Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:07

Orxan Adıgözəl. Hara baxırsan, kafe və restoranlardır


Orxan Adıgözəl
Orxan Adıgözəl

-

"Ukraynada kafelərdə ikinci dilimdən sonra əlavə çörək dilimi istəyəndə adama qəribə baxırlar."

Orxan Adıgözəl

Yemək üçün yaşayanlar

Varşavadan bir görüntü
Varşavadan bir görüntü

Bu il aprel ayında Polşanın paytaxtı Varşava şəhərində demokratik forumda iştirak etmişdim.

517 km² əraziyə malik, 2 milyona yaxın əhalisi olan Varşava şəhəri təmizliyinə və infrastrukturunun yüksək səviyyədə olmasına görə çox xoşuma gəldi.

Əhalisi də olduqca mədəni və gülərüz olan şəhərdə çox az sayda artıqçəkili adam gördüm.

İnsanların üzündən sağlamlıq tökülürdü. Füsunkar görünüşlü və cazibədar bədən quruluşuna malik xanımlar görənlərin gözünü oxşayırdı. Varşavalıların sağlamlıq və gözəlliyindən çox yazmaq olar. Amma bu qədər yetər. Sözümün canı var!

Deməli, hava limanından otelə gəlib, bir neçə saat dincələndən sonra azərbaycanlı yoldaşlarla nahar etməyə qərar verdik. Oteldən çıxıb, yaxınlıqda restoran axtarmağa başladıq.

Hava soyuq idi və saat 20.30 radələri olardı. Otel şəhərin kənarında yerləşirdi, buna baxmayaraq, səliqə və infrastruktur buranı mərkəzdən fərqləndirmirdi.

Əynimi nazik geyinmişdim ki, oteldən çıxan kimi birbaşa restorana girəcəm. Yanılmışdım. Yarım saata yaxın otelin ətraf tərəflərini gəzdik, amma restoran tapa bilmədik. Tapdığımız yerlər də artıq bağlanmışdı.

Mobil telefonda naviqator funksiyasından istifadə edərək, bir saatdan da çox keçdikdən sonra nəhayət ki, açıq bir restoran tapdıq. Soyuq artıq canımı almışdı. Çox üşümüşdüm və yeməyi necə yeməyim yadımda deyil.

Bu hadisədən sonra yaxşı başa düşdüm ki, Varşavada niyə ağır çəkili insana rast gəlmək çətin məsələ imiş.

Bu hadisədən sonra yaxşı başa düşdüm ki, Varşavada niyə ağır çəkili insana rast gəlmək çətin məsələ imiş.

Həmyerlilərlə də bu haqda danışdıq ki, oxşar situasiya ilə hətta Bakının ən geridə qalmış yerində rastlaşmaq olmaz.

Maşallah, hara baxırsan kafe və restoranlardır. Heç də elə-belə demirlər ki, “bizim xalq yeyib-içən xalqdır”.

Bakıda bir restoran
Bakıda bir restoran

Yaşadığım Əhmədli qəsəbəsində evdən bayıra addım atan kimi restoran və kafelər az qalır adamın üstünə gəlsin.

Bu yaxında müşahidə elədim ki, yaşadığım binanın pəncərəsindən baxanda 5-6 kafe görmək mümkündür.

Həyətə düşəndə o gün dostlarıma deyirəm ki, “fikir verin, sağa baxıram kafe, sola baxıram kafe”.

Bakıda bir kafe
Bakıda bir kafe

Bayağı kafe adları, böyük plakatlarda menyülər, kababların aləmi bürüyən tüstüsü və ətri, ən əsası, yekəqarın kişi ordusunun kafe qapılarından girib-çıxarkən eyni “yemək üçün yaşayıram” üz ifadələri nədənsə məndə, özümdən asılı olmadan, ikrah hissi yaradır.

Çox vaxt çalışıram o ərazilərdən keçərkən kafe tərəfə baxmayım.

Ümumiyyətlə, az yeyən biriyəm. Süfrədən doymamış durmaq prinsipim var. Yeməyimin axırını az da olsa, saxlayıram. Xeyr, həmin artıq heç vaxt israf olmur.

Onu ya sonra yeyirəm, ya da mütləq evimizin sakinlərindən kimsə yeyir. İsrafçılıq mənim üçün qəbuledilməzdir. Ona görə ürək rahatlığı ilə boşqabımdakıları axıra qədər yemirəm.

Bu xüsusiyyəti peyğəmbərimizin qidalanma sistemindən götürmüşəm. Bioloji olaraq toxluq beyinimizə 11-15 dəqiqə gec çatır. Mədə impulslar ötürür ki, “hələ doymamışam” və insan ağzını saxlaya biçölmir, yedikcə yeyir.

Səhər saat 10.00-a kimi səhər yeməyi mütləq yeyilməlidir. Çörəyi azaltmaq lazımdır. Bizim xalq makaronu və plovu da çörəklə yeyir. Ukraynada kafelərdə ikinci dilimdən sonra əlavə çörək dilimi istəyəndə adama qəribə baxırlar.

Artıq çəkili qadınlar
Artıq çəkili qadınlar

Diqqətlə ətrafınıza baxın, görün Azərbaycanda nə qədər kök adam var. Bu barədə hətta statistika da mövcuddur. Əhalinin 65 faizindən çoxu artıq çəkidən əziyyət çəkir. Onların çoxu qadınlardır.

Artıq çəkinin əsas qaynaqlarından biri də insanların fiziki məşqlərə üstünlük verməməsindən irəli gəlir. Bu sahədə də tənbəllik özünü büruzə verir. Çox yemək mədədə xərçəng riskini artırmaqdan əlavə, ölkəmizdə son vaxtlar hər 10 adamdan 2-sində əmələ gələn ürək-qan-damar xəstəliklərinin inkişafına rəvac verir.

Şəxsən mən gündəlik az yeməklə kifayətlənməyə başlayandan əsəblərim çox sakitləşib. Özümü nəinki fiziki cəhətdən hətta psixoloji cəhətdən də rahat hiss edirəm. Çox yemək stress hüceyrələrini artırır.

Hər gün aqressiv insanlarla qarşılaşırıq. Onlar evlərində yemək süfrəyə 2 dəqiqə gec gələndə qırğın salırlar. “Bir tikə çörək” üçün yaşayıb, bütün haqsızlıqlara susan şəxslər məhz o tiplərdir. Yaşamaq üçün yox, yemək üçün yaşayanların ölkəsində yaşayırıq.

İştahanı azaltmaq üçün müxtəlif üsullar mövcuddur və bu heç də çətin deyil. Aşağıda sadalananlar işahanı azaltmağa kömək edir:

1. Müxtəlif ətirlər - yerkökü, nanə və yaşıl almanın ətrini gündə 20-30 dəfə iyləmək iştahı azaldır. Həmçinin, tünd qoxulu ətirlər də yemək istəyini azaldır.

2. Cökə dadı verən çayları qəndsiz içmək yemək ehtiyacını minimuma endirir.

3. Vəzəri, cəfəri, ispanaq kimi yaşıl lifli tərəvəzlər və heyva yemək mədənin həcmini genişləndirərək toxluq hissi yaradır.

4. Kifayət qədər zülal qəbul etmək, insanı kökəltməyən az yağlı, zülal tərkibli qidalardan (yumurta ağı, dərisiz toyuq əti, süd və balıq) faydalanmaqla çox yemək hissini öldürə bilərsiniz.

5. Sarı ləbləbi, buğda çörəyi, vələmir əzməsi, yaşıl və sarı mərcimək, qırmızı lobya kimi şəkəri olmayan taxıl və paxlalı bitkilərdən istifadə etmək iştaha ilə mübarizədə kömək edir.

Hər şeydən öncə sağlam və stressiz yaşamaq istəyirsinizsə, yeməyinizi azaltmağı sırf nəfsinizə qalib gəlməklə başara bilərsiniz.

Sağlam həyatı kompleks yaşamaq istəyirsinizsə, bura idman hərəkətlərini də qatmaq lazımdır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG