Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:04

-

"Tale Bağırovu təhsil, insan haqları, ədalətli məhkəmə kimi sivil problemlərdən bəhs edən görmədik. Onun davası hicab, məscidlər, hicablı qadınların şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdirə bilməməsi, aşura, oğlanların şortik geyinməsi kimi məsələlər oldu.

Orxan Qarayev

Hacı Talehin mübarizəsi

Müstəqil Azərbaycanda əsasən 70 illik sovet imperiyası hakimiyyətinin nəticəsi və digər müxtəlif səbəblər üzündən heç vaxt din bugünkü qədər nəinki siyasi tribuna qazanmamışdı, heç kütlə arasında da bu dərəcədə yayılmamışdı.

Bugünlərdə gördüklərimiz tamamilə yeni, ancaq müstəqillikdən bu yana aparılan siyasi xəttin, uğursuz, yalnış idarəetmənin məntiqi nəticəsidir.

Məsələn, bugünlərdə siyasi islam Azərbaycanda dil açdı və onun dediyi ilk sözlər bu oldu: “Biz Hüseyn xislətliyik, qan tökəcəyik, sizi qanımızda boğacağıq”.

Əslində konkret hədəf kimi hakimiyyətə müraciətlə deyilsə də, hamıya aydındır ki, bu ölkənin savadlı, sekulyar, demokrat kəsimi də daxil olmaqla, onlara biət etməyən hər kəsə aiddir.

Sözlərin müəllifi son dövlər Azərbaycan siyasətinə dini lider kimi daxil olmuş Taleh Bağırzadə sonra deyir ki, şiəlik bizim xalqın milli kimliyidi.

Abbas Hüseyn və Hacı Tale Bağırzadə

Abbas Hüseyn və Hacı Tale Bağırzadə

Mən Tale Bağırovun özünün kimliyini sorğulamaq istəmirəm, ancaq müasir dövrdə insanın keçmiş dövrün ideologiyasından, həmin qədim dövr və zamanın tələbindən, təfəkküründən, siyasi fəlsəfəsindən yaranmış kimliyə apellasiya eləməsi özü elə həmin adamın kimliyi haqqında hər şeyi deyir.Ancaq mən onu demək istəyirəm ki, Tale Bağırovun bəhs elədiyi kimlik söhbəti əslində həm də açıq fürsətdi.

Gərək hər kəs öz kimliyinə bir daha və daha diqqətlə nəzər yetirsin, onu özü üçün dəqiqləşdirsin və hansı kimliyə aid olduğunu konkret mövqe kimi ortaya qoya bilsin.

Biz hansı kimliyi təmsil edirik və ya hansı kimlik bu gün bizim dünyagörüşümüzə uyğundu və hansı kimlikdə biz gələcəyimizi görürük?

Düzdü, çox adam düşünə bilər ki, Tale Bağırov “bizim milli kimliyimiz şiə kimliyidir” deyərkən hardasa haqlıdır. Ola bilər. Ona görə ola bilər ki, şiəlik bizim müasir Azərbaycan dövləti olmadan öncəki tariximizdi.

Bundan qabaq biz atəşpərəst də olmuşuq. Şiəlik bizim başımıza gələn ən son şeydir deyə, milli kimliyimizi ona bağlamaq əsassızdır.

Ancaq biz məhz bir dövrdə, bugünkü Azərbaycanın əsası olan ilk respublikamız yarandığı dövrdə tamam yeni kimlik qazandıq.

O zaman bizə yeni, müasir və gələcək nəsillərə ötürüləcək dəyər və kimlik verildi. Və bizi də məhz bu kimlik və dəyərlər - Məmməd Əmin Rəsulzadənin banisi olduğu müasirliyi, türklüyü və islamı ehtiva edən respublika dəyərləri bir dövlət kimi var etdi.

Belə olmasaydı, biz qonşu iri dövlətlərdən birinin, əsas da İranın tərkibində qalmış olardıq. Bizi məhz elə yeni milli kimlik, azərbaycanlı olmaq bir xalq və dövlət kimi var edib.

İndi bu kimliyə hörmət etmək, onun dəyərini anlamaq, bu yolda çəkilən əziyyətləri qiymətləndirmək bu ölkənin vətəndaşı kimi hər birimizin borcudu.

Bizi İranın bir hissəsi olmaqdan qoparan müasir milli kimliyimizi bu gün Fars ideologiyasi olan saxta şiə kimliyi ilə əvəz etməyə çalışmaq, bunu düşünmək belə nankorluqdu.

