Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:14

Müharibə əlilləri əkin torpağı və çayxana tələb edir


Torpaq
Torpaq

-

Neftçalada yaşayan Qarabağ müharibəsi əlilləri əvvəllər «Qarabağ Əlilləri» İctimai Birliyinin tərkibində birləşib. Əlillər 1998-ci ildən Birliyə ayrılmış 40 hektarlıq torpaq sahəsini əkib məhsul götürüblər. Beləcə ailələrini dolandırıblar.

2012-ci ildə Birlik ləğv edilib. «Qarabağ Müharibəsi Veteranları, Əlil və Şəhid Ailələri» İctimai Birliyi yaradılıb. 4 ildir ki, fəaliyyət göstərən bu təşkilata Neftçalanın bələdiyyə sədri Aydın Aslanov rəhbərlik edir. Əvvəlki qurum üzvlərinin istifadə etdiyi 40 hektarlıq torpaq sahəsi də indi onun sədri olduğu təşkilat üzvlərinin istifadəsindədir. Ancaq əvvəlki təşkilatın üzvü olmuş, lakin sonradan yaradılmış bu Birliyə üzv olmaqdan imtina etmiş və ayrıca qurum yaratmış daha 20 müharibə əlili də var. Söhbət «Qarabağ Qaziləri» İctimai Birliyindən gedir. Hansı ki, 4 ildir yerli icra hakimiyyəti ilə əkin torpaqlarına görə əsl mücadilə aparırlar.

«ŞORAN TORPAQLAR TƏKLİF OLUNUR»

Təşkilatın sədri Mübariz Abbasov AzadlıqRadiosuna danışır ki, ayrıca təşkilat yaratdıqdan sonra onları bələdiyyə sədrinin rəhbərlik etdiyi ictimai birliyin istifadəsində olan torpaqlara yaxın buraxmayıblar: «Dedilər ki, «bir halda bizə qoşulmursunuz, özünüzə ayrıca təşkilat yaradırsınız, o zaman təşkilatımızın istifadəsində olan torpaqlarımızda əkin işləri aparmaqdan da əlinizi çəkin. Gedin, müraciət edin, hökumət sizə başqa torpaq sahəsi ayırsın». Biz də icra hakimiyyətinə və keçmiş torpaq şöbəsinə müraciət etdik. Ancaq hər dəfə əkin-biçinə münasib olmayan, suvarma kanallarından xeyli uzaqda yerləşən şoran torpaqlar təklif olundu. O torpaqlarda heç nə bitmir. Torpaq bizə əkib becərmək, məhsul götürmək üçün lazımdır. Məhsul verməyən torpağı neynirik?».

Mübariz Abbasovun sözlərinə görə, rayonda kifayət qədər boş əkin torpaqları var: «Gözümüzün önündə yüz hektarlarla yararlı torpaqlar satılır, bizə də yalnız baxmaq qalır. Bizə çatanda deyirlər, «torpaq yoxdur». Bütün torpaqlar öz qohum-əqrəbalarının, yaxınlarının istifadəsindədir. Bu rayonda hamıya torpaq var, bircə Qarabağ qazilərinə yoxdur. Çünki onlara bu torpağı pulsuz verməyə əlləri gəlmir».

«ÇAYXANA TİKMƏYƏ YER VERSİNLƏR»

Mübariz Abbasov deyir, icra hakimiyyəti 20 əlildən 2-3 nəfərinə fərdi torpaq sahəsi ayırıb. Ancaq bu, onları qane etmir. «İstəyirik ki, bizim də təşkilatımızın birgə əkin təsərrüfatı olsun. Qanundankənar heç nə istəmirik ki… Təşkilatı yaratmışıqsa, təşkilatın istifadəsinə icarə torpaq sahəsi də ayrılmalıdır. Gedib Heydər Əliyevin 1996-cı ildə verdiyi fərmanı bir də gözdən keçirsinlər. Elə keçmiş Birliyin icarəsinə 40 hektar torpaq sahəsi həmin fərmandan sonra ayrılmışdı. Hərəmiz bir çətən ailəyik, dolanışığımız yoxdur, pensiyamız heç müalicəmizə yetmir. Heç olmasa, ailə durumumuzu nəzərə alsınlar».

Ancaq Qarabağ Qaziləri Birliyinin dərdi təkcə torpaq ola… Təşkilat heç bir yerə toplaşmaq üçün daldalanacağının da olmadığını deyir: «Müraciət etdik ki, toplaşmağımız üçün bir yer ayrılsın. Xudmani bir çayxana tikməyə yer verilsin, əlillər oraya yığışsın, görüşsün. Ona da «yox» dedilər. Neftçalanın bu başından o başına şadlıq sarayları, iri ticarət mərkəzləri tikdirməyə yer tapılır, əlilə bir çayxana tikməyə 20 kvadratlıq yer yoxdur. Çünki şadlıq sarayları da, villalar da, ticarət mərkəzləri də özlərinindir».

«ÖZLƏRİ İSTƏMİRLƏR»

Neftçala şəhər İcra Hakimiyyətindən bildiriblər ki, müharibə əlillərinə dəfələrlə müxtəlif yerlərdə torpaq sahələri təklif olunsa da, imtina ediblər:

«Keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsi tərəfindən, azı, 10-12 yerdə torpaq təklif olunub. Hər dəfə də deyiblər ki, «o torpaqlar şor, dəmyə olduğundan istəmirik». Onların icarəyə götürmək istədikləri suvarılan torpaq sahələri çoxdan torpaq islahatı keçiriləndə vətəndaşlara paylanıb. Biz indi vətəndaşların əlindən torpaqlarını alıb onlara verə bilmərik».

Qurumdan bildirilib ki, «Qarabağ Qaziləri» İctimai Birliyinin üzvlərinə istənilən vaxt icarədə olmayan torpaq sahəsi verməyə kifayət qədər ərazilər var. Həm də yetərincə məhsuldar torpaqlardır. Sadəcə, özləri razılığa gəlməlidirlər.

XS
SM
MD
LG