Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:04

Tolstoyu dedi-qodular, qonaq axını necə boğaza yığmışdı


Yasnaya Polyana

Yasnaya Polyana

Yasnaya Polyanadan reportaj və Tolstoyla söhbət

-


Lev TOLSTOY haqqında XATİRƏ

A. Molçanovun Lev Tolstoy haqqında yazısı

(“Novoe vremya” qəzeti, 1890-cı il)

YASNAYA POLYANADA

Lev Tolstoy

Lev Tolstoy

L. N. Tolstoya baş çəkəndən sonra, sizlərə sevinc dolu bu xəbəri çatdırmaq istəyirəm: böyük yazıçının çoxdan xəstə olan qaraciyərinin hamını qorxuya salan ağır tutmaları artıq keçib gedibdir və görünür, qrafın sağlamlığı qaydasına düşməkdədir.

Ot biçmək, xış sürmək və başqa bu kimi yorucu, ağır əməklərə qatlaşmaq ona çox ciddi şəkildə yasaqlanmışdır, Lev Nikolayeviçin arıqlamış bədəninə baxanda bu yasağın düzgün olaraq qoyulduğu bəlli olur.

Ancaq bu xəstə bədəndəki ruh yenə də canlıdır və öz böyüklüyünü hər an gözə çarpdırır, hətta, həkimlərin qoyduğu ciddi rejim də qrafın zehni əməklə məşğul olmasının qarşısını ala bilməmişdir.

Qraf dayanmadan və var gücü ilə yazmağa davam eləyir: o, artıq “Kreytser sonatasına” ön söz” adlı yazısını bitirib çapa göndərmişdir. Lev Nikolayeviçin deməsinə görə, “Kreytser sonatısı"nı o, çoxdan yazmışdır. Bununla bağl danışığında qraf dedi:

–Çox təəsüf, mənim əsərlərimin çoxu Rusiyada daş basması ilə(litoqrafiya üsulu ilə) çap olunduğundan, keyfiiyətsiz alınır, xarici ölkələrdə isə tərcümələr elə korlanır, mən onları oxuyanda özüm öz əsərimi tanıya bilmirəm... Bu “Sonatanın” alman dilinə tərcüməsi lap biabırçılıqdır...

Təkcə Dillonun ingiliscəyə elədiyi tərcümə, demək olar, orijinala uyğundur.

Mən soruşdum:

–Siz, əsərlərinizi özünüz çap elətdirməkdən boyun qaçırırsınızsa, onda belə saxtalaşdırmalardan necə can qurtarmaq olar?

–Moskvada mənim Çerkov adında bir dostum var,–siz onu tanımırsınız?–deyə Lev Nikolayeviç soruşdu.–Çox gözəl kitabsevərdir... mənim əsərlərimin orijiinallarının hamısı onda var.

Sonra qraf son günlərdə doktor Alekseyevin sərxoşluqla bağlı kitabına ön söz yazmasından danışdı. Bu yazısını o, professor Qoltsevə verib və bu əsər ayrıca bir kitab kimi çap olunacaqdır.

Dardüşüncəli və qaba adamların arasıkəsilməz axını vardır və onlar heç bir etika gözləmədən saatlarla özlərinin anlamsız həyat hekayətləri, cılız düşüncələri, anlaşılmaz ideyaları və duyğuları ilə bu böyük yazıçının vaxtını alırlar.

Lev Nikolayeviçin deməsinə görə, o, doktor Alekseyevin çox dolğun materiallarla zəngin olan kitabını oxuyandan sonra bu mövzu ilə bərk maraqlanmış və bununla bağlı çox geniş bir əsər yazmışdır, böyük yazıçı burada belə bir suala cavab verməyə çalışmışdır: insanlar nə üçün uyuşduruculara qurşanırlar–buraya o, çaxırı, arağı, tütün çəkməyi və bu kimi vərdişləri də aid eləyir –və dünya ölkələrinin hamısında bütün təbəqələrdən olan adamları bu vasitələrlə keflənməyə sürükləyən, bu vasitələrə belə möhkəm bağlayan hansı ehtirasdır, ümumiyyətlə, bütün bunların əsil səbəbi nədir?–bu mövzu ilə bağlı danışığına davam eləyən qraf dedi:

–Bunun səbəbini dəqiqliklə bilmirəm və bu əsərin çap olunacağına da şübhə eləyirəm.–Sonra biraz utancaq tərzdə davam elədi.–Mənim ürəkdən inandığıma görə, yazıçının əsərlərinin onun sağlığında çap olunması həm ziyanlıdır, həm də yaxşı iş deyildir.

Mən təəcüblə soruşdum:

–Siz nə üçün belə düşünürsünüz, qraf? Onun cavabı belə oldu: –Birincisi, yazıçının əsərləri onun sağlığında çap olunanda o, yazanda özünü sərbəst hiss eləyə bilmir, dayanmadan, onun əsəri haqqında nə deyəcəklərini, onu necə qarşılayacaqlarını düşünür və bu sıradan olan çoxlu suallarla özünü yorur. Bütün bunlar pisdir, özü də çox pisdir... Sonra da, hələ sağ ikən böyük ad-san qazanmaq və onunla yaşamaq çox ağırdır, bunu hər adam bacarmır... Götürün elə Nikolay Uspenskini... sözsüz, çox böyük istedadı vardı, Qlebdən də istedadlı idi, ancaq ad-san qazanmağın ağırlığına dözə bilmədi...

Onu öyməyə başladılar, böyük adamların məclislərinə çağırdılar, eşitdiyi təriflərdən başı gicəlləndi, öz əsərlərinə diqqət yetirmədi, istedad ondan üz çevirdi və adam beləcə məhv oldu...

Hətta Turgenev də bu bəlaya qarşı tam qətiyyətli deyildi. Ərköyünləşirlər, alqışlanacaqları səhnəyə dönə-dönə çıxmaq istəyirlər və yalnız yeni alqış səslərini eşidə bilmək üçün yazmağa başlayırlar. Yox, bu mənim qəti fikrimdir, yazıçıların bütün əsərləri yalnız onların ölümündən sonra çap olunmalıdır...

Qrafın bu dediklərini eşitdikcə, beynimdə onun bu ideasına qarşı çoxlu etiraz düşüncələri yaranırdı, ancaq bir yandan onun xəstəhal olduğunu, bir yandan da ona indi və sonradan daha çox qulaq asmağa fürsət qazanmağı düşünüb, ürəyimdən keçənlərin çoxunu deməkdən vaz keçdim.

Danışığımız çox uzun çəkdi: bağdakı terrasda oturaraq, Yasnaya Polyananın parkındakı sıralanmış ağacların kölgəliyində gəzişərək, üç saata yaxın danışdıq.

“Mən bütün bunlardan boşanmışam”–qraf gülümsəyərək dedi. Onun bu sözü böyük insanlara xas olan bir səmimiyyət və sadəliklə deyilmişdi və bu bir neçə sözlə o, mənə ümumi düşüncələrini çatdırmaqla yanaşı, həm də mənim şəxsi fəaliyyətimə də toxunurdu. –Sizin ədəbiyyatla pul qazanmağa möhtac olduğunuza çox təəsüflənirəm,–qraf dedi,–Onunla məşğul olmğa görə pul almaq heç yaxşı iş deyil... Gərək bu işi tutmayaydınız... Gərək öz işini elə qurmağa çalışasan, dolanmaq üçün öz yazılarını satmağa ehtiyacın olmasın...

Mən öz işimin gerçəklikləri ilə bağlı danışmağa başladım və jurnalist əməyinin çox böyük özünəməxsusluqlarından söz açdım: biz gerçək həyatın və bugünün suallarının qarşımızda açdığı yolla gedir və bununla da, özümüzü daha artıq azadlıqda hiss eləyirik, həm də müəllif özünəvurğunluğuna qapılmırıq, işimizin adı isə bugünkü təəsüratımızı səmimi və aydın bir şəkildə oxucuya çatdırmaqdır və mənim qəti inamıma görə, bizim insanlara çatdırdığımız doğru-düzgün məlumatlar həmişə onların işinə yarayır – bizim gördüyümüz işin stimulu və motivi yalnız budur.

–Elədir,–qraf dedi,–düz deyirsiniz, siz öz işinizdə daha çox müstəqil və daha çox azadsınız. Bu, mənim üçün maraqlıdır... Çoxdandır, düşünürəm, incəsənətlə, onun müxtəlif növləri ilə bağlı bir əsər yazım... Alma düşdü və yerin cazibəsi ilə bağlı ideya yarandı... Bu ideya insan üçün yeni idi, bu ideyaya yoluxan insan başqa insanların yanına cumur, onlara bununla bağlı danışır, sorğu-sual eləyir–onlar isə bunu inkar eləyirlər, buna inanmırlar, o isə düşünür: axı doğrudan da yerin cazibə qüvvəsi var.

O, yorulmaq bilmədən çalışıb-çabalayır, yazıb-pozur, bunu sübut eləyən dəlillər tapır və sadəcə özünün məmnunluğu üçün yazır və çap olunur... Bax bu, bütünlüklə səmimi və yararlı bir iş olur... Ancaq gərək bütün bunlarda mənim ağlım və ruhum üçün nəsə bir yenilik olsun, yalnız onda mənim bu işlərim səmimi və azad bir əməyə çevriləcəkdir.

Rusiyanın böyük nəşriyyat firmalarından danışan Lev Nikolayeviç bizim ədəbi mühitdə hələ indiyədək də dünya ədəbiyyatının klassiklərinin seçilmiş əsərlərinin ayrıca seriya ilə nəşrinin olmamasına təəsüfünü bildirdi.

–Belə bir nəşrin olması rus toplumunun özünütərbiyəsi üçün çox böyük bir iş olardı.–o dedi. –İndiyədək deyilənləri, dünyada yaşamış böyük ağıl yiyələrinin nə yazdıqlarını bilmədən necə yaşamaq olar? Hə, mənə elə gəlir, bu nəşrdə gərək orta və kiçik səviyyəli yazıçılara da yer verilsin: hətta ən kiçik yazıçıda da insanlığın bilməli və unutmamalı olduğu düşüncələr ola bilər.

Mənim inamıma görə, belə bir nəşr bizə olduqca böyük bir fayda verərdi: bizdə dünya ədəbiyyatından seçmələri yetərincə yaxşı çevirə bilən adamlar artıq vardırlar, ancaq çox təəcüblüdür, nəyə görə indiyədək belə bir nəşr kimsənin ağlına gəlməyib.

Lev Tolstoy arvadı Sofiya ilə Krımda yay istirahətində, 1901

Lev Tolstoy arvadı Sofiya ilə Krımda yay istirahətində, 1901

Ciddi pəhriz saxlayan Lev Nikolayeviç üçün günorta yeməyi gətirmələri də bizim danışığımıza mane olmadı, qrafın günorta yeməyi vur-tut bir boşqab ət suyundan ibarət idi.

Mən danışığımızın gedişində Lev Nikolayeviçin ölkədə və dünyada gedən bütün proseslərlə dərindən maraqlandığını da duydum. Beləliklə də, biz hiss olunmadan ədəbiyyatla bağlı suallardan siyasi mövzulara keçdik.

Mənim iş yoldaşlarımdan birinin knyaz Bismarkla görüşüb danışması siyasi mövzuda olan danışıqlarımıza körpü saldı. –Mənim üçün çox təəcüblüdür,–bu müsahibədən xəbəri olan qraf çiyinlərini çəkib dedi,–o nə üçün burada özünün keçmiş siyasətini belə uzun-uzadı xırdalayıb durur... Bunu anlaya bilmədim.

Mən gülərək soruşdum: –O, fəhlə hərakatından danışanda sizə istefada olan feldfebeli xatırlatdımı heç? (feldfebel–rus ordusunda təsərrüfat işlərinə baxan zabir olmuşdur. tərcüməçinin qeydi.) –Eh, mən osuz da heç vaxt Bismarkı böyük adam saymamışam,–bu yerdə qraf təpər duyulan bir səslə dilləndi,–almanların birləşməsi üçün tarixi məqam yetişmişdi; bu məqamda dövlətin başında dayanmaq Bilhelm ilə Bismarkın bəxtinə düşmüşdü və görünür, bu böyük hadisəyə görə də bu iki adamın adını həmişə xatırlayacaqlar...

Mən III Napoleonun hakimiyyətdə olduğu çox maraqlı bir dönəmdə yaşamalı olmuşdum; axı onu da dahi sayırdılar. Hər şey adi qaydası üzrə gedir, adamlar dürüstlüyü gözləyirlər; birdən onların arasından bir nəfər sırtıq şəxs ortaya çıxır, heç bir dəyər tanımaq istəmir və o öz həyasızlığı ilə uğur qazana bilirsə, onu gecikmədən böyük adam saymağa başlayırlar...

Həmişə belə olur, şəxsi həyatda da çox vaxt belə dırnaqarası dahilər, sırtıq adamlar yetişir...

Mən soruşdum: –Qraf, gənc imperator Vilhelmin gördüyü işlərə necə yanaşırsınız?

–Çox böyük maraqla,–Lev Nikolayeviç dedi.

–Onun gördüyü işləri necə, bəyənirsinizmi?

–Elədir, bəyənirəm... Mən həmişə, hər bir tarixi dövr üçün görülməsi çox zəruri olan önəmli bir işin olduğunu sübut eləməyə çalışmışam. Tarixin və insanlığın tərəqqisinin də anlamı elə bununla bağlıdır. Bizim çağımızda belə bir önəmli iş kəndlilərin vəziyyəti ilə bağlı islahatlar aparmaq idi, indi isə Qərbdə fəhlə sinfi ilə bağlı problemi həll eləməyin sırası çatıbdır. Bunu inkar eləməyə çalışmaqdan da böyük ağılsızlıq ola bilməz. Ancaq əslinə qalsa bu heç fəhlə sinfi ilə bağlı problem də deyil. Ancaq gənc imperator işə ən önəmli olandan yapışmaqla başlamır, bax buna təəsüf eləyirəm. Örnək üçün, iş saatının məhdudlaşdırılması... Bu, mümkündürmü?

Baxın, bizdə, Mokva vilayətində uşaqların işləməsini qadağan eləyiblər, indi onların yerinə anaları işləməyə gedirlər... Bundan başlamaq lazım deyildi, gərək elə bir iş görəsən, fəhlə özünü ondörd saatlıq ağır əməklə üzüb əldən salmağa ehtiyac duymasın və ya onun üçün, uşaqlarını fabrikdə işləməyə göndərmək zərurəti yaranmasın.

Problemi kökündən həll eləməyə çalışılmasa, vəziyyəti düzəltməyə yönəlmiş bütün bu səylər heç bir yaxşı sonuca gətirib çıxarmayacaq. Özünün yoxsulyana günorta yeməyini qurtarandan sonra da, Lev Nikolayeviçlə uzun bir müddət danışdıq, daha sonra yazıçının xanımı – qranfinyanın və mənim çoxlu təkidlərimizdən sonra, qrafı günortadan sonra onun üçün təyin olunmuş istirahətə getməyə razı sala bildik.

Görüşüb ayrılanda qraf mənə qısaca, əsasında roman yazmaq istədiyi bir hadisədən danışdı:

Leo Tolstoy

Leo Tolstoy

–Bu gerçəkdən olmuş bir faktdır, belə bir olayı ha çalışasan da, özündən uydura bilməzsən. Varlı bir tacirin qızı inqilabçılığa yoluxur. Saçını qısa kəsdirir, siqaret çəkməyə başlayır və bu kimi vərdişlərə üz tutur. Sonra onun bir inqilabçıdan uşağı doğulur, varlı valideyinləri onu evdən qovurlar, onun isə başı inqilabi işlərə qarışdığından, körpəsi ilə məşğul olmağa vaxtı yoxdur və o, yenicə doğulmuş çağanı kimsəsiz uşaqlar üçün olan tərbiyə evinə verir.

Tərbiyə evində işləyən bir süd anası bu uşağı öz adına yazdırıb evinə aparmağa icazə alır və özünün yeni doğulmuş uşağını tərbiyə evində başqa bir süd anasına verir, ancaq bu qadın qarışıqlığa salıb, son anda tacir qızının uşağı ilə öz uşağını gizlincə dəyişir və öz uşağını inqilabçı tacir qızının uşağının sənədləri ilə birlikdə evinə aparır.

Tacir qızı öz inqilabçı əri ilə tez-tez bu qadının evinə gəlib uşağa baş çəkir, öz uşağı saydığı üçün uşağa ləziz yeməklər, bahalı paltarlar gətirir və onu əzizləyir. Sonra tacir qızının öz uşağı ölür və biraz sonra isə onun inqilabi duyğuları çəkdiyi siqarların tüstüsünə qarışıb yox olur, o valideyinləri ilə barışıb onların yanına qayıdır, yenidən varlı bir qadına çevrilir.

O, öz uşağını süd anasının yanında saxlamaq istəmir. Uşağı götürmək istəyəndə isə, süd anası onu vermək istəmir; varlı tacir qızı pul, özü də çox böyük məbləğ təklif eləyir, süd anası pulu götürmür, uşağı verməkdən boyun qaçırır.

Beləliklə də, tərbiyə evinin müdiri olan qadının üzərində vaxtilə Süleymanın qurduğu sayaq bir məhkəmə qurulur, bu, “Süleyman məhkəməsində” həqiqət üzə çıxır və uşaq öz həqiqi anasına, indiyədək onun süd anası kimi tanınan qadına çatır.

Qraf dincəlməyə gedənə kimi mən fürsət tapıb bizim xeyirxahlıq təmsilçisi olan bu yazıçı-filosofla bir xeyli də danışa bildim, onun gedişindən sonra isə, qrafın böyüyünün 28, kiçyinin vur-tut iki yaşı olan uşaqları ilə, habelə onun xanımı, qrafinya Sofya Andreyevna ilə söhbətləşdim.

Danışığımızın başlıca mövzusu, Yasnaya Polyanada, ailənin qarşılaşdığı bir neçə qanqaraldıcı faktlarla bağlı oldu, bunlardan biri ailə başçısı olan böyük yazıçının arxasınca söylənən dedi-qodularla, ikincisi isə, buraya Tolstoyla görüşmək üçün gələnlərin böyük axınının yaratdığı problemlərlə bağlı idi.

Qranfiya bu durumda çox təbii görünən həyəcanlı bir tərzdə dedi: “Bizim böyük uşaqlarımızda heç vaxt öz atalarına qarşı çıxmaq düşüncəsi olmamışdır və ola da bilməz.

Ancaq məni bunda suçlayan olsa, belə bir iş gördüyümü deyə bilərəm. Lev Nikolayeviç təkidlə, bütün əmlakını yoxsullara paylamaq istəyirdi, mən isə, təkbaşına, buna qarşı çıxdım və ona dedim:

Mənim bizim doqquz uşağımızı dolandıracaq qədər pul qazanmaq bacarığım yoxdur və onun bu addımı bizi ailəlikcə acından ölməyə sürükləyə bilər, həm də, onun özü də artıq xəstə və fiziki baxımdan gücsüz olduğundan, öz əlinin əməyi ilə nəsə qazana bilməyəcəkdir...

Çox şükürlər olsun, mən sonunda öz sözümü yeridə bildim1. O andan başlayaraq, qrafın bütün təsərrüfatını yalnız mən idarə eləyirəm, işlərin hamısı mənim əlimdədir və sözsüz, guya bizim özpulumuzu kəndlilərə paylamaqla israfçılıq elədiyimizi deyənlər də yalan danışırlar, biz deyilən qədər varlı deyilik və qənaətlə yaşayırıq.

Lev Tolstoy

Lev Tolstoy

Eləcə də, Lev Nikolayeviçin kəndlilər arasında din və başqa mövzularla bağlı təbliğat aparması haqda deyilənlər də əsassızdır, onun belə danışıqlar aparmağa heç bacarığı da yoxdur. Bizim kənddə bir F. adlı yəhudi vardı, öz arvadı ilə birgə burada yaşayırdı; bax onlar qrafın ideyalarının fanatiki idilər.

Onlar iki il bizimlə qonşuluqda yaşadılar, ancaq sonradan mən Moskvadakı tanışlarımız bu F.-nin xalq içində təbliğat işi apardığı ilə bağlı eyham vuranda, mən F.-yə onların bu təhlükəli işlərindən narahat olduğumu bildirdim və onlar da kənddən, hətta Tula oblastından belə çıxıb getdilər. İnanın, burada heç bir təbliğat yoxdur və olmayıb da...

Artıq ikinci ildir, yay aylarını Yasnaya Polyana ilə qonşuluqda yaşadığımdan və bu yerləri çox gəzib dolaşdığımdan, tam səmimiyyət və inamla qranfinyanın sözlərinin doğruluğunu təsdiq eləyə bilərəm: sözün düzü, mən bu yerlərdə nə qədər axtarsam da, heç yerdə kəndlilərin arasında qrafın ideyalarının ardıcılı olan bir nəfərə də rast gəlməmişəm; hətta ziyalılar arasında da yalnız böyük yazıçının düşüncələrini üzdən anlayan və təbliğ eləməyə çalışan dayaz adamların olduğunu görmüşdüm.

Bu qəribə hadisəni səbəbi məncə, çox sadədir: kim heç olmasa bir dəfə Lev Nikolayeviçi görüb onunla danışıbsa, bunu inamla deyə bilər: bu böyük insan şifahi təbliğat aparmaq üçün yaranmamışdır. Onun əsərləri də, kəndli mühitində anlaşılacaq qədər sadə olmadığından, onların burada hansısa təbliğat işinə yarayacağını da demək mümkün deyildir, üstəlik, indi kənddə kitab oxuyanmı var?

Mənim araşdırıb öyrəndiyimə görə, Tula quberniyası xalqın ümumi savadlığı baxımından ən geridəqalmış bir yerdir; hətta məhəlli kilsə məktəbləri də burada yalnız kağız üzərində mövcuddur.

Qrafın haqqında yayılan bu dedi-qodular qədər də, onun qanını qaraldan bu böyük yazıçının görüşünə gələnlərin yersiz axınıdır.

Burada rusların meymunsayağı yamsılamanı sevmələri açıq-aydın özünü göstərməkdədir: bir neçə dəfə amerikalı və ingilis qonaqlar qrafa baş çəkmişdilər, bunu eşidən kimi minlərlə rus Yasnaya Polyanaya axışdılar.

Xəstə, ağır əməyə qatlaşmaqdan yorulmuş, insanlıq idealı ilə bağlı dərin düşüncələrə qapılan bu böyük insanın yanına dardüşüncəli və qaba adamların arasıkəsilməz axını vardır və onlar heç bir etika gözləmədən saatlarla özlərinin anlamsız həyat hekayətləri, cılız düşüncələri, anlaşılmaz ideyaları və duyğuları ilə bu böyük yazıçının vaxtını alırlar.

Bu günahdır və indi xəstəlikdən üzülüb arıqlamış Lev Nikolayeviçə baxanda, habelə, onun yaşını nəzərə alanda anlayırsan: ona sayğı bəsləyən və onu sevən insanlar gərək bu böyük insana dinclik və sakitliyin indi daha çox gərək olduğunu anlasınlar və onun öz böyük zəkası ilə görəcəyi işlərlə rus torpağının uzun müddət öyünə bilməsi üçün Lev Nikolayeviçin vaxtına qiymət verə bilsinlər.

2 iyun. Selivanovo kəndi.

1Lev Nikolayeviç Tolstoy doğrudan da, özünün bütün xüsusi mülkiyyətini yoxsul kəndlilərə paylamaq istəmişdi, ancaq xanımının ciddi etirazlarından sonra bu fikrindən daşınmış, 1892-ci ildə xüsusi mülkiyyətçilikdən imtina eləmək üçün bütün əmlakını xanımı ilə uşaqlarının adına keçirmişdi.

2Sofya Andereyvna burada, bir vaxtlar Tolstoyun ideyalarının qızğın ardıcılı olmuş İsaak Borisoviç Faynermanı nəzərdə tutur. O, XIX yüzilliyin 80-ci illərində Yasnaya Polyanada yaşamış, burada kəndli əməyi ilə məşğul olmuşdu.

Rus dilindən Araz Gündüz çevirib.

Qaynaq: Интервью и беседы с Львом Толстым Издательство: Современник Москва 1986 г.

Günün bütün mövzuları

XS
SM
MD
LG