Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:33

-

"Heminquey, Göte ilə görüşündə bu xoşagəlməz vəziyyəti tənqid edir. O, şəxsi həyatı ilə deyil, min bir əzab-əziyyətlə yazdığı romanları ilə ölümsüz olmaq istəmişdi."

Ülvi Babasoy

Əvvəli burada

Yaddaş səhnəsi

M.Kundera “Ölümsüzlük” romanında gündəlik həyat hadisələri ilə incəsənət faktlarını paralel şəkildə işləyir.

Milan Kundera

Milan Kundera

Bir tərəfdə Anyes və Lora bacıları. Lora yaşamaq və xoşbəxt olmaq üçün əlindən gələni edir. Hətta bacısının əri Polu özünə cəlb edir. Anyes yalqızlığın, təkliyin xiffətini çəkir. Pol varlıqla yoxluğun. Anyes-Pol cütlüyünün bəhrəsi çılğın və emosional Bricitdir.

Bir tərəfdə isə Göte və Heminqueyin görüşündən doğan unikal ədəbi estetika. Heminquey və Göte tarxin, sənətin və yaddaşın yolayrıcı.

Kunderanın ölümsüzlük axtarışı dini-mistik məna daşımır. “Ölümsüzlük” varlığın “ağırlıq və yüngüllük bürcünü” seçmək arzusudur.

Anyesin bədbin əhvalı, həyata pessimist baxışı ölümlə barışmaqdır. Loranın sonsuz yaşamaq istəyi ölümsüzlük çabasıdır.

Ernest Hemingway

Ernest Hemingway

Yaşamaq, var olmaq Anyesi sıxır. İşdə, evdə, hər yerdə tək qalmaq onun çarəsiz təsəllisidir. Anyes qocaldığını hiss etdiyi gündən ətrafında onu izləyən bir kameranın mövcudluğuna inanır. Hər şeydən qaçmasının səbəbi budur: Özündən qaça bilməmək!

Ölümsüzlük, əbədiyyət məfhumları özündən qaça bilməməyin yanında necə də sönük və mənasız görünür.

Kundera zidd xarakterli bacılar vasitəsilə ruhla bədənin istəklərini toqquşdurur. Hər iki bacının həyatı simvolların dili ilə hörülmüş estetik labirintdir.

Lora, Anyesin tam əksidir. Anyes təbiiliyini itirən dünyadan qaçmaq istəyən insanlığın taleyidir. Lora var olmağın başgicəlləndirən xəfifliyi. Bacılar yaradılışın iki yönünü təmsil edirlər: Ölüm və Ölümsüzlük.

"Ölümsüzlük" romanının ingiliscə bir nəşrinin üz qabığı

"Ölümsüzlük" romanının ingiliscə bir nəşrinin üz qabığı

“Ölümsüzlük” romanı tarixin yaddaş səhnəsini yeniləyir. Çılğın və emosional Heminquey və pessimist Göte qarşımıza çıxır. Ölümsüzlük anlayışı genişlənərək məişət və sənət səviyyəsində iki paralelə çevrilir.

Digər əsərlərində səhnənin arxa fonunda dayanan təhkiyəçi Kundera bu dəfə roman xarakterlərindən biridir.

Kundera Heminqueylə Göteni tarixin yaddaş səhnəsini təzələmək üçün diriltmir.

Heminqueyin şiddətli yazmaq arzusu ölümündən sonra onun haqqında yazılan bioqarfiyalarla yer dəyişir. Halbuki, o, kitablarını oxunmaq və tanınmaq ehtirası ilə yazmışdı.

Heminquey, Göte ilə görüşündə bu xoşagəlməz vəziyyəti tənqid edir. O, şəxsi həyatı ilə deyil, min bir əzab-əziyyətlə yazdığı romanları ilə ölümsüz olmaq istəmişdi.

İntihar nəticəsində baş verən ölüm hadisəsi qoca ilə dənizin kədərli əhvalatından daha çox səs-küy yaradır tarixin gələcək stansiyasında. Məhz bu məqamda “Ölümsüzlük” romanı “Vergilinin ölümü” ilə səsləşir.

Johann Wolfgang Goethe

Johann Wolfgang Goethe

Gələcəyə sözmü, əfsanələşən əhvalatlarmı çatacaq? Heminquey sadəcə bir vasitədir. Götenin özü də. Bəs Götedən nə qalıb? Sidiyini saxlaya bilməyən axmaq qoca ilə bənövşə qoxulu qızcığazın eşqbazlığımı? Göte və Bettina macəralarının “Faust”dan daha çox oxunmasının səbəbi nədir?

Bəlkə də sənətin ölümsüzlük illüziyasına qapılmışıq. Heç nəyə və heç kəsə fikir verməməliyik. “Öz varlığımızın hansısa hissəsi ilə vaxtdan kənarda yaşama”ğın ləzzətini dadmalıyıq. Vaxtı özümüzə tabe etməyin daha başaqa yollarını tapmalıyıq.

Zamanın bizə tabe olması ölümsüzlüyə sözün həqiqi mənasında qovuşmaqdır. Düşün ki, zaman səndən asılıdır, sən zamandan yox. Vaxtı özünə tabe etmək isə yazıda, roman sənətində mümkündür.

“Ölümsüzlük” romanı Kunderanın 65 yaşlı bir qadının təbəssümlü əl işarəsinə şahid olmasından doğulur. Hovuzda üzmək öyrənən yaşlı qadın gənc məşqçi ilə vidalaşarkən qeyri-ixtiyari 20 yaşlı bir qadın ədası sərgiləyir.

Yaşlı xanımın hərəkəti təhtəlşüurun təbii bir diktəsidir. Zamana tabe olmamaq, ölümsüzlük, o gözəl və hüznlü əl işarəsidir. Zaman deyir ki, sən qocasan. Qadın gözəlliyi, qadın estetikası onun əksini sübut edir. Deməli, ölümsüzlük qadın təbiətinin sirli davranışlarında gizlənirmiş.

Bizlər bundan xəbərsiz, hər gün daha bir addım ölümə doğru gedirmişik. Sevdiyimiz qadında yeni və gözəl şeylər kəşf etmək əvəzinə öz “mən”liyimizdə boğulurmuşuq. Zamanı özünə kölə edən qadın bədəni şəfqətli oxşamalardan məhrum imiş şəhvət torbasına çevrilənlərin yanında. Mutantlaşan hisslər həmişəbahar qadın bədənini qurudurmuş.

Milan Kunderanın "Bilməmək" romanı

Milan Kunderanın "Bilməmək" romanı

Ah, İrena, ahhh! Mən səni duymayan, səni bilməyən cəhalətin dəhşətini indi başa düşürəm. İrena, mən sənin yanında olsam, səni əsla tərk etməzdim.

(İrena - "Bilməmək" romanının qəhrəmanı - red.)

Yanında olsam, yalqızlığın nə olduğunu yaşatmazdım sənə. Yanında olsam, səni heç nəyə məcbur etməzdim. Yanında olsam, sən olardım. Nə istədiyini anlmağıma bircə baxışın bəsiydi. Bircə gülümsəməyin. Bircə toxunuşun məni də ölümsüz edərdi, İrena.

İrena, bəlkə mən Josef deyiləm. Dərim də ağ deyil. Heç yaraşıqlı da sayılmaram. Nə çex, nə də fransız dilini bilirəm. Ancaq qadın dilini ki, öyrənmişəm “Ölümsüzlük” adlı bir məktubun sətirlərində. Hiss edə-edə, yaşaya-yaşaya, İrena!..

Milan Kundera sənətin yaddşaş səhnəsini ən xırda detalların içindən çəkib gətirir rənarəng xarakter maskaları geyinmiş bir karnavala.

"Faust" filmindən görüntü. Rejissor: F.W. Murnau

"Faust" filmindən görüntü. Rejissor: F.W. Murnau

Heminquey və Götedən qalan sözlər də ölümsüzlük iksirinin dadlı bir növüdür. Göte əsrlərdir alqışlanan və oxunan “Faust”un arxasında gizlənən dəyərlərin ölümsüz qəhrəmanıdır.

Heminquey fırtınalı dənizlə mübarizə aparan qocanın simasında zamana qarşı savaşın əbədi iradəsidir. “Ölümsüzlük” ədəbiyyatı da öz mövzu dairəsinə alır. Roman sənətinin “kəşflər həlqəsinə” “Ölümsüzlük” də qoşulur.

Parissiz ədəbiyyat necə olardı

Woody Allen

Woody Allen

“Ölümsüzlük” (1988) romanının Vudi Allenin “Parisdə gecəyarı” (2011) filminə ilham verdiyini düşünmək mənə ləzzət verir.

Allen 2011-ci ildə yaşayan Gili hər gecə sehrli bir maşınla 1930-cu illərin Parisinə aparır. Gil yazmaq ehtirası ilə alışıb-yanır. Deməli, Gil də darıxır, Gil də ölümsüzlük axtarışındadır. Ona yazı mühiti lazımdır.

Sevgilisi ilə Parisə səyahət edən Gil keçmişi, Coysun Parisdə yaşadığı vaxtları xəyal edir. Gilin ədəbiyyatla bağlı söhbətləri nişanlısına maraqlı deyil.

Deyingən sevgili və başa düşülməmək Gili gecələr Paris küçələrini gəzməyə sövq edir. Hər gecə kilsə zəngindən sonra 30-cu illərə sirli səyahət başlanır. Heminquey, Fitzcerald, Salvador Doli, Jan Kokto və Pablo Pikasso ilə görüş Gilin xəyal dünyasında təlatüm yaradır.

F.Scott Fitzgerald

F.Scott Fitzgerald

"Mühit bərabərdi yaradıcılıq" tandemi əsrarəngiz atmosferdə təqdim olunur.

Gil Parisdə olsa da, Fitzceraldın “Möhtəşəm Getsbi” romanının – Caz dövrü Amerikasının da ab-havası duyulur. Gilin daxilindəki axtarış və sənət ehtirası onu XIX əsrə, Pol Qoqen və Van Qoqun yaşadığı zəmanəyə, Parisə çəkir.

Paris! Sən hamını özünə heyran qoymusan!..

Bayağılıq və tanrısız dünya

Kundera “Ölümsüzlük” romanında sadə bir insan həyatını dünyaca məşhur Göte və Heminqueylərin ömründən ayırmır.

“Ölümsüzlük” hadisə və şəxsləri insanın var olmağı problemi ətrafında birləşdirir. Anyesin kiçik bir təbəssümü estetik identifikasiya yaradır. Onun varlığı sayəsində ölümsüzlük formulu kəşf olunur. Anyes və digərləri bir hərəkətdən, bir baxışdan, bir toxunuşdan doğan xəyali obrazlardır.

“Ölümsüzlük” sənətin adi bir hərəkətdən xarüqələr yaratma gücünə nümunədir: “Bunu bütün romanlar haqda söyləmək mümkündür... Əgər Sterne, Diderot, Qombroviç, Vankura, Qrass, Qadda, Fuentes, Qarsia Markes, Kiş, Qoytisolo, Çamoysa, Salman Rüşdü öz romanlarında Rablenin çılğınlığının sədasını eşitməsələrdi, ondan indiyə nə qalardı?!

***

Kundera öz roman tarixini üç dəyərli mətni ilə yazır: “Gülüşün və Unuduluşun kitabı”, “Varlığın dözülməz yüngüllüyü” və “Ölümsüzlük”. Trilogiya da hesab olunan bu romanları birləşdirən ən böyük özəllik “kitsch”dir.

Milan Kunderanın romanı

Milan Kunderanın romanı

Kitsch - “bayağı sənət” və ya “yüngül, “ ucuz”, “qeyri-ciddi” mənalarını ifadə edir. Kundera, “kitsch” kəlməsini həyatın, varlığın bayağı vəziyyəti ilə birləşdirir.

“Varlığın dözülməz yüngüllüyü” bayağılığa tamam fərqli bucaqdan baxışın estetikasıdır.

Tomaş texnoloji inkişafın yüksəkliyi ilə dünyadakı təbiiliyin itməsi bucağı altında yaşaya bilmədiyini dərk edir. Artıq tanrı da dünyadan əl-ətəyini çəkib, gözəllik və alilik məfhumu bayağılığa çevrilib. Ən ali varlıq hesab olunan “tanrı” ilə “nəcis” arasında heç bir fərq yoxdur.

Yaşamaq Tomaşa dözülməz yüngüllük bəxş edir. Praqa işğal edilib, “insanlar” öz əyləncəsindən geri qalmır. Elə Tomaşın özü də hər gün fərqli bir qadınla unutmağa çalışır var olmaqdakı yüngüllüyü.

Praqadan hicrət etmək də işə yaramır. Eyni monoton ritual davam etməkdədir. Yaşamağın yüngüllük bürcündən xilas olmaq lazımdır. Tomaş ölümü, daha ağır bürcü arzulayır. Tomaş dünyanın sonsuz, əbədi olmamasına tab gətirə bilmədiyi üçün yaşmaq mənasızlaşıb.

“Ölümszülük”dəki Anyes də həyatın sonlu olmasını qəbul edə bilmir. O, ölümsüz olmağı arzulayır. Həyat onun üçün də bayağılaşıb. Yenə də Anyesin ölümü Tomaşınkına bənzəmir. O, daha çox Tereza kimi zərif və incədir.

Tereza ilə Anyesin oxşarlığı qadın olduqları üçün deyil. Terezanın əksi Sabina da var. Sabina varlığın ağırlıq bürcünü - yaşamağı seçənlərdəndir. Eynilə Lora kimi. Sabina və Lora hər şeyə rəğmən yaşamağa ehtiraslı bağlılığı simvollaşdırırlar.

Sabina Kunderanın yaratdığı ən güclü xarakterdir. Sabina Tomaşla intim əlaqələr zamanı sərgilədiyi performansı həyata qarşı mübarizədə də göstərir. “Varlığın dözülməz yüngüllüyü” həyat və ölüm, təbiilik və sünilik, tanrı və insan... tematikasında ekzistensial ekisperimentlər aparır.

Kundera “Gülüşün və unuduluşun kitabı”nda olduğu kimi, xarakterləri sözlərlə şifrələyib: “Tereza üçün bədən, ruh, başgicəllənmə, zəiflik, məsum eşq, cənnət, Tomaş üçün xəfiflik, ağırlıq” yaradılışın probelimidir. Frans və Sabina üçün “qadın, sədaqət, xəyanət, musiqi, qaranlıq, işıq, kortej, gözəllik, vətən, qəbiristanlıq, güc”. Bu ifadələr “hadisələrin içində, müxtəlif vəziyyətlərdə addım-adım ifşa edir özünü”.

Tomaş və Tereza ölümə - ağırlığa qovuşurlar. Frans və Sabina vətən və seksə olan istəklərini itirirlər. Bəs bütün bunlar baş verərkən tanrı hardadır? O, yoxa çıxır. Tanrı dünyada baş verən kosmoqonik deformasiyanın qarşısnı ala bilmir. Tanrı insan təbiətini dəyişə bilmir. Ölümsüz sandığımız tanrı belə, ölüb artıq.

Terezanın ölümü insanlığın ölümünə işarədir. Yer üzündə sadəlövh və zəif insanlara yer yoxdur. Tanrısız və insansız dünya belə formalaşır.

Carlos Fuentes

Carlos Fuentes

Roman sənətinin unudulmaz imzası Karlos Fuentes (1928-2012) ölümündən qabaq yazdığı “Fridrix öz balkonunda” əsərində tanrının ölümünü “kitsch”ləşdirir. “Tanrı öldü” deyən Nitşeni dirildən tanrı (Fuentes) onu Meksikada baş verən siyasi – bürokratik qarşıdurmaların içinə salır.

Dahi Nitşe despot rejimin əməllərindən baş açmır. Roman kəskin ironiya xəmiri ilə yoğrulub. Tanrı sağ olsa da, şeytanlaşan bürokratiyanın murdarlığını dərk edə bilmir.

"Daphnis və Chloe" tamaşası. Müəllifi haqda məlumat qalmamış, 2-ci əsrdə yazılmış bir roman əsasında

"Daphnis və Chloe" tamaşası. Müəllifi haqda məlumat qalmamış, 2-ci əsrdə yazılmış bir roman əsasında

Bu məqamda Kunderanın “kitsch”, bayağılıq metaforu işə düşür: “Bu hər şeyi gözəl göstərən yalançı aynadan özünə bxmaq və orada həyəcanlı bir razılıqla özünü tanımaq ehtiyacıdır”.

“Ölümsüzlük”, “Varlığın dözülməz yüngüllüyü” və “Gülüşün və unuduluşun kitabı”nın yalançı aynası sonsuz bir ehtirasla yaşamaq istəyən insanın bayağı olan ölümlə barışması həqiqətini göstərir.

Qətiyyən ümidsizliyə qapılmayaq. Mübarziə meydanı olan həyatda ən böyük düşmənimiz ümidsizlikdir axı. Kundera hüzurlu yaşamağın formulunu həyatı yavaş-yavaş, asta-asta yaşamaqda görür. Dadını çıxaraq həyatın.

Bir də oxuyaq! Nəyi oxuyaq desəniz, “Dafna və Xloy” adlı sevgililərin ixtiyarsız sevgilərini deyirəm. Sevgi və qadının ən gözəl ifadəsini tapan kitabı. “Hər kəs üçün şəfa” olan kitabı. Axı qadın gözəlliyini sevmək ixtiyarsızdır. O, olduğu üçün gözəldi. Bir quşun uçuşu, bir günəşin doğuşu kimi!..

Günün bütün mövzuları

XS
SM
MD
LG