Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:35

Müttəhimlər hakimə: “Biz Allahın hüzurunda mühakimə olunacağıq”


İllüstrasiya
İllüstrasiya

►Məhkəmə zalına daxil olan hakimə nələr dedilər

Hakim məhkəmə zalına daxil olanda təqsirləndirilənlər yerbəyerdən: “hökm Allahındır”, “sənin qanunların batildir”, “biz yalnız Allahın hüzurunda mühakimə olunacağıq” deyərək məhkəməyə itaətsizlik ediblər

Aprelin 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə və digər ağır cinayətlərdə təqsirləndirilən 17 nəfərlik dəstənin mühakiməsi davam edib.

Məhkəmə iclasının ilk dəqiqələri diqqət çəkib. Hakimlər məhkəmə salonuna daxil olub öz yerlərini tutmaqdaykən təqsirləndirilən şəxslər məhkəməyə itaətsizlik göstəriblər.

Üzlərini hakim Zeynal Ağayevə tutaraq “hökm Allahındır”, “sənin qanunların batildir”, “biz yalnız Allahın hüzurunda mühakimə olunacağıq” deyiblər. Hakimsə buna əhəmiyyət verməyərək məhkəmənin növbəti iclasını açıq elan edib.

İTTİHAMLARLA RAZILAŞMIRLAR

Bu 17 nəfər qanunsuz yolla silah, narkotik maddə əldə etməkdə, ölkə daxilində silsilə ağır cinayətlər törətməkdə, Suriyaya döyüşməyə getməkdə və sair cinayətlərdə təqsirli bilinir. Ancaq onlar məhkəmə iclası başlayan gündən ifadə verməkdən imtina ediblər. İttihamlarla razılaşmır, məhkəməni qəbul etmirlər.

Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Elmir Seyidəhmədov dindirilib. O, ifadəsində dəstə başçısı Nurəddin Xəlilov tərəfindən ailəsinin təhdid olunduğunu, hadisə baş verən gün isə bıçaqlandığını deyib.

___________________________________________________________

Bunlara da bax:
50 erməni sakin Yerevandan sığınacaq istəyib
Sarkisian Qarabağı tanımaqla hədələyir

___________________________________________________________

OYUNCAQ SİLAHA GÖRƏ HƏYATINI İTİRƏCƏKDİ

Elmir Seyidəhmədov təqsirləndirilən “Osman” ləqəbli Samir Məmmədovla vaxtilə bir yerdə cəza çəkdiyini söyləyib. Həbsdən sonra idman zalında məşq edərkən qarşılaşıblar:

“Osman mənə “Camaat” yaratdıqlarını, Nurəddini də “əmir” seçdiklərini, məqsədlərinin Azərbaycanda islam dövləti qurmaq olduğunu dedi. Mənə danışdı ki, bu məqsədə nail olmaq üçün cihad etmək, dindarları müəyyən edib dəstəyə qoşmaq lazımdır. Təklif etdi ki, “gəl, səni Suriyaya döyüşə göndərək, orda Allah yolunda döyüşənlərə 20-25 min dollar verirlər”. Mənsə razılaşmadım, dəstəyə qoşulmaqdan imtina etdim. Uşağımın vəziyyətinə görə “Osman”dan 700 manat borc almışdım. Dedi ki, “borcu istəmirik, pulun yerinə bizə silah tap”. Mən də canımı qurtarmaq üçün onlara bir oyuncaq silah alıb verdim. Onlar bundan qəzəblənərək 2014-cü il aprelin 14-də məni bıçaqladılar”.

Sonra məhkəmə Vahid Nuriyevi şahid qismində dindirib. O, ifadəsində təqsirləndirilənlərdən biri olan Nurəddin Xəlilovla vaxtilə eyni yerdə cəza çəkdiyini deyib:

"Bir yerdə "zonda" oturmuşuq. O mənə yeni cinayətlərə qol qoymağımı təklif etdi, mən də qəbul eləmədim".

Şahid bildirib ki, ona təklif olunan cinayətlər silah tapmaqdan, Suriyaya döyüşməyə getməkdən ibarət olub.

Məhkəmə iclası aprelin 11-də davam edəcək.

XS
SM
MD
LG