Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:39

-

"İki-üç şeir yazan adi adamlar yazıçı adıyla Birliyə qəbul edilib, beləliklə, süni şəkildə “ən yaxşı yazıçı ən yuxarıda oturandır” təsəvvürü yaradılıb."

"Nədir yaxşı əsər? Yoxsa Elçinin yeni çapdan çıxmış “Baş” romanı?"

"Əgər oxucular Facebook’dadırsa, demək yazıçı da orada olmalıdır."

Rasim Qaraca ilə müsahibə

Rasim Qaraca

Rasim Qaraca

- Rasim bəy, bugünkü Azərbaycan ədəbiyyatının əsas problemləri nədir, niyə yazarlarımız, yeni ədəbi mühit özünü dünya səviyyəsində göstərə bilmir?

- Sualınıza cavab olaraq belə bir ümumiləşdirmə etmək istəyirəm: millətimiz necədirsə, ədəbiyyatımız da o cürdür – özünü axtaran və tapmayan. Tariximiz qədim olsa da, əslində biz cavan millətik. Axundovdan başlayan bir mədəniləşmə tariximiz var. Maraqlıdır ki, proses ədəbiyyatla başlanıb. Ancaq sovetlərdən başlayan şəxsiyət ikiləşməsi, yalan üzərində qurulan yol bizi çox gerilərdə buraxıb.

Ədəbiyyatımızın əsas problemi Yalandır. Yalançı ədəbi dəyərlər, yalançı hədəflər, yalançı münasibətlər.

Bizim ədəbiyyatımız əsasən Sovet dövründə formalaşıb, inkişaf edib. Diqqət etsəniz, Mirzə Cəlildə, Haqverdiyevdə, Yuzif Vəzirdə və sovetlərə qədərki bir çox yazarlarımızda güclü bir səmimiyyət, oxucuyla ünsiyyətdə birbaşalıq görərsiniz.

Ancaq ən güclü sovet dövrü yazarlarımızda bu səmimiyyəti görə bilməzsiniz, varsa da yalançı bir səmimiyyətdir. Oxucuya şəkərə bulaşdırılmış idealogiya sunublar. Həmin bu saxtalıq yoluxucu xəstəlik kimi bugünün yazarlarına belə, sirayət edib.

- Ədəbiyyata demokratik modellərin gətirilməsində danılmaz əməyiniz var. Bu gün bu sahədə olan vəziyyət sizi qane edir, ədəbiyyat Sovet düşüncəsindən kənara çıxa bilir?

- Mədəniyyət proseslərinin, o cümlədən, ədəbiyyat proseslərinin tənzimlənməsinə dair mədəni ölkələrdə qiymətli təcrübə qazanılıb. Biz o təcrübədən yararlanmaq yerinə, hələ də çürümüş sovet modelindən yapışıb qalmışq. Bu sahədə indiki dövlət idarəetməsi yalnız işin ziyanınadır. Yazıçılar Birliyinin təyin olunmuş sədri, büdcədən ayırmalar, təqaüd sistemi..., nəticə göz qabağındadır.

Mədəni prosesləri demokratik tənzimləyən Gürcüstanda ədəbiyyat özünün çiçəklənmə dövrünü yaşayır. Müstəqillik dövründən yetişmiş mən bildiyim ən azı 10 yazıçı Avropa dillərinə tərcümə olunub, Gürcüstan Mədəniyyət Nazirliyi bu əsərlərin tərcüməsi və çapı üçün xarici naşirlərə qrant verir. Şairlər, yazarlar sürəkli Avropada keçirilən böyük ədəbiyyat festivallarında iştirak edirlər. Tiflisin özündə bu cür festivallar keçirilir...

Təcrübə göstərir ki, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət və Turizm nazirliyi yaradıcılıq proseslərini tənzimləməkdə acizdir, iş prinsipləri köhnədir, zamanın tələblərinə uyğun deyil. Səbəb, bürokratik idarəetmədir.

- Sizin daha çox tənqid hədəfləriniz – Elçin, Anar və digəriləri haqqında deyilir ki, bu yazarlar Azərbaycanda milli oyanışın baş verməsində müstəsna rol oynayıblar və buna görə, sizin onlara qarşı haqsızlıq etdiyiniz də deyilir.

- Elçin, Anar – hər biri usta qrafomandır. Gerçək bədiyyatın küləyi onların üzərindən əsməyib, mənə görə. Yazıçı mühitində yetişmiş olmaları onlarda sözə qarşı müəyyən həssaslıq formalaşdırıb. Ancaq, orta dərəcəli bir yazıçının belə, üzərinə düşən həyat gerçəkliyini əks elətdirmək vəzifəsi hər ikisinə yaddır.

Bəlkə qapalı sovet quruluşunda nəsə məna ifadə edə bilərdilər, ancaq bu gün bu qəbildən olan yazarlar hər hansı mənəvi dəyərdən məhrumdurlar. Ucuz romantika və həyatın sentimental ifadəsi – budur 60-cı illərdə meydana gələn və bu günə qədər ədəbiyyat adına oxuculara sırınan Azərbaycan nəsri və şeiri.

- AYO qrupunu ittiham edirlər ki, 60-cıların qarşısına daha yaxşı əsərlərlə, yəni onların yaradıcılığını üstələyəcək kitablarla çıxmırsız.

- Bizim qrafomanlar guruhu ilə yarışmaq niyyətimizi yoxdur. Yazılan əsərlərin dəyəri də kəmiyyətlə ölçülməməlidir.

Nədir yaxşı əsər? Yoxsa Elçinin yeni çapdan çıxmış “Baş” romanı? Vaxtı keçmiş üslub, Ezop dilində sətiraltı sayıqlamalar indi kimə lazımdır? Məsələn, Seymur Baycanın “Quqark” romanının qarşısına 60-cılar hansı əsəri çıxara bilər? “5 mərtəbəli evin 6-cı mərtəbəsi”nimi? İndi Elxan Elatlı bu cür əsərlərdən ayda birini yazır...

Mən ədalətsiz görünmək istəmirəm. 60-cılar ədəbiyyatımızda bir mərhələ olub, lakin 1990-cı ilin 20 yanvarında onların səhifəsi bağlanıb. Maraqlıdır ki, sonrakı illərdə ciddi heç bir əsər yaza bilməyiblər.

Sabir Əhmədlinin “Axirət sevdası”, Əkrəm Əylislinin “Mazan” və daha bir neçə əsəri istisna etmək olar. Müstəqillik dövrünün ən qiymətli əsərlərini “ayoçu” dediyiniz uşaqlar yaradıb. Az yazıblar, amma qələmləri hələ soyumayıb, bəziləri 35 yaşını hələ təzəcə doldurub...

- Ümumiyyətlə yeni dövr ədəbiyyat adamları ilə köhnələr arasında “uçurum”u nə, yaxud kim yaratdı?

- Bilirsizmi, ədəbiyyatda hakimiyyətə gəlmək, idarəçilik rıçaqlarını ələ keçirtmək ta 2000-ci illərə qədər aktual olub. İndiki gənc nəsil bunu bilmir. Məsələn, Yazıçılar Birliyinə üzv olmaq bir imtiyaz idi. 80-ci illərdə bu qurumun 300-ə yaxın üzvü vardı və yalnız onlar yazıçı hesab olunurdu. Və yalnız onlar qurumun qəzet və jurnallarında çap oluna bilərdi. Buna görə də ədəbiyyata gəlmək istəyənlər Yazıçılar Birliyinə üzv olmaqdan ötrü dəridən-qabıqdan çıxırdılar. İstək çox olduğuna görə qəbul məsələsi də çətinləşirdi.

Bu hal yazıçıları simasızlaşdırırdı. Süni bir ierarxiya yaranırdı, vəzifəcə ən yüksəkdə olan ən yaxşı yazıçı sayılırdı. Dolayısıyla, çap olunmaq məsələsi Yazıçılar Birliyinin nəzarətində idi. Bunları uzun-uzun sadalayıram, çünki yenin nəsil yazarlar bizim davamızı anlaya bilmirlər...

2001-ci ildən başlayaraq durum dəyişdi. Bir qrup yazıçı ədəbiyyatdakı bu inhisarçılığa etiraz etməyə başladı, Yazıçılar Birliyindən kənarda da yazıçı olmağın mümkünlüyünü isbat etməyə başladıq və get-gedə, ölkəmizdə yazıçılıq institutunun necə çürük dəyərlər üzərində durduğu ortaya çıxdı. Köhnələrin “köhnə” olduğu görünməyə başladı. “Uçurum” belə yarandı.

- Ölmüşləri və yaşayan diri keçmiş yazarları tənqid edəndə niyə bu, geniş müzakirə mövzusuna çevrilir və tənqid edən tərəf təhqirlərlə qarşılanır?

- Yadımdadır, 2001-ci ilin sentyabr ayında Rafiq Tağının Səməd Vurğunu tənqid edən “Qafqazın qartalı Şaumyan belə...” adlı bir yazısı geniş rezonansa səbəb olmuşdu. Çoxlu zənglər gəlir, Rafiqə hədə-qorxu yağdırırdılar. İş o həddə çatmışdı ki, mən Rafiqə, gedək bizdə qal, ara sakitləşsin, sonra çıxarsan demiş və belə də etmişdik. Bu, təsadüfən məlum 11 sentyab hadisəsinin baş verdiyi gün idi...

İndi inandırıcı görünməyə bilər, amma cəmi 15 il əvvəl durum beləydi. “Klassikləri” tənqid etmək olmazdı. Nə üçün belə idi? İzah etməyə çalışım. Ümumən, bu bizim bütpərəstliyimizdən irəli gəlir, kölələri idarə etmək üçün toxunulmazlar kastası dərəbəylik zamanlarından qalma bir adətdir. 2011-ci ildə Sovet zehniyyəti hələ ətalətini sürdürür, bütlərin qırılması təzə hadisədir, kütlə buna alışmayıb. Mətbu sözü kontrolda tutmağa çalışırlar. Ölüləri tənqid etmək olmazdı, çünki bir ucu gəlib dirilərə toxunacaqdı. Ən yaxşısı elə tənqidin olmamasıydı. Belə bir mənzərə vardı.

İndi bir çox şey dəyişib. Öncə forumlar, daha sonra Facebook tənqid azadlığını meydana gətirdi. Özü haqqında əsl həqiqəti eşitməyən kimsə qalmadı.

- Son zamanlarda mühitdə yeni-yeni adlar peyda olur, bunlardan bir qismi daha böyük iddialarından çıxış edirlər, lakin ortaya da nəsə qoyduqları görünmür. Sizcə, mühitin yeni adlarla dolub daşması nəyin nəticəsində baş verir?

- Yeni adların meydana çıxması təbii haldır. Daha doğrusu, ədəbiyyat sahəsində öz imzasını təsdiq etdirmək hər kəsin haqqıdır. Hətta deyərdim, özünü sənət baxımından ifadə etmək insanın fitrətində vardır, yəni anadangəlmə proqramda qoyulub bu, ona görə də onun bu haqqına qarşı çıxmaq mənasızdır. Lakin yeni gələn gənclik yanlış bir ənənənin içinə düşür və yazıçı kimi inkişaf edə bilmir.

Çox istedadlı gənclər karyera, təqaüd, iş yeri, ütülü kabinetlər labirintində öz parlaqlığını itirir. Əlbəttə, yaxşı yaşamaq hər kəsin haqqıdır, amma hər kəsin haqqıdır, təkcə boy sırasına görə düzlənənlərin deyil. Ədəbiyyatın gəlişməsi üçün yazıçı həmrəyliyi çox önəmlidir.

Sənin qələm yoldaşının çap olunmadığı qəzetdə və ya saytda “mən də çap olunmuram” demək bir əxlaq məsələsidir. Və ya, təqaüd almağa daha çox haqqı olan bir yazıçını ictimai baxışlarına görə dışlayıb, loyal davrandığın üçün səni önə çəkirlərsə buna etiraz etməlisən. Əgər bunu etmirsənsə, istedadı bəsləyən kosmik şüalar yoxa çıxır, aldığın təqaüdün və ya maaşın kiçik enerjisi isə yaxşı əsərlər yazmağa yetmir. Yalana uymamaq, həqiqətə sadiqlik yazıçının bir nömrəli vəzifəsi olmalıdır.

- “Facebook”, yəni sosial şəbəkələr olmasaydı, bu gün kimlər olmazdı?

- Facebook’u mən zərərli bir şey kimi görmürəm. Əsl tərbiyə məktəbidir. Üstəlik bizim kimi, demokratik olmayan üçüncü dünya ölkəsində nəfəs almaq üçün bir pəncərədir. İnsanlar burada öyrənir, səviyyələrini artırır, özlərini təsdiq edir və ya özlərini bir aynadaymış kimi görürlər. Facebook qeyri-adi azadlıq məkanıdır, olmamasını təsəvvür etmirəm. Qoy hər kəs orada olsun, beləliklə hər kəs azadlığın nə olduğunu dadacaq, etiraz etməyi, yardımlaşmağı, paylaşmağı öyrənəcək.

Facebook’da aktiv olan insanların görünməz bir qardaşlığı var və bu, cəmiyyətdəki sosial güvəni artırır. Facebook alternativ həyatdır, orada yaşamaq da hər kəsin haqqıdır. Əgər Facebook olmasaydı qazanan, azad düşüncəli insanlar deyil, onu boğmaq istəyənlər olardı.

Kitablar

Kitablar

- Bu sualı ona görə verirəm ki, vaxtilə Anar, Elçin, Fikrət Qoca, Ramiz Rövşən kimi qələm adamları öz əsərləri ilə yadda qalmışdılar, Facebook statusları ilə deyil.

- Əsrimizin gerçəkləriylə hesablaşmalıyıq. Bir su bizi aparırsa ona sel deməliyik. Əgər oxucular Facebook’dadırsa, demək yazıçı da orada olmalıdır.

Bundan sonrakı yazıçılıq anlayışı dəyişəcək. Yazılan əsərlər interaktiv özəllik daşımasa mənası olmayacaq. Sizin sualınıza tərs yöndən baxaq. Adını çəkdiyiniz yazarlar Facebook’da nə qədər maraqlı görünərlər? Əminəm ki, heç nə qədər. Çünki bu günün oxucusu fərqlidir.

Bu fərq nədədir, bilirsiz? Çünki oxucunun özü də yazır. O ki qaldı, onların yadda qalmasına, biz hələ bilmirik, yeni gələn nəsillər onların əsərlərini oxuyacaq yoxsa yox. Buna mənim böyük şübhəm var.

- Azərbaycan Yazıçılar Birliyinin qalması Azərbaycan ədəbiyyatı üçün hansı problemləri yaradır?

- Azərbaycan Yazıçılar Birliyi köhnə və ziyanlı modeldir. Vaxtilə yazıçıların problemlərini həll etmək deyil, onları nəzarətdə saxlamaq məqsədilə yaradılıb, hələ də bu funksiyanı yerinə yetirməkdədir.

Azərbaycan hökuməti, bu işdə məsul olan yüksək vəzifə sahibləri ölkədə ədəbi prosesin dinamik olmasında maraqlı deyil. 80 yaşlı bir yazıçının 30 ilə yaxın bir müddətdə Yazıçılar Birliyinə sədr olması artıq bu qurumda prosesin durğun olmasından xəbər verir. Sanki dəyişikliklər ana təbiətin öhdəsinə buraxılıb. Ancaq bu cür idarəçilik, dediyim kimi, ziyanlıdır.

Düzgün idarəetmə olmadığına görə yazıçılar ağır sosial məhrumiyyətlər içərisində yaşayırlar. Hazırda isə bu təşkilat tamamən nəzarətdən kənarda qalıb, nə üçün üzvlərin sayı 1500-ü ötüb, böyük büdcəsi olan jurnallar nə üçün 300 tirajla çıxır, təqaüdlər kimlərə və hansı prinsiplə verilir və s. – bunları soruşan yoxdur.

Azərbaycan Yazıçılar Birliyinin yaratdığı ən böyük problem isə, ədəbi prosesin tormozlnmasıdır. İki-üç şeir yazan adi adamlar yazıçı adıyla Birliyə qəbul edilib, beləliklə, süni şəkildə “ən yaxşı yazıçı ən yuxarıda oturandır” təsəvvürü yaradılıb. Əsl proseslər isə Yazıçılar Birliyindən kənarda cərəyan edir.

- Niyə AYO güclü təşkilata çevrilə bilmədi?

- AYO mənəvi cəhətdən güclü təşkilatdır. Ədəbi prosesə təsir edib və etməkdədir. Maddi cəhətdən güclü olmamasının səbəbini isə özünüz təxmin edə biləriniz. Biz siyasi hakimiyyətə sığınıb söz demək və ya yazmaq azadlığımızı itirə bilməzdik. Çox çətinliklə müstəqil yazıçı anlayışını cəmiyyətə təqdim etmişik, bu tarixi missiyanı pula və ya da kryeraya satmamaq qədər prinsipial bir yolu təsəvvürünüzdə canlandırın.

- Sizcə, yeni nəsil yazarların əsərlərində niyə vulqar sözlər, arqo deyimlər daha çox üstünlük təşkil edir?

-Çünki biz artıq yeni dövrə qədəm basmışıq. Dünənə qədər yasaq olan kəlmələrin ədəbiyyata gətirilməsi bir mənada yenilikdir. Yazılan mətnin koloriti üçün bu lazımdır. Ancaq kim bundan nə cür istifadə edir, artıq ustalıq məsələsidir.

Ədəbiyyatın dili ütülənmiş olmamalıdır. Dildəki bütün kəlmələr bərabər işlənmək hüquqna malikdir. Adi, normal kəlmələri də yazıçı yerinə görə işlətməli olduğu kimi, vulqarizmləri də yerinə görə işlətməlidir.

- Bu sualı bir çox yazarlara vermişəm, maraqlıdır. Fikrinizcə, yazıçılara dövlət tərəfindən verilən adlar, məsələn “Xalq yazıçısı” kimi adlar ləğv olunmalıdır?

AYB

AYB

-Bu cür titullar, təqaüdlər, dövlətin verdiyi hər hansı nəsnə yazıçının azadlığını almaq, onu idarə olunan robota çevirmək məqsədi daşıyır.

Yazıçı maksimal dərəcədə öz müstəqilliyini saxlamağa çalışmalıdır. Əks halda onun yazdıqlarının dəyəri olmayacaq və ya, istəsə belə, yaxşı şeylər yaza bilməyəcək.

Xalq yazıçısı adı almaq Fəxri Xiyabana düşmək deməkdir. Bunun üçünsə uzun illər susmalısan. Bədii dildə desək, “xalq yazıçısı” adı alan yazıçı iki seçim qarşısında qalır: ya əbədiyyət, ya da Fəxri Xiyaban.

- Gələcəyin Azərbaycan ədəbiyyatında kimlər 2000-ci illər olaraq xatırlanacaqlar, yaxud kimlər arxivdən üzə çıxarılmayacaqlar?

Nə üçün gənc yazar səsinin eşidilməsi üçün bağırmaq məcburiyyətində qalır, axı ədəbiyyatın dili incədir?

- Belə bir uzaqgörənliyim yoxdur. Biz bugünə cavabdehik. Bu günün suallarına cavab axtarmalıyıq: Nə üçün ədəbi proses canlı deyil? Nə üçün sadəcə yazar olub yaşamaq üçün ölkəmizdəki şərtlər uyğun deyil?

Nə üçün gənc yazar səsinin eşidilməsi üçün bağırmaq məcburiyyətində qalır, axı ədəbiyyatın dili incədir? Ətalət haradan və kimdən qaynaqlanır? Biz dövlət olmağı bacarmayan tərəkəmə bir toplumun yazarıyıq, yoxsa mədəni bir milləti təmsil edirik?...

Ədəbiyyatla ciddi məşğul olmaq istəyən gəncin qarşısına çoxlu suallar çıxacaq. Ya sən yaxın çevrənin, şərab dumanına bürünmüş təriflər məclisinin yazarı olmaq yolunu tutacaqsan, ya da məhrumiyyətlərlə dolu olan böyük idealların yolunu. İkincini seçən yazar üçün, əlbəttə, ədəbiyyat mavi sular üzərində pənbə buludların üzdüyü bulvar mənzərəsi olmayacaq, keçmiş və gələcək qarşısındakı məsuliyyətə çevriləcək. Yalnız düzgün yol seçənlərə tarixdə iz buraxmaq şansı verilir, mənim düşüncəmə görə.

Bir dəfə də demişəm bunu müsahibələrimin birində: ədəbiyyat haqq davasıdır, kim daha haqlıdır sənətidir. Məsələn, Hüseyn Cavidlə Səməd Vurğun fərqli yolların şairləriydilər. Qısa vədədə Səməd haqlı çıxdı, amma tarix Cavidi önə çıxardı. Eyni mübahisəni Nazım Hikmətlə Nəcib Fazil arasında da görə bilərik...

- Rasim bəy, ölkədə baş verən ictimai-siyasi proseslər barədə düşüncələriniz nədir, Azərbaycanın gələcəyindən nə gözləyirsiz?

- Pessimist deyiləm, ancaq gələcəyimizdən narahatam. Rəsmi dövlət sistemi tamamən rüşvətə bulaşıb, bu sistemlə əlaqəsi olan hər kəsin, sadə kənd adamlarının belə, əxlaqı pozulub.

Yeni, saf, dürüst gənclik yetişir, görüb fərəhlənirsən, qürur duyursan. Ancaq, yetər ki əsgərliyə getsin, universitetə girsin və ya evlənsin, saflıqdan əsər-əlamət qalmır, həyasız, gönüqalın bir məxluqa çevrilir. Siyasi sistem demokratik olmadığı üçün insanlarımız eybəcərləşir, ikiüzlü, saxta bir varlığa çevrilir.

Bütün bu sosial proseslərin yazıçı sözünə ehtiyacı var. Qələm adamları cəmiyyəti özünə göstərən ayna olmalıdır. Amma və lakin, bir-iki nəfəri çıxmaq şərtilə, yazarlarımız hakimiyyətdən pay almaq növbəsinə durub. Mən özümüzü, yəni millətimizi çox murdar bir bataqlıqda görürəm. Əl-ələ verib bu bataqlıqdan özümüz özümüzü çıxarmalıyıq. Başqa çarəmiz yoxdur.

"Cümhuriyyət" qəzeti

Günün bütün mövzuları

XS
SM
MD
LG