Gələk Taleh Bağırov haqqında deyilənlərə. Taleh bizim hər birimizi aşura tribunasından hədələyəndən sonra bir çoxu onu İran agenti olmaqda və vətən xainliyində günahlandırdı.

Başqaları isə onlara qarşı ittihamları haqsız hesab edib, dindarları dolayı yolla müdafiə elədi. Əlbəttə ki, birisini agentlikdə günahlandırmaq elə də asan məsələ deyil və bunun üçün ən azı əlimizdə məhkəmə qərarı olmasa da, hansısa əsaslı sübüt olmalıdı.

Tale Bağırzadə

Tale Bağırzadə

Ona görə də, biz bu yazıda Tale Bağırovu agent kimi günahlandırmayacağıq.

Ancaq onu bir şəxsiyyət və bir dini-siyasi lider kimi analiz etmək çox şeyi ortaya çıxara bilər.

Biz Tale Bağırovu ilk dəfə müasir imicdə görmüşdük. Bu imicdə o, siyasi meydana atıldı və elə ilk gündən bir çoxunun diqqətini cəlb edə bildi.

Hakimiyyətə qarşı açıq və sərt çıxışına görə həbs edildikdən sonra ona qarşı olan rəğbət bir xeyli artdı.

Ancaq elə ilk gündən Talehə inanmayanlar, onu İranın adamı hesab edənlər də var idi. Başqaları, bir xeyli ağıllı adam isə hələ də onu rəğbətlə qarşılayırdı. Onun həbsdən azad edilməsindən sonra ətrafında söz-söhbət bir az da böyüdü.

Nəhayət, MeydanTV-yə müsahibəsində biz Tale Bağırovu özünün əsl mahiyyətində görə bildik. Cənubi Azərbaycanda türk dili məsələsi, Azərbaycanda şəriət dövləti ilə bağlı suallara onun cavabından ikinci və fərqli obraz ortaya çıxdı.

Bu obraz bölgəmizin şiə dövləti İranın öz dini ideologiyasını yaydığı dini lider obrazıdı. Bunun üçün seçilmiş adamlar İranın müxtəlif şəhərlərində dini təhsillərini alıb, sonra regionun digər ölkələrinə, məsələn, Azərbaycan, Gürcüstan ( azərbaycanlıların yaşadığı bölgə), Yəmən, Suriya kimi ölkələrə qayıdıb orda din ətrafında şəbəkə qurub şiəliyin yayılması və genişlənməsi uğrunda mübarizəyə girişirlər.

Əslində bura qədər hər şey aydın olmalıdı. Ancaq hər halda Talenin siyasi fəaliyyəti də bizə açıq-aşkar çox şeydən xəbər verir.

Bir çoxu Tale Bağırovu sadəcə ölkə hakimiyyətinə qarşı müxalif kimi görür, başqalarının onun qaralanmasını qəbul etmir. Əksinə, onlar ölkənin dini kəsimində etiraz mədəniyyətinin formalaşmasını lazımlı hesab edirlər.

Bu mənada da Taleni etirazçı dini kəsimin lideri kimi görürlər. Ancaq gəlin baxaq görək, onlar tam olaraq nəyə və necə etiraz edirlər.

Tale Bağırov gündəmə gəldiyi və sonra onun həbsinə səbəb olan çıxışında hicab və məscidlərə basqı barəsində danışmışdı. Ondan sonra da bütün çıxışları boyu Tale bir dini moizəçi olmaqdan artıq bir şey olmayıb.

Mətbuata verdiyi bir neçə müsahibədə də biz Tale Bağırovu təhsil, insan haqları, ədalətli məhkəmə kimi sivil problemlərdən bəhs edən görmədik.

Onun davası hicab, məscidlər, hicablı qadınların şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdirə bilməməsi, aşura, oğlanların şortik geyinməsi kimi məsələlər oldu.

Yəni Tale ancaq bu ölkədə şəriətin davasın aparıb, onun etirazında sivil problemlər yox dərəcəsindədi. Onun arxasınca apardığı kütlə isə üstündə qanla ərəb dilində dini şüarlar yazılmış qara bayraqlar daşıyan adamlardan ibarətdi.

Yəni bu etiraz kontekstinin və bu etirazçıların onların şüarları və bayraqları ilə birgə bizim ölkəyə, milli kimliyə nə qədər yad olduğu açıq faktdır.

Problemləri və davaları şəriət uğrunda, bayraqları qara, üstündə qan, şüarları isə ərəb dilində. Ölkə içində tamam başqa atributlar, başqa dil və başqa kimlik.

Özlərinə milli kimlik kimi şiəliyi seçiblər. Əllərini öpdükləri də İranın yüksək rütbəli dini liderləri.

Meydan.tv

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG