Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 15:03

“Avropada muzey təmir etdiririk, təmirli bağçamız yoxdur”


İllüstrasiya
İllüstrasiya

►2-ci qrup Qarabağ əlili Əhməd Rəhmanov 2 yaş yarımlıq övladına bağça axtarışındadır

Əhməd Rəhmanov Bakı şəhərində yaşayır. İkinci qrup Qarabağ əlilidir. Həyat yoldaşı evdar xanımdır. İki azyaşlının qayğıları ilə məşğul olur.

Daha doğrusu, uşaqlardan biri autizm xəstəliyindən əziyyət çəkir. Ana bütün gücünü xəstə övladının qayğılarına səfərbər etdiyindən, ata da iş-güc adamı olduğundan, balaca Vahidi uşaq bağçasına vermək qərarına gəliblər. Ancaq yaşadıqları Keşlə qəsəbəsində fəaliyyət göstərən iki bağçadan heç birinə götürməyiblər ki, yer yoxdur:

HƏR QƏSƏBƏDƏ 1-2 BAĞÇA

“Yaşadıgım ünvana uygun bağça axtarışındayam. Bağçalarda yer yoxdur, üstəlik də bu bağçalar normativlərə cavab vermir. İstəyirəm ki, övladım təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalara, ümumi sanitariya-gigiyena tələblərinə cavab verən bağçaya getsin. Ancaq bağçalar bu tələblərin heç 50 faizinə də cavab vermir. Birincisi, bağçalarda normadan artıq uşaq var. Əlavə çarpayılar qoyulur. Qidalanma bərbad vəziyyətdədir. Bakı ətrafında bu qədər qəsəbə var, ancaq hər qəsəbədə cəmi bir, ya iki dövlət bağçası fəaliyyət göstərir. Bakı ətrafında köçkünlər üçün şəhərciklər salındığı halda qəsəbələrdəki dövlət uşaq bağçalarının ərazilərindəki köçkünlər hələ də köçürülməyib. Köçkünlərin yaşadığı bağçaların ərazilərinə giriş-çıxış sərbəstdir. Bu isə o deməkdir ki, uşaqların təhlükəsizliyi qorunmur”.

Buna baxmayaraq, Əhməd Rəhmanov övladını hətta şəraitsiz bağçalardan birinə düzəltmək məcburiyyətindədir. Ancaq “yer yoxdur” deyib götürmürlər. O isə cüzi məvacibi ilə övladını ödənişli özəl uşaq bağçasına düzəldə bilmir:

“AYLIQ ÖDƏNİŞ MƏVACİBİMƏ BƏRABƏRDİR”

“Avropada muzey təmir etdiririk. Özümüzün təmirli, şəraitli bir uşaq bağçamız yoxdur. Erməni kilsəsinə qaz veririk, öz bağçalarımızda uşaqlar odunla qızınır. Ancaq məcburuq ki, razılaşaq. Çünki özəl bağçaların aylıq ödənişi təxminən mənim aylıq məvacibim civarındadır. Ümumiyyətlə, yüksək təminatlı və bahalı özəl bağçalar varlı-kasıb təbəqələri arasında süni yaradılan bir uçurumdur”.

Əhməd Rəhmanov bir neçə uşaq bağçasına baş çəkdikdən sonra ölkə başçısına və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Qurumdan AzadlıqRadiosuna bildirilib ki, Nizami rayonu ərazisində fəaliyyət göstərən və Əhməd Rəhmanovun yaşadığı ünvana yaxın uşaq bağçalarında boş uşaq yeri yoxdur. Müəssisələrə uşaq qəbulu növbəli qaydada aparılır. Əhməd Rəhmanov da müəssisələrdəki “uşaq qəbulu” kitabında qeydiyyata alınmalıdır. Boş yer olanda bağça rəhbərliyi valideynlə əlaqə saxlayıb məlumatlandıracaq.

“BAĞÇALARA DİQQƏT ARTIRILIB”

Bağçalardakı şəraitə gəlincə, bildirilib ki, uşaq bağçaları Təhsil Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinə verildikdən sonra bu müəssisələrə diqqət artırılıb. Həm uşaqların qidalanması, həm də bağça binalarındakı şərait xeyli yaxşılaşdırılıb.

Əhməd Rəhmanov deyir, elə ona da qurumdan bu məzmunda məktub göndərilib.

Bakı şəhərində 315 uşaq bağçası fəaliyyət göstərir. Bağçaların sayı az olduğuna görə, bura normadan xeyli artıq sayda uşaq götürülür. Üstəgəl, ölkədə fəaliyyət göstərən bağçaların çoxu müasir tələblərə cavab vermir. Özəl bağçalarda isə ödəniş haqqı çox yüksək olduğundan, bu, əksər valideynlərin büdcəsinə uyğun gəlmir.

XS
SM
MD
LG