Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:32

-

“Mən nə məktəb direktoru, nə də bağça müdiriyəm ki, kiminsə valideyni, qohumu kiminləsə əlaqədar bizə qarşı çıxış etsin. Kimsə dövlət qulluğunda işləyirsə, həddi-buluğa çatıbsa, öz əməllərinə özü cavab verməlidir. Onun əvəzinə qohumları yox ”.

Bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu qurumun barəsində cinayət işi açılan keçmiş mətbuat katibi Elnur Nağızadənin qohumlarının səsləndirdiyi ittihamları cavablayarkən deyib. M. Abbaszadə bildirib ki, kiminsə hansısa sualı və ya fikri varsa, hüquq-mühafizə orqanlarına müraciət edə bilər.

E. Nağızadə ilə bağlı əlavə danışmaq istəmədiyini deyən M. Abbaszadə onun ötən ilin oktyabrından TQDK-da işləmədiyini və işdən başqa səbəblərdən azad edildiyini qeyd edib.

“Həmin vaxta kimi heç kim onunla bağlı şikayət etməyib. Sadəcə, Elnur Nağızadə ona verilən tapşırığı vaxtında yerinə yetirmədiyi üçün işdən azad edilib. Bundan 3 ay sonra bu hadisələr məlum olub və proseslər başlanıb. Biz nədənsə, yaxşı işləri qoyub, həmişə kimsə qanunu pozubsa, mütləq onu şişirtməli, müzakirə etməliyik. Nə üçün? Hazırda hüquq-mühafizə orqanları tərəfindən açıqlama verilib. Mən də açıqlama vermişəm. Hansısa açıqlama vermək istintaqa təsir göstərmək kimi qiymətləndirilə bilər ki, bu da qanuna ziddir” - deyə TQDK sədri əlavə edib.

Elnur Nağızadə

Elnur Nağızadə

Bir müddət öncə, Bakı sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov ötən ilin avqustunda Elnur Nağızadəyə işə düzəlmək üçün 150 min ABŞ dolları verdiklərini bildirərək şikayət etmişdilər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini iddia edirdilər. Ancaq Elnur Nağızadə mətbuata açıqlamasında şikayəti əsasız sayaraq ona böhtan atıldığını bildirmişdi.

Üstəlik, onun əmisi Tahir Nağıyev ötən həftə mətbuata üz tutaraq qardaşı oğlunun əsassız yerə ittiham edildiyini deyirdi. O, TQDK rəhbərliyini qınayan ifadələr də işlətmişdi.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində E.Nağızadəyə qarşı həmin şikayətə görə, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə iş açıb, E.Nağızadə barəsində qiyabi həbs qərarı çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG