Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:51

“Maaş əvəzinə yumurta və toyuq əti verilir”


Azad Mehdiyev
Azad Mehdiyev

►Broyler müəssisəsinə qarşı qeyri-adi tələb: “Son hesablaşma oğru qaydaları ilə aparılsın!”

İmişli şəhər sakini Azad Mehdiyev AzadlıqRadiosuna işdən qanunsuz çıxarılmasından, onunla son hesablaşma aparılmamasından şikayət edib.

Onun sözlərinə görə, 2014-cü ilin aprelində “İmişli Quşçuluq” MMC-də çilingər vəzifəsinə götürülüb. Ancaq əmək kitabçasında işə qəbul edilməsi barədə əmrin tarixi aprel yox, may ayı kimi qeyd edilib. 2016-cı ilin martında müəssisədə oğurluq olub. Hadisə onun çalışdığı növbə zamanı baş verməsə də, bir neçə işçiylə birlikdə onu da işdən çıxarıblar:

“AXŞAM YUMURTALARI YIĞILMADAN BURAXMIRLAR”

“Özü də aldatdılar ki, “ərizəni yaz, səni başqa işə keçirəcəyik”. Əmək kitabçamı təqdim edəndə mənimlə son hesablaşma aparılmadı. Hələ də pulumu ala bilməmişəm”.

Azad Mehdiyev deyir ki, broyler müəssisəsindəki iş rejimi Əmək Məcəlləsinə uyğun deyil:

“Mən günaşırı olmaqla, ayda 15 dəfə 24 saatlıq növbədə olurdum. Bu da ay ərzində 360 saat edir. 1 iş günü 8 saatdan götürüləndə, 1 təqvim ayına 45 iş günü düşür. Yəni, mənə 1 ayda az qala 2 aylıq həcmdə iş gördürüblər. Bazar və bayram günlərinə görə də heç bir əlavə ödəniş olmayıb. Gündüz işçilərinin iş vaxtı saat 18-də bitsə də, müəssisədə texniki problem yarananda, onları bəzən gecə saat 12-dək saxlayırlar – toyuqların axşam yumurtalarını yığmadan buraxmırlar. Etiraz edənlərə dərhal qapı göstərilir. Buna görə işçilərin əksəriyyəti 2-3 ay işləyib çıxır və onları yeniləri əvəzləyir. Rayonda təhsilsiz qadınlara iş tapmaq çətin olduğundan, bu cür ağır şərtlərə razılaşanlar olur”.

Şikayətçinin sözlərinə görə, müəssisədə ikili mühasibatlıq mövcuddur. Yəni dövlətə az vergi və sosial sığorta haqqı ödəməkdən ötrü rəsmi sənədlərdə işçilərin əmək haqqı, faktiki, ödəniləndən yarıbayarı az yazılır. O, 300 manat maaş aldığını, amma imza etdiyim cədvələ 139 manat yazıldığını bildirir. Ancaq ayın bütün günləri işdə olanlara 230 manat verilib, üzrlü səbəbdən işdə olmayanların pulu hesablanmayıb. Üstəlik, illərlə əmək haqqı verilən bəzi şəxslərə görə məcburi sosial sığorta haqqı ödəməyib, şikayətçi belə deyir.

MAAŞ ƏVƏZİNƏ YUMURTA

Azad Mehdiyevin başqa bir iddiası müəssisədə əmək haqqının gecikdirilməyi və maaş əvəzinə işçilərə zorən mal satılmağı ilə bağlıdır:

“Son illər maaşların verilməyində aylarla gecikmə olur. Bəzən maaşın bir hissəsi əvəzinə işçilərə məcburi surətdə müəssisənin istehsalı olan yumurta və toyuq əti verilir. Özü də bu məhsulların dəyəri pərakəndə satış qiyməti ilə hesablandığından, işçilər onu mağazalara aldıqlarından ucuz qiymətə təklif etməli olur. Bu, dolayı yolla əmək haqlarının 10%-inin itirilməsi deməkdir.”

Bunlar hələ hamısı deyil. Azad Mehdiyev müəssisədə istehsalat qəzaları zamanı işçilərin travma almağı barədə faktların gizlədildiyini də bildirir. Deyir, 2015-ci ilin yayında sağ əlinin baş barmağını dəzgah aparanda ona yalvar-yaxar ediblər ki, xəstəxanada bunun işdə baş verdiyini deməyim. Ona söz veriblər ki, yüngül və daha yüksək əmək haqqı olan işə keçirəcəklər. Amma elə həmin işində saxlayıblar.

____________________________________________________________

Bunlara da bax:
Amnistiya aktı Milli Məclisdən keçdi
Türkiyənin gələcək baş naziri Binali Yıldırım kimdir?

____________________________________________________________

“PULUMU OĞRU QAYDALARI İLƏ VERSİNLƏR”

Azad Mehdiyev onunla son hesablaşmanın faktiki ödənilən pulla aparılmasını istəyir:

“Məni ikiqat işlədiblər, sosial müdafiə hüquqlarıma zərər vurublar, dövlətə atıblar, heç olmasa işltdikləri ayda faktiki olaraq nə qədər ödəyiblərsə, son hesablaşma da elə aparılsın. Bilirəm, bunu rəsmiyyətə sala bilməyəcəklər, zəhmət çəkib ciblərindən ödəsinlər. Onsuz da rəsmiyyətdən danışmağa dəyməz. Bir halda ki, əvvəldən hesablaşma oğru qaydaları ilə aparılıb, qalan pulumu da bu cür versinlər. Büdcəyə ödənilməli pulu isə aiddiyyatı dövlət orqanları tələb etsin”.

“ƏMƏYİ İSTİSMAR OLUNURDUSA, NİYƏ İŞLƏYİRDİ?”

Səslənən iddia və ittihamlara “İmişli Quşçuluq” MMC-nin kadrlar şöbəsinin müdiri, icraçı direktor əvəzi Gözəl Səfərova “Qaynar xətt”ə aydınlıq gətirib:

– Bu ilin aprelində öz ərizəsi ilə işdən çıxıb. Onu heç kəs işdən çıxarmayıb. Əksinə, adam aliment ödəyicisidir. Maaşının bir hissəsindən alimentə çıxılırdı. Hətta maaşlar gecikəndə çalışmışıq ona avans şəklində kömək edək ki, uşaqları ac qalmasın. Başqa ittihamlarına gəlincə, məsələn, deyir ki, guya əməyi istismar olunub, əlavə saatlarda işə cəlb olunub. Əgər fəhlə işlədiyi saatdan əlavə qalıb işləyirsə, əvvəla, bunu könüllü edir. İkincisi isə, işlədiyi əlavə saata görə pul alır. Adama sual verərlər ki, əməyin istismar olunurdusa, niyə müəssisədə qalıb işləyirdin? Onun dedikləri hamısı cəfəngiyatdır.

– Sizdə işçilərə maaş əvəzinə zorla yumurta verilirmi?

- Yox. Düzdür, etiraf edirəm ki, son vaxtlar durum çətinləşib. İşçilərin maaşlarında gecikmələr var. Ancaq heç kəsə maaş əvəzinə yumurta verilmir. Olur ki, işçilərdən kiminsə xeyir işi var, xahiş edir, ona beçə, yumurta veririk, sonra maaşından çıxırıq.

Kürdəmir-Biləsuvar şossesində yerləşən “İmişli Quşçuluq” MMC quş əti və toyuq yumurtasının istehsalı, satışı ilə məşğul olur. Rəsmi saytındakı məlumata görə, müəssisədə 177 nəfər mütəxəssis və işçi heyəti çalışır.

XS
SM
MD
LG