Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:30

-

"Yazarlar və ya şairlər güclü mesaj vermək, bir bombayla məsələni həll etmək peşində olduqca, yaxşı əsər yerinə ortaya gərilmiş bir yazar iddiası çıxır"

Rasim Qaraca

“GÜLÜSTAN” ROMANINDA İKİ MƏQAM

Şərif Ağayarın "Gülüstan" romanı

Şərif Ağayarın "Gülüstan" romanı

Əvvəlcə bunu deyim: Hər bir yazıçı özünün yaxşı redaktorunu tapmalıdır.

Əks halda, nə qədər yaxşı əsər olsa da yenə də yaxşı redaktor süzgəcindən keçməmiş yaxşı bir əsər olaraq qalacaq, Şərif Ağayarın “Gülüstan” romanında olduğu kimi, - bu, mənim fikrimdir.

Lakin müəllifin bu məsələdə bəraəti var, çünki bizdə yaxşı redaktorlar yetişməyib hələ, belə bir peşəkar filoloji məktəb yoxdur. Əsərlər haqqında rəylər çox ümumi pisdir-yaxşıdır-bərbaddır-möhtəşəmdir kimi uc kriterlər əsasında formalaşır və ya ən yaxşı halda tənqidçi əsər haqqında öz interpretasiyasını oxucuya çatdırır. Yazıçının boy artımına səbəb olan peşəkar tənqidçi yanaşmasından ədəbiyyatımız məhrumdur.

Əsəri oxuyandan, artıq təəssüratım soyuyandan sonra yazıram, bəlkə belə daha yaxşıdır, daha soyuqqanlı olaram. Əsərə bir az uzaqdan, zaman məsfəsindən baxmaq lazımdır. Mən həm də hansısa bir əsərə uzaq coğrafiyadan baxmağın tərəfdarıyam. Xəyalən min kilometrlərlə uzaqdakı Conun, Cimin gözləriylə ədəbiyyatımıza baxıram. Uzaqda, fərqli mühitdə yaşayan insanlar, məsələn, elə Şərifin, Qan Turalının, Mirmehdinin əsərlərini oxuyub nə düşünəcəklər?

“Böyük ədəbiyyat” zamanca və məkanca daha geniş təsiri olan ədəbiyyat deyilmi? Lakin, “böyük” ədəbiyyat anlayışı aldadıcıdır, yəni yazan adam üçün aldadıcı, yanıldıcıdır. Əbəs yerə deyil ki, XX əsər romançılığında kiçik şeylərdən yazmaq ənənəsi üstünlük təşkil edir. Yazarlar və ya şairlər güclü mesaj vermək, bir bombayla məsələni həll etmək peşində olduqca, yaxşı əsər yerinə ortaya gərilmiş bir yazar iddiası çıxır. Mümkün qədər boşalmış, bütün beyin əzələləri lırt halında olan yazar ideal yazardır, kim bilir?

“Gülüstan”dan çox da uzaqlaşmayaq. Azərbaycan yeni romanında Şərifin öz dəsti-xətti, öz yeri var. Yeni yazarlardan ən güclü kim var deyərkən, zatən ağla ilk gələnlərdən biri odur. Hekayələrində qazandığı uğuru romanlarıyla sürdürməyi bacarmış bir yazarımızıdır o.

“Gülüstan”dakı portretlər unudulmazdır, ştrixlər ustalıqla çəkilib. Yazıçının aforistik üslubu, özünəməxsus yumoru, fəlsəfi ümumiləşdirmələri, eyhamlı danışıq tərzi əsərin rəng çalarını artırmaqdadır.

Romanda, mənim görüşümə görə əksik olan məqamlar üzərində dayanmaq istərdim:

1.Müəllifin özünü və ya baş qəhrəmanını ideallaşdırması. XX əsr dünya ədəbiyyatının üzləşdiyi, mübarizə apardığı, qurtulmağa çalışdığı bu mərəz bizim Azərbaycan yazarlarında öz izlərini sürdürməkdədir.

Qan Turalının "Fələk qırmancı" romanı

Qan Turalının "Fələk qırmancı" romanı

Bugünlərdə oxumağa başladığım “Fələk Qırmancı” (Qan Turalı), əvvəllər yarıya qədər oxuya bildiyim, və bu mərəz üzümndən yarıda buraxmaq məcburiyyətində qaldığım “Solaxay” (H.Herisçi) romanları buna xarakterik misal ola bilər.

“Fələk Qırmancı”nda baş qəhrəman yazıçıdır, istər-istəməz adamın ağlına gələn, müəllifin özüdür. Tanınmış gənc yazarın az qala hər addımını izləyən pərəstişkarı olan xanım bir qız adını belə söyləmədən yazıçının yatağına qədər gəlir. Mümkündür, ola bilər, dünya bu cür hallardan xali deyil.

Ancaq bu cür şəkərə bulandırılmış, mümkün oluğu qədər ideallaşdırılmış, bir baxışıyla gənc qızları biçib ayaqlar altına tökən qəhrəmanlar artıq keçmişlərdə qalıb, bu gün ciddi sayılmır.

Həmid Herisçinin "Solaxay" romanı

Həmid Herisçinin "Solaxay" romanı

“Solaxay” romanı da zatən avtobioqrafik bir əsərdir. Baş qəhrəmanın dayısı kukla zavodunun direktorudur. Qəhrəman zavodda işə düzəlib, ancaq oradakı fəhlələr onu məsxərəyə qoyurlar. Bu zaman dünya gözəli katibə qız mələk qanadlarını əsdirərək peyda olur:

“Həmid bəy, sən bunlardan deyilsən, sən alisən, yüksəklərdəsən, onlara fikir vermə” deyir. Və bunu bir demir, iki demir. Müəllif öz qəhrəmanına adəta aşiq olub, şöhrətpərəstlik suyuna bulaşmış mətnin bundan sonrasını oxumaq artıq oxucudan xüsusi qeyrət tələb edir.

Əlbəttə ki, “Solaxay” romanında ədəbiyyatımız üçün çox qiymətli tapıntılar var. Ancaq səviyyəli ədəbi tənqidin və ya redaktorun olmaması onun nöqsanlı bir şəkildə meydana gəlməsinə səbəb olub.

Sevgilisi Həyat həyatın çirkablarına batdıqca batır, Adəm isə onun qarşılığında müqəddəs bir ruh kimi get-gedə billurlaşır.

Şərifin romanında özünüideallaşdırma bu dərəcədə olmasa da, amma yenə də diqqətli oxucunu vurur, oxu həzzini azaldır, onu mexaniki prosesə çevirir. Adəm (baş qəhrəman) nədənsə bütün məsələlərdə haqlıdır, məsumdur, idealdır və əsərin sonuna qədər bu, belə davam edir. Sevgilisi Həyat həyatın çirkablarına batdıqca batır, Adəm isə onun qarşılığında müqəddəs bir ruh kimi get-gedə billurlaşır.

Belə bir kontrast yaratmaqla ola bilsin, müəllif həyatdan tanıdığı hansısa bir sevgilini sona qədər yandırıb yaxacaq, onu peşmançılıq alovunda qovuracaq, amma bədii əsərdə oxucu bunların izində deyil, personajlar arasında yazıçının tərəf tutması onu narahat edir.

Xüsusən “Fələk Qırmancı”nda sufi temasına müraciət edən Qan Turalı bu xüsusları nəzərə almalıydı. Sufilərə görə insan Məni sıfıra yaxınlaşdıqca...

Özünüideallaşdırma təbiətə ziddir. Xüsusən “Fələk Qırmancı”nda sufi temasına müraciət edən Qan Turalı bu xüsusları nəzərə almalıydı. Sufilərə görə insan Məni sıfıra yaxınlaşdıqca Tanrı doğulmağa başlayır və ideal olan yalnız Tanrıdır. Bu, məcazi anlamda söylənmiş bir sözdür. Lakin yazıçı “Mən”i ədəbiyyatımızda sıfırlanmalıdır, sözümün canı budur.

2. “Gülüstan” romanının ikinci ən böyük qüsuru zənnimcə, romanın struktur həllinin düzgün tapılmamasıdır. Süjetin müasir romançılıq qəliblərinə zorla salınması, distopiya elementləri, Kral, Qəsr, Sədaqət Xiyabanı söhbətləri uğursuz alınıb, savaşda əzilib qaçqın düşmüş binəsib insanların real portretləriylə bir araya sığmır, ədəbiyyatdangəlmə dekorasiya gerçək tabloya kölgə salır.

Danışacağın hekayətin düzgün formasının tapılması ədəbi yaradıcılıqda ən vacib məsələlərdən biridir. Sanıram Şərif Ağayar hadisənin təqdimetmə formasını düzgün tapmayıb, nəzəri məsələlərə həddindən artıq aludə olub, nəticədə romanın təsir gücü yetəri qədər azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG