Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:03

Radikal İslamdan çıxış yolu İnsan Hüquqları Bəyannaməsini tanımaqdır


Məhəmməd Müctəhid Şəbüstəri

Məhəmməd Müctəhid Şəbüstəri

-

"Rəsmi İslam fiqhi və kəlamı İŞİD və İŞİD-çilərin yaranması və çoxalmasına ortam yaradır."

"İD qruplaşmasının nəzəri təməllərini sarsıdan və ona zərbə vura biləcək yalnız və yalnız bir şey var: İnsan Haqları Bəyannaməsinin tanınması."

Aşağıdakı məqalədən götürülmüş bu sözlərin müəllifi Məhəmməd Müctəhid Şəbüstəri 1936-cı ildə İran Azərbaycanının Şəbüstər şəhərində anadan olub. O, müqayisəli dinşünaslıq, İslam fiqhi və Quranşünas olmaqla yanaşı, İranda Hermenevtika elminin təməlini qoyanlardan biridir.

M.M.Şəbüstəri İran İslam İnqilabından öncə Almaniyanın Hamburq şəhərində yerləşən İslamşünaslıq Mərkəzinin direktoru olub və İrana qayıtdıqdan sonra Tehran Universitetinin professoru kimi çalışıb.

İranın ən məşhur dinşünaslarından olan M.M.Şəbüstəri bu məqaləsində İD qruplaşmasının elə əsl İslam olduğunu iddia edir.

Müctəhid Şəbüstəri

"İŞİD-in nəzəri təməlləri" məqaləsi

Farscadan çevirən: Elşən Böyükvənd

"İŞİD"-dən “nəzəri düşüncələrinizin təməli nədir?” deyə soruşsaq, verəcəkləri cavab bunlardan ibarət ola bilər:

1. Allah əzəli-əbədi buyruqlarını Quran və hədislə bütün insanlara söyləməklə yanaşı, heç bir istisnaya yol vermədən həmin əmrləri şəxsi və ümumi yaşamımızda həyata keçirməyi vacib bilib.

2. Quran və sünnətdən alınan İslam fiqhinə əsasən Yer kürəsində İslam Xilafəti (İslam Dövləti) yaradıb Allah ehkamını yerinə yetirmək üçün biz müsəlmanlar mükəlləfik.

3. İlahi və şəriət vəzifəmizin nə olduğunu müəyyən etmək bizim üçün “höccət”dir (səbəb, dəlil). Bütün dünya bizim etdiklərimizə müxalif olsa da, “şərətin hökmünü” yerinə yetirməkdən imtina etməyəcəyik.

4. Hansısa dövlət, qrup və ya şəxs önümüzdə durub, İslam ehkamlarına əməl etməyimizi əngəlləməyə çalışsa, onları və bütün əngəlləri məhv edənə qədər döyüşəcəyik.

5. Yuxarıdakı nəzəri təməllərə əsaslanıb İslam Xilafəti yaradaraq, Allahın ehkamını icra etmişik. İslam Xilafəti yaratmağın, qadınları ev dustağı etməyin, xristianlardan cizyə almağın və döyüşdə əsir olan əsgərləri öldürməyin əsasını İslam fiqhindən götürmüşük.

Çağdaş dünyanın bütün mütəfəkkirlərini iztirab və qorxuya salan elə yuxarıdakı nəzəri düşüncələrin yayğınlaşması və kök salmasıdır.

Rəsmi İslam fiqhi və kəlamı çərçivəsində bu təhlükəli nəzəri təməllərin heç bir cavabı və ziddi yoxdur.

Həmin nəzəri düşüncələrin izniylə dünyanın müxtəlif yerlərində ara-sıra Allahın adına ortalığa çıxan şəxslər və qruplar beynəlxalq təhlükəsizlik və sülhü məhv etməyə qalxır, bütün iqtisadi, siyasi, ictimai qurumlar və toplumların mədəni mirasını məhv edir, dünyanı qanına qəltan edib, bütün rasional dəyərlər və düşüncələrin yerinə korazehnliyi və qaranlıq doğuran siyasi təfəkkürlərini gətirirlər. Bu təhlükəli nəzəri təməllərin ziddi nədir?

Rəsmi İslam fiqhi və kəlamı çərçivəsində bu təhlükəli nəzəri təməllərin heç bir cavabı və ziddi yoxdur, çünki elə "İŞİD"-in nəzəri təməlləri İslam fiqhi və kəlamından alındığına görə, ona ciddi irad tutmaq olmaz.

"İŞİD"-in nəzəri təməllərini sarsıdan və ona zərbə vura biləcək yalnız və yalnız bir şey var: “İnsan Haqları Bəyannaməsi”nin tanınması.

Çağdaş dünyada hansısa qrupun Allah adından istifadə etməsinin, toplumun səsi ilə hakimiyyətə gələn qüvvələri qiyam, siyasi zorakılıq və qeyri-mədəni yollarla devirib, millətin səsinə əhəmiyyət vermədən müstəbidlik etməyin haqsızlığı düşüncəsinin tanınması bu sayaq hərəkətlərin qarşısını ala bilər.

Beynəlxalq İnsan Hüquqları Bəyannaməsi

Beynəlxalq İnsan Hüquqları Bəyannaməsi

Siyasi stabilliyin yaranmasında iştirak edərək, onun qaydaları və siyasi gücün tətbiqi ilə qorunması hər bir toplumun bütün fərdlərinin hüququ və haqqıdır.

Qeyd etdiyimiz “İnsan Hüquqları Bəyannaməsi” bəşəri olduğuna görə, bütün dünya və toplumlarda tanınmalıdır.

İnsan haqlarının çağdaş dünyadakı doğruluğu və düzgünlüyü elə həmin təhlükəli nəzəri təməllərin ziddi və alternativi olmasındandır.

Ancaq rəsmi İslam fiqhi və kəlamı vurğuladığımız təhlükəli nəzəri təməllərə cavab verib, onları məhv etməkdə çarəsiz və aciz olmaqla yanaşı, "İŞİD" və "İŞİD"-çilərin yaranması və çoxalmasına ortam yaradır.

Bütün İslam alimləri, fəqihləri İnsan Haqlarını tanımaqla çağdaş dünyanın bir üzvü olub İslam mədəniyyətinin inkişafı və yaşamasına yardım edər, ən böyük və tarixi hərəkəti etmiş olarlar.

Biz müsəlmanların dini və tarixi vəzifəsi bundan ibarətdir, məncə.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG