Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:45

Baş psixiatr kredit borcuna görə intiharları şərh edir


Gəray Gəraybəyli

Gəray Gəraybəyli

►İntiharlar artıb – 9-dan 90-a qədər

"İnsan başa düşsə ki, kredit borcu bununla həll olunmur, kiməsə müraciət eləmək, bir yol tapmaq olar, onda belə hallar baş verməzdi."

Son dövrlər, özəlliklə, nümayişkarcasına edilən intiharlar haqda xəbərlərə tez-tez rast gəlinir. Özünü cəmiyyət içində yandıran, hündürmərtəbəli binadan, körpüdən atanlarla bağlı xəbərlər çoxalıb. İntiharlar niyə artıb?

AzadlıqRadiosunun suallarını Azərbaycanın baş psixiatrı Gəray Gəraybəyli cavablandırır:

Gəray Gəraybəyli:

- İntihar hazırda bütün dünya ölkələrini əhatə edən böyük bir problemdir. Bütün dünyadakı proseslər bizə də aiddir. Həkim kimi deyə bilərəm ki, bu halların artması ilk növbədə depressiv, emosional pozuntuların artması və insanların stressə qarşı dözümlülüyünün azalması ilə bağlıdır. Xüsusən də cavan adamların. Son illərdə intiharın cavanlaşması da qeyd olunur. 50 il bundan əvvəl tək-tük intihar halları olurdu. İnkişaf edən həyat, tərəqqi, texnika, – bunlar hamısı insana əlavə yükdür. Bəzən insan buna dözmür. Hansısa məlumatlar, istər sosial, istər şəxsi yöndə stresli xəbərlər də intihara gətirib çıxara bilir. Adətən yaşlı adamlar hansısa xəstəlik, tənhalıqla bağlı özünə qəsd edir. Cavanlar isə daha çox məhəbbət, şəxsi həyatla bağlı özünə qıyır. Ancaq bu gün görürük ki, səbəblər təkcə bunlarla bağlı deyil. Digər səbəblər də var. Azərbaycana gəldikdə, bəli, istər biz psixiatrları, istərsə digər həkimləri – intiharların bütün dünyada artması, o cümlədən, Azərbaycandakı vəziyyət narahat eləyir.

Buna da bax: Çindən Azərbaycana qatarlar

– Son vaxtlar banklara kredit borcu olanların intihara əl atması haqda tez-tez eşidirik. Bu, Azərbaycan üçün yeni haldır?

- Mövzu yeni ola bilər. Ancaq, əslində, kökünə baxanda, yox, bu, təzə bir şey deyil. Çünki insan yaranmış vəziyyətdən heç bir çıxış yolu tapmayanda özünə qəsd edir. Səbəbi də müxtəlif ola bilər. Məsələn, banka kredit borcu var, ya da kiməsə, qonşusuna borcu var. Mahiyyətcə eyni şeydir. Daha dərinə baxsaq, yenə görəcəyik ki, bu, insanların yaranmış stress vəziyyətinə müqavimətinin, psixoloji müdafiəsinin bir qədər zəif olmasının təzahürüdür. Çünki insan başa düşsə ki, kredit borcu bununla həll olunmur, kiməsə müraciət eləmək, bir yol tapmaq olar, onda belə hallar baş verməzdi.

– Bu günlərdə mediada 9 yaşlı uşağın və 90 yaşlı qocanın intihar etməsi haqda xəbərlər yayıldı. İntiharın yaşı 9-dan 90-a qədərdir, yəni bu qədər əhatəlidir?

- İnsan özünü dərk eləyəndən hansısa psixoloji problemləri yaşaya bilir. Bu, təxminən ilkin məktəb yaşlarından başlayır. 13-14 il bundan əvvəl 5 yaşında uşaq özünə qəsd eləmişdi. Nə var, nə var, anasından pul istəyib, anası da deyib ki, “bizdə hardandır belə imkan?” O demək deyil ki, bu, klassik nümunədir və həmişə belə olur. Yox. O 9 yaşlı uşağın intiharı 90 yaşlı qocanın intiharından səbəbinə görə tamamilə fərqlənir. Hər yaşın özünün psixoloji xüsusiyyətləri olduğuna görə səbəblər və kritik vəziyyətlər müxtəlifdir.

Buna da bax: Bu, separatizmi boğmaqdı, yoxsa vicdan azadlığını?

– Uşaqlar niyə intihar edir? Hansı səbəblər var ki, uşaq fikirləşir ki, yaşamamalıdır?

- Dünyada bu yaşda olan intiharların analizi göstərir ki, uşaqların psixoloji müdafiəsi formalaşmadığından, bu, kiçik, ancaq çox güclü emosional reaksiya nəticəsində ola bilər. Hansısa bir söz, hansısa bir şərait onlara güclü təsir eləyəndə, cavabında yaranan kəskin emosional reaksiyası, o cümlədən, etiraz reaksiyası da ola bilər. Nəyisə sübut eləmək reaksiyası da ola bilər. O reaksiya yarananda tam düşünmək qabiliyyəti olmur. Ona görə də bəzən belə hallar baş verir. Bəzən bu yaşda intiharlar özünü kiməsə oxşatmaq üçündür. Faktiki olaraq həyatdan köçmək yox, kiməsə oxşatmaqdır. Adını xatırlamadığım məşhur bir Amerika filmi vardı. Həmin filmdə axırda iki məşhur qəhrəmanı asırlar. O kinonun nümayişindən sonra bir neçə uşaq məhz o tərzdə özünü asmışdı. (Ardı aşağıda)

Bakıda bankın qarşısında özünü yandırdı (Video)

– Son illər intihar edənlər arasında özünü yandırmaq da geniş yayılıb. Nəyə görə yandırmaq? Bu, diqqəti özünə, probleminə daha çox cəlb etmək üçündür?

- Bəli. İntiharlar monoloji və dioloji olur. Monoloji – insan şəxsiyyətinin hansısa münaqişəsi, problemidir. O problem onu tənha qoyur. Problemin həll olunmasını görmür. Çıxış yolu tapmadığına görə, yeganə çıxış yolunu özünü öldürməkdə görür. Bu, monolojidir. Adətən belə intiharlar arasında daha çox realizə olunmuş, yəni, ölümlə nəticələnmiş intiharlar yer alır. Adətən belə insanlar qabaqcadan xəbərdarlıq eləmirlər, hansısa yazılar yazmırlar. Bu intiharları qapalı yerdə, öz evlərində edirlər. Digəri isə diolojidir. Buna “nümayişkaranə intiharlar” deyilir. Bu insanın məqsədi daha çox öz intiharı ilə digər insanların, cəmiyyətin diqqətini öz probleminə cəlb eləməkdir. Ona görə də bu cür intiharları adətən hansısa meydanda, binanın qarşısında, küçədə eləyirlər. Nümayişkarlıq nöqteyi- nəzərindən intihar üsulunun ən parlağı özünü yandırmaqdır. Ancaq insanların çoxu bilmir ki, özünü yandırmaq üsulu parlaq və nümayişkaranə olsa da, insanın həyatı üçün böyük təhlükə daşıyır. Hətta onu vaxtında söndürsələr də, belə yanğının fəsadları insanın ölməsinə gətirib çıxarda bilir.

Buna da bax: Azərbaycanda bu adlar qadağan olundu

– Psixoloqlar deyir ki, ixtisaslaşmış mərkəzlər, peşəkar qurumlar olsa, intihar edənlərin çoxunu bu yoldan qaytarmaq mümkündür. İntiharların qarşısının alınması üçün hansı tədbirlər görülür, nələr planlaşdırılır?

- Bu yaxınlarda Səhiyyə Nazirliyində bununla bağlı xüsusi tədbir keçirildi. Müəyyən müzakirələr aparıldı. Təxirəsalınmaz, uzun gedişli tədbirlər planı hazırlanıb. Məsələn, cavanlar arasında depressiyalar, intihar cəhdlərinin aşkarlanması, ilkin səhiyyə sistemini yaxşılaşdırmaq məqsədilə intihar profilaktikası mövzusunda treninqlər keçirilməsi. Bu təlimlər poliklinikalarda psixi sağlamlıq sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulur. İnsanların, o cümlədən, gənclərin psixoloji çətinliyə, psixoloji münaqişə vəziyyətinə düşəndə hansı yol axtarması ilə bağlı tədbirlər planı hazırlanır. Biz istəyərdik Təhsil Nazirliyi ilə əməkdaşlıq edək. Bakı məktəblərindəki şagirdlərdə rast gəlinən emosional pozuntulara aid bizim mütəxəssilərin iştirakı ilə təlimatlar təqdim olunsun. İntiharların profilaktikası, psixi sağlamlıq haqqında məlumatların artırılmasına yönələn məlumatların çap edilib yayılması nəzərdə tutulur. Bu tədbirlər yaxın 3 ayda həyata keçirilməlidir. Bundan başqa, Səhiyyə Nazirliyinin rəhbərliyi ilə razılaşma əldə olunub. Biz bir qədər uzunmüddətli tədbirlər də hazırlamışıq.

– Vəziyyət o dərəcədədir ki, tibb ictimaiyyəti imkanlarını birləşdirmək qərarına gəldi?

- Bəli. Bu, hər bir cəmiyyətdə problemdir. Tədbirlər görülməlidir. Bacardığımız qədər fəaliyyətimizi bu məsələnin profilatikasına yönəltməliyik.

Kredit borcunu gecikdirdi və... macəra başlandı (Video)

Günün bütün mövzuları

XS
SM
MD
LG