Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:27

Azərbaycanlı animator: Disney filmləri axı sizə nə pislik edib?


Elçin Axundov
Elçin Axundov

-

"Disney filmləri humanizmdən başqa nə öyrədib? Siz əvvəlcə gedin evlərə, baxın görün valideynlər uşaqların yanında bir-birlərini təhqir edə-edə uşaqların tərbiyəsini necə pozurlar?!"

"İlk Azərbaycan animasiya filmi “Abbasın bədbəxtliyi” idi, onun çəkilişlərində əsas animatorlar iki alman mütəxəssisi idi. O iki almanı repressiya etdilər."

Animasiya rejissoru, "Azanfilm" studiyasının bədii rəhbəri, Azərbaycan əməkdar mədəniyyət işçisi Elçin Axundov ilə bazar günü OxuZalında söhbət

- Elçin müəllim, Sovet dövründə çəkilən animasiya filmlərimizi elə o dövrdə rusların çəkdiyi animasiya filmləri ilə müqayisə edəndə görürük ki, keyfiyyətə görə çox fərqlənirlər. Bizim filmlərin keyfiyyəti aşağı, rənglər solğundu. Bu nədəndi?

- Məsələ ondadı ki, rənglər doğrudan da solub. Plyonkanın xüsusiyyəti elədir ki, onu xüsusi şəraitdə saxlamağı tələb edir. Moskvada ruslar plyonkaları lazımi şəraitdə saxlaya biliblər. Onların “Belıye Stolbı” adlandırdıqları kinofondları var. Bizim də hansı filmimiz orda saxlanıbsa, keyfiyyətli qalıb. Hətta mənim 1995-ci ildə Fizulinin yubileyi münasibətilə çəkdiyim “Söhbətül-Əsmar” filminin rəngləri solub. Səslər itib. “Güzgü” filmi də eləcə.

- Siz “Azərbaycanfilm” kinostudiyasının nəzdində cizgi filmi sexi bərpa olunandan, 1966-cı ildən animasiya kinosunda işləmisiniz. Bildiyimə görə, Ağanağı Axundovun kurslarını keçmisiz.

-Tək Ağanağı Axundov yox, kurslarda Nazim Məmmədov, Bəhmən Əliyev də müəllimlik edirdilər. Kurslar yaranana qədər Azərbaycanda ilk animasiya filmləri 1930- cu illərdə çəkilmişdi.

“Abbasın bədbəxtliyi” adlı ilk animasiya filminin çəkilişlərində əsas animatorlar iki alman mütəxəssisi idi. Həmin almanlardan başqa, o filmdə Qəzənfər Xalıqov, Müslüm Maqomayevin atası Məhəmməd Maqomayev, Ənvər Mirzəyev, Cabir Zeynalov da işləmişdi.

Sonra həmin iki alman mütəxəssis repressiyaya məruz qalıb sürgün edildi. Almanlar gedəndən sonra Azərbaycanda animasiya çəkilişləri dayandı. Həmin film də itib-batdı.

1950-ci illərdə Bəhmən Əliyev Moskvaya gedib animasiya kurslarında oxudu. 60-cı illərə qədər orda qalıb işlədi. O, “Soyuzmultfilm” də çox dəyərli filmlərdə animator kimi iştirak edib. Sonralar Ağanağı Axundov və Nazim Məmmədov da o kursları qurtardılar.

1966-cı ildə Adil İskəndərovun(1964-cü ildən kinostudiyanın direktoru) və A.Axundovun təşəbbüsü ilə “Azərbaycanfilm”in nəzdində multiplikasiya kursları açdılar. Həmin vaxt mən kinostudiyada fəhlə işləyirdim, eyni zamanda tələbə -rəssam idim.

Elçin Axundovun otağı
Elçin Axundovun otağı

Ağanağı Axundov mənə dedi ki, tanıdığım başqa istedadlı uşaqları da həmin kurslara cəlb edim. Mən də bir neçə rəssamı kursa cəlb elədim. İndi onların çoxu xalq rəssamıdır.

Adil Rüstəmov, Arif Hüseynov, Sona Mirzəliyeva, Tatyana Əmirovna həmin kursları qurtardı.

Biz iki illik kursları bitirəndən sonra “Cırtdan ” filminin çəkilişlərində işlədik, 1969-cu ildə o filmi təhvil verdik.

Mən özüm 1975-ci ildən quruluşçu rəssam, 80-ci illərdən rejissor kimi işləməyə başladım. 90-cı illərdə bədii rəhbər işlədim, müəllif filmləri çəkdim. 2000-ci ildən 12 il “Azanfilm”in direktoru işlədim.

- “Cırtdan” filmi çəkilənə qədər adlarını çəkdiyiniz animatorlar sənədli filmlərdə işləyirdilər...

- Hə, sənədli filmlərdə bu animatorlar əsasən texniki animasiya ilə məşğul olurdular, bir də quraşdırılma səhnələri sexində çalışırdılar. Texniki animasiya vasitəsilə sənədli filmlərdə hər hansı qurğunun işlədilmə üsulunu başa salırdılar.

- “Azərbaycantelefilm” də kinostudiyada cizgi filmləri sexi yaranmamışdan qabaq bir neçə film çəkmişdi....

- Telefilmdə Rasim İsmayılov və Vaqif Behbudov kukla filmləri çəkirdilər. O vaxı çöplərdən istifadə edərək “Qırmızılar, qaralar və başqaları” filmini çəkmişdilər. Kibrit çöplərini qırmızıya və qara rəngə boyayıb hərəkət etdirərək, dramaturgiya yaratmışdılar.

- Telefilmdə niyə ancaq kukla filmləri çəkirdilər. Bu imkanlarla bağlı idi, ya təsadüflə?

Elçin Axundovun iş otağı
Elçin Axundovun iş otağı

- Kukla filmləri bizim sexdə elə də inkişaf etməmişdi. O filmləri çəkmək üçün başqa struktur tələb olunurdu.

Kuklaları düzəltməyi bacaran mütəxəssis lazım idi. Kuklanın karkası düzəldilirdi, sonra onu materiallarla doldurur, geyim tikib geyindirirdilər.

Kuklaların əlləri, barmaqları hərəkət eləməli idi. Bu işlə ancaq Vaqif Behbudov “EKRAN” birliyi studiyasında məşğul olurdu.

Kinostudiyada isə, biz cəmi bir dəfə “Çaqqal oğlu çaqqal” adlı filmi kukla üsulu ilə çəkdik. Kinostudiyada daha çox cizgi və applikasiya filmləri çəkirdik.

Ümumiyyətlə, animasiya filmləri üç üsula bölünür: cizgi, applikasiya, kukla. İndi kompüterdə bunların hamısını əvəz eləyən müxtəlif proqramlar var.

- Bir çox əcnəbi tənqidçilər bu iddiada idilər ki, Sovet animatorları senzuradan qaçmaq üçün daha çox uşaq mövzularına üz tuturdular.

- Yox. O vaxtlar uşaqların tərbiyəsində və uşaqlara münasibətdə müəyyən konsepsiya var idi. Müəyyən qədər Sovet ideologiyasına xidmət etsə də, o filmlərdə tərbiyəvi keyfiyyətlər də var idi. Mövzu, ideya baxımından, o filmlərimiz indi də dəyərlidir. Həm də o filmlərdə millilik də qorunub saxlanılmışdı. Xüsusən, 60-70-ci illərdən sonra ruslar özləri şərait yaradırdı ki, hər Sovet respublikası öz milli sənətini inkişaf elətdirsin. Biz folklor nümunələrinə müraciət edirdik. SSRİ-nin “Qostteleradio”şirkəti bizə müraciət eləmişdi ki, SSRİ xalqlarının nağılları əsasında filmlər çəkək. Mənim də quruluşçu rəssamı olduğum “Cırtdan pəhləvan” filmi bu qəbildən idi.

- Azərbaycan animatorları arasında öz dəsti-xəttiilə fərqlənən hansı animatorların adlarını çəkərdiniz?

- Firəngiz Qurbanova çox yaxşı ustadır. Onun çox yaxşı zövqü, özünəməxsus fantaziyaları var. Onun “Ana ağaca çıxıb”, “Kürən”, “Şahzadə Mimo” filmləri öz dəst-xətti ilə fərqlənir.

Məsud Pənahi Azərbaycan animasiyasında novatorlardan biri idi. Ağanağı Axundov yenilikçi idi, daim axtarışlarda idi. Məsələn, onun “Cücələrim” filmində mən quruluşçu rəssam idim. Onda biz filmin təsviri həllini Azərbaycan tikmələri əsasında qurduq.

Birinci animasiya filminin quruluşçu rəssamı Elçin Aslanov idi. Elçinin çox maraqlı xalça araşdırmaları var idi və keçmiş SSRİ məkanında “ CIRTDAN” filmi uğurla qəbul edildi, təsviri həllinə görə. Filmdə qəhrəmanları elə təsvir etdik ki, elə bil hamısı xalça ornamentlərindən yaranmışdılar.

“Fitnə” filmində də mən Elbəy Rzaqulubəyovun assistenti idim, o filmin də təsviri həlli miniatür əsasında qurulmuşdu.

- Bu yaxınlarda gənc rejissorlardan biri belə fikir səsləndirmişdi ki, Azərbaycan kinosunun inkişafını ləngidən əsas məsələ intriqalar olub. Yəqin ki, animasiya sahəsində də güclü intriqalar var idi?

- İntriqalar bütün studiyalarda olub. Animasiya sahəsində də. Məsələn, “Cırtdan” filminin çəkilişləri vaxtı Ağanağı Axundovla Elçin Aslanov arasında qalmaqal yaranmışdı. Axırda iş o yerə çatdı ki, filmi Ağanağı Axundovdan alıb Yalçın Əfəndiyevə verdilər.

- Filmlər çox az idi deyə intriqalar olurdu, yoxsa yaradıcı müstəvidə baş verirdi?

Elçin Axundovun iş otağı
Elçin Axundovun iş otağı

- Yaradıcı adamlar həmişə özündənrazı olur. Hamı özünü ən yaxşı rəssam hesab edir, yaxud ən yaxşı aktyor. Elə adamlar var idi, cavanların gəlib onu keçəcəyindən, özünün kölgədə qalacağından qorxurdu. Bu gün də elələri var. Mənsə, öz payıma deyirəm: həmişə belə şeylərdən uzaq olmuşam.

Bu vaxtadək üç dəfə animator kursları təşkil eləmişəm. Birinci dəfə Firəngiz Qurbanova ilə birgə 1988-ci ildə kurslar təşkil elədik. Tələbələrə biz hərəkətin qanunlarıyla yanaşı, aktyorluq və musiqi dərsləri keçirdik. Müxtəlif millətlərdən şagirdlərimiz var idi. Sonra SSRİ dağılanda onların hərəsi bir tərəfə dağıldı. Aralarında ermənilər, yəhudilər də vardı. Bu gün Disney studiyasında işləyəni belə, var.

- Elçin müəllim, bu animatorlar çıxıb getdilər. Yaxşı bəs bu gün niyə həmin kursları təzədən təşkil eləmirsiz?

Pulun adını eşidən kimi dedilər “baxarıq”.

- Mən dəfələrlə indiki Mədəniyyət nazirindən bu barədə xahiş etmişəm, yuxarılara yazmışam, amma nəticə yoxdur.

Bir dəfə Rəssamlıq Akademiyasından məni dəvət etdilər. Bir dəfə də İncəsənət Universitetindən. Getdim, dedim ki, iki kompüter lazımdır, avadanlıq almağa cüzi miqdarda pul lazımdır. Pulun adını eşidən kimi dedilər “baxarıq”. Söhbət nəticəsiz qaldı.

- Mən bildiyimə görə, Mədəniyyət Nazirliyi iki nəfəri xaricə oxumağa göndərib. Onsuz da o adamların təhsilinə xərc çəkilir. O xərci verib burda iyirmi nəfəri öyrətmək olmazmı? Bir var iki nəfərin içindən bir yaxş animator çıxa, bir də var iyirmi nəfərin içindən beşi?

- Bəs mənim də davam elə budur da! Mən Milli Animasiyanın İnkişafına dair üç hissəli proqram hazırlamışdım. Əvvəlcə iyirmi nəfər cavan rəssamı kurslara cəlb edəcəkdim. Onlara animatorluğu öyrədəcəkdim. Eyni zamanda aktyorluğu, musiqini, texnologiyanı.

Elçin Axundovun iş otağı
Elçin Axundovun iş otağı

Proqrama əsasən, onlar öyrəndiyi müddətdə biz artıq tammetrajlı filmin ssenarisini təsdiq edir, filmin rejissor ssenarisini hazırlayırıq.

Kursu bitirəndən sonra da dərhal tələbələr istehsalata gəlirlər.

Biz tammetrajlı filmləri çəkməyi hədəfə alacaqdıq. Çünki bazarda qısametrajlı filmlər getmir. Ya da qısa filmləri silsilə şəklində işləyəcəkdik.

Animator hər şeydən əvvəl, şəkil çəkməyi bacaran aktyor olmalıdır. Əgər aktyorluq qabiliyyəti yoxdusa, ondan animator çıxmaz. “Soyuzmultfilm” də ildə 10-15 nəfər kurs qurtarırdı, onlardan biri, ya ikisi animator olurdu.

- Elçin müəllim, siz indi emalatxananızda olduqca maraqlı bir işlə məşğul olursunuz; uşaqlar üçün kuklalar düzəldirsiniz. Daha doğrusu, kuklaların eskizini çəkirsiniz, uşaqlar o eskizlər əsasında kuklaları özləri düzəldirlər. Bu maraqlı fikir sizdə hardan yarandı?

- 1989–cu ildə “Frözi” adlı alman jurnalının arasında bir vərəq gördüm, bu bir cəngavər kuklasının eskizi idi. Onu özüm düzəltdim. Gördüm çox maraqlı işdi. Çox xoşuma gəldi. Öz-özümə dedim ki, alman uşaqları uşaqdı, bizimkilər yox?

Başladım əvvəlcə Məşədi İbadı düzəltməyə, sonra Sərvəri. Belə-belə, bir də baxdım bütün kuklalar hazırdır. “Gənclik”nəşriyyatında çap olundu, amma keyfiyyət çox aşağı idi deyə sonra o nəşriyyatla işləməyə davam eləmədim. İndi də “Qanun” nəşriyyatı ilə işləyirəm.

- Bizdə animasiyaya baxan böyük adamlara belə deyirlər: uşaqsan multfilmə baxırsan? Elə bilirlər animasiya ancaq uşaqlar üçündür. Valideynlər də televizorda nə animasiya filmi göstərilirsə, ağına-bozuna baxmadan uşağa izləməyə icazə verirlər...

- Animasiya filmləri təkcə uşaqlar üçün çəkilmir. Məsələn, mən özümü böyüklər üçün animasiya çəkən animator sayıram. Mənim müəllifi olduğum animasiyaların mövzusu uşaqlar üçün deyil.

Məsələn, “Güzgü”, “Söhbətül-əsmar”, “Dəniz səyahəti” filmlərində ciddi mesajlar var. “Güzgü” filmində mən ermənilərin obrazını yaratmışam, “Söhbətül-əsmar” filmində dövrün siyasi mənzərəsini cızmışam. “Dəniz səyahəti” filmində Brejnevin obrazı var. Mən 2002-ci ildə “Cavanşir” filmini çəkəndə məni qınadılar ki, bu film uşaqlar üçün ağırdı. Axı o film yuxarı sinif uşaqları üçün nəzərdə tutulub, üstəlik film- plakatdır. Həm də o filmin ssenarisini 1992-ci ildə real hadisə əsasında yazmışdım. Çəkməyə pul tapılmadı, 2002-ci ildə ancaq çəkə bildim. 1992-ci ildə çəkilsəydi, təsir qüvvəsi əlbəttə, daha güclü olacaqdı.

Televiziyaların hamısında psixoloqlar oturmalıdı, onlar filmlərə nəzarət eləməlidir ki, nəyi uşaqlara göstərmək olar, nəyi yox. Hər filmin üzərində yaş göstəricisi yazılmalıdır. Valideynlər maarifləndirilməlidir.

- Söhbət uşaqların üstünə gəlmişkən, bir suala da cavab alım sizdən. Belə düşünürlər ki, Disney filmləri milli mentalitetimizə yaddır. Uşaqlarımızın tərbiyəsini korlayır.

Disneydə çəkilən bir animasiya filmindən
Disneydə çəkilən bir animasiya filmindən

- Mənə də tez-tez belə fikirlər deyirlər. Mən onda onlara deyirəm ki, Disney filmləri axı sizə nə pislik edib? Humanizmdən başqa nə öyrədib?

Siz əvvəlcə gedin evlərə, baxın görün valideynlər uşaqların yanında bir-birlərini təhqir edə-edə uşaqların tərbiyəsini necə pozurlar?! Günahı animasiyanın boynuna yıxmaq düzgün deyil.

Uşaqlara qəddarlıq aşılamaq olmaz. Amma onlar həm də bilməlidirlər ki, insanın təbiətində yırtıcılıq var. Uşaqları “akvariumda” böyütmək də lazım deyil. Sonra onlar okeana gedib böyük balıqlarla rastlaşacaqlar.

Götürək elə “Tom və Jerry” animasiya filmini. Uşaq başa düşür ki, ekranda gördükləri hamısı zarafatdır. Orada Tom hansısa çətinliyə düşəndə hətta Jerry ona köməyə gəlir.

- Elçin müəllim, özü də adamın Toma daha çox yazığı gəlir e!...

- O, biraz “balqabaqdı” da, ona görə (gülür)

- Elçin müəllim, siz həm də özəl məktəblərdən birində Təsviri İncəsənət fənnindən dərs deyirsiniz. Sizcə, uşaqlar təsviri incəsənəti niyə öyrənməlidirlər? Bu gün bir çox dövlət məktəblərində müəllimlər bu fənnə ciddi fikir vermirlər.

- Nahaq yerə. Bizim dövrümüzdə o dərsin adı rəsm dərsi idi. İndi isə Təsviri İncəsənət adlanır. İndi dərsliklər yazılıb, içində nəzəri biliklər var. Ən birincisi, təsviri incəsənət uşaqlara gözəlliyi duymağı öyrədir, onlara zövq aşılayır. Onlar rənglərin ahəngini görməyi bacarırlar. Bundan başqa, onlar təsviri incəsənət tarixini öyrənməklə simvolların, memarlıq üslublarının, geyimlərin tarixini öyrənirlər. Bu da onların dünyagörüşünün formalaşmasına xidmət edir.

Çox uşaqdan soruşursan ki, bayrağımızdakı ay-ulduz simvolunun tarixi hardan gəlir, gözlərini döyür. Mən dərs dediyim uşaqlara bunların hamısını öyrədirəm. Eyni zamanda dərs dediyim məktəbdə Uşaq Animasiyası Studiyası da açmaq istəyirlər. Orada mən ssenaristliyi, rejissorluğu, animatorluğu uşaqlara öyrədəcəyəm.

- Maraqlı söhbətə görə təşəkkür edirəm və sizə uzun ömür diləyirəm ki, gerçəkləşməyini istədiyiniz ideyaları həyata keçirəsiniz.

- Sən də çox sağ ol, qızım.

Söhbətləşdi: Sevinc Elsevər

XS
SM
MD
LG