Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:21

İnsan öləridir. Bəs söz? Virgildən Kunderaya


Ülvi Babasoy
Ülvi Babasoy

-

"Şairə baş çəkməyə gələn Platon bu qərardan sarsılır."

"Zamanın amansız məhkəmələrində heçliyinə hökm oxunan (y)azarlara dərs verir."

Herman Broch, Virgil, Homer, James Joyce, Milan Kundera ətrafında

Ülvi Babasoy

Dəniz

Hermann Broch “Vergilinin ölümü” romanında qədim Roma şairi Vergilinin (Virgil) ömrünün son 18 saatını ölümsüzləşdirir.

Hermann Broch
Hermann Broch

Şairin həyatı saniyə-saniyə, dəqiqəbədəqiqə sona yaxınlaşarkən o, öz yazdığı şeir-nəğmələrin sehrli, utopik atmosferinə düşür. Geri qayıdılması mümkünsüz bu dünya necə də gözəldir.

Ölümlü insan necə etməli ki, həyatı əbədiləşsin?! Ölümlü insan nə etsin ki, günəşli gündüzlərdən, ulduzlu gecələrdən xəbərsiz şəkildə torpağa qarışarkən bu gözəl dünyada o da anılsın?!

"Virgilin ölümü"
"Virgilin ölümü"

Heç olmasa dənizlərin maviliyində, meşələrin yaşıllığında, quşların nəğmələrində...

Heç olmasa qadın dodağındakı şirinliyin yoxluğunda, bir ananın şəfqətli oxşamalarında...

Bunlar da olmasa, çəkdiyi siqaretin tüstüsündə...

(- İndi eramızdan əvvəlin 19-cu ilindəyik, ay Ülvi. Brindisi limanında. Bax, o göyərtədən həsir içində yerə endirilən xəstə, şair Vergilidir.

- Düz deyirsən e. Vergilinin dövründə siqaret varıydı ki? Hər nə isə. O qalsın sonraya, dostum. Yaxşı, ən azından bir çobanın yandırdığı təzəyin qoxusunda...)

Gülümsəməkdə. Həyatın mənası da bu imiş. Bir təbəssümlə bütün çirkinliklər gözəlliklə əvəz olunurmuş. Bir təbəssüm ölümün özünü belə, öldürürmüş.

İnsan “çöhrəsində” sevinc yaradan, həyatı gülümsəməklə mənalı qılan o iksirin adı - Söz imiş!

Virgil büstü
Virgil büstü

Vergili (qədim Roma şairi, yeni epik poeziyanın yaradıcısı sayılır - red.) ömrünün son anında sözün tən ortasında dayanan azadlıqla köləliyi, gerçək sənətlə məddahlığı çirkinləşməyən, insan müdaxiləsinə məruz qalmayan təbiətin gözəlliyində dərk edir.

Söz insanı əbədiyyətə də qovuşdura bilər, kölə də edə bilər.

Sözü şəxsi mənafeyi və yaltaqlığa xərcləyən elə o andaca ölmüşdür.

Söz fərdin, sonra da bütün insanlığın xilaskarıdır.

Sənətə doğru uzanan yol sözü duymaqdan başlayır. Sözü duymağın ardınca sözə xəyanət etməmək gəlir. Sözü şəxsi mənafeyi və yaltaqlığa xərcləyən elə o andaca ölmüşdür.

Sənətkar söz mərtəbəsinə ucala bilibsə, onun üçün son yoxdur.

Brox həyatla bağları qopan şairin son 18 saatında sənətin, ədəbiyyatın nəyə yaradığına cavab axtarır. Vergili ucsuz-bucaqsız dənizin qoynunda yol alan gəmidəki insanları seyr edir: Bir tərəfdə sonsuz bir acgözlüklə yeyib-içən saray əyanları həyatın “ləzzətini” dadırlar. Digər tərəfdə, qıırmanclanan kölələrin iniltiləri.

Əvvəllər gözü kor olan şair belə səhnələrə şahid olmamışdı.

Korluq! Korluq nisbi anlayış deyilmi? Haqsızlıqlar və çirkinliklər qarşısında susanlar da kor deyilmi?

Dəniz, Broxun qələmində estetik dekordur. Gəmi də həmçinin. Gəmi həyat dənizində atılıb-tutulan insanın simvoludur. Vergili dənizin qoynunda çalxalanan insan həyatlarına şahid olmağın dözülməz xəfifliyini yaşayır.

Dünyanın təbii halı kimi təqdim olunan ədalətsizliklər Vergilinin özünə verdiyi ölümsüz sualı doğurur: “Mən, mübaliğəli, təriflərə qərq olmuş misralarımla dünyanın halında bir dəyişiklik yarada bildimmi?”

İnkvizitor

Brox, şair Vergilinin həyatı fonunda sənətin zəruriliyini sorğulayır. Ölüm yatağında olan şair şah əsəri olan "Aeneid"-i yandırmaq istəyir. Səbəb?

Virgilin "Aeneid" əsəri
Virgilin "Aeneid" əsəri

“Arxada həqiqətlə bağlı olmayan heç bir şey” buraxmaq istəmir.

Vergiliyə görə, yazdıqları həqiqəti ifadə etməyib.

​Şairə baş çəkməyə gələn Platon bu qərardan sarsılır.

Vergiliyə bildirirlər ki, “Aeneid” təkcə sənin deyil, o, artıq Romanın sərvətidir. Hətta imperator Oktavian Avqust da şairi israrlı qərarından əl çəkməyə səsləyir.

Vergilinin cavabı isə bütün zamanlar üçün ibrətli epiqrafdır:

“Ölümsüz olan tək nəsnə həqiqətdir, sadəcə gerçəkliyin içindəki ölüm həqiqətdir. Kim ki, gözlərini qapayır, ancaq, o, görə bilən korluğun və taleyin öhdəsindən gələ bilmək hissinə qovuşur”.

Avqust şairi fikrindən daşındırmaqda niyə bu qədər israrlıdır? Bəlkə onu maraqlandıran nəslinin şanlı tarixini, babası Eneyin (Aeneas) qəhrəmanlıqlarını gələcəyə ötürə bilməmək qayğısıdır?!

“Aeneid”də yazılanlar həqiqətdirsə, narahat olmağa ehtiyac varmı?! Sənət və sənətkar dövlətdən, hansısa totalitar qurumdan asılı olmalıdırmı?

Herman Brox, Vergilinin ekzistensiyasını, daxili monoloqlar şəklində, eramızdan əvvəldən alıb gətirir dövrümüzə.

Şairlə digər xarakterlərin monoloqları azadlıq və köləlik, yalan və həqiqət, gözəllik və çirkinlik axtarışında olan Brox və Vergili üçün ölçü vahidi olur.

Dövrün məddahları rəncidə olmasınlar:

XX yüzilin və eləcə də bütün dövrlərin ən yaxşı kitablarından olan “Vergilinin ölümü” sözün azadlıq kitabəsidir. Tanrıdan gələn söz, yenidən ona - tanrıya qovuşa bilməsi üçün şirin yalanlar deyil, acı həqiqətlər danışmalıdır. Susmaq olmaz bu anda. Heç boş-boş danışmaq da.

Vay halımıza

“Vergilinin ölümü”ndə mimezis estetikası ilə modern roman texnikasının birgəliyi həyatı oxuya bilməyin mənalı məktubuna çevrilir.

Bəzi məqamlarda amansız fəlsəfi suallara çavab axtaran filosof Brox (Vergili), sözün musiqili, estetik dünyasına daxil olmağı da bacarır.

Fəlsəfənin mücərrəd, nəzəri dünyası romanın əyani, ruhi–psixoloji yaşantısına qovuşur.

Elə bu zaman Broxun “Vergilinin ölümü”nə “romanın və qərb sənətinin şah əsəri” deyə bilmək cəsarəti hiss edirəm özümdə. Çünki sənət ən xırda detallarına qədər sənətin özündə dəyər qazanır. Sənət sənətin predmeti olur.

“Vergilinin ölümü” romanının baş qəhrəmanı ədəbiyyatın özüdür. Vergili xarakteri sadəcə fikirlərin sənətə qovuşduğu məqamdır. Ədəbiyyat öz avtoportretini rəsm edir.

Herman Brox “Ədəbiyyat və fəlsəfə” kitabının “sistematik estetika” nəzəriyyəsini “Vergilinin ölümü” romanında tətbiq edir.

Hiss və duyğuların bədii aura yaratması üçün onları fəlsəfi fikirlər tonunda deyil, estetik zövqlə, gözəlliklə təqdim etməli, - deyir Brox. Vergilinin təbiətlə ünsiyyətindəki səhnələrin gözəlliyi buna ən məqbul nümunədir.

Mətnin ritm və simmetriyası cazibə mərkəzi yaratmalıdır: Romanakı klassika ilə modernliyin cəmi bəs deyil?

Estetik seleksiyalar və ədəbi informasiyaların zənginliyi “tənqidə” qapı açmalıdır. Vergilinin timsalında bütün sənət tarixi tənqid olunmurmu?

Homer. Rəssam S.Polisçuk
Homer. Rəssam S.Polisçuk

“Aeneid”in Roma imperiyası ilə birlikdə əbədi qalacağı yalanına şairi inandıra bilmirlər. Homerin və “Odissey” əsərinin əbədi olduğuna da.

Vergili, Homeri “tanrıların müjdəçisi” adlandırır. Ancaq dünyada heç nəyin əbədi olmaması da şairi narahat edir.

Vergilinin özünə və sözünə qarşı amansız rəftarı despot iqtidarların əbədi olacağına inanıb onlara təriflər yağdıran və bununla da zamanın amansız məhkəmələrində heçliyinə hökm oxunan (y)azarlara dərs verir.

Şairin ölümü, adına “Aeneid” deyilən sözün dadında, qoxusunda və rəngində ölümsüzləşir. Bəlkə də əsrlər sonra yazılan “Ölümsüzlük” (Milan Kundera) romanı öz metafizik gücünü oradan alır.

Dirilişin gözəlliyi

Əfsanəvi teatr rejissoru Bertolt Brext sənəti təkrarlanan, bezdirici eynilikdən xilas etməyə çalışırdı.

Bertolt Brecht
Bertolt Brecht

Brextin düşüncə dünyasına görə, teatr sənətlə həyatın fövqünə qalxmalıdır. Səhnələşdirilən dram əsəri həyatı da, sənəti də özünə tabe etməli.

Brext fərqli kompozisiya və səhnə dizaynı ilə inqilab etdi.

Tamaşaçıları səhnədəki misilsiz həyati dekorasiya ilə heyrətləndirən rejissor, qəfildən arxa fonda baş verən prosesləri göstərirdi.

Teatr salonu heyrət və həyəcan atmosferinə büründü. Həyatın təbiiliyi ilə sənətin süniliyi eyni estetik müstəvidə hərəkət edirdi. Hətta hansının daha orqanik və təbii olması müzakirə obyektindən çıxırdı.

Köhnəlmiş hesab edilən mimezis estetikası yeni və fərqli teatr obrazının içində əriyirdi. Sən demə, şair – dramaturq Brextin xəyal gücü bənzərsiz teatr rejissorunun doğumuna hamilə imiş.

Milan Kundera
Milan Kundera

Milan Kundera “Ölümsüzlük” romanında ölümdən sonra yaşamağın sirrini tapmağa çalışır.

Brextin teatrda etdiyi yenilikləri Kundera roman sənətində gerçəkləşdirir.

Romanda həyata ilıq bir nəfəs qədər yaxın olduğun anda qəflətən hər şey dəyişir. Baş verən hadisələrin xəyali bir tapmaca, şirin bir yalan olması ilə barışırsan.

“Ölümsüzlük” əsərinə qədər yazılan Kundera romanları "Praqa baharı" fonunda mənalanırdı. Despot rejimin qurbanı olan insanlar və onların susqunluğundan, vecsiz davranışlarından doğan faciələr qabarıq idi.

Çexiya ziyalılarının taleyi varlığın olmaq, ya olmamaq mübarizəsinə çevrilmişdi. Siyasi qarşıdurmaların şəxsi həyatlara təsiri estetik metafor idi.

Unutmayaq ki, Kundera əvvəlki əsərlərində də roman dünyasnı siyasiləşdirmir. Sadəcə siyasətə romanın kiçik bir obrazı səviyyəsində dəyər verilir. Siyasi çirkinliklərin yumoristik illüstrasiyası fərdi düşünməyə, azad və hüzurlu yaşamağa səsləyir.

Yoxsa həyatı sənətlə kəşf etməyə çalışan romançı siyasətə zərrə qədər yer verməzdi əsərlərində.

Milan Kunderanın "Ölümsüzlük" romanının ABŞ nəşrinin üz qabığından görüntü
Milan Kunderanın "Ölümsüzlük" romanının ABŞ nəşrinin üz qabığından görüntü

Necə ki, “Ölümsüzlük”dən illər sonra yazdığı “Bilməmək” romanında Praqanın Sovet qoşunları tərəfindən işğalı nəticəsində İrena və əri Parisə köçməyə məcbur olurlar.

