Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:31

Azərbaycanda intihar təkcə intihar edənin qərarı deyil


Pərvnə Rəhimli
Pərvnə Rəhimli

-

"Biz insan olaraq mənəvi cəhətdən azad düşünməyi, problemlərimizi sadə həyat həqiqətləri kimi qəbul etməyi, gülümsəməyi, özümüzə güvənməyi bacarmırıq."

"2015-ci il noyabrın 23-dən dekabrın 4-dək 7 intihar hadisəsi baş verib. Bu, dəhşətli fakt, həyəcan siqnalı deyilmi?!

Pərvanə Rəhimli

Biz niyə xoşbəxt ola bilmirik?

2015-ci il ədəbiyyat üzrə Nobel mükafatı sahibi Svetlana Aleksiyeviçin fikrinə görə, “Post-sovet ölkələrindən olan insanlar tək mövcud ola bilmirlər, bu, onların gücündə deyil. Çünki onlar anadan olur, - hansısa kolletivlik ruhunda böyüyürlər.”

Məktəblilər
Məktəblilər

Uşaqlığımın müəyyən qismi sovet dövrü, daha sonra müharibə şəraitinə təsadüf etdiyindən, eləcə də sovet sərhədləri çərçivəsində böyümüş nəsillə təmasda böyüdüyümdən əmin olduğum bir həqiqət var:

Sovet insanı mənəvi cəhətdən heç vaxt azad ola bilmədiyi kimi, xoşbəxt də ola bilməyib. Hər zaman kollektiv rəyi nəzərə alaraq, qəlbindəki şəxsi duyğu, istəklərini dəfn edərək yaşamağa məhkum olub.

Azərbaycan da məhz post-sovet ölkəsi kimi kollektiv uğrunda təbliğat maşınının qaydalarına fokuslanan sistemə tabe olduğundan, təbii ki, mənəvi azadlıqdan məhrum bütöv bir nəsil yetişdirmişdi.

Müstəllik əldə etsək də, sovet rejimindən qurtulan millət azad düşüncə sahibi olmağa, mənəvi cəhətdən azad yaşamağa meyl etmədi. Əsla! Yaşlı və orta nəslin nümayəndələri müstəqil düşüncəli, yenilikçi, azad, alternativ seçim etməyə can atan gənc nəsli heç vaxt qəbul etmədi. Əksinə, hər zaman geriyə - sovet kollektivçilik ruhuna uyğun böyümüş nəsildən nümunə götürməyə səslədi.

Bakıda intihar
Bakıda intihar

Yeni düşüncə sahibi olmaq istəyən gənc nəsil də odla su arasında – qərarsızlıq panelində var-gəl etdi. İndi də edir... çünki bizi böyüdən valideynlərimiz, valideynlərimizin valideynləri mənəvi azadlıqdan, şəxsi xoşbəxtlikdən məhrum insanlar idi.

Sovetdənqalma ideyaların təbliğat töküntülərinə ikiəlli sarılıb övladlarını özlərinə bənzətməyə çalışan ata-anaların, maddi yoxsulluğun, işsizliyin, məmur özbaşınalığının yaratdığı süni problemlər fonunda gənc nəslin mənəvi deqradasiyası sürətləndi.

Nəticədə intiharlar ildən-ilə artmağa başladı.

Keçmiş zamana dönmək niyyətində deyiləm, gəlin elə son 10-12 gündə ölkə mətbuatında əksini tapan intihar sayına nəzər salaq:

2015-ci il noyabrın 23-dən dekabrın 4-dək 7 intihar hadisəsi baş verib. Bu, dəhşətli fakt, həyəcan siqnalı deyilmi?! Mən hansısa cinayət, qəza prosesindən, borca görə qətldən deyil, məhz özünü öldürmə cəhdindən danışıram.

İntihar edənlərin adlarını yazmadım. Yazımın məqsədi fərqlidir. Təqribən on gün müddətində istər beynəlxalq aləmdə, istərsə də vətəndaşı olduğumuz ölkədə baş vermiş hadisələr kifayət qədər gündəmdə oldu.

Nəinki Rusiya-Türkiyə, həmçinin Nardaran hadisələri fonunda sosial şəbəklər də daxil olmaqla, ziyalıdan tutmuş süfrə ətrafında əyləşən sadə vətəndaşadək hər kəs özünəməxsus şərhetmə mövqeyini sərgilədi.

Bərdədə intihar
Bərdədə intihar

Lakin bu on gündən artıq müddətdə ölkə mətbuatında və sosial şəbəkələrdə intihar hadisələrinə ciddi münasibət görmədim. Sosial şəbəkələrdə də sadəcə intihar qurbanlarının ünvanına “Allah günahlarından keçsin” tərzində biganə münasibətlə vətəndaş münasibəti əksini tapmış oldu.

İntihar qurbanlarının yaşına nəzər saldıqda isə mənzərə daha üzücü idi. Banka borcu olduğu üçün maşını zorla əlindən alınan, sonra özünü yandıran gənc 1981, dərdini deməyə adam tapmayıb boşanmaqdansa ölməyi üstün tutan azyaşlı uşaq anası 1990, Tibb Universitetinə 5 akademik borcu olub, tək istəyi öz həyatını yaşamaq olan tələbə 1993, işsiz yaşamağa dözməyib ölümə içki ilə ağrısız sarılacağını düşünən fəhlə 1987 təvəllüd idi...

Hər birimiz günahkarıq

Qurbanların özlərinə qəsd etmələrinə səbəb nədir? Təəssüf ki, bu intiharlar sosial problemlər, işsizlik və ailə münasibətlərində psixoloji dəstəkdən məhrum insanların çarəsiz durumlarından qaynaqlanır.

Bakıda intihar cəhdi
Bakıda intihar cəhdi

Biz insan olaraq mənəvi cəhətdən azad düşünməyi, problemlərimizi sadə həyat həqiqətləri kimi qəbul etməyi, gülümsəməyi, özümüzə güvənməyi bacarmırıq.

Məhz bu səbəblərdən bizi harınlığı və özbaşınalığı ilə boğaza yığan məmura etirazımızı intiharla bildirir, boşanmış və ya tənha qadın olaraq el qınağıyla, qohum-qardaş təzyiqi altında, iqtisadi və mənəvi müstəqillikdən məhrum həyat yaşamaqdansa ölməyi üstün bilirik.

Biz düşüncələrimizi yazılmamış tabu “qanunlar”dan təmizləyə bilmirik.

Ölkəmizdə intihara cəhd edənlərin əksəriyyəti (xüsusən son günlərdəki intihar halları) həyatın hər dadını dadıb yaşamağa qeyri-adi xoşbəxtlik tapmadıqları üçün deyil, mənəvi, iqtisadi tənəzzülə məruz qaldıqları, sosial problemlər labirintində boğulduqları üçün ümidsizləşib bu addımı atırlar.

Azərbaycan insanının intiharı təkcə intihar edənin qərarı deyil, onu buna sövq edən zəncirvari səbəblərin arxasında mənəvi azadlıqdan məhrum insanların “əməyi” də dayanır.

Son günlər intensivləşən bu prosesdə hər birimiz müəyyən dərəcədə günahkarıq ...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG