Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:43

“Cümhuriyyət Günü” ərəfəsində Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “Azərbaycan Cümhuriyyəti.1918-1920” bölməsinin yeni quruluşda açılışı olacaq.

Muzeyin əməkdaşı Səbuhi Əhmədovun AzadlıqRadiosu-na verdiyi xəbərə görə, bölmədə müsəlman Şərqində yaranmış ilk demokratik respublikanı daha dolğun və ətraflı nümayiş etdirmək üçün əsaslı dəyişikliklər edilib.

Bölmə iki otaqdan ibarətdir: “Azərbaycan Cümhuriyyətinin yaranması. Qafqaz İslam Ordusu” və “Azərbaycan Cümhuriyyətinin fəaliyyəti”.

Birinci otaqda müstəqilliyin elan olunması, Qafqaz İslam Ordusunun yaranması və fəaliyyəti, Azərbaycan Cümhuriyyəti Hökümətinin Gəncə dövründə fəaliyyəti əks olunub.

Bu otaqda 4 vitrində 60-dan çox nadir tarixi eksponat, eləcə də manekenlər nümayiş olunur.

Otaqda qurulmuş 5 informasiya- məlumat panelində tarixi hadisələri əks etdirən bilgilər, 30-dan çox fotoşəkil, 4 xəritə və sxemlər verilib.

İkinci otaqda Azərbaycan Cümhuriyyəti Parlament və Hökumətinin fəaliyyəti, 1918-1920-ci illərin əvvəlində ölkə iqtisadiyyatı, mədəniyyəti, təhsilin inkişafı, ordu quruculuğu, xarici və daxili siyasət kimi məsələlər əks olunub.

8 vitrində 90-a yaxın tarixi eksponat, 70-dən artıq fotoşəkil, 5 xəritə və sxem, 2 bədii kompozisiya, 1 heykəl nümayiş olunur.

24 informasiya-məlumat paneli tamaşaçılara Azərbaycan, rus və ingilis dillərində gərəkli məlumatları əldə etməyə imkan verir.

Beləliklə, bölmədə nümayiş olunan 150-ə yaxın tarixi eksponat sırasında Azərbaycanın İstiqlal Bəyannaməsinin 1919-cu ildə Parisdə göstərilmiş nüsxəsi, Qafqaz İslam Ordusunun azərbaycanlı və türk əskər və zabitlərinin silah, ləvazimat və əşyaları, Cümhuriyyət liderlərinin şəxsi əşyaları, 1918-1920-ci illərdə Cümhuriyyətin parlament və hökumətinin qəbul etdiyi qərarlar, Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə olduğu zaman hazırladığı Azərbaycan bayrağı böyük maraq doğuracaq.

Bölmədə qurulmuş monitorda M.Ə. Rəsulzadənin Azərbaycan Cümhuriyyətinin fəaliyyəti haqqında söylədiyi məşhur tarixi nitq də səsləndirilir.

Bölmənin açılışı mayın 26-da, saat 11.00-də baş tutacaq.

Milli Tarix Muzeyi bütün cümhuriyyətsevərləri bölmənin açılışına dəvət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG