Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:11

Orxan Adıgözəl. İlahi, insan nə qədər bankdan kreditə pul götürərmiş!


Orxan Adıgözəl

Orxan Adıgözəl

-

Qədim Hindistanda belə bir meymun tələsi olub: Balqabağı bir ağaca və ya daşa bağlayırdılar. Üzərində kiçik bir dəlik açılaraq, içərisinə meymunları cəlb edən yemək qoyurdular. Lakin dəlik elə bir ölçüdə açılırdı ki, ora meymun əlini yalnız açıq halda sala bilsin. Meymun qidanı götürdüyündə əli bükülü halda olduğundan, dəlikdən çıxara bilmir.

Ovçuların yaxınlaşdığını gördükdə belə, öz nəfsinə qalib gələ bilmir və yeməyi buraxmır. Beləcə, əli dəlikdə ilişib qalır və yaxalanır.

Əslində meymuna qaçmaqda heç bir şey mane olmur. Nəfsindən başqa.

Həyatda düşdüyümüz bir çox tələlər də məhz qalib gələ bilmədiyimiz nəfsimizin üzündəndir.

Düzdür, biz insanlara necə yaşamalı olduqlarını öyrədə bilmərik, hərə istədiyi kimi yaşayır. Amma əgər acgözlük kütləviləşibsə...

Bir çoxumuza məlumdur ki, manatın şok yaradan devalvasiyasının səbəbi hakimiyyətin səriştəsizliyidir.

Bir tərəfdən yuxarıdakıların acgözlüyü, o biri tərəfdən də, sıravi insanların miqyası yerə-göyə sığmayan acgözlüyü, hərisliyi bizim evimizi yıxır.

İnsanların istək və arzuları fərqlidir. Arzuların yerinə yetməsi xoşbəxtlik əlamətidir. Acgözlük bir insanın ehtiyac duyduqlarından və əlində olandan daha çoxuna sahib olmaq ehtirasıdır.

Mütəxəssislərin araşdırmasına görə, acgöz adamlar istədiklərinə sahib olanda beyinlərində “dopamin” neyrotransmitteri yaranır və ondan sonra özlərini yaxşı hiss edirlər. Dopamen səviyyəsi artdıqca həzz də artır.

Günümüzdə insanlar ehtiyac yaranmadan tez-tez mobil telefonları, kompüterlərini, mebellərini, avtomobillərini dəyişməklə motivasiya qazanırlar.

MTN şefinin evindən ”reketliyi” hesabına “qazandığı” qutularla pullar və kilolarla brilyantlar tapıldı. İndi onların hamısı əlindən çıxdı və özünü də həbs gözləyir. Bu, başqa acgöz və harınlamış məmurlara dərs olmalıdır.

İsrafçılıq modeli olan toylar, bəzi adət-ənənələr acgözlük duyğusu ilə birləşib insani dəyərləri sıradan çıxarmaqdadır.

İnsan mənzərələri

Düzdür, biz insanlara necə yaşamalı olduqlarını öyrədə bilmərik, hərə istədiyi kimi yaşayır. Amma əgər acgözlük kütləviləşibsə, bunun haqqında ictimai məsələ kimi danışmalı oluruq.

Bir yaxın qohumumuz var. Kasıb ailədir. Evin bir üzvü 200 manat maaş alır, oğulları hər ay 300-400 manat pul alırlar. Ailənin bir üzvü isə heç yerdə işləmir, amma evi o idarə edir. Evdə söz sahibi odur. İlahi, insan nə qədər bankdan kreditə pul götürərmiş!

İllüstrasiya

İllüstrasiya

Bu kredit pullara ən bahalı şiriniyyatlar, ərzaqlar alırlar, bir neçə dəfə evin mebelin dəyişiblər. Bank kreditləri ilə bərabər, qohum-tanışlarına 50 min manat borcludurlar.

Bu yaxınlarda məcbur olub evlərini satdılar, borclarının bir qismini ödədilər. İndi kirayə evdə yaşayırlar...

Bir ailə də tanıyıram, evdə 5 nəfərdirlər. Onların 3 avtomobili var. Atanın, qızın və oğulun. Kreditlə alınmış həmin avtomobillərin sahiblərilə biraz söhbət edəndə maddi sıxıntılardan danışırlar. Mən başa düşürəm, insan gözəl həyat sürmək istəyir. Amma gərək hər kəs ayağını yorğanına görə uzatsın.

Bəşər yaranandan acgözlük insanların içində olub. Amma bəlkə də heç vaxt indiki qədər aşkar və abırsızca özünü büruzə verməyib.

Könül gözü ac olanın dünya gözü əsla doymaz. Çarə acgözlük zehniyyətini qənaət əxlaqına çevirməkdən keçir. Təbii ki, istək olsa.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube Kanalından izləyin:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG