadır.

Beləliklə də, bir yandan özünü inanclı sayan adamlar, xristianlığın mahiyyətinə kökündən zidd olsa da, ancaq sizin xristianlıq kimi tanıtdığınız təliminizdə özlərinin yaramaz yaşamlarını doğrultmaq üçün əsaslar tapırlar; başqa yandan da, inancsız kimsələr, sizin təlimizin ucbatından, bütün dinləri danmaq düşüncəsinə gəlib çıxmışlar, onlar dinsiz olduqlarından, yaxşılıqla yamanlıq arasındakı bütün fərqləri də danır, insanlar arasında bərabərsizliyi, eqoizmi, başlıca insani özəllik kimi təbliğ eləyirlər, toplumlarda, zəiflər və güclülər arasında savaşın olduğunu və bu savaşda güclülərin zəifləri əzməsini insanın anlaya bildiyi ən böyük bir həqiqət kimi tanıtmağa çaışırlar.

IX

Bir başqası yox, yalnız sizlər, adamlara zorakılıqla aşıladığınız təliminizlə bu şəri insanların yaşamlarına gətirdiniz və onlar indi sizin bu əməliniz ucbatından çox böyük ağrı-acılar çəkməkdədirlər.

Burada ən dəhşətlisi, belə bir pisliklərin törədicisi olan sizlərin başqalarına öyrətdiyiniz təlimə özünüzün inanmamağınızdır, siz bu təlimə bütövlükdə də, onun bütün maddələri üzrə də inanmırsınız.

Mən bilirəm, bəlli: “credo quia absurdum” (məntiqsiz olduğu üçün də inanıram) deyimini xatırladıb sizlərin çoxu özünüzün öyrətdiyiniz təlimə necəsə inandığınızı əsaslandırmağa çalışırsınız. Ancaq sizin: Tanrının üçlüyü, göyün yarılıb oradan Tanrının səsinin eşidilməsi, yaxud İsa Məsihin göyə uçub getməsi, sonra oaradan qayıdıb gələcəyi və bütün insanların, o sıradan dirilmiş ölülərin də, öz cisimləri ilə onun qarşısında dayanıb mühakimə olunacağına inanmağınızı deməyiniz, heç də sizin bütün bu dediklərinizin olduğuna və olacağına inandığınızı sübut eləmir, siz bu dediklərinizi deməli olduğunuza inanırsınız, ancaq bu danışdıqlarınızın olduğuna və olacağına inanmırsınız. Siz dediklərinizin heç birinə inanmırsınız: Tanrının bir və üç olması, İsa Məsihin göyə uçub getməsi və oradan qayıdıb gələrək, ölüləri dirildib mühakimə eləyəcəyi kimi sözlərin sizin üçün heç bir anlamı yoxdur. Anlamı olmayan söz danışmaq olar, ancaq anlamı olmayan sözə inanmaq olmaz. İnsanlar öləndən sonra onların ruhunun başqa formaya keçdiyinə, hətta heyvanların bədəninə keçdiyinə də, öz ehtiraslarını söndürməyin və insanlara sevgi bəsləməyin insanın başlıca amalı olduğuna da, Tanrının başqa bir insanı öldürməyi yasaqlamasına da, lap yeri gəlsə, hansısa yeməyi yemək, bir başqasını yeməməklə bağlı yasaqlara da, habelə çoxlu başqa belə ehkamlara da, necəsə inanmaq olar, bu ehkamlar insanın şüuru ilə ziddiyət yaratmırsa, onun bunlara inanması mümkündür; ancaq sizin dediyiniz kimi Tanrının həm bir, həm də üç olduğuna, göyün yarılıb oradan Tanrının səsinin eşidilməsinə, habelə, bu kimi başqa ağlasığmaz uydurmalara, bügünümüzdə heç cür inanmaq mümkün deyildir.

Bu ehkamları yaratmış keçmişin insanları onlara inana bilərdilər, ancaq siz bunlara inana bilməzsiniz. Siz bu ehkamlara inanırıq deyirsinizsə, bunun yalnız bir səbəbi vardır: siz “inam” sözünü bir anlamda işlədib sonra bu sözə aidiyyatı olmayan anlamları yükləyirsiniz. “İnam” sözünün bir anlamı insanın Tanrı və dünya ilə özünün münasibətlərini ayırd eləməsi və bununla da öz ömrünün anlamını müəyyən eləyib buna uyğun meyarlarla yaşaması, bütün şüurlu işlərində buna arxalanmasıdır. “İnam” sözünün başqa anlamı isə, tanınmış bir kimsənin dediklərinə etibar eləmək deməkdir.

Birinci anlamdakı “inamda”, insanların Tanrı və dünya ilə münasibətlərinin ayırd edilməsi buçağacan yaşamış insanların dünyagörüşünə arxalanaraq yozulsa da, ancaq bütün bunlar şüurla yoxlanılıb sonra qəbul olunur.

İkinci anlamdakı “inam” isə, deyilənləri şüurla yoxlamadan, onu, anladan kimsənin nüfuzuna güvənərək qəbul eləməkdir.

Bax elə “inam” sözünün bu ikili anlamı da, bəlli anlaşılmazlığa gətirib çıxarır və insanlar anlamsız və daxili ziddiyəti olan sözlərə inandıqlarını deyirlər. Ona görə də, sizin öz müəllimlərinizə gözübağlı inanmağınız, heç bir anlamı və buna görə də sizin təxəyyülünüz və şüurunuz üçün heç bir dəyəri olmayan sözlərə inandığınızı sübut eləmir.

Tanınmış xristian vaizlərindən olan Pere Didon özünün “Vie de Jesus” kitabının ön sözündə deyir: mən İsa Məsihin dirilməsinə, göyə çəkilməsinə və öz Tanrı atasının sağ yanında oturmasına məcazi yox, birbaşa anlamda inanıram. Tanıdığım savadsız bir samaralı kəndlinin günahlarını etiraf elədiyi ruhani atası mənə belə bir olay danışmışdı: “Mən bu kəndlidən Tanrıya inanıb-inanmadığını soruşanda o qətiyyətlə və kəskinlikıə dedi: günahkaram, ancaq inanmıram”. Tanrıya inanmamağını isə, bu kəndli belə aydınlaşdırmışdı: söyüş söyürəmsə, yoxsula acımaqla yanaşı varlılara həsəd aparırımsa, günorta yeməyi adı ilə içib keflənirəmsə, demək Tanrıya inanmıram, ona inansaydım belə yaşamazdım.

Pere Didon Tanrıya və İsa Məsihin dirilib göyə çəkilməsinə inandığını deyir, samaralı savadsız kəndli isə Tanrının buyuruqlarını yeinə yetirmədiyi üçün ona inanmadığını deyir.

Göründüyü kimi, Pere Didon inamın nə demək olduğunu bilmədən inandığını deyir; samaralı kəndli isə, inamın nə demək olduğunu bilir və Tanrıya inanmadığını desə də, əslində Tanrıya inanmağın gerçək anlamında ona inanır.

X

Mən bunu yaxşı bilirəm, insan ağlına yönələn dəlillər onu sonacan inandıra bilmir, insan yalnız duyğularına inanır, ona görə də, dəlillərimi bir qırağa qoyub, kim olursunuzsa olun: papamı, yepiskopmu, arxiyereymi, və ya hər hansı başqa bir ruhanimi, sizin duyğularınıza və vicdanlarınıza çağırış eləyirəm.

Siz axı dünyanın yaranması, Bibliyanın Tanrı ilhamından doğulması və bu kimi, insanlara öyrətdiyiniz çoxlu sözlərin yalan olduğunu yaxşı bilirsiniz, elə isə, bütün bu yalanları sizdən gerçək bilik almaq istəyən azyaşlı uşaqlara və savadsız olan yaşlı insanlara nə üzlə öyrətməyə çalışırsınız?

Əlinizi ürəyinizin üstünə qoyub özünüzdən soruşun: siz başqalarına öyrətdiyiniz bu bilgilərə özünüz də inanırsınızmı? Birdən siz doğrudan da özünüzü insanların yox, Tanrının qarşısında sorumlu görsəniz, özünüzün ölüm anınızı göz önünə gətirsəniz, bu sorğunun cavabında deyəcəksiniz: yox, mən özüm bu dediklərimə inanmıram. Siz bu müqəddəs adlandırdığınız Bibliyanın Tanrı ilhamı ilə yarandığına inanmırsınız, Bibliyanın köhnə andlaşma bölümündə yazılan o qorxuncluqlara və möcüzələrə də inanmırsınız, cəhənnəmə də, İsa Məsihin cinsi ilişki olmadan doğulmasına da, onun ölümündən sonra dirilib göyə çəkilməsinə də, inanmırsınız, İsa Məsihin göydən enib ölüləri dirildəcəyinə, onlar üzərində məhkəmə quracağına da, Tanrının həm bir, həm də üç olmasına da inanmırsınız, siz dinin nəinki ayrı-ayrı simvollarına, onun heç bir ehkamına belə inanmırsınız.

Bu ehkamlardan yalnız birisinə inanmamaq sizin insanların gözündə heç vaxt yanılmayan bir qurum kimi tanıtdığınız kilsəni onların gözündən salardı, ən maraqlısı isə sizlər kilsənin də, dediyiniz kimi müqəddəs olduğuna inanmırsınız. Kilsəyə inanmırsınızsa, deməli, onun adından irəli sürülən heç bir ehkama da inanmırsınız.

Sizin yaşadığınız saraylar, işlədiyiniz kilsələr necə böyük, əyin-başınızı bəzədiyiniz geyimlər necə bahalı olursa olsun, bütün bunlar, sizin əməllərinizin yamanlığını örtbasdır eləyə bilməz.

Siz bu dediklərinizə inanmırsınızsa, ən azından bunlara şübhəniz varsa, onda bir anlığına düşünün: özünüzün inanmadığınız bu sözləri İlahi və danılmaz gerçəklər kimi öyrətməklə, özü də bütün bu yalanları, dolayı yollarla anlatmağa çalışmaqla və insanlar arasında yalnız sizin bacardığınız bir iş kimi tanıtmaqla, özünüzü nə yerinə qoyursunuz? Gəlin, mənim sorğularıma cavab olaraq, belə bir baştovlayıcı sözlər də danışmayın: biz öz dindaşlarımızın birliyinin pozulmasına yol verə bilmərik, ona görə də, onların birliyini pozacaq heç bir işə qol qoymaq istəmirik. Bu ədalətsizlikdir. Siz onlara yalnız özünüzün bildiyini dediyiniz bu müstəsna inamı aşılamaqla, eləmək istəmədiyini dediyiniz həmən o işi görmüş olursunuz: sizin inancınızda olan insanların bütün yerdə qalan insanlıqla birləşə bilməsinin qarşısını alırsınız, onları özünüzün öyrətdiyiniz inancın dar çərçivəsinə salıb oradan çıxmağa qoymursunuz, bununla da, özünüzün istəyib istəməməyinizdən asılı olmayaraq, onlarla yerdə qalan bütün insanlıq arasında yağılıq yaradırsınız, ən azından onlara, yerdə qalan insanların özlərinə yad olduğu duyğusunu aşılayırsınız.

Mən sizin bu qorxunc işləri şüurlu şəkildə eləmədiyinizi də bilirəm; sizin çoxunuzun çaşqınlığa qapıldığınız, aldadıldığınız, hipnoz altına düşdüyünüz də bəllidir, indi sizin üçün həqiqəti təsdiq eləməyin buçağadək olan, onillərlə gördüyünüz bütün işlərin üstündən xətt çəkmək demək olduğunu da anlayıram; bunu da bilirəm, aldığınız tərbiyə ilə, ən başlıcası özünüzü həmişə İsa Məsih irsinin yanılmaq nə olduğunu bilməyən ardıcılları saymağınızla bağlı sarsılmaz inamınıza görə, sizin indi bu konuya gözüaçıqlıqla baxmağınız, özünüzü yanılaraq günaha batmış insanlar saymağınız, yalnız adi insanın görməyi bacaracağı yamanlıqlarla məşğul olmağı boynunuza almağınız, sizin üçün olduqca çətindir.

Sizin necə çətin bir durumda olduğunuzu bilirəm; ancaq gəlin bir anlığına sizin ilahi kitab kimi tanıdığınız İncildəki bu sözü xatırlayın: “Bir nəfər tövbə eləmiş günahkar Tanrıya, yüzlərlə mömündən daha xoş gəlir” və mənim düşüncəmə görə, sizin hər biriniz üçün, tutduğunuz ruhani vəzifəsindən asılı olmayaraq, inanmadan gördüyünüz bu işi davam elətdirməkdənsə, tövbə eləyib bu yoldan qayıtmağınız daha asan və əlverilşi olardı.

Kim olursunuzsa olun: papamı, kardinalmı, mitropolitmi, arxiyereymi, yepiskopmu, superintendentmi, keşişmi, pastormu, bu dediklərimiz üzərində düşünün.

Birdən siz, bədbəxtçilikdən, bizim çağımızda çoxluqda olan, habelə, sayı günü-gündən artan ruhanilərin sırasındasınızsa, daha doğrusu, kilsə təliminin geriçiliyini, məntiqsizliyini və əxlaqsızlığını açıq-aydın görən, ona inanmayan, ancaq öz şəxsi qazancı üçün – aldığı yüksək ruhanilik, yepiskopluq maaşı üçün, bu təlimi yaymaqda davam eləyən ruhanisinizsə, onda özünüzü, sanasan, kütlə və xalq üçün yararlı iş gördüyünüz, onları başıpozuqluğa yuvarlanmaqdan qoruduğunuz kimi düşüncələrlə ovundurmağa çalışmayın.

Yalan heç kim üçün yararlı ola bilməz. Siz bu yalanları onlara aşılamasaydınız, xalqın içindəki insanlar da, elə sizin kimi, yalan olduğunu bildiyiniz bu sözləri doğru saymayacaqdılar, bu yalanlardan qurtula biləcəkdilər. Sizlər olmasaydınız, onlar təkcə elə bu yalanlara uymaqdan qurtulmayacaqdılar, habelə, İsa Məsihin onlar üçün qoyub getdiyi gerçək həqiqəti də arayıb tapa biləcəkdilər, siz isə bu insanlar ilə Tanrının arasına girib özünüzün bugünkü təliminizlə onlardan bu həqiqəti gizlədirsiniz. Sizin elədikləriniz xalqın yararına deyildir, yalnız özünüzün dolanışığınızı qurmaq və eqoizminizi ovundurmaq üçündür.

Ona görə də, sizin yaşadığınız saraylar, işlədiyiniz kilsələr necə böyük, əyin-başınızı bəzədiyiniz geyimlər necə bahalı olursa olsun, bütün bunlar, sizin əməllərinizin yamanlığını örtbasdır eləyə bilməz. İnsanların qarşısında böyük görünmək istəyi Tanrı qarşısında iyrənc görünməyə gətirib çıxarır.

Bu deyilənlər, danışdıqları yalanlara inanmayan ancaq onları adamlara aşılamaqda davam eləyənlərə aiddir. Ancaq sizin aranızda başqaları da var və onların da sayı durmadan artmaqdadır, onlar bugünümüzdə kilsə təliminin heç nəyə yaramadığını anlasalar da, onu tənqid eləməyə və dəyişməyə yönəlik işlərə qoşulmaqdan çəkinirlər.

Bu yalançı inam onlara uşaqlıqdan çox güclü bir şəkildə aşılandığından, habelə, bu inam onların arasında yaşadıqları kütlə tərəfindən çox güclü bir şəkildə qorunduğundan, onlar nəinki şüurlarını bu yalanların təsirindən qurtarmağa çalışırlar, əksinə, özlərinin şüurlarının və qazandıqları savadlarının bütün gücünü işə salaraq, çoxsaylı hiyləgər, yanıldıcı, dolaşdırıcı və yalanla dolu mühakimələr qurmağa çalışmaqla, öz öyrətdikləri təlimlərin içində açıq-aydın gözə çarpan dolaşıq-çalpaşıq məqamları doğrultmağa çalışırlar.

Birdən siz bu dediyim sıradan olan kimsələrsinizsə, onda daha yüngül cinayət işlədilmiş sayılsanız da, ancaq birinci sıradan olan ruhanilərdən daha da ziyanlı birilərisiniz, bu düşüncələrinizlə vicdanınız və Tanrı qarşısında özünüzü doğrulda bildiyinizi sanırsınızsa bərk yanılırsınız. Sizin nə düşünməyinizdən və nələr uydurmağınızdan asılı olmayaraq, öz könlünüzün dərinliklərində bu gerçəyi bilməmiş deyilsiniz: bütün bu çalışmalarınızla insanların çağdaş bilikləri və anlaqları ilə ziddiyət yaradan bu, əxlaqsız müqəddəs tarixlə bağlı dediklərinizi və xristianlığın başlıca ehkamları olan Nikey simvollarını əxlaqi, ağlabatan, aydın, habelə, çağdaş biliklər və sağlam düşüncə ilə uyğunlaşdırmağı bacarmayacaqsınız.

Bunu da yaxşı bilirsiniz ki, siz bu mühakimələrinizlə öz inancınızın həqiqiliyini də heç kimə sübut eləyə bilməyəcəksiniz, heç bir, elmi yeniliklərlə tanış olan gənc, yaşlı və oxumuş insan, uşaqlığından sizin inancınız üzrə tərbiyə olunmamış istənilən birisi, dünyanın yaranması, ilk insanın yaradılması, Adəmin suçu və onun övladlarının bu suçdan arıdılması üçün Tanrının öz oğlunu insanların arasına göndərib onların əli ilə öldürtməsi kimi nağıllarınızı dinləyəndə, sizə inanmayacaq, üstəlik sizə güləcək, özünüzü də ruhi xəstə olan birisi sayacaqdır.

Siz indi elmilik donu geyindirmək istədiyiniz bu mühakimələrinizlə, üstəlik xalqın içində qazandığınız sayğıya arxalanaraq, müvəqqəti də olsa, yalançı inancın hipnozunda olan, ancaq ondan ayılmağa və qurtulmağa başlayan insanları bacardığınız qədər bu hipnozda saxlamaq üçün çalışa bilərsiniz.

Siz elə bu işlə də məşğulsunuz. Ancaq çox axmaq bir iş gördüyünüzü də deməliyəm. Öz ağlınızın gücündən yararlanaraq özünüzü və başqalarını birlikdə inandığınız, sizi hamılıqla ağrı-acılara tuş eləyən bu yalanlardan qurtarmaq yerinə siz, ağlınızın bütün gücünü özünüzü və başqalarını daha artıq çaşdırmağa yönəldirsiniz.

Sizlərə, bu sıradan olan ruhanilərə, özünüzü və başqalarını: aydın olmayan, dolaşıq və mürəkkəb mühakimələrlə çaşıdırmaq yaramaz, siz gərək indi həqiqət saydığınız yalanların doğruluğunu sübut eləməyə çalışmayasınız, əksinə, özünüzə güc gəlib öyrənə biləcəyiniz bütün həqiqətləri anlamağa çalışasınız və onların əsasında indiki inancınıza görə həqiqət saydıqlarınızın doğruluğunu bir də yoxlayasınız.

Qarşınıza belə bir məqsədi qoymağı bacarsanız, elə ilk addımlarınızdaca, düşdüyünüz bu hipnozdan ayılacaqsınız və buçağacan bağlı olduğunuz inancın necə qorxunc bir yanlışlıq olduğunu da anlayacaqsınız.

Bu dediklərim, ikinci sıradan olan, çoxsaylı, düşünməyi bacaran və ən çox ziyanlı ruhanilərə yönəlikdir.

Ancaq burada üçüncü sırada dayanan, ən çoxsaylı olan ruhanilər də vardır, bu açıqürəkli və saya düşüncəli ruhanilər, heç vaxt, inandıqları və başqalarına öyrətdikləri inancın həqiqiliyinə şübhə etməmişlər.

Bu insanlar uşaqlıq çağlarından başlayaraq onlara ilahi həqiqətlər kimi öyrədilən biliklərin anlamı üzərində heç vaxt düşünməmişlər, birdən düşünmək istəsələr belə müstəqil düşünməyi bacarmadıqlarından, onlara öyrədilən bu biliklərdəki uyğunsuzluqları, dolaşıqlıqları görə bilməmişlər, əslində isə onlar buradakı dolaşıqları görsələr də, kilsə ənənəlrinin nüfuzu altında basılıb əzildikləri üçün, gözlərinə çarpan bu ziddiyətlərlə bağlı düşünməyə ürək eləmirlər, özlərindən öncə olan kilsə xadimlərinin belə düşündükləri onları başqa cür düşünməkdən çəkindirir və bütün bu bildiklərini onların gözündə həqiqətə çevirir. Onlar belə durumlarla qarşılaşanda, kilsə təlimində heç bir dolaşıqlığın ola bilməyəcəyini düşünür, yalnız özlərinin təhsilcə yetkin olmadıqları üçün, bu təlimdən nəyisə yaxşı anlamadıqlarından, belə dolaşıqlığa düşdüklərini sanırlar.

Siz bu sıradan olan insanlarsınızsa, ürəkdən və sadəlövhcəsinə inanan birisinizsə, yaxud hələ sonacan inanmasanız da, ancaq bütün bunlara inanmağa hazırlaşırsınızsa və bu yolda qarşınızda heç bir maneə görmürsünüzsə, onda kim olursanız olun: artıq ruhani olaraq işləyən birisi, ya da ruhani olmağa hazırlaşan bir gənc, bir anlığına gördüyünüz, yaxud görməyə hazırlaşdığınız bu işi saxlayın və nə iş görməkdə olduğunuzun, yaxud görmək istədiyinizin üzərində yaxşı-yaxşı düşünün.

Siz insanlara, onların ömrünün anlamını, məqsədini açıqlayacaq, onların yaxşılıqla yamanlığı ayırd eləməsi və bütün davranışlarını müəyyənləşdirməsi üçün yardımçı olacaq bir təlimi öyrətdiyinizi, yaxud da öyrətmək istədiyinizi düşünürsünüz. Siz bu təlimi insanlara başqa təlimlər kimi, yəni sonacan bitkin olmayan, müzakirə oluna biləcək bir təlim kimi öyrətmirsiniz, onlara öyrətdiklərinizi, büsbütün bitkin(mükəmməl) və müzakirə olunmadan qəbul olunmalı olan, Tanrının özü tərəfindən insanlara açıqlanan bir təlim kimi anladırsınız; həm də bu təlimi hamının özünün oxuyub anlaya biləcəyi kitablarla, yaxud da aydın və anlaşıqlı sözlərlə öyrətmirsiniz, öz təliminizi, uşaqlara: onların hələ eşitdiklərini araşdırıb, dəyərləndirib, qavraya bilməyəcəkləri bir yaşında öyrədirsiniz, bu yaşda isə uşaqlar bütün eşitdiklərini doğru kimi qavrayır və bu onların yaddaşlarına həmişəlik həkk olunub qalır, ya da siz bu təlimi: eşitdiklərini öz şüuru ilə götür-qoy eləyib qavraya bilməyən yaşlı və savadsız adamlara öyrədirsiniz.

Bax, sizin gördüyünüz iş budur, yaxud da siz bu işi görməyə hazırlaşırsınız.

Yoxsa, siz həqiqi olmayan bir təlimi öyrədən, yaxud da öyrətməyə hazırlaşan birisi olmağı özünüz üçün əskiklik saymırsınız?

Doğrudanmı bununla bağlı düşünmək olmaz və ya düşünməyə dəyməz? Birdən siz bununla bağlı düşünməyə başlasanız və bu təlimi onun kimi danılmaz həqiqət sayılan başqa bir təlimlə, qazandığınız biliklərlə, sağlam düşüncənizlə tutuşdursanız, bir sözlə, ona kor-koruna inanmayıb azad bir şəkildə araşdıraraq yanaşsanız, onda belə bir durumu görməyə bilməzsiniz: sizin müqəddəs tarix kimi tanıtmaq istədiyiniz şeylər nəinki müqəddəs tarix deyil, olsa-olsa, geriçi və mövhumatçı bir təlimdir və özü kimi olan başqa təlimlərərə oxşar olaraq bu təlim də, adamlar tərəfindən öz qardaşlarının yaxşılığını istədikləri üçün yaradılıb öyrədilmir, burada nəsə başqa bir məqsəd vardır. Sizlər bu həqiqəti nə qədər tez anlasanız, onda sizlərdən kim yaşama ciddi yanaşırsa və vicdanının səsinə qulaq asırsa, onlar belə bir təlimi öyrətməkdən və ya öyrətməyə hazırlaşmaqdan biryolluq əl çəkəcəklər.

XI

–İnsanlar kilsə təliminə inanmasalar onda nə baş verəcəkdir? Bu, durumu daha da ağırlaşdırmayacaqmı?–dediklərimə qarşı belə bir etiraz eşidirəm.

Kilsə təlimi olmasa, insanlar pozğun anlayışlar və duyğulara qapılmadan böyüyəcək və tərbiyələnəcəklər.

–Deyirsiniz, xristian dünyasının insanları kilsə təliminə inanmasalar nə baş verəcək?

Deyim nə baş verəcək: xristian dünyasının insanları üçün yalnız yəhudu əfsanələri əlçatan olmayacaq, onlar bütün dünyanın dini baxışlar ilə bağlı müdrikliyini öyrənə biləcəklər. Kilsə təlimi olmasa, insanlar pozğun anlayışlar və duyğulara qapılmadan böyüyəcək və tərbiyələnəcəklər. Bu durumda insanlar daha onlara başqalarının aşıladığı inanclara tapınmayacaqlar, başqalarının ağlına yox, öz ağıllarına güvənəcəklər və Tanrı ilə münasibətlərini öz şüurları ilə biliklərinə arxalanaraq müəyyən eləyəcəklər, öz yaşamlarını da bu münasibətlərə uyğun olaraq quracaqlar.

–Bu, durumu daha da ağırlaşdırmayacaqmı?–deyə soruşursunuz.

–Kilsə təlimi yalanlar üzərində qurulubsa, ondan əl çəkmək, daha doğrusu, insanlara yalanı dolayı və hiyləgər üsullara arxalanaraq həqiqət kimi öyrətməyəcəklərsə, bundan insanların durumu nə üçün ağırlaşmalıdır?

–Axı kütlənin içindəki adamlar qaba və savadsızdırlar,–deyə, yenə etiraz eləyirlər,–bizim kimi oxumuş kimsələr üçün dəyəri olmayan nəsnələr, ola bilsin, bu qaba və savadsız kütlənin adamları üçün dəyərli, lap çox gərəkli də olsun.

–Bütün insanlar Tanrı qarşısında bərabərdirlər və onlar hamısı eyni bir yolu keçib, qaranlıqdan işığa, anlamazlıqdan bilginliyə, yalandan doğruya sarı gedirlər. Siz bu yolu keçib tərbiyə oluinduğunuz inancın həqiqi olmadığını anladınız. İndi siz hansı haqla başqa insanların da bu yöndəki hərəkətini dayandırmaq istəyirsiniz?

Deyirsiniz, bu yemək sizə gərək olmasa da, kütlə üçün yararlıdır. Ancaq heç bir ağıllı adam gerçək yaşamda başqa birisinin nəyi yeməli olduğunu təyin eləmək istəmirsə, onda siz hansı ağılla xalq kütləsinin hansı ruhani yeməyi yeməli olduğunu təyin eləmək istəyirsiniz?

Siz xalqın bu təlimə təlabatı olduğunu görsəniz belə, bu heç də sizin bu ehtiyacı ödəməyinizi doğrulda bilməz. İnsanların bundan pisinə, tutalım, çaxıra, tütünə və başqa bu kimi gərəksiz nəsnələrə də təlabatı vardır, barı bunu unutmayın. Ən başlıcası isə, dediyiniz bu təlabat xalqda özü-özünə yaranmır, sizlər ən mürəkkəb hipnotizm üsulları ilə onda bu tələbatı oyadırsınız, sonra da bu tələbatın olması ilə öz fəaliyyətinizi doğrultmağa çalışırsınız. Siz bu tələbatı oyatmaqdan əl çəkin, o tələbat da olmayacaqdır, axı sizdə olduğu kimi, başqa insanlarda da yalana heç bir tələbat ola bilməz, bütün insanların mahiyyətində qaranlıqdan işığa doğru can atmaq var və siz indi bu işığa daha yaxın olduğunuz bir durumda, bu işığın qarşısını kəsməli deyilsiniz, onu öz gördüyünüz kimi, başqalarının da görməsi üçün əlçatan eləməyə çalışmalısınız.

–Bizim kimi oxumuş, bilikli, əxlaqlı, xalqın yaxşılığını istəyən insanlar, ruhumuzda yaranmış şübhələrə uyub, öz fəaliyyətimizi dayandırsaq, onda bizim yerimizi xalqın taleyinə yanmayan, qaba və əxlaqsız adamlar tutmazmı?–deyə, mən sonuncu etirazı eşidirəm.

–Sözsüz, yaxşı insanların ruhani təbəqəsindən çıxıb getməsi kilsənin fəaliyyətinin qaba və əxlaqsız adamların əlinə keçməsinə gətirib çıxarır, bu isə kilsənin daha da artıq çürüməsinə, onun yalanlarının və ziyanlarının daha da çox üzə çıxmasına səbəb olacaqdır. Ancaq burada heç bir pislik axtarmağa dəyməz, onsuz da kilsənin çürüməsi prosesi elə indi də getməkdədir, bu isə xalqın qapıldığı bu yalanlardan qurtula bilməsinin təkbir yoludur. Ona görə də, oxumuş, bilikli, yaxşı insanların kilsədən ayrılmaları nə qədər tez baş versə, xalqın kilsədən azad olması da bir o qədər tezləşər.

Beləliklə də, öz fəaliyyətinizə hansı tərəfdən baxsanız da, bu fəaliyyət həmişə ziyanlıdır, ona görə də, sizlərdən kimlərsə Tanrıdan qorxursa və vicdanının səsini boğa bilməyibsə, onların bütün güclərini toplayıb düşdükləri bu yalan girdabından qurtarmaq üçün çalışmaqdan başqa bir yolu yixdur.

Bilirəm, sizlərin çoxunuzdan, asılı olduğunuz ailə qayğıları, bir başqalarınızdan isə, himayəsində olduğunuz ata-analarınız bu fəaliyyətlə məşğul olmağı tələb eləyir; toplumda qazandığınız və ya qazana biləcəyiniz fəxri mövqelərdən, əldə edə biləcəyiniz var-dövlətdən, ən azından yaxşı dolana bilmək üçün çatacağınız maddi təminatdan əl çəkməyinizin ağırlığını, öz ailəsini sevən birisinin onun istəminə qarşı çıxmasının, necə ağrılı olduğunu da yaxşı bilirəm. Ancaq öz ruhunu məhv eləyən və insanlara ziyan vuran bir iş görməkdənsə, ondan əl çəkmək daha yaxşı deyilmi?

Ona görə də, siz özünüzdə qətiyyət tapıb, bu suçlarınızdan nə qədər tez bir zamanda tövbə eləsəniz, gördüyünüz bu işlərdən əl çəksəniz, bu, yalnız insanlar üçün deyil, elə sizin özünüz üçün də, bir o qədər yaxşı olacaqdır.

İndi yaşımın bu çağında, artıq ölümün bir addımlığına gəlib çatan mən, insanların düşdüyü fəlakətlərin başlıca olaraq nədən qaynaqlandığını aydın görə bildiyimdən, bütün bunları sizə demək istədim, bu sözləri sizi ifşa və mühakimə eləmək üçün deyil (mən sizin, özünüz də duymadan, necə şirnikərək indiki kimliyinizə gəlib çıxdığınızı bilirəm), insanları düşdükləri bu qorxunc yamanlıqlardan qurtara bilmək üçün deyirəm, bu yamanlıqları isə sizin həqiqəti gizləyən yalançı təliminiz insanların başına gətirmişdir, bununla yanaşı olaraq, elədiyiniz cinayətləri anlamaqda sizə mane olan bu, düşdüyünüz hipnozdan ayılmağınıza da yardımçı olmaq istəyirəm.

Qoy, ürəklərdə nələr olduğunu bilən və görən Tanrı bu işdə sizə yardımçı olsun.

Yasnaya Polyana.

1 noyabr 1902-ci il.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG