Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:35

►“Bəlkə kiminsə sevgilisinin adı Volodya olub, indi də övladına Volodya adını qoymaq istəyir, bu, niyə qadağa olunsun ki?”

Ətir, Yolçu, Hambal, Nəşə, Nənəş, Şubay, Şura, Tafta, Tanrıqulu… kimi 200-dən çox ad Azərbaycan dilinin şəxs adları lüğətinə daxil edilməyib.

“Yolçu dilənçi demək deyil, yol gedəndir”, Facebook sosial şəbəkəsi istifadəçilərdən biri Yolçu adının lüğətə daxil salınmamasına etiraz edib.

“Artur müəllimin adını qadağan etməyə niyə utanıblar? Ya da Ramil müəllimin soyadını – Usubu. Dalğın adı nə gözəlmiş… Hələ film klassikamızın “Ebi” adına heyf”, - Könül Bilalova adlı Facebook istifadəçisi yazıb.

“Payıza yox, Bahara hə”

Aytən Qəhrəmanova adlı sosial şəbəkə istifadəçisi isə yazır: “Niyə Payız olmaz, amma Bahar olar?”

Azər İsmayıl adlı Facebook istifadəçisinin də sualı var:

“Niyə axı, tutalım, Volodya qoymaq olmaz, amma siyahıda olmadığına görə, deyək, Aleksey, qoymaq olar? Üməyya olmaz, amma İzaura “mojnadu”? Ümumiyyətlə, bu qadağalar hansı kriteriyaya əsasən hazırlanıb?”

Buna da bax: Türkiyədə generalların səs-küylü həbsi

"Lüğətdə mənası aydın, mənşəyi dəqiq adlardır"

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova AzadlıqRadiosuna deyir ki, “Şəxs adları lüğəti”nə salınmayan adlar qadağan olunmayıb, sadəcə, onlar bəzi adları bu lüğətə daxil etməyiblər:

“Ötən əsrin 60-70-ci illərinə qədər qoyulan bəzi adlara qadağa qoyulub. Məsələn, Traktor, Kombayn, Kolxoz, Sovxoz kimi adlar qadağan edilib. Ancaq bu gün təqdim etdiyimiz adlar mənşəyi müəyyənləşdirilmədiyi üçün lüğətə daxil edilməyib”.

Sayalı Sadıqova deyir ki, həmin lüğətə mənası aydın olan, mənşəyi dəqiqləşdirilən adlar salınıb.

Terminologiya Komissiyası yeni “Şəxs adları lüğəti”ni hazırlayarkən Nazirlər Kabinetinin 2011-ci ildəki “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nı əsas tutub. Həmin qaydaların 1.4-cü bəndində qeyd olunub ki, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın qoyulmasına yol verilmir.

Buna da bax: Baş psixiatr kredit borcuna görə intiharları şərh edir

“Ad – ictimai hadisədir”

Həmin qaydaların 1.4-cü bəndində qeyd olunub ki, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın qoyulmasına yol verilmir.

“Hansı valideyn indi övladına Hambal adını qoyar? Gündə neçə dəfə uşağına “Dilənçi, bura gəl” deyər? Limonad, Portağal, Sərxoş, Turşu kimi adlar var qeydiyyatımızda. Bu gün kim qoyar belə adları? Hər bir valideynin öz övladına qoyduğu təkcə ad deyil, həm də cəmiyyətin sferasını əks etdirir, ictimai hadisədi,” deyə Sayalı Sadıqova əlavə edir.

Amma sədr müavini onu da deyir ki, gələcəkdə hazırlanan lüğətə indi salınmayan bəzi adlar daxil edilə bilər. O, bildirir ki, hazırda lüğətdə 5 min ad var, amma gələcək nəşrlərdə bu adların sayı 10 minədək arta bilər:

“Nizami Gəncəvidən tutmuş bir çox tarixi abidələrimizdə elə şəxs adları var ki, onları üzə çıxarmaq lazımdır”.

Buna da bax: Kinoteatrların gizli tərəfləri- [Araşdırma]

“Bəzi beynəlxalq adlara problem yoxdur”

Sayalı Sadıqovanın sözlərinə görə, hazırda valideynlər türk mənşəli adlara daha çox meyl göstərir. Müsahibimiz zamanla Azərbaycan dilinə oturuşmuş ərəb-fars mənşəli adların uşaqlara verilməsində problem olmadığını deyir:

“Amma kimsə gəlib desə ki, “qızıma Yekaterina adını vermək istəyirəm”, əlbəttə ki, buna qadağa var. Adlar bizim milli kimliyimizi əks etdirməlidir. Ancaq elə beynəlxalq adlar var ki, onlarla bağlı problem yoxdur. Məsələn, Məryəm, Emil, Emilya adları artıq geniş yayılıb”.

Terminologiya Komissiyasının məqsədi odur ki, Azərbaycanda daxili imkan hesabına zənginləşmiş adlar sistemi olsun. Tarixi mənbələrdəki adlar da uşaqlara qoyulsun. “Ad milli kimlikdir”, komissiyanın sədr müavini əlavə edir.

“Bəs beynəlxalq adlar verildikdə bu zaman mili kimlik arxa plana keçmirmi?” sualına cavabında Sayalı Sadıqova deyir ki, artıq Azərbaycanda oturuşmuş xarici adların qoyulmasını qadağan edə bilməzlər:

“Ancaq Yekaterina, İvan kimi adlar slavyan mənşəlidir və belə ad dərhal rus kimliyini ortaya çıxarır”.

Buna da bax: Türkiyə pilotun meyitini qaytardı- [Fotolar]

“Konkret kriteriyalar müəyyənləşməlidir”

Niyazi Mehdi

Niyazi Mehdi

Professor Niyazi Mehdi isə düşünür ki, kiminsə sevgilisinin adı Volodya olubsa, indi də övladına Volodya adını qoymaq istəyirsə, bu, qadağan olunmamalıdır:

“Hamlet ingilis adıdır, Telman alman adıdır, əgər bu adları vermək olarsa, niyə Volodya olmasın?”

Onun sözlərinə görə, adam adları ilə bağlı bir-iki nəfərin müzakirəsi kifayət etmir, konkret kriteriyalar müəyyənləşməlidir.

Müsahibimiz bəzi mənasız, heç bir anlam verməyən adların uşaqlara verilməsinin qadağan olunmasını düzgün sayır, deyir ki, belə anlamsız adlardan uşaqlar əziyyət çəkir, başqalarının lağ obyekti olur:

“Sovet dövründə uşaqlara sözün görməmişliyindən gələn adlar qoyulurdu. Məsələn, bir tələbə qız yoldaşımın adı Yavluşa idi, atası hardan tapıb vermişdi, bilmirəm. Amma o qız uzun müddət adına görə başqalarının zarafatına hədəf oldu. Elə valideyn olub ki, xoşuna gələn səslərin yığnağından ad düzəldib övladına verib”.

Terminologiya Komissiyası bildirir ki, Azərbaycan dilində şəxs adları lüğətinə Ədliyyə Nazirliyində saxlanılan, indiyə qədər şəxs adları ilə bağlı çap olunan lüğətlərdəki seçmə, daha yaxşı adlar daxil edilib.

Buna da bax: Azərbaycan kimin tərəfini tutmalıdır? Rusiyanın, yoxsa Türkiyənin?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG