Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:21

►“Əgər niyyət səmimidirsə, o zaman hökumət boş qalan torpaq sahələrinin əkilməsindən ötrü sahibkarlara yardım etməlidir”

Torpağı əkib becərməsən, vergi ödəyəcəksən. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin parlamentin plenar iclasına təqdim etdiyi təklifdə belə deyilir.

Ölkədə elə torpaq sahibləri var ki, ixtiyarlarında 50-100 hektarlarla əkinə yararlı torpaq sahəsi ola-ola əkib-becərmirlər.

Bunu komitənin üzvü Şəmsəddin Hacıyev AzadlıqRadiosuna açıqlamasında deyir:

“İcarəyə götürüləndə və ya alanda müqavilədə göstərilir ki, bu torpaqlardan kənd təsərrüfatı üzrə istifadə olunsun. İndi vergi tətbiq olunacaq, bu zaman o torpaq sahibləri ya əkib-becərəcəklər, ya da torpaqdan imtina etməli olacaqlar”.

Hər 100 kv. metrə 10 manat

Komissiya üzvləri təklif edirlər ki, Vergi Məcəlləsində kənd təsərrüfatı təyinatlı torpaq üzrlü səbəb olmadan bu təyinat üzrə istifadə edilmirsə, hər 100 kv. metr üçün 10 manat vergi müəyyən edilsin:

“Bu vergi torpaq sahiblərini ondan istifadəyə məcbur edəcək. Çünki söhbət onlarla hektardan gedir və bunun 100 kv.m-ni də 10 manatdan hesablayanda iri bir məbləğ alınır”, Şəmsəddin Hacıyev deyir.

Ancaq bu yenilik fermerlərə və ya pay torpağı sahiblərinə aid edilməyəcək. Millət vəkilinin sözlərinə görə, torpağın təyinatı üzrə əsaslı səbəb gətirən fermer və ya pay torpağı sahibi vergi ödəməyəcək: “Bizdə məlumatlar var ki, əlində 20, 50 hektar torpağı olan adamlar var və bu torpaqlar da bomboş durur. Onları vergiyə cəlb etməklə məsuliyyətlərini artıracağıq ki, istifadə etsinlər və bununla da ölkəyə xeyir gəlsin”.

___________________________________________________________

Bunlara da bax:
Cəbhə xətti - Talış kəndindən yeni görüntülər
Azərbaycanlılar sərhəddə 12 kilo qızılla tutuldular

___________________________________________________________

“Öyrəniblərmi ki, bu torpaqlar niyə əkilmir?”

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov belə bir təklifin verilməsini “tələskənlik” sayır. Onun sözlərinə görə, hökumət əvvəlcə torpaqların təyinatı üzrə istifadə edilməməsinin səbəblərini, problemin kökünü araşdırmalıdır.

“Ola bilsin ki, həmin sahibkarlar torpağın keyfiyyəti ilə bağlı problemlə üzləşiblər. Çünki Azərbaycanda kifayət qədər böyük torpaq sahələri deqradasiyaya məruz qalıb və ya şoranlaşıb, keyfiyyətini itirib”, deyə o əlavə edir ki, suvarma, yol, infrastruktur problemləri də böyük torpaq sahələrindən istifadəyə mümkün əngəllər ola bilər.

“Cərimə, ya vergi çıxış yolu deyil”

Vahid Məhərrəmov bildirir ki, cərimə etmək və ya vergi tətbiqi çıxış yolu deyil, onun fikrincə, məsələnin inzibati yolla həlli vəziyyətə ciddi təsir göstərməyəcək.

Ekspertin fikrincə, torpağın kənd təsərrüfatı təyinatı üzrə istifadəsi məqsədilə onun keyfiyyəti müəyyənləşməlidir:

“Tutaq ki, torpaq icarəyə götürüləcək, icarədar bilməlidir ki, bu torpaq hansı keyfiyyətdədir, ya da satılacaqsa, yenə də bu bilgiyə ehtiyac var”.

Vahid Məhərrəmov deyir ki, heç ortalıqda təyinatı üzrə istifadə edilməyən torpaq sahələri ilə bağlı rəsmi statistika da yoxdur: “Bu gün bilmirik ki, nə qədər torpaq sahəsindən istifadə olunur, nə qədərindən olunmur. O zaman sabah necə biləcəyik ki, bu vergi dəyişikliyi vəziyyətə necə təsir göstərdi?”

“Bunun arxasında başqa məqsədlər var”

Ekspertin fikrincə, istifadə edilməyən torpaqlara vergi yükünün artırılmasının arxasında başqa məqsədlər dayanır. O hesab edir ki, hər hansı səbəbdən torpaqdan istifadə etməyən sahibkarlar məcbur qalıb torpaqlarını satacaqlar və bu torpaq sahələri yüksək vəzifəli məmurların əlinə keçəcək:

“Əgər niyyət səmimidirsə, o zaman hökumət boş qalan torpaq sahələrinin əkilməsindən ötrü sahibkarlara yardım etməli, lazım gəlsə, torpağın keyfiyyətinin yaxşılaşdırılması, infrastruktur və ya suvarma problemi dövlət hesabına həyata keçirilməlidir”.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı çıxışında istifadəsiz qalmış torpaq sahələri məsələsinə toxunmuş, bununla bağlı müəyyən mexanizmlərin tətbiqinin vacibliyini vurğulamışdı.

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun Radio proqramında

Lavrov yenə Qarabağa görə gəlir, bu dəfə nə gətirir?
Azərbaycan nə istehsal etməlidir ki, iqtisadiyyat dirçəlsin?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

Əliyevlər "Panama Papers"də.... (DETALLAR, VİDEO)

Günün bütün mövzuları

XS
SM
MD
LG