Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:41

-

«Torpaq əkmək yaxşı işdir. İnsan oğlu torpaqdan qidalanır. Müqəddəs işdir. Lakin kəndlilərin heç də hamısı torpağı əkə bilmir. Nə üçün əkə bilmir? Mən əkmişdim, ziyana getdim. Əkməkdən əl çəkdim».

Bunu Masallı rayon Təklə kənd sakini Səmədağa Həsənov deyir. Onun sözlərinə görə, hökumət kəndlinin arxasında durmur:

«ƏKİN YERLƏRİ SIĞORTALANMALIDIR, DÖVLƏT SİFARİŞİ OLMALIDIR»

«Bir il gətirir, bir il yox. Məsələn, Təklədə 100 hektardan çox kartof əkilib. Əkin su altında qaldı. Məhv oldu, getdi. Kəndli ziyana düşdü. Bir daha o, əkinə getməz. Əkmək üçün pul da yoxdur. Əkin yerləri sığortalanmalıdır, ziyan ödənilməlidir, dövlət sifarişi olmalıdır. Bazarı kəndli yox, hökumət tapmalıdır».

«İNZİBATİ YOLLARLA ADAMLARI ƏKİNƏ MƏCBUR ETMƏK AĞLIMA YATMIR»

Kəndli deyir ki, meliorasiya işlərində, torpağın aqrotexniki qaydada əkinə hazırlanmasında problemlər var. Bu problemləri əkinçi təkbaşına aradan götürə bilmir. O fikirləşir ki, inzibati yollarla adamları əkinə məcbur etmək ağla batan deyil. Belə olsa, hökumət də öhdəlik götürməlidir.

Vaxtı ilə Astarda 100 hektardan çox sahədə çəltik əkilərdi. Əkin sahələri yarıbayarı azalıb. Düzdür, ötən il bu sahədə canlanma his olunub. Lakin sahələrin çoxu əkilməmiş qalır. Vaxtı ilə çəltik əkini ilə məşğul olmuş Astara rayon sakini Mehman Quliyev deyir ki, bu sahə gəlirlidir. Amma...

Astarada düyü əkini.

Astarada düyü əkini.

«BÜTÜN İŞLƏR ƏL İLƏ GÖRÜLÜR»

«Çəltikçilikdə demək olar ki, bütün işlər əl ilə görülür. Mini traktorlar lazımdır. Məhsul yığımında buğda və arpa üçün nəzərdə tutulmuş kombayndan istifadə olunur. Çoxlu itki olur. Gübrə əlçatmaz olub. Su vaxtında verilmir. Bunlar aradan qaldırılsa, 100 hektar özüm əkərəm. Yerli düyünün 1 kilosu 3, 3 manat yarıma satılır. Gəlirlidir, lakin kömək lazımdır. Düyünün elə Azərbaycanda bazarı var. Evdən gəlib aparırlar. Torpaqlarımız kefimizdən boşuna qalmayıb ki?».

Bu şikayətlərlə bağlı hər dəfə Astara rayon İcra Hakimiyyətinə sual ünvanlayanda bildirirlər ki, bu barədə yuxarı orqanlara məlumat verilib. Məsələ həllini tapacaq.

Cəlilabad rayon sakini, iqtisadçı Əlipənah Rzalının sözlərinə görə də, bu işdə inzibatçılıq effekt verməyəcək:

«KƏNDLİ ARVADININ ZİNƏT ƏŞYALARINI ÇOXDAN SATIB»

«Məsələn, Astara, Masallı, Lənkəran rayonlarında daha çox pomidor, badımcan, kələm əkirlər. Sovet dövründə bu rayonların hər birində 70-100 min ton tərəvəz istehsal olunardı. Tutaq ki, indi də o qədər məhsul istehsal olundu. Bunun üçün kənd təsərrüfatı məhsulları emal edən müəssisələr, satış üçün bazar lazımdır. İkisi də bizdə yoxdur. Kəndli arvadının zinət əşyalarını çoxdan satıb, əkinə xərcləyib. Onun pulu yoxdur axı əksin. Əksə nə olacaq? Öz ziyanına gedəcək».

Əlipənah Rzalı

Əlipənah Rzalı

Əlipənah Rzalı deyir ki, Cəlilabadda daha çox kartof, çiyələk əkirlər, üzüm bağları salırlar. Lakin əkilməmiş yerlər də var:

«TİKİLƏN ANBARLAR DA EFFEKT VERMİR»

«Cəlilabadda daha çox kartof əkilir. Azərbaycan bazarının kartofa ehtiyacı var. Lakin burda problem ondan ibarətdir ki, Azərbaycan kartofu yalnız mövsümü vaxtı bazarlarda hökmranlıq edir. O vaxtı da kartof maya dəyərindən aşağı qiymətə satılır. Kənardan gətirilən kartofun maya dəyəri isə daha aşağı olur. Nəticədə kəndli müflis olur. Tikilən anbarlar da effekt vermir. Burda saxlanan məhsullar baha başa gəlir».

Əlipənah Rzalının fikrincə, kənd təsərrüfatında olan problemlərin həlli istiqamətində daha düzgün yol seçilməlidir:

«BU, MİTİNQ DEYİL Kİ...»

«Tutaq gəldilər müflis olmuş kəndlini istifadəsiz qalan torpağa görə inzibati qaydada cəzalandırdılar. Bu, mitinq deyil ki… Bununla da məsələ düzələcəkmi? Qısası budur ki, özlərinə aid işləri görsünlər, kəndli ilə işləri olmasın. O əkini keçirdəcək. Başqa yolu yoxdur axı. Ölkədə kənd təsərrüfatının bu kökə qalmasının günahkarı özləridir. İnzibati yolla buraxılmış səhvləri kəndlinin hesabına qaydaya salmaq istəyirlər».

Şərhləri göstər

XS
SM
MD
LG