Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:55

«Devalvasiya» sözü olduğu kimi qalacaq


Sayalı Sadıqova
Sayalı Sadıqova

-

Fevralın 29-da Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının toplantısı olub.

Toplantıda 2015-ci ildə nəşr edilmiş lüğətlərin çapı da müzakirə olunub. Ötən il Azərbaycan dilində çıxan 11 lüğət terminoloji komissiyanın bölmələrində müzakirə üçün rəyə verilib. Onların içində şəxs adlarının izahlı lüğəti, izahlı idman terminləri lüğəti, hava nəqliyyatında kommersiya terminlərinin izahlı lüğəti, yeni sözlər lüğəti də var.

Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bu lüğətlərlə bağlı AzadlıqRadiosunun suallarını cavablandırır.

– Sayalı xanım, çap olunan lüğətlərdən biri də yeni sözlərlə bağlıdır. Azərbaycan dilinə hansı yeni sözlər gəlir?

– 5 il müddətində dilimizə daxil olan alınma sözlər, eyni zamanda, dilin daxili imkanları hesabına yaranan yeni sözlər toplanıb. 204 səhifəlik lüğətdir. Bunlar komissiyanın orfoqrafiya- dilçilik bölməsində müzakirə olunacaq. Son söz də orda deyiləcək. Məsələn, son dövrlərdə dilimizdə iqtisadiyyatla bağlı «devalvasiya» sözü işləklik qazanıb. Bu söz olduğu kimi qalacaq. Çünki bu sözün Azərbaycan dilində qarşılığı alınmır. O demək deyil ki, bütün alınma sözlər dilin daxili imkanları hesabına yaradılmalıdır. «Lizinq», «bank», «marketinq» sözləri kimi, «devalvasiya» sözü də olduğu kimi qalacaq. Ya da tibb sahəsində qəbul olunmuş «ebola» sözünün qarşılığını tapa bilmərik, bu, beynəlxalq sözdür. Son vaxtlar internetlə bağlı «comment», «like» sözləri geniş işlənir. Ancaq bu sözlərin qarşılığını yaratmaq lazımdır. Məsələn, «like» sözünün «bəyənmə», «comment»in «şərh» kimi qarşılığı var. Yaxud son dövrlər dilimizdə «konsensus» sözünü çox işlədirlər. Bunun qarşılığı olaraq «yekdillik» sözü var ki, bunu tam şəkildə əvəz edir. Azərbaycan dilinin təmizliyini qorumaq, onun daxili imkanları hesabına yeni sözlərin yaranmasında onun işləkliyini xatırlamaq ən böyük vəzifədir.

– Bu sözləri işlətmək məcburi olacaq?

– Yox, heç kimi buna məcbur etmək olmaz. Düzgün təyin olunubsa, işləklik qazanacaq. Əvvəllər «kvorum» sözü də işlənirdi, «yetərsay» da. İndi «yetərsay» işlənir. Bu sözlərin işləklik qazanması ilə bağlı zaman öz sözünü deyəcək.

– Türkdilli xalqların ortaq ünsiyyət sözlərinin lüğəti də hazırlanır.

– Bəli, burda ən çox beynəlxalq terminologiya nəzərdə tutulur. Hazırda Astanada terminoloji komitə yaradılır. Məqsəd ortaq terminləri toplayıb terminoloji lüğət yaratmaqdır. Ortaq ünsiyyət məsələsinə gəldikdə, bu, ünsiyyətdən asılıdır. Türkdilli xalqlar arasında indiyə qədər rus dilindən istifadə olunub. Biz istəyirik, dilimizi o səviyyəyə çatdıraq ki, Azərbaycan dili ortaq ünsiyyət dili kimi istifadə olunsun. Hazırda Türkiyə türkcəsi ortaq ünsiyyət vasitəsi kimi qəbul olunub. Azərbaycan dilini də bu səviyyəyə çatdırmaq istəyirik.

– Sizin komissiyada ən çox müzakirə olunan məsələlərdən biri də adlarla bağlı olur. Bu sahədə nə yeniliklər var?

– Komissiyada bu məsələyə də baxıldı. Adlar çox mühümdür, dilin tərkib hissələrindən biridir. Hazırda Terminologiya Komissiyası tərəfindən Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti də hazırlanır. Burda 6 min 500 ad yer alır. Bu lüğətə qədim abidələrimizdə işlənən adları da daxil etmişik. Onların mənasını, izahını vermişik. Bu, vətəndaşlara kömək üçündür. Artıq vətəndaş körpəsinə ad seçəndə, bunun mənasının nə olduğunu da biləcək. Bizdə indiyə qədər belə geniş lüğət yox idi. Komissiyanın qərarı ilə bunu nəşr etdikdən sonra ASAN xidmətlərə verəcəyik ki, hər bir vətəndaş istifadə edə bilsin. Bu adlar arasında bizim Gültəkin abidələrində işlənən Alpər adı var. İndiyə qədər «Dədə Qorqud» dastanında işlənən Tural, Selcan adları olduğu kimi qalıb. Beyrək adı da bura daxil edilib.

– Ancaq son vaxtlar doğulan uşaqlara daha çox dini adlar çox qoyulur.

– Son dövrlərdə dini adlar qoyulur. Bu adlar tarixən də dilimizdə işlənib. Fatimə, Zəhra, Yusif. Sadəcə, indi bu adlar çox qoyulur. Məsələn, statistikaya nəzər salsaq, görərik ki, 2012-2013-cü ildə 1000 oğlana qoyulan adlardan 400-ü Yusif olub. Ya da Həsən, Hüseyn adı çox qoyulur. Bəlkə də valideynlər yeni lüğəti görəndən, oradakı adların mənasını biləndən sonra övladlarına bu adları vermək istəyəcəklər. Ya da indiyə qədər Arzu adını həm oğlanlara, həm də qızlara qoyurdular. Hazırkı lüğətdə Arzu adı ancaq qızlar bölməsində verilib. Oğlanlar bölməsində isə bu adın qarşılığı kimi Amal adı seçilib. Gülnur, Günel, Günay kimi «gün»lə başlayan adlar çoxdur. Ancaq adlar sistemimizdə tarixi adlar da işləklik qazanmalıdır. Düzdür, 2012-2013-cü illərdə hər 1000 nəfərdən 400-ə Yusif adı qoyulurdusa, son vaxtlar bu addan qaçırlar. Ərtoğrul, Yılmaz kimi türk mənşəli adlara daha çox meyl var.

– Elə adlar varmı ki, onların qoyulmasına qadağa olsun?

– Elə adlar ki, mənası gülüş doğurur, onlara qadağa qoyulur. Heç kim istəməz ki, qızına Türmə, Tutma, oğluna Sərxoş adı qoysun. Sovxoz, Kolxoz, Sovet, Şura, Komsomol, Traktor, Kombayn, Raykom, Cinayətkar, Pioner adları 70-80-ci illərdə bizim adlar sistemimizdə var idi. Bu adlar bizim indiki lüğətdə öz əksini tapmayıb. Gülüş doğuran adlar bu lüğətdən çıxarılıb. Son dövrlər qızına Peşiman adı qoymaq istəyən valideyn var idi. Ona tövsiyə edildi ki, uşağın gələcəyi üçün bu adın qoyulması məsləhət görülmür. 2012-ci ildə uşağına Xiyar, Xiyarə adı qoymaq istəyənlər vardı. Ədliyyə Nazirliyinə müraciət olunmuşdu. Biz tezliklə cavab verdik ki, belə ad qoyula bilməz. Son dövrdə belə bir ad üçün müraciət edilmişdi - Məmişov Əliş Pətöş oğlu. Burda artıq dili qorumaqdan ötrü müdaxilə lazımdır. Müdaxilə lazımdır ki, gələcəkdə bu ad bizim ad sistemimizə, o körpənin gələcəyinə mənfi emosiya gətirməsin. Adların qoyulması fərdi ailəyə mənsub deyil, ictimailəşmiş hadisədir. Ona görə belə adların qarşısı alınmalıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG