Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:24

-

Elmi-kütləvi kitabların tanıtımı

Yalçın İslamzadənin kitab köşəsi

John Gribbin (Con Qribbin) və onun “Elm tarixi”, “İlk şimpanze”, “Şrödinger pişiyinin izində” kitabları nədən bəhs edir?

Yalçın İslamzadə

Yalçın İslamzadə

Elm, obyektiv reallığa dair biliyin yeganə qaynağıdır, bilik yalnız elmi metodla əldə edilə bilər. Başqa “metod”-larla əldə edilənlər bilik deyil, təəssürat və ya arzulardır.

İkinci növ “bilik” insanın romantik, ölümsüzlük arzularının təmin edilməsindən başqa bir şey deyil. Real performansa söykənən istənilən fəaliyyət növü elmi biliyə əsaslanmalıdır.

Ancaq bu gün elm, dünyanın sadəcə bir hissəsində, kiçik bir topluluq üçün əsas avtoritetdir. Yenə dünyanın bu qismində elmin demokratikləşməsi, mümkün qədər çox sayda insan üçün anlaşılan olması, əsasən uşaq və yeniyetməlik yaşında elmə maraq yaradılması lazımınca ciddiyə alınır.

Bu gün elm araşdırmalarını olduqca dərinləşdirir və genişlədir, mümkün qədər çox insanın elmi bilik yaradılmasında iştirakı, şəxsi və ictimai qərarlarda onun nəticələrinə istinad etməsi vacibdir.

Con Qribbin, ingilis astrofizikdir, elmi fantastik əsərləri və kvant mexanikası, təkamül nəzəriyyəsi, iqlim dəyişiklikləri mövzularında yazdığı əsərlərlə tanınır, Darvin, Eynşteyn, Hokinq kimi tanınmış alimlərin bioqrafiyalarını yazıb.

  1. “Elm tarixi” kitabı

Elm tarixini araşdırıb öyrənmək iki cəhətdən vacibdir:

John Gribbin, "Elm tarixi" kitabının türkcə nəşri

John Gribbin, "Elm tarixi" kitabının türkcə nəşri

- Orta məktəb və universitet dərsliklərində alimlərin qısa bioqrafiyaları və elmi uğurları elmin düz xətt üzrə, ciddi çətinlik olmadan irəlilədiyi haqda fikir yaradır.

“Dahi” adlandırılan alimlərin sanki hər hansı elmi problemə birdəfəyə yanaşaraq, nəzəriyyəni başdan sona tamamlanmış halda ortaya qoyduqları, sanki zamanın və insan zəifliklərinin təsirindən asılı olmadıqları haqda fikir yaradır.

- Elm tarxini oxumaqla “İdrak maneələri”-ni, hansı zehni baryerlərin elmi düşüncənin inkişafına mane olduğunu müşahidə etmək və dərs çıxarmaq imkanı yaranır.

Bütün insanların digər canlılara, müəyyən siyasi bölgədə yaşayanların orada yaşamayanlara, müəyyən ideologiyalara sahib olanların olmayanlara qarşı stereotipləri elmin inkişafında ciddi maneədir.

Bundan başqa, bir cəmiyyətin fərdlərinin zehinlərinə yerləşmiş ehkamlar da elmin inkişaf etməsinə mane olur.

Con Qribbinin “Elm tarixi” kitabı, Kopernikin heliosentrik modelindən etibarən elmdə bu günə qədər baş vermiş inkişafı detallı bir şəkildə təsvir edir, sadəcə astronomiya və fizikada deyil, biologiyadakı inkişafı da ehtiva edir.

  1. “İlk şimpanze” kitabı
John Gribbin'in "İlk şimpanze" kitabı

John Gribbin'in "İlk şimpanze" kitabı

İnsanla şimpanze arasındakı genetik fərq vur-tut 1.4%-dir.

Molekulyar biologiya sahəsindəki araşdırmalar, insanla şimpanze arasındakı bənzərliyin proteinlər səviyyəsində də müşahidə edildiyini bildirir, quruluş olaraq insan və şimpanze hemoqlobini bir birinin eynidir.

Molekulyar biologiyadan gələn sübutlar, insanın mənşəyinə dair fosil tapıntıları təsdiqləyir, insanla şimpanze arasındakı “immunoloji məsafə”-nin olduqca yaxın olduğunu bildirir.

Kitab, təkamüllə əlaqəli şəkildə molekulyar kimya tarxini və onun əsas uğurlarını təsvir edir.

  1. “Şrödingerin pişiyinin izində”

Kvant mexanikası populyar kültürdə məşhur olsa da, tam anlaşılması bir yana, əsasən yanlış anlaşılması ilə yadda qalıb.

John Gribbin, "Schrödinger'in pişiyi" kitabı

John Gribbin, "Schrödinger'in pişiyi" kitabı

Yeni çağ gopçularının kitablarını və ya təlimlərini satmaq üçün əvvəlinə “kvant” sözünü artırmaları bəs edir, ancaq bu müəlliflərin kvant mexanikasını anladıqları sual altındadır, - bütün fenomenlərə “kvant” etiketi yapışdırmaq, o fenomenin kvant fenomeni olduğunu təmin etmir.

Kvant mexanikasının anlaşılması klassik fizika biliyi olmadan mümkün deyil, çünki kvant mexanikası klassik fizika ilə həll edilməyən problemlərin həlli üçün yaradılıb.

İnsan düşüncəsindəki ən inqilabi fikirlər bu sahədə irəli sürülüb və yaradıcıları əsasən köhnə qəliblərlə düşünməyən gənclər idi.

Qribbin, kvant mexanikasındakı məşhur düşüncə təcrübəsi - “Şrödinger pişiyi” anlayışının adını verdiyi kitabı ilə klassik fizikanın yetərsizliklərini və kvant mexanikasının əsas anlayış və prinsiplərini, klassik fizika ilə müqayisəli şəkildə, kvant qanunlarını elmiliyindən güzəştə getmədən izah edir.

Bu gün kvant mexanikası istər gündəlik həyatda yerini almış tətbiqləri, istər çoxsaylı elmi təcrübələrlə təsdiqlənməsi ilə ən uğurlu elmi nəzəriyyələrdən biridir.

Qribbin, olduqca məhsuldar müəllif olub, digər elmi fantastik əsərlərin, tanınmış alimlərin bioqrafiyalarının, uşaqlar üçün elmi-kütləvi kitabların və iqlim dəyişikliyi, təkamül nəzəriyyəsinə dair çoxsaylı kitabların da müəllifidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG