Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:15

Orta Statistik İnsan baş nazirin müavininin kitabını tənqid edir


Orta Statistik İnsan

Orta Statistik İnsan

-

Baş nazirin müavini, yazıçı Elçinin yeni nəşr olunmuş "Baş" romanını tənqidçilər və yazıçılar çox müzakirə etdilər. İndi isə söz adi bir oxucunundur.

Orta Statistik İnsan

Uzaqdan Postmodernizm, yaxından Sosrealizm

Elçin Əfəndiyev

Elçin Əfəndiyev

Ümumən, Elçinin yazıları həmişə digər yazarlardan özünəməxsusluğu ilə seçilib. Bu fərqlənmə heç də əsərin keyfiyyətinə görə deyil, sırf yazılma üsuluna görədir.

Elçin sanki əlində yanar daş tutaraq onu bir əlindən digərinə, digərindən isə digərinə ötürməklə məşğuldur. Bu isə yazarlıqla sehirbazlıq arasında çabalamaq deməkdir (buna oxşar formalar digər yazarlarımızda da var.)

İstənilən mövzuda yazılmağından asılı olmayaraq, ədəbi mətndə hadisələr bitkin, obrazlar dolğun və xarakterik olmalıdır. Bu əsərdə isə cüzi işartıdan başqa, sadaladıqlarımızdan heç nə yoxdur.

Masanın üzərində Elçinin "Baş" romanıdır

Masanın üzərində Elçinin "Baş" romanıdır

Başlanğıcda incə bir fəndlə oxucunu tora salmağa çalışan yazar haradasa buna nail olur, oxucu 1960-cılar deyilən nəslin monoton yazı üslubu ilə deyil, nəsə yeni bir forma ilə qarşılaşacağı ümidi ilə əsəri oxumağa başlayır, lakin getdikcə yenə köhnəlmiş, heç bir dəyəri olmayan söz yığını ilə qarşılaşır, hər şeyə başın gözü ilə baxılması (baxmayaraq ki, əsərin adı elə belədir), bezdirici təkrarçılıq artıq əsərin süni postmodern formasına salınmasına səbəb olur. Ancaq nə qədər yamaq vursan da, köhnədən təzə düzəldə bilməzsən.

***

18-ci yüzillik tariximizin ən keşməkeşli və qəliz dövrünə təsadüf edir. Bu mövzuda müxtəlif əsərlər yazılsa da, fikrimcə, ən mükəmməli Y.V.Çəmənzəminlinin "İki od arasında" romanı sayıla bilər.

Müəllif özü də qeyd edir ki, bu əsərdə heç bir tarixilik yoxdur, olsun, bəs mətnə nə söz? Burada ki, faktlara, sənədlərə ehtiyac yoxdur. Bu qələm, bu da siz, buyurun.

Bu baş hər yerə burnunu soxaraq oxucunu bezdirdi artıq.

Obrazlar içərisində Sisianovun qüdrəti və hər şeyə əli çatan kimi göstərilməsi, Bakı xanının isə miskin durumda təsvir edilməsi müəllifin uğursuzluğundan və tarixi yaxşı bilməməsindən xəbər verir.

Müəllif əsərdə hər şeyi bir-birinə qatıb. Tarixi-fəlsəfi janrda yazılsa da, hadisələrdə az da olsa ardıcıllıq və məntiq gözlənilməliydi. Məsələn, 18-ci yüzillikdə yaşamış Sisianov Stepan Razinin edam səhnəsində peyda olur, belə olan halda gərək bir çox başları vurulmuşların edam səhnəsində də peyda olaydı. Bəli, bu baş hər yerə burnunu soxaraq oxucunu bezdirdi artıq.

Əsərin ümumi qiymətləndirilməsi

Əsər tipik sovet ədəbi nəslinə xas şəkildə yazılıb. Müəllif nə qədər çabalasa da, daim onu təqib edən sosrealizmdən qurtulmağa çalışsa da, buna heç cür nail ola bilnəyib.

Nəyə lazım idi Vaqifin qulaqlarımızı yağır etmiş müxəmməsi, yaxud Tutubəyim ağanın bayatısı, illərdir oxuduğumuz şeyləri adi formada postmodern adıyla bəzəyib ortaya qoymağın nə anlamı.

Aşağıda yazacağım kimi, əsər başdan-ayağa söz oynatmaları və xaltura elementləri ilə doludur. Xaltura yazdım, məsələn, əsərdə hər yerdə "soldat" yazılır. Halbuki dilimizdə bunun qarşılığı var.

Ümumən sırf məhəlli oxucu üçün yazılmış bu roman nəhəng ədəbiyyatın içərisində əriyib gedəcək. Yəni Biləcəri məsələsi.

***

Əsərdə bəzi müsbət məqamlar da var.

Abbas Mirzə Bakı xanının burnunun ucundan uzağı görməyən qohumu Mahmud bəy timsalında sərsəm və düşük Turan ideyasını yerindəcə dəf edir və o, buna cavab verə bilmir. Bu, Abbas Mirzənin dilindən Böyük Turan eşqiylə yaşayan, yaxud alver edənlərə yaxşı cavabdır, məncə.

İkinci müsbət məqam: bir çox yazarlarımız ilan-əjdahadan qorxan kimi erotik epizodlardan qorxur, müəllif isə burada cəsarətlə və bütün incəliklərinə qədər kişi-qadın münasibətlərindən yaza bilib.

Ancaq nə qədər çalışsam da, bu qeydlərimi xoş sözlərlə bitirə bilmədim. Hörmətli Elçin müəllim məgər qız adı tapa bilmir? Və sonunda Füzulisayaq plagiat; atılmış qadın divanəyə dönüb hər yerdə öz eşqini axtarır.

Hər halda oxumaq və yazmaq daş atmaqdan daha insani iş.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG