Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:05

Gənc fəala sovqat yetişmədi


Qiyasəddin İbrahim və Bayram Məmmədov
Qiyasəddin İbrahim və Bayram Məmmədov

-

Bakı İstintaq Təcridxanasında NİDA vətəndaş hərəkatının üzvü Bayram Məmmədovun valideynlərinin apardığı sovqatı qəbul etməkdən imtina ediblər.

Bu haqda «Turan»a B.Məmmədovun valideynləri bildirib.

Narkotik ittihamı ilə həbs edilən gənc fəalın valideynləri deyib ki, təcridxanaya səhər saatlarında gediblər. Əvvəlcə onlardan gözləmələri istənilib. Daha sonra sovqatın qəbul edilməyəcəyi bildirilib. Təcridxana rəhbərliyi bunu Bayram Məmmədovun karantində olması ilə izah edib.

«Həbsdə saxlanan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» Qanuna görə, şəxsin həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumları, qanuni maraq doğuran digərləri ilə əlaqə saxlamasına şərait yaradılmalıdır. Onlara həmçinin, bağlama, sovqat, banderol almaq, yaxın qohumları və ya digər şəxslərlə görüşmək imkanı yaradılmalıdır.

NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov, gənc fəal Qiyasəddin İbrahim ilə birlikdə mayın 11-də saxlanılıb.

NİDA Vətəndaş Hərəkatı onların mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlamışdı.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində «Qul bayramınız mübarək!», ön tərəfdə isə «F... the system!» sözləri yazılmışdı.

Mayın 12-də Xətai məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Son illər Azərbaycanda Heydər Əliyevin doğum günü münasibətilə Gül bayramı keçirilərdi. Bu da Azərbaycan cəmiyyətində heç də birmənalı qarşılanmırdı. Hakimiyyətin müxalifləri deyirdilər ki, hər il Gül bayramına milyonlarla vəsait xərcləməkdənsə, bu pullar əhalinin sosial ehtiyaclarının ödənilməsinə sərf edilməlidir.

Bu il isə Gül bayramı təxirə salınmışdı. Bakı şəhər İcra Hakimiyyətindən bildirmişdilər ki, cəbhə bölgəsində Ermənistanın təxribatının qarşısını alarkən həlak olan hərbçilərin ruhuna hörmət əlaməti olaraq mayın 10-da, sadəcə, parklarda gül əkmə aksiyaları keçiriləcək.

XS
SM
MD
LG