Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:23

Təkamülçü Herbert Spencer yaradılışçılara cavab verir


Herbert Spencer
Herbert Spencer

-

"Onların təəccübü, sonuncu dəfə uşaqlıq çağında gördükləri birisini gözlənilmədən qocalıq çağında görməkdən yaranan təəccübə çox oxşayır."

Herbert SPENSER

(1820-1903)

Tərcümə edən: Araz Gündüz

Elmi, siyasi və fəlsəfi təcrübələr

(kitabdan bir parça)

I bölmə

Bioloji inkişafın gedişi ilə bağlı hipotez

Bu yaxınlarda dostlarımdan biri, bioloji inkişafın gedişi ilə bağlı hipotez üzərində gedən söz çəkişməsinə qatılanlardan birinin belə sözlər işlətdiyini dedi:

“Biz apardığımız elmi sınaqların heç birində yeni növlərin doğulmasına gəlib çıxmırıqsa, onda növlərin hansısa inkişafın gedişində və haçansa doğulmasından danışmağın da heç bir elmi əsası ola bilməz”.

Mən bu söz çəkişməsinin gedişində orada olsaydım, doğrudan da, növlərin yaranması ilə bağlı hipotezə tənqidi yanaşıla biləcəyini deyib, sonra dediklərimə bunu da artırardım: apardığımız elmi sınaqların heç birində biz fərdi olaraq yaradılmış hansısa bir növlə qarşılaşmamışıq, ona görə də növlərin haçansa elə indi olduğu kimi yaradıldığını və heç vaxt dəyişikliyə uğramadığını demək də, fəlsəfi baxımdan düzgün sayıla bilməz.

Herbert Spencer
Herbert Spencer

İnkişaf nəzəriyyəsi ilə bağlı hipotezi sayğısızcasına danan və bunu inkişafın gedişi ilə bağlı hipotezin faktlarla yetərincə təsdiq oluna bilməməsi ilə əsaslandıran kimsələr bir şeyi unudurlar: onların özlərinin də bu konu (mövzu) ilə bağlı inandıqları nəzəriyyə, ümumiyyətlə heç bir fakta əsaslanmır.

Beləliklə də, faktlara əsaslanmayan bir inama bağlı olan adamlar, başqa bir inama bağlı olan adamlardan inamlarının doğruluğunu göstərən çox ciddi faktlar tələb eləyirlər və bu vaxt özlərinin bağlı olduqları inamın heç bir fakta əsaslanmağa ehtiyacı olmadığını da deyirlər.

Biz yer üzündə (Humboltun araşdırmasına görə) üç yüz iyirmi minə yaxın bitki növünün və (Karpenterin araşdırmasına görə) iki miloyondan artıq heyvan növünün olduğunu bilirik; keçmişlərdə yaşamış və sonradan aradan getmiş bitki və heyvan növlərini də buraya artırsaq, onda indiyədək yer üzündə yaşamış və yaşamaqda olan növlərin sayının on milyondan artıq olduğunu çəkinmədən deyə bilərik.

Sizcə, bu on milyondan artıq növün mənşəyi ilə bağlı hansı nəzəriyyə daha ağlabatan görünür?

Bu on milyon fərqli növlərin ətraf mühitin yaratdığı təsirlər nəticəsində ardıcıl olaraq baş verən dəyişilmələrə uğrayaraq yarandığı ağlabatan deyilmi? Təbiətdəki bu müxtəlifliklərin yaranmasının bugün də davam elədiyini düşünmək daha doğru olmazdımı?

Sözsüz, rəyini soruşduğumuz adamların böyük çoxluğu, onlar üçün bu on milyon növün birdəfəyə yaradılmasının daha asan anlaşılan olduğunu bildirəcək, bütün bunların ardıcıl dəyişilmələr yolu ilə meydana çıxmasının isə özləri üçün aydın olmadığını deyəcəklər.

Ancaq bu cənabların kimliyini araşdıranda onların demək olar, hamısının öz sağlam düşüncələrinə arxalanmadıqları, kimlərinsə onlara aşıladığı fikirlərin cazibəsinə düşdükləri də bəlli olacaqdır.

Bu, bizim çox sıx-sıx üzləşdiyimiz bir durumdan soraq verir: adamlar əslində hansısa bir mühakiməyə inanmasalar da, ancaq özlərini buna inandıqlarına inandırırlar.

Doğrudan da, onlar bu on milyon növün hər birinin ayrıca olaraq yaradıldığını anlaya bilməzlər: ancaq onlar bunu anladıqlarını düşünürlər.

Bu adamların növlərin hər birinin ayrıca yaradıldığına olan inamlarını araşdırmağa başlayanda isə, onların heç bu on milyon növdən bircəciyinin də necə yaradıla biləcəyini özləri üçün aydınlaşdırmadıqlarını da görürsən.

Yox, birdən onlar bu prosesi yetərincə anlayırlarsa, onda qoy bizə bunu izah eləsinlər: yeni növlər necə yaranır və onlar yer üzünə necə gəlirlər? Yoxsa, buludların üstündən uçub yerə düşürlər? Ya da biz onların yerin altından sıyrılaraq çıxdıqlarına inanmalıyıq?

Bu növlərin bədən üzvləri və daxili orqanları birdəfəyəmi yaradılır? Yoxsa biz tanrının öz yaratdıqlarını gildən yoğurduğunu deyən əskidən qalma yəhudi nağıllarına inanmalıyıq?

Bu adamlar yeni yaradılan növlərin heç birinin bu gülünc görünən və inanılası olmayan üsullarla yaradılmadığını desələr, onda onlar bu növlərin başqa necə yaradıldığını təsvir eləyən sözlər tapıb deməyə borcludurlar və bu sözlər də gərək yaradılışla bağlı olan bundan qabaqkı mühakimələri kimi gülünc olmasın.

Bu adamlarla danışanda, onların növlərin hansı üsulla yaradıldığını qavramağa çalışmadıqlarını və istəsələr belə, qapıldıqları bu dardüşüncəliklərinə görə, bunu qavramaq gücündə olmadıqları da bəlli olur.

Ola bilsin, yer üzündəki növlərin birdəfəyə və hər birinin ayrıca olaraq indi gördüyümüz şəkildə yaradıldığına inananlar, onlardan bu növlərin hansı üsulla yaradıldığını izah eləməyi soruşmağımızı vicdansızlıq adlandırsınlar; belə olan halda bunları demək istəyərdim:

belə bir sorğuya cavab verməyi tələb eləmək, onların təkamüllə bağlı hipotezə inanan adamlardan cavablamağı tələb elədikləri sorğuya baxanda olduqca qanacaqlı bir davranışdır.

Onlardan yalnız növlərin dedikləri sayaq necə yaradılmasını açıqlayan ağlabatan bir üsul göstərmək tələb olunur. Onlar isə, öz rəqiblərindən ağlabatan üsul göstərməkdən başqa, üstəlik, bu üsulun necə işlədiyini konkret olaraq göstərməyi də tələb eləyirlər.

Onlar demirlər: bunun necə ola biləcəyini bizə göstər; onlar belə deyirlər: bunun necə baş verdiyini əyani olaraq bizə göstər. Baxmayaraq, onların qarşısında belə bir soğru qoymaq ağlabatan deyil, ancaq onlardan ayrı-ayrı növlərin yaradılması üsulunu soruşmaqdan başqa bunun sübutunu da soruşmaq yersiz görünmür; onlar öz rəqiblərindən belə bir sübut tələb eləyirlərsə, onda özləri də belə bir suala cavab verməyə borcludurlar.

Gəlin indi də yeni təlimi doğrultmağın köhnə təlimi doğrultmaqdan nə qədər əlverişli olduğuna baxaq.

Birdən bioloji inkişafın gedişi ilə bağlı irəli sürülən hipotezin müdafiəçiləri növlərin mənşəyinin arasıksilməz dəyişikliklərlə bağlı olduğunun anlaşılan yozumunu verə bilsələr, bu elə onların rəqiblərindən üstünlüyü demək olardı.

Ancaq onlar bundan artığını da eləyə bilərlər. Onlar ətraf mühitdə yaranmış şəraitin təsiri altına düşmüş bütün orqanizmlərdə dəyişikilərin baş verdiyini və verməkdə olduğunu göztərə bilmək gücündədirlər.

Düzdür, üstündən olduqca çoxlu vaxt keçdiyindən, mövcud növlərin indiki vəziyətinə gəlib çıxanadək hansı inkişaf fazalarından keçib gəldiyini və onları ilk olaraq dəyişiklikliyə uğradan mühitin özünün də o uzaq keçmişlərdə necə olduğunu aydınlaşdırmaq üçün bu təlimin müdafiəçilərinin əlində olan faktlar bəzən dəyişikiliklər prosesini ardıcıl olaraq izləyə bilmək üçün yetərli olmur.

Ancaq buna baxmayaraq, onlar indi mövcud olan bütün bitki və heyvan növlərinin olduqlarından fərqli yeni şəraitə düşən kimi, onların quruluşlarında, çox keçmədən, yeni şəraitə uyğunlaşmaq üçün baş verən bir sıra dəyişikliklərin yaranmağa başladığını dəqiqliklə göstərməyi bacarırlar.

Bunu da göstərmək mümkündür: bu dəyişikliklərin baş verməsi bu növlərin sonra gələn nəsillərində də davam eləyir və yeni yaranmış şərait bu növlər üçün təbii bir mühitə çevrilənə kimi həmin dəyişikiliklərin baş verməsi davam eləyir.

Bu dəyişikliklərin gedişini yabanı bitkilərin əkin şəraitinə uyğunlaşdırıla bilməsində, öncələr vəhşi olmuş heyvanların ələ öyrədilməsində və insan irqlərinin yaranmasında izləmək mümkündür.

Yaranmış yeni şəraitə uyğun olaraq baş verən dəyişikliklərin miqyasının hansısa canlının – bunu itlərin örnəyində çox aydın görmək olur – onu mənsub olduğu növdə başqa tipli canlılardan ayran fərqlərin miqyasından daha böyük olduğunu da göstərmək mümkündür.

Üstündə gedən mübahisələr davam eləsə də, yeni şəraitə uyğunlaşmaqla yaranan dəyişikilərdən sonra bu dəyişikliyə uğrayan canlının indiyədək mənsub olduğu növün bir çeşidimi olaraq qaldığını və ya yeni bir növə çevrildiyini də araşdırıb aydınlaşdırmağa dəyər.

Gündəlik, tədrici bədən məşqlərilə yarışa hazırlaşan idmançılar
Gündəlik, tədrici bədən məşqlərilə yarışa hazırlaşan idmançılar

Elə özümüzdə gündəlik baş verən dəyişikiliklərə də baxmaq olar.

Tutalım, uzun müddət eyni bir işlə məşğul olmaqla bağlı hansısa vərdişin yaranması və bu işdən uzun müddətə ayrılanda buna yadırğamaq.

Hansısa ehtirasların cilovunu buraxmaqla onların şiddətlənməsi, bir başqalarının isə sıxışdırılmaq yolu ilə zəifləməsi.

Özünü ardıcıl olaraq çalışdırmaq yolu ilə istənilən: bədənlə, əxlaqla və ağılla bağlı olan qabiliyyətlərin inkişaf etdirilməsi kimi örnəklər də elə bu prinsiplərlə aydınlaşdırıla bilər.

Beləliklə də, bütün üzvi təbiətli varlıqlarda bəlli dəyişdirici bir faktorun olduğunu demək olar və elə inkişafın gedişi ilə bağlı hipotezin tərəfdarları da öz mülahizələrini bu faktora əsaslanaraq yürüdürlər.

Bu faktor olduqca yavaş təsir eləsə də, yaranmış əlverişli şəraitlərdə, uzun zaman müddətində köklü dəyişikiliklər yarada bilir – elə bu faktor da, milyon illər boyunca, geoloqların tapıb üzə çıxardıqları çox müxtəlif şəraitlərin təsiri altında, böyük ehtimallarla, canlı orqanizmlərdə bəlli miqdarda dəyişikiliklərin yaranmasına gətirib çıxarmışdır.

Bütün bu deyilənlərdən sonra hansı hipotezi daha ağlabatan saymaq olar?–növlətin fərdi qaydada yaradılıb dəyişilməz olaraq qalması kimi anlaşılmaz və öz doğruluğunu göstərmək üçün heç bir fakta əsaslana bilməyən hipotezimi, yoxsa növlərin dəyişikliyə uğramasını deyən və anlaşılan olduğu kimi də, mövcud orqanizmlərdə vərdişlərin yarana bilməsi ilə özünün doğruluğunu göstərə bilən hipotezimi düzgün saymalıyıq?

Zoologiya ilə tanış olmayan və buna görə də, ən sadə canlılarla mürəkkəb varlıqlar arasındakı qohumluğun çox aydın olduğunu bilməyən birisi üçün, bu sadə quruluşlu varlıqlarda baş verən bir sıra dəyişikiliklərdən yaranan aralıq canlıların tədricən məməliləri doğurduğunu eşitmək, sözsüz, çox gülməli olacaqdır.

Şeyləri yalnız onların dayanıqlı formalarında görməyə alışmış, onlarda baş verən dəyişiklikləri izləməyə öyrəşməmiş bu adamlar, uzun müddət ərzində yığılan kiçik dəyişikliklərin toplanaraq yeni bir canlı növünə başlanğıc verə biləcəyi faktının mümkünlüyünə inana bilmirlər.

Onların bununla bağlı yaranan təəcübü, sonuncu dəfə uşaqlıq çağında gördükləri birisini gözlənilmədən qocalıq çağında görməkdən yaranan təəcübə çox oxşayır, ancaq dediyimiz durumda onlarda hansısa canlıda çox böyük dəyişikiliklərin yaranmasından doğan bu təəcüb anlaşılmaz bir inamsızlığa çevrilir.

Buna baxmayaraq, ilk baxışda sezilməyən dəyişikiliklərin toplanaraq ən müxtəlif gözəçarpacaq dəyişikiliklər yarada bilməsinin çoxlu örnəkləri vardır.

Bir neçə müddət öncə, bu mövzunu bir tanınmış professorla araşdıranda mən öz mövqeyimi belə anlatmışdım:

- Siz çevrə ilə hiperbola arasında heç bir qohumluq əlaqəsinin olmadığını düşünürsünüz. Onlardan biri qapalı, o birisi isə sonsuzluğa gedib çıxan əyridir.

Çevrə və parabola
Çevrə və parabola

Birincinin bütün hissələri biri-birinə uyğundur, ikincinin isə, qarşılıql simmetrik olan hissələri qırağa qoysaq, heç bir hissəsi o birisi ilə uyğun deyildir.

Onlardan biri bəlli bir müstəvi hissəsini öz içinə alır, o biri isə sonsuzluğa qədər uzanıb getsə də, müstəvinin heç bir hissəsini öz içində saxlamır.

Ancaq bu əyrilər özəlliklərinə görə nə qədər biri-biri ilə tərs olsalar da, onları biri-birindən hiss olunmayacaq dərəcədə fərqlənən çoxsaylı vasitəçi əyrilərin köməyi ilə biri-birinə bağlamaq olar. Beləliklə də, biz konusu onun oxu ilə düz bucaq əmələ gətirən bir müstəvi boyunca kəssək, çevrə alacağıq.

Ellips
Ellips

Birdən, konusu onun oxunu 890 59/ bucağı altında kəsən müstəvi götürsək, onda bu kəsişmədən ellips alınacaqdır, ancaq heç bir iti göz və dəqiq ölçən pərgar da, bu ellipsi bundan öncəki çevrədən fərqləndirə bilməyəcəkdir.

Konusu kəsən müstəvinin onun oxu ilə kəsişmə bucağını belə, çox kiçik intervallarla azaltmağa davam elədikcə, biz getdikcə bir mərkəzdən eyni uzaqlıqda olan nöqtələri üzərində saxlamayan bir qapalı əyri alacağıq və kəsişmə bucağı seziləcək dərəcədə böyüyəndə artıq bu ellips, dairəyə əsla oxşamayacaqdır.

Hiperbola
Hiperbola

Bu prosesi başladığımız qaydada, kəsişmə bucağını cüzi dəyişməklə davam elətdirdikcə, bu ellips, öncə sezilmədən parabolaya, daha sonra kəsişmə bucağının daha da kiçilməsindən isə hiperbolaya çevrilir.

Beləliklə də, bu prosesin gedişində biz hərəsinin özünəməxsus özəllikləri olan: dairə, ellips, parabola və hiperbola kimi dörd fərqli fiqurlar almış oluruq; ancaq onlardan öz təbiətlərinə görə biri-biri ilə kəskin əksliklərdə olan dairə ilə hiperbolanı sezilməyəcək şəkildə baş verən dəyişilmə prosesi ilə bağlı olaraq yaranan uzun bir sıra əyrilər biri-birinə qırılmaz tellərlə bağlayır.

Ancaq mürəkkəb üzvi formaların çox sadə üzvi formaların ardıcıl olan dəyişmələrindən yaranması düşüncəsini gülünclük sayan adamlar öz korluqları ucbatından belə bir prosesin demək olar, hər gün baş verdyini görə bilmirlər.

Ağac onu yaradan toxumdan ölçüyəgələməz dərəcədə fərqlənir, burada ölçülər, quruluş, rəng, kimyəvi tərkib baxımından olan fərqlər olduqca böyük olduğundan, onlardan birinə baxıb o birisi ilə hansısa uyğunluğunun olmasını göstərə bilmək mümkünüsüzdür.

Ancaq bir neçə il ərzində bunlardan sadə formalısı tədricən daha mürəkkəb üzvi quruluşa çevrilir və bu çevrilmə çox yavaşgəlliklə baş verdiyindən, bu dəyişilmənin heç bir anında toxumun artıq toxum olmaqdan çıxıb bitkin bir ağaca çevrildiyini də demək olmur.

Yeni doğulmuş körpə ilə insanın kürəşəkilli, olduqca kiçik, yarımşəffaf yumurtalığı arasındakı fərqdən də böyük olan bir müxtəlifliyi başqa haradan tapmaq olar?

Körpə çox mürəkəb quruluşlu olduğundan, onun bədən üzvlərini təsvir eləmək üçün bütöv bir ensiklopediya yazmaq gərək olur. Onun dölləndiyi bu kiçik qovuq olduqca sadə bir quruluşda olduğundan, onu bir cümlə ilə də təsvir eləmək mümkündür.

Ancaq bir neçə ayın içində döllənmənin baş verdiyi bu qovuq sezilməyəcək bir şəkildə dəyişərək doğulacaq körpənin yaranmasına gəlib çıxır və bu zaman ən güclü mikroskopla belə burada baş verən tədrici dəyişikliyin yaratdığı sonrakı momentin gözəçarpan məqamlarını müşahidə eləmək mümkün deyildir.

Bütün canlıların, o sıradan insanın da bəlli bir vaxt ərzində sadə bir hüceyrənin inkişafı nəticəsində yaranması hipotezinin savadsız və ya yetərincə savadı olmayan adama gülünc görünməsində qəribə heç nə yoxdur.

Ancaq hər bir fərdi varlığın yalnız bu yolla yaranıb inkişaf elədiyini öyrənən fizioloq bunu yaxşı bilir: bütün bitkilərin və heyvanların rüşeyimləri özlərinin ilk başlanğıc çağında biri-birinə ayırdedilməyəcək qədər oxşar olurlar və baxılan rüşeyimin yosunmu, yoxsa palıdmı, birhüceyrəli canlımı, yoxsa insanmı olduğunu fərqləndirmək üçün əlamətdar bir fərq tapmaq demək olar mümkün deyildir.

Əlbəttə, əgər bir hüceyrəyə iyirmi il ərzində bir sıra təsirlər elədikdən sonra, ondan şüurca yetkin bir insan yarana bilirsə, onda milyon illər ərzində hansısa hüceyrənin inkişaf eləyərək insan soyuna başlanğıc verməsi ilə bağlı hipotezdə də heçbir ağlasığmazlıq ola bilməz.

Bir sıra alimlərin də qatıldığı bu, “Qanunlar Möcüzələrə qarşı” adlanan mübarizənin gedişində biz mövhumatın necə bir inadkarlıq və tərsliklə yaşamağa çalışdığının şahidi oluruq.

Bizim istənilən qabaqcıl geoloqumuzdan və ya fizioloqumuzdan onun dünyanın tanrı tərəfindən yaradılması əfsanəsinə inanıb-inanmadığını soruşsanız, o, bu sualla onu ələ salmaq istədiyinizi düşünüb sizdən inciyəcəkdir. O, bu yaradılış əfsanəsini ya büsbütün danır, ya da bütün bu danışıqların hansısa qeyri-müəyyən və qeyri-təbii bir anlamda olduğunu düşünür.

Buna baxmayaraq, bu danışılanların bir bölümünü o qeyr-şüuri olaraq qəbul eləyir. O, bu danışıqlardan növlərin “fərdi yaradılışı” ilə bağlı deyilən fikri əsaslı şəkildə mənimsəyir və bu ideyanı qorumaq uğrunda bütün gücü ilə savaşa atılmağa da hazırdır.

Görünür, o, növlərin necə inkişaf eləyib yaranması ilə bağlı başqa bir mənbə görmədiyindən, özünün də dandığı bu mifdən yararlanmağa başlayır.

O, təbiətdə bu inandığı nəzəriyyənin doğruluğunu sübut eləyə biləcək bir dənə də olsun tutarlı fakt əldə eləyə bilmir; onun çalışmalarında bu yanlış nəzəriyyəni doğrulda biləcək və biri-biri ilə qırılmaz tellərlə bağlı olan hansısa mücərrəd doktrinalar da yoxdur.

Siz onu səmimi etirafa məcbur eləsəniz, onda o, bütün bunların onun başına uşaqlıqdan yeridilən və indi çox hissəsini gülünc saydığı hekayətlərdən mənimsədiyini boynuna alacaqdır.

Ancaq onun bu danışılan gülünc yaradılış hekayətlərində deyilənlərdən demək olar hamısını dansa da, yalnız bu sonuncu hissəsini, sanasan, hansısa etibarlı mənbədən götürübmüş kimi qəbul elədiyinin və böyük bir qızğınlıqla onun müdafiəsinə qalxdığının səbəbini soruşsanız, o, sizə cavab verməkdə çətinlik çəkəcəkdir.

Qaynaq(rus dilində):

Спенсер Герберт Опыты научные, политические и философские Том I.

XS
SM
MD
LG