Əri vəfat edən İreanın həyatını yalqızlıq bürüyür. İrenanın yalqızlığı təkcə fiziki məna ifadə etmir, onun düşüncələri, hiss və həyəcanları da tənhadır.

Kundera insanın bilinməyən, başa düşülməyən arzularını kitablaşdırır. İrena Parisdə gənclik illərindən tanıdığı Cozeflə qarşılaşır. Cozef də, İrena da Praqadan mühacirət ediblər.

Əslində isə onların həyatındakı mənəvi mühacirət obrazlaşdırılır. Özün özdən hicrəti. Varlığın böyük problemi. İnsan özünü bilmirsə, qarşısındakını necə anlayacaq.

Yad məmləkətdə onları başa düşən yoxdur...

Milan Kunderanın "Bilməmək" romanının ABŞ nəşrinin üz qabığından görüntü
Milan Kunderanın "Bilməmək" romanının ABŞ nəşrinin üz qabığından görüntü

“Bilməmək” romanı Homerin “Odissey” əsərinin dekontsruksiyasıdır.

Ölkəsindən və ailəsindən ayrı düşən Odissey bilməklə bilməməyin arasında qalır. Odisseyin başına gələn faciələr insan haqda məlumat toplayan Homerin (tanrıların) tələsidir.

Həyat tələsində öz canının hayına qalmaq da var, başqalarını düşünmək kimi incəlik də.

Odissey yaşadığı ağır sınaqların hamısında gözəl Penelopa və ölkəsini düşünür. Penelopa xarakteri hadisələrin düyün nöqtəsidir. Penelopa özünü və ətrafını duya bilən, hər şeyi ağıl və hisslərinin süzgəcindən keçirən ekzotik qadın fenomenidir. O, hisslərinə məğlub olmur. Hər bir yolla vəziyyətdən çıxmağa və Odisseyə sadiq qalmağa çalışır.

Kundera “Bilməmək”də daxilimizdən yavaş-yavaş uzaqlaşan fədəkarlıq hissini unutmağımızın modern dastanını yazır. “Biməmək” XXI yüzilin “Odisseya”sıdır. İçlə çölün yer dəyişdiyi bir dünyanın epopeyası.

“Odissey” dastanında daha çox xaricdən gələn bəlaların dinamik dramatizmi qabarıqdır. “Bilməmək” romanında isə duyğuların sentimental tonu sarsıdıcıdır.

Jozef beynin, İrena ürəyin təlqin etdiyi dəyərlərin obrazıdır.

James Joyce. "Ulysses"
James Joyce. "Ulysses"

Kundera, Ceyms Coysun (James Joyce) “Uliss”də getdiyi yoldan getmir. Coys da “Uliss” romanında “Odissey” dastanını transformasiya edir.

Coys hər nə qədər kult sənət hadisəsi yaratsa da, qatı ağılmərkəzçilik mətni duyğu estetikasından məhrum edir. Kundera intellektlə emosiyanın nataraz dünyasından ədəbi varikoz effekti yaradır.

Eyni göy qubbəsinin altında yaşayan insanlığın faciəsi Joseflə İrenanın mənasız “eşq”inin içinə yığılır. Bu iki insanın münasibətlərini böyütsək, bütün dünyanın mənasız və donuq tablosu qarşımıza çıxır: anlamamaqdan doğan qeyri-müəyyən bir həyat hekayəti.

“Bilməmək” empati hissindən məhrumluğun kədərli notlarıdır. Qəlbimizin həssas nöqtələrinə toxunan Kundera İrena və Jozefə baxıb nəticə çıxarmağımızı arzu edir.

“Bilməmək” də zahiri qınaq obyekti işğalçı rejim və buna razı olan xalqın ziyalılarıdır. Həqiqət payı da az deyil. Həyatın melanxolik çıxılmazlıqları isə hər şeyi, bütün səbəb və bəhanələri üstələyir.

Kundera çətin həyat tapmacasını sənətin estetik sadəliyi ilə çözməyə çalışır. Açması: Cəhalət! Romanın orijinal adı “L'Ignorance”dir. Fransız dilindən hərfi və sərt tərcüməsi “Cəhalət” adlanır.

Kundera “Ölümsüzlük” romanında...

(ardı var)

XS
SM
MD
LG