Keçid linkləri

2024, 04 İyun, çərşənbə axşamı, Bakı vaxtı 11:39

Ədəbi tənqid ölüb? - [Sorğu]


-

"Daha çox həvəskar oxucuları dinləməyi sevirəm. Onlar daha səmimi olur".

"“Ədəbi tənqid”lə məşğul olan insanlar müasir analitik tənqiddən xəbərsiz insanlardır".

"Əslində bizim müasir yazarların çoxunun tənqidçi rəyi almağa ehtiyacı var".

Tənqidçi rəyinin yazıçıya, oxucuya təsiri varmı? Azərbaycanda tənqidçilər nə dərəcədə obyektivdirlər, nüfuz sahibidirlər?

Aslan Quliyev, yazıçı

Aslan Quliyev
Aslan Quliyev

Şəxsən mənə tənqidçilərin heç bir təsiri yoxdur, indiyə qədər onlar mənim haqqımda elə bir yazı yazmayıblar ki, onlardan nəsə öyrənəm, yaxud təsirlənəm.

Heç sovet hakimiyyəti dönəmində də bizim Azərbaycan tənqidçilərinin sözünün kəsəri yox idi, səbəbsə budur ki, kim irəlidədir, kimin imkanı, vəzifəsi var onu tərifləyiblər, haqqında yazılar yazıblar. Kimin ki, imkanı yoxdur, əlacsızdır, ya da ucqarlarda yaşayır, onu həmişə görməzdən gəliblər. Ancaq istisna da var. Bircə tənqidçi Rəhim Əliyevdə obyektivlik görmüşəm. Mən əyalətdə yaşaya-yaşaya məni axtarıb tapıb, əsərlərimi oxuyub, haqqında yazı yazıb.

Rüfət Əhmədzadə, yazıçı

Rüfət Əhmədzadə
Rüfət Əhmədzadə

Bu gün ədəbi tənqidi nəinki praktikada bacaran, heç nəzəriyyədə belə bilməyən adamların palaz-palaz “tənqidi” yazılarını görürük.

Kimlərsə badə dostlarına tərif edir, kimdənsə işi keçəcək deyə qaldırıb Tolstoy səviyyəsinə qoyur...

Bir neçə yazardan ibarət qrup da var, ancaq onlara zərərsiz (istedadsız) olan adamları tərifləyirlər ki, onlar üçün “təhlükəli” yazarlar gündəmə gələ bilməsin.

Daha çox həvəskar oxucuları dinləməyi sevirəm. Onlar daha səmimi olur. Tənqidçinin hörməti var, amma ədəbi mühit o qədər əyri köklər üzərində inkişaf edib ki, azacıq kiminsə bir yazısını tənqid edəndə adını “paxıllıq” qoyurlar. Üzərinə tanımadığın profillərdən, saxta hesablardan hücum başlanır. Ona görə də, şəxsən yazarlarla haqq-hesaba, mübahisəyə girməməyə çalışıram. Mən özümçün və dostlarım üçün yazıram, onlar da kimin üçün istəyirlər yazsınlar.

Mirmehdi Ağaoğlu, yazıçı

Mirmehdi Ağaoğlu
Mirmehdi Ağaoğlu

Təəssüf ki, bizim dar, ölgün ədəbi cameədə tənqidçilərin yazdıqları oxuculara çatmır. Varsa da, bu, kütləvi halda deyil. Bundan başqa oxucu eyni bir yazıçı haqqında fikirlərini dəfələrlə dəyişən tənqidçiləri o qədər görüb ki, onların fikirlərinə inam qalmayıb. Buna görə də onların fikirləri elə dar ədəbi çevrədə rezonans doğura və ya fikir istiqamətləndirə bilər.

Azərbaycanda heç yazıçıların əsərləri oxunub müzakirələrə səbəb olmur, o ki qaldı hansısa əsər haqqında məqalələri, tənqidçi rəylərini oxucu tapa oxuya, əsər haqqında təəssüratlarını möhkəmlədə.

İradə Musayeva, tənqidçi

İradə Musayeva
İradə Musayeva

Tənqid əslində söz haqqında sözdür. Həmçinin tənqid dünya ədəbiyyatında xüsusi çəkiyə sahib olmalıdır, çünki o meyardır. Ancaq bizim müasir ədəbiyyatda tənqid bir meyar kimi itir.

Əslində bizim müasir yazarların çoxunun tənqidçi rəyi almağa ehtiyacı var. Amma bu qiymətləndirmə meyarı itdiyinə görə, tənqidçilərin bir çoxunda təmənnalılıq, qərəzlilik, subyektiv yanaşma olduğuna görə ədəbi tənqidçilər bir növ nüfuzlarını itiriblər. Yazıçılar bir növ tənqidçiləri saymır.

Bir də görürsən ki, həyatının qırx ilini yalan-yanlış yazmağa sərf etmiş altmış yaşlı bir tənqidçi, günlərin bir günü qəflətən tənqiddə ədalət, obyektivlik aspektində çıxışlar edir. Təbii ki, əvvəlki əməllərinə görə yazıçılar ona inanmır. Yəni tənqidçi peşəsində başından bəri obyektivlik və prinsipiallıq olmalıdır. Obyektivlik olanda yazıçı hətta onun əsəri haqda mənfi rəyi ilə də razılaşacaq.

Rasim Qaraca, yazıçı

Rasim Garaca
Rasim Garaca

Hal-hazırda “ədəbi tənqid”lə məşğul olan insanlar müasir analitik tənqiddən xəbərsiz insanlardır, onlar bədii mətnlərə əsasən Sovet dövründən qalma meyarlarla yanaşırlar.

Ədəbiyyata yön verən və yazıçılara təsir edən tənqidçimiz demək olar ki yoxdur mənə görə. Ümumən, ədəbi proses özünün xaos dövrünü yaşayır, həm yazıçıların, həm də tənqidçilərin "yaxşı əsər" anlayışının yelpazəsi çox geniş və rəngarəngdir. Müasir analitik tənqid potensialı güclü olan insanlarımız var:

Əli Novruzovun, Tinay Muşdiyevanın, Nərmin Kamalın adlarını çəkə bilərəm. Amma onlar da prosesə cəlb olunmayıblar və potensiallarını sərgiləmək üçün hər hansı təklif almayıblar.

Azad Qaradərəli, yazıçı

Azad Qaradərəli
Azad Qaradərəli

Bizim sovet dövründəki tənqidçilər düşünürdülər ki, vəzifələri qılınclarını siyirib ədəbiyyatı yaradanların üstünə düşmək, döşəyə bildikcə onların qabırğasına döşəməkdir.

Mənim yadıma gəlir ki, ən qəhr-qəzəbli yazıları Sabir Əhmədli və Əkrəm Əylislinin əsərləri haqqında yazırdı o tənqidçilər.

Onlar bir imperiya nökərləri idilər və sifarişlə yazı yazırdılar: partiya və dövlət sifarişi.

İndi nə imperiya var, nə də sifariş. Ona görə şükür ki, tənqid də yoxdur. (Amma nə yazıq ki, dədə-baba üsulu ilə yazan bəzi “tənqidçilər “ var ki, onlar da vəzifəli ədəbiyyat məmurlarının sifarişləri ilə hələ də köhnə vərdişlərini unutmayıblar.)

Fikir verirsinizmi, dörddə bir əsrə yaxın vaxt keçsə də, hələ də yeni nəsil özlərinin yeni araşdırmaçılarını – esseçilərini yarada bilməyiblər. Səbəb? Ortada özümüzdən yeni təcrübə yox. Amma Kamyunun, Ekonun, R.Bartın və başqa Qərb esseçilərinin əsərləri var və yavaş-yavaş həmin əsərlərin çevrilib çap olunması bizdə də bu sahənin inkişafına kömək edəcək.

Cəlil Cavanşir, yazıçı

Cəlil Cavanşir
Cəlil Cavanşir

Azərbaycanda qələminə hörmət etdiyim bir-iki tənqidçi var ki, onların yazdıqları, söylədikləri fikirlər mənə təsir edə bilir. Ümumiyyətlə isə tənqidçilərin böyük əksəriyyəti yazılarını ya yazıçılara aşırı dərəcədə yaltaqlıq formasında yazırlar, ya da həddindən artıq qərəzli yanaşırlar.

Məsəlçün, bir əsəri tənqid etmək əvəzinə yazıçıya qarşı kinlərini, nifrətlərini ortaya qoyurlar. Ona görə də əvvəlcə ədəbi tənqidin istiqaməti formalaşmalıdır. Oturub düşünməlidirlər ki, bunlar tənqidçidir, yoxsa əllərinə qələm alıb kimisə tərifləməyə hazır dayanmış adamlar. Kənardan baxanda görürsən ki, ortalıqda bir dəstə tənqidçi var ki, bəlli adamları tərifləyirlər, bəlli adamları tənqid edirlər.

Proses bu cür getdiyi üçün yazıçıların çoxu tənqidçi rəyinə əhəmiyyət vermir. Bu gün yazıçının tənqidçidən öyrənəcəyi bir fikir qalmayıb.

Kəramət Böyükçöl, yazıçı

Kəramət Böyükçöl
Kəramət Böyükçöl

Bu gün ədəbi prosesə təsir edə bilən bir tənqidçi varsa, o da Əsəd Cahangirdir, çünki onun hər bir yazısı ajotaj yaradır, mübahisə doğurur. Bunu hamı bilir, sadəcə, dilə gətirib-gətirməmək öz işləridir. Ümumən isə tənqidçilərin ədəbi prosesə təsiri zəifdir, adətən yazarlar haqqında fikirləri sükutla qarşılanır.

Ramil Qafarov, bloqçu

Tənqidçilərin yaşlı nəsil üzərində deyil, gənc nəsil üzərində təsir gücləri var. Belə hallar məlumdur ki, bəzən bir tənqid ya gənc yazıçının yazmağa davam etməsinə gətirib çıxardıb, ya da onu tamamilə ədəbiyyatdan uzaqlaşdırıb. Oturuşmuş yazıçılarınsa tənqidçinin fikriylə hesablaşması, nəticə çıxarması sadəcə mümkün deyil. Adətən tənqidi yazılar yazıçıdan çox oxucuya kömək edir.

Əsəd Cahangir, tənqidçi

Əsəd Cahangir
Əsəd Cahangir

Mən özüm həm bədii yaradıcılıqla, həm də ədəbi tənqidlə məşğulam. Bədii yaradıcılıqla məşğul olan birisi kimi deyə bilərəm ki, tənqidçilərin mənim üzərimdə heç bir təsiri yoxdur, amma tənqidçi kimi deyə bilərəm ki, ədəbi-bədii yazılarımın prosesə müəyyən təsir imkanları var.

Başqa tənqidçilər haqda isə nə isə demək istəmirəm.

Ayxan Ayvaz, yazıçı

Tənqidin yazıçını istiqamətləndirməsi, ona təsir etməsi heç də lazım deyil, hər halda tənqid oxucu üçündür, yazıçı üçün o elə bir əhəmiyyət kəsb etmir. Öz adıma belə düşünürəm.

XS
SM
MD
LG