Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:55

Toyumdan əvvəl atam dinə inanmadığımı gizlətməyi tapşırmışdı


Charles Darwin

Charles Darwin

- "Mənim inandığım kimi, siz də insanın uzaq gələcəkdə indikindən qat-qat yetkin bir varlığa çevriləcəyinə inanırsınızsa, onda insanın, o sıradan başqa duyğulu varlıqların da, bunca uzun bir təkamül yolu keçəndən sonra çox uzaq bir gələcəkdə yox olub gedəcəklərini düşünmək adama çox dözülməz görünür."

"Mən öz ömrümdə heç bir böyük günah işlətməmişəm, ona görə də, heç bir vicdan ağrısı çəkmirəm, ancaq bircə şeyə görə heyifsilənirəm..."

"Mənim toyumdan qabaq, adaxlandığım çağlarda, atam mənə dinə inanmadığımı bərk-bərk gizlətməyi tapşırmışdı."

Çarlz Darvin

Dinlə bağlı baxışlarım

("Ağlımın və xarakterimin inkişafına dair xatirələr")

“Biql” gəmisi ilə Dünyanı gəzib-dolandığım dəniz yolçuluğumu bitirəndən sonrakı iki ildə dinlə bağlı uzun-uzadı düşünməli olmuşdum.

Mən bu yola çıxanda büsbütün inanclı bir kimsə idim; ancaq nədənsə, inanclı sayılan bir sıra gəmi zabitləri mənim əxlaq mövzusunda Bibliyaya güvənib dediyim sözləri eşidəndə ürəkdən gülərdilər.

Mənə elə gəlir, burada gülüş doğuran mənim ortaya qoyduğum arqumentlərin onlar üçün, indiyədək eşitmədikləri bir yenilik olmasına görə idi. Ancaq sonradan, daha doğrusu, 1836-cı ilin oktyabrından 1839-cu ilin yanvarınadək olan dönəmdə mənim Bibliyaya olan inamım sarsılmağa başladı.

İlk öncə, Bibliyanın Əhdi Ətiq bölməsində yazılan: Babil qülləsinin tikilməsi, Tanrının insanlarla bağladığı əhdini göyqurşağı ilə təsdiqləməsi, habelə, bunun kimi çoxlu uydurmaları gözdən keçirdikcə, bütün bunların dünyanın yalançı tarixini yazmaq üçün çalışmalar olduğunu anlamağa başladım.

Eləcə də, bu kitabda öcəşkən bir tiran olaraq tanıdılan Tanrının da, induslarınmı, yaxud hansısa geridəqalmış bir ulusunmu olsun, tanrılarından heç nə ilə üstün olmadığını da başa düşdüm.

Bütün bunları düşünərkən, beynimdə mənə dinclik verməyən bir sorğu da yaranmışdı:

görəsən, Tanrı indi durub induslara vəhylə yeni inanc göndərmək istəsəydi, bu yeni inanc da Vişnu ilə Şivaya bağlı inancın ardımı olacaqdı?

Belə deyilsə, onda nədən, xristianlıq inancı yəhudilərin köhnə inanclarının ardı kimi ortaya çıxmışdır? Sözün düzü, Bibliyada qarşılaşdığım belə bir ardıcıllıq mənə olduqca anlaşılmaz görünürdü.

Çarlz Darvin

Çarlz Darvin

Bundan sonra mən, ağlı başında olan hansısa insanın xristianlıqda danışılan möcüzələrə nədən inana bilməsi üzərində baş sındırmağa başladım.

Biz indi təbiətin qanunauyğunluqlarını daha dərindən öyrəndikcə, belə möcüzələrin ağlabatan olmadığını bir az da kəskin anlamağa başlayırıq;

belə çıxır, o uzaq çağlarda yaşayan insanlar indi bizim üçün çox anlaşılmaz görünən bir ölçüdə anlamaz, həm də tez aldanan olmuşlar.

Bundan başqa da, İncildə yazılanların doğrudan da bu olayların baş verdiyi çağlarda yazıya alınması da mənə inandırıcı görünmürdü.

Axı ortalıqda olan dörd İncildə yer alan olduqca önəmli olaylar, bu İncillərin hər birində biri-birinə oxşamayan bir şəkildə danışılırdı, bunu isə baş verən olayları öz gözü ilə görmüş insanlar belə fərqli yaza biməzdilər.

Buna oxşar çoxlu düşüncələrim (onları özgün və dəyərli olduqları üçün yox, mənə güclü təsir elədikləri üçün burada anmalı oluram) məni yavaş-yavaş inancımdan ayırmağa başladı.

Sonucda isə mən xristianlığın ilahi bir din olmasına inamımı bütünlüklə itirdim.

Məni bu düşüncəyə gətirib çıxaran bir dəlil də Yer üzündə olduqca çoxlu yalançı dinlərin çox geniş, çox da tez yayıla bilmələri haqda öyrəndiklərim olmuşdu.

Əhdi Cədiddə (İncildə) ortaya qoyulan əxlaqi dəyərlər necə gözəl olsalar da, ancaq burası da var, biz ondakı bənzətmələrlə alleqoriyaları özümüzün düşünüb tapdığımız anlamlara bağlayaraq yozmasaydıq, İncil öz bugünkü bitkinliyini qoruyub saxlaya bilməzdi.

Mən qarşıma öz inancımdan əl çəkmək məqsədi qoymaqla, bu sonuclara gəlib çıxmamışdım; buna inana bilərsiniz.

Əksinə, uzun illər boyunca, mənim ən böyük umacaqlarımdan biri də haçansa Pompey şəhərinin uçqunları altından, ya da başqa bir yerdən o çağlarla bağlı hansısa bir yazı örnəyi tapıb, İncildə yazılanların doğruluğunu sübuta yetirmək olmuşdu.

Ancaq təxəyyülümə verdiyim bu özgürlüyə baxmayaraq, getdikcə məni inandıra biləcək belə bir arqumentin tapıla biləcəyinə daha da az inanmağa başlayırdım.

Beləcə, yavaş-yavaş bu inamsızlıq mənim ruhuma yol tapmağa başladı, sonucda isə mən dini bütünlüklə danmağa gəlib çıxdım.

Ancaq bütün bunlar ardıcıl bir astagəlliklə baş verdiyindən, sözün düzü, yaşamımda özünə yer eləyən bu dəyişikliklə bağlı heç bir sarsıntı keçirməmişdim, ən başlıcası isə, sonradan da, elə indi də dindən əl çəkməyimin yanlış olduğunu düşünmürəm.

Sözün düzü, mən indi xristian dini təlimində insanın gələcəyi üçün deyilənlərin doğru olacağını uman birisini heç cür anlaya bilmirəm; axı İncilin anlatdığına görə, bu gələcəkdə, bütün inancsız kimsələr əbədi sürəcək cəza alacaqlar, elə isə, atamın, qardaşımın, bütün ən yaxşı tanışlarımın inancsız olduğunu bilən mən, bu təlimdə deyilənlərin doğru çıxacağını necə uma bilərəm? Belə də iyrənc təlim olarmı?!

Ancaq bütün bunlara baxmayaraq, Tanrının bir kimlik olaraq varlığı üzərində sonralar da çox düşünmüşdüm, indi bu düşüncələrimdə gəldiyim qaçılmaz olan sonucları sizinlə bölüşmək istərdim.

Keçmişlərdə Təbiətdə məqsədyönlü bir planlaşdırmanın olduğunu deyərək, Tanrının varlığını da bununla doğrultmağa çalışardılar (bunlar Peylin yazılarında geniş verilmişdir), sözün düzü, elə mən özüm də öncələr Tanrının varlığının bu sayaq doğruldulmasına inanırdım.

Ancaq təbii seçmə qanununu tapandan sonra bu deyilənlər mənim üçün büsbütün öz dəyərini itirdi.

Biz artıq bu gün, bərk kilidlənmiş iki “qapısı” olan molyuskaya baxıb, onun da qapıya kilid düzəldən insan sayağı, hansısa şüurlu bir varlıq tərəfindən yaradıldığını deyə bilmərik.

Araşdırmalardan da göründüyü kimi, canlı orqanizmlərin təbii seçmə yolu ilə dəyişməsi heç də məqsədyönlü bir plan üzrə baş vermir, bu dəyişmələr, təbiətdə özünü göstərən bəlli axınlar üzrə (tutalım elə küləyin əsmə yönü kimi) baş verir.

Təbiətdə olan nə varsa, hamısı bəlli qanunauyğunluqlar üzrə baş verən proseslərin gedişində yaranaraq ortaya çıxıb.

Mən ötən çağlarda yazdığım “Ev heyvanları və insan əli ilə bəslənən bitkilərin dəyişilməsi” adlanan kitabımda bunları bütün genişliyi ilə göstərmişdim, ən önəmlisi isə buçağacan da mənim orada irəli sürdüyüm arqumentləri danmaq istəyən bir kimsə ortaya çıxmayıb.

Təbiətdə addımbaşı qarşılaşdığımız, canlı orqanizmlərin yaşayışa uyğunlaşa bilməsinin olduqca gözəl örnəklərini bir qırağa qoyası olsaq, onda istər-istəməz belə bir sorğu ilə üz-üzə qalırıq: yaşadığımız dünyanın bu, yaxşılığa doğru gedişini necə açıqlamaq olar?

Atamın düşüncəsinə görə, belə bir dərin düşüncəsi, böyük ağlı olan bir qadın heç vaxt dinə inana bilməzdi.

Düzdür, bir sıra yazıçılar yaşamda üzləşilən çoxsaylı ağrı-acılardan sarsılaraq, dünyada olan bütün duyğulu varlıqların hamısının daha çox əzablarla üzləşdiyini önə çəkir, canlı varlıqların öz yaşamlarında uğur qazana biləcəyinə inamsızlıq aşılamağa çalışırlar.

Mənim düşüncəmə görə, duyğusu olan varlıqlar qarşılaşdıqları ağrı-acıları üstələyərək, sonucda uğur qazanmağa gəlib çıxırlar, düzdür, bunu sübut eləmək çox da asan deyildir.

Ona görə də mənim dediyim bu sözləri düzgün saymaq, elə təbii seçmə qanunu ilə baş verən gedişin uğuruna inanmaq deməkdir.

Birdən hansısa növün bütün fərdləri qarşılaşdıqları ağrı-acılara görə, ara vermədən, ancaq əzab çəksəydilər, onda onların öz soylarını davam etdirmək istəkləri də yarana bilməzdi.

Bundan başqa da, bir sıra yaşam örnəklərinə baxdıqca, duyğusu olan varlıqların demək olar, hamısının uğur qazanmağa can atdıqları, həm də onların bu uğura çatmaqdan sevinc duyduqları da görünməkdədir.

Kim mənim kimi düşünüb, canlıların bədənləri ilə psixikalarının fəaliyyət göstərməsi üçün olan üzvlərinin (corporeal and mental orqans) təbii seçmə, yaxud da yaşama daha çox uyğunlaşmağa çalışma yolu ilə inkişaf etməsinə inanırsa (burada canlıların işinə yaramayan, həm də onlara ziyan verməyən üzvlərdən söz açılmır), bütün bu üzvlərin ardıcıl çalışmalarla qazanılan vərdişlərin köməyi ilə, ara vermədən yetkinləşdiyini danmırsa, onda o, bütün bu orqanların, öz yiyələrinin başqa canlılarla uğurla yarışa bilməsi, həm də bununla yanaşı, özünün soyca artıb-törəməsi üçün formalaşdığına da inanacaqdır.

İstənilən bir canlı növünün özü üçün hansı inkişaf yolunun daha çox yararlı olmasını seçməsi isə, – ağrı, aclıq, susuzluq, qorxu kimi əzablı duyğularla yanaşı, qidalanmaq, törəyib artmaq kimi həzz duyğularının köməyi ilə də ayırd oluna bilər.

Ola bilsin, bu iki fərqli duyğunun qatışığı da bu inkişafı yönləndirsin, aclıq duyğusundan, yem axtarıb tapmaq duyğusunun yaranması buna örnək ola bilər.

Ağrı, yaxud da başqa bir əzabverici duyğu çox uzun çəkirsə, istənilən canlını sıxışdırıb üzgünləşdirə bilər, ancaq bununla yanaşı, bu durum canlı orqanizmin gözlənilən yamanlıqlardan qoruna bilmək instinktini də gücləndirir.

Həzz duyğusu da canlı varlığı üzmədən çox uzun bir müddət üçün davam eləyə bilər; həm də bu vaxt canlı orqanizmin bütün bədən üzvlərini dirçəldib coşdura da bilər.

Demək olar, bütün canlıların, daha doğrusu, duyğuları olan canlıların təbii seçmə yolu ilə inkişafını yönləndirən də elə onların alışdıqları bu cür həzzverici duyğular olmuşdur.

Biz də insan olaraq, bu həzzverici duyğuları sezirik, onların bizim bədənimizlə ağlımızı çox gərginləşdirdiyi anlar da olur, buna örnək olaraq bizim gündəlik yemək-içməyimizdən, ən çox da başqa insanlarla ünsiyyətimizdən, öz doğmalarımıza olan sevgimizdən aldığımız həzzləri göstərmək olar.

Bu sayağı: alışdığımız, həm də ara vermədən təkrarlanan həzzlər duyğusu olan varlıqların böyük çoxluğuna (mən buna ürəkdən inanmaqdayam), üzləşdiyi əzabverici duyğuları yenə bilmək üstünlüyü verir, buna baxmayaraq, sonradan bu canlılar zaman-zaman yenə də ağrı-acılarla üzləşməkdən qaça bilmirlər.

Bu ağrı-acıların olması isə, elə Təbii Seçmənin gedişində ortaya çıxan, yaşamaq uğrunda baş verən savaşlarla bağlıdır.

Doğrudan da Təbii Seçmə qanunu hər bir növü, yaşaya bilmək üçün, başqa canlılarla aparmalı olduğu savaşlarda uğur qazanmağa yönəldir, həm də bu növlərin, savaşın baş verdiyi ortamda tez-tez dəyişən mürəkkəb durumlardan baş açmasına da yardımçı olur.

Dünyada çoxlu ağrı-acıların olduğunu heç kim dana bilməz. İnsanın üzləşdiyi ağrı-acıların niyəsini açıqlamaq istəyən bir sıra düşüncə ərləri, insanın çəkdiyi bu əzabları, onun mənəvi yetkinliyə çatması üçün keçməli olduğu sınaqlar kimi yozmağa çalışmışlar.

Ancaq yaşadığımız dünyada insanların sayı, başqa duyğulu varlıqlarla tutuşduranda, olduqca azdır, buna baxmayaraq, başqa duyğulu varlıqlar heç bir mənəvi yetkinlik məsələsindən asılı olmayaraq, çox böyük sarsıntılarla üzləşirlər.

Kainatı yarada bilmək üçün gərək Tanrının gücü yenilməz, biliyi sonsuz olaydı, elə bizim məhdud anlağımız da Tanrını, yenilməz güc, sonsuz bilik yiyəsi olan bir varlıq kimi tanıyır, ancaq buradaca belə bir durumla da üzləşirik:

belə çıxır, Tanrının mərhəməti ucdantutma hamıya çatmadığı üçün birilərinin anlağı onun göndərdiyi sınaqlar olan ağrı-acılardan yan gəzir, biriləri isə onlardan keçərək Tanrının mərhəmətini qazanır.

Elə isə onda, bizdən aşağı pillədə dayanan milyonlarla heyvanların, sonsuz bir zaman içində çəkdikləri əzablar nə üçündür, onlar bununla nə qazanırlar?

Dünyanın yaranmasının ilkin səbəbinin hansısa şüurlu varlıq olmasına qarşı çıxan bu, çox keçmişlərdən qalma dəlillər mənə çox inandırıcı görünür, bununla yanaşı olaraq, bir az öncə də dediyimiz kimi, dünyada bunca ağrı-acıların olması, bütün üzvi varlıqların təbii seçmə yolu ilə inkişafı qanunu ilə büsbütün uzlaşır.

Bizim yaşadığımız çağda, insanların böyük çoxluğunun daxilində inancla bağlı duyğuların özünə yer eləməsi, şüurlu bir Tanrının varlığını doğrultmaq üçün başlıca arqument sayılır.

Tanrının varlığı ancaq elə insanların böyük çoxluğunun ona inanmaları ilə doğruldula bilərsə, onda elə, indusların da, məhəmmədçilərin də belə bir arqumentə arxalanaraq oz tanrısını, yaxud tanrılarını doğrulda bilməsi də düzgün sayılmalı deyilmi?–ya da elə bu arqumentlə buddistlər kimi heç bir tanrının olmadığı düşüncəsinə gəlib çıxmaq da düzgüm sayılmalı deyilmi?

Bundan başqa da, Yer üzündə yaşayan çoxsaylı vəhşi tayfaların bizim öyrəşdiyimiz anlamda inanclarının olmadığı da artıq bəllidir: onlar Teylor və Herbert Spenserin göstərdiyi kimi, hansısa ruhlara, qarabasmalara inanırlar, bütün bunlar isə, məncə, dini inancın necə yarandığını aydınlaşdıra bilmək üçün çox önəmlidir.

Gənclik çağlarımda, indicə andığım duyğuların baş qaldırmasına görə (ancaq bununla yanaşı məndə haçansa çox güclü dini duyğuların olduğunu sanmıram), mən də Tanrının varlığına, ruhun ölümsüzlüyünə inanırdım.

“Biql” gəmisindəki yolçuluğumda mən öz gündəliyimdə yazmışdım:

“Braziliya meşələrinin içinə düşəndə insanın ruhunu qanadlandıran çox yüksək heyrətin, vurğunluğun, pərəstişin necə yarandığını anlamaq üçün insan anlağı yetərli deyildir”.

O çağlarda mən, insanda, onun bədəninin fəaliyyətindən yüksəkdə dayanan daha böyük bir dəyərin olduğuna inanırdım.

Ancaq indi, təbiətdə üzləşə biləcəyim ən gözəl mənzərələr belə, məndə bu sayaq duyğular doğurmaq gücündə deyildir.

Bu durumumda məni, boyaları biri-birindən ayırd eləmək bacarığını itirmiş bir kimsəyə də oxşatmaq olar.

Beləliklə də yan-yörədəki böyük çoxluğun doğrudan da hansısa bir qırmızı boyanın varlığına hamılıqla inanması da, boyaları özü görə bilməyən bu kimsədə belə bir dəyərin olacağına inam yarada bilməz.

Tanrının varlığının sübutu kimi insanların daxilində kök salmış inanc duyğusuna arxalanmaq ancaq bir halda doğru sayıla bilərdi, onda gərək bu duyğu yer üzündə yaşayan bütün irqlərdən olan insanların daxilində özünü göstərəydi, bütün insanlıq hamılıqla tək bir Tanrının varlığına inanaydı; bunun heç də belə olmadığını isə hamımız çox yaxşı bilirik.

Ona görə də Tanrının varlığını doğrultmaq üçün insanın daxilində belə bir inancla bağlı duyğuların olmasına arxalanmağı, mən büsbütün anlamsız sayıram.

Keçmişlərdə, gözəl təbiət mənzərələrindən ruhumun qanadlanması, daxilimdəki Tanrıya inam duyğusu ilə bağlı olsa da, ancaq bu duyğular əslində insanda ara-sıra baş verən hansısa səbəblərdən yaranan başqa coşqun duyğulardan heç nə ilə fərqlənmir;

Bu duyğuların necə doğulmasını açıqlamağın çətin olmasından onların Tanrının varlığını doğrultması alına bilməz, ən azından musiqinin də insanda belə yüksək duyğular yaratması örnəyi vardır.

İndi bir çox fiziklərin Günəşin özünün getdikcə soyumağa başladığı, bunun gələcəkdə planetlərə də təsirinin olacağı, Günəşlə toqquşub ona yeni bir enerji verəcək hansısa başqa bir kosmik cisim olmazsa, gec-tez Günəşin sönəcəyini, inandırıcı dəlillərə arxalanaraq demələri, bildiyimə görə, ruhun ölümsüzlüyü inancını açıqlamaq işinə çox yarayır.

Məncə, ruhun ölümsüzlüyünə inamın belə güclü olması, bu inamın insanın instinktlərindən doğulmasına görədir.

Mənim inandığım kimi, siz də insanın uzaq gələcəkdə indikindən qat-qat yetkin bir varlığa çevriləcəyinə inanırsınızsa, onda insanın, o sıradan başqa duyğulu varlıqların da, bunca uzun bir təkamül yolu keçəndən sonra çox uzaq bir gələcəkdə yox olub gedəcəklərini düşünmək adama çox dözülməz görünür.

Ancaq kimlərsə, insan ruhunun ölməzliyinə inanırsa, onlar üçün bizim yaşadığımız dünyanın yoxluğa gömüləcəyi elə də qorxunc görünmür.

Tanrının varlığına inancın başqa bir qaynağı duyğularla yox, ağılla bağlı olan qaynaqdır, sözün düzü, o mənə daha çox sanballı görünür.

Buradakı mühakimələrdə başlıca yeri kainatdakı əlçatmazlıq, sonsuzluq, ecazkarlıq tutur, həm də bütün bunlarda insanın uzaq keçmişlərdən tutmuş uzaq gələcəklərə kimi baş verənlərə ya gözlənilməz bir təsadüf, ya da zəruri bir olacaq kimi baxması bacarığı da çox önəmli bir rol oynayır.

“Növlərin mənşəyi” əsərimi yzanda Teizmə bağlanmışdım, ancaq sonra bu inam yavaş-yavaş zəifləməyə başladı

Belə mühakimələr yürütməklə istər-istəməz yaradılışın hansısa ilkin səbəbinin ola bilməsi düşüncəsinə gəlib çıxıram.

Bu ilkin səbəbin isə insan intellektinə oxşar olan bir intellektinin olması zəruriyyəti yaranır, beləliklə də belə düşüncələrimlə mən Teizm adlanan baxışlara gəlib çıxmış oluram.

"Növlərin mənşəyinə dair" əsərinin yeni nəşri, 2009

"Növlərin mənşəyinə dair" əsərinin yeni nəşri, 2009

(Buradaca demək istəyirəm, mən “Növlərin mənşəyi” əsərimi yzanda belə bir inama bağlanmışdım, ancaq bu kitab yazılandan sonra bu inamım yavaş-yavaş zəifləməyə, getdikcə, mənim üçün daşıdığı dəyərini itirməyə başlamışdı).

Ancaq burada elə o dəqiqə də belə bir şübhə yaranır: belə böyük sualların çözülməsində insan ağlına güvənmək olarmı?

Mənə elə gəlir, öz inkişafına görə insandan aşağıda dayanan başqa heyvanlarda da intellekt işartıları vardır, elə insan ağlı da bu daha zəif intellektin inkişaf edib yüksəlməsindən yaranıb.

Mən buna ürəkdən inandığım üçün də yuxarıda söz açdığım şübhənin ortaya çıxmasının çox yerində olduğunu düşünürəm.

Məncə, biz burada zaman-zaman qazanılan təcrübələrin irsi olaraq verilməsinin sonucu kimi ortaya çıxan bugünkü durumun necə yarana biləcəyini anlaya bilmədiyimiz üçün beləcə, səbəb-nəticə bağlıllıqları axtarışına çıxır, onları yaratmağa, daha doğrusu, uydurmağa çalışırıq.

Burada,Tanrıya inancın hələ uşaqlıq çağlarından insanların beyninə yeridildiyini də unutmaq olmaz.

Yetərincə inkişaf etməmiş beyinə yerləşdirilən belə inancın daha çox təsir göstərdiyi, sonradan ondan əl çəkməyinsə çox çətin olduğu da yaxşı bəllidir.

Ona görə də uşaqlıqdan belə inanca alışdırılmış insanın öz inancından əl çəkməsi, çox vaxt, meymunun ilana qarşı olan instinktiv qorxusundan ayrıla bilməsi qədər mümkünsüz olur.

Mən araşdırdığım bu mövzunun necə ağır suaullarla bağlı olduğunu bildiyimdən, onun burada, bütünlüyü ilə açıqlana bilməsini boynuma götürmürəm.

Bugünkü bütün nəsnələrin başlanğıclarını haradan, necə götürdükləri, bu gün bizim üçün sirr olaraq qalmaqdadır, ona görə də mən özümün bu durumumda aqnostik olaraq qalmağa üstünlük verməli oluram.

Tanrının varlığına ürəkdən inanmayan, Tanrıdan gələcəkdə hansısa ərməğanlar, yaxud ödüllər gözləməyən insan, mənim düşüncəmə görə, özü üçün ancaq belə bir yaşam prinsipi seçə bilər:

o gərək ən yaxşı saydığı, ən güclü bildiyi impulsları ilə instinktlərinin yönətiminə uyğun yaşamağa çalışsın.

Təbiətdə bunun örnəkləri çoxdur, tutalım, itlərin də bu prinsiplə yaşadığı bəllidir, ancaq onlar bunu kor-koruna eləyirlər, insanın isə irəli baxmaq, keçmişləri anmaq, özünün duyğularından, istəklərindən, sınaqlarından baş açmaq bacarığı vardır.

Beləliklə də, bütün bilgin adamların dediyi kimi, insan ən böyük həzzi ancaq özünün bəlli impulslarına uyub yaşayanda alır, bu impulslar isə sosial insinktlərdən qaynaqlanır.

İnsan başqalarının yaxşılığı üçün çalışsa, yaxınlaşdığı bu insanlar ona sayğı göstərəcəklər, ən başlıcası isə birlikdə yaşadığı doğmalarının sevgisini qazana biləcəkdir, bu sevgi isə bizim bu Yer üzündə ala biləcəyimiz ən böyük həzzdir.

Beləliklə də, belə bir insan üçün getdikcə özünün ehtiraslarına boyun əyməkdənsə, yüksək impulslarına tabe olmaq daha üstün görünəcəkdir, bu yüksək impulslara alışdıqdan sonra isə, onlar insan üçün instinktiv bir formaya keçirlər.

Vaxt keçdikcə belə insanın ağlı, ona nəyi necə eləyərsə bunu kimin qınayacağı, kimin bəyənəcəyi ilə bağlı göstərişlər də verməyə başlayır.

Bbeləliklə də o, öz anlağının çağırışı ilə, ürəkdən istədiyi kimi, başqa sözlə desək, vicdanlı davrana bildiyinə görə, çox böyük sevinc duyğuları içində yaşaya bilir.

Özümə gəlincə, bütün ömrümü elm yolunda qoymağımın olduqca düzgün olduğunu düşünürəm. Mən öz ömrümdə heç bir böyük günah işlətməmişəm, ona görə də, heç bir vicdan ağrısı çəkmirəm, ancaq bircə şeyə görə heyifsilənirəm, mən öz doğmalarımın qayğısını çəkməkdə, onlar üçün eləmək istədiyim yaxşılıqlarda, ürəyim istəyəni sonadək eləyə bilmədim.

Burada da mənim özümü doğrulda bilmək üçün iki arqumentim vardır:

birincisi, mən çox tez-tez xəstələndiyim üçün bu yöndəki işlərimi çatdıra bilməmişəm, ikincisi isə, mənim ağlımın quruluşuna görə, qapıldığım hər hansı işdən ayrılıb başqa bir işə keçməyimin həmişə çox çətin olmasıdır.

Mənə elə gəlir, bütün ömrümü insanlara yaxşılıq eləməklə keçirsəydim, bundan böyük səadət olmazdı, ancaq çatdırıb eləyə bildiklərim də, mənə bir toxtaqlıq gətirməkdədir.

Ömrümün ikinci yarısında, düşüncələrimdə dinə inamsızlığın yaranaraq genişlənməsini, başqa sözlə desək, idrakımda rasionalizmin özünə biryolluq yer eləməsini, mən öz yaşamımda ən önəmli bir olay sayıram.

Mənim toyumdan qabaq, adaxlandığım çağlarda, atam mənə dinə inanmadığımı bərk-bərk gizlətməyi tapşırmışdı.

Onun dediyinə görə, belə bir inancsızlığın açıqlanmasının sonradan ailələrdə yaratdığı bədbəxtlikləri öz gözü ilə gördüyü üçün mənə bu məsləhəti verir.

Atamın sözünə görə, evlilik çağında, ər ilə onun xanımından hansı birisə xəstələnməyənə kimi, belə inancsızlığın onlara heç bir maneçiliyi olmur.

Ancaq elə ilk uğursuz bir olay baş verincə, qadınların bir çoxu, bütün bunların ərlərinin dinsizliyi ucbatından baş verdiyini düşünərək, çox böyük sarsıntılar keçirir, çox keçmədən öz ərlərini də bu sarsıntılara yoluxdururlar.

Atamın danışdığına görə, o özünün uzun ömrü boyu dinə inanmayan üç qadın tanıyırmış. Burası da var, atamın tanışlıq çevrəsi çox geniş olmuş, onun tanışlarının çoxusu öz ürəklərində olan gizlinləri ondan gizlətməmişdilər.

Atamdan bu qadınların kimlər olduğunu soruşanda o, mənə onlardan birinin adını çox sayğı ilə çəkdi, bu onun baldızı Kitti Vecvud idi.

Ancaq atam onun dinə inanmadığını yəqinliklə bilmədiyini də boynuna aldı, atamın düşüncəsinə görə, belə bir dərin düşüncəsi, böyük ağlı olan bir qadın heç vaxt dinə inana bilməzdi.

Mən isə, o qədər də geniş olmayan tanışlıq çevrəmdə, dinə olan inamları öz ərlərinin inamlarından heç də çox olmayan bir neçə xanım tanıdığımı deyə bilərəm.

Atamın danışmağı çox sevdiyi belə bir başagəldisi də vardı.

Bir nəfər çox yaşlı xanım atamın dinə inanmadığından duyuq düşüb, onu dinə gətirmək üçün, danılmaz saydığı belə bir arqument gətiribmiş:

“Doktor! Mən şəkərin şirinliyini ağzımda necə duyuramsa, mənim ruhumu qurtaracaq Yaradanın varlığına da elə o qədər inanıram”.

Qaynaq: Ч. Дарвин. “Воспоминания о развитии моего ума и характера” Сочинения, т.9. Изд-во АН СССР, Москва, 1959 г.

Rus dilindən Araz Gündüz çeviribdir

Günün bütün mövzuları

XS
SM
MD
LG