Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 20:39

Uşaq ədəbiyyatı adlı işgəncə


İllüstrasiya
İllüstrasiya

- Deyirlər ki, Azərbaycanda uşaq kitab bazarı boşdur. Uşaqlar üçün yaxşı yazan yoxdur.

Bəlkə heç bizə lazım olan uşaqlar üçün yazanlar deyil? Bizə uşaqlar üçün yazan lazımdır, ya elə böyüklər üçün yazılan ədəbiyyatdan lazımi dozanı düzgün çıxaran adam?

Yaşar Kamal və Anton Çexov bu haqda nə deyiblər?

2006-cı ildə türkiyəli jurnalist Ayşe Yamaç böyük türk yazıçısı Yaşar Kamaldan soruşur:

“Yaşar bəy, mən uşaq yazarıyam. Uşaq ədəbiyyatı haqda fikirlərinizi soruşsam, nə deyə bilərsiniz?”

Yaşar Kamal cavab verir:

Y.Kamal
Y.Kamal

“Uşaq ədəbiyyatı adlı bir şey yoxdur. Bunu əvvəl də demişəm. Bu üzdən Fransada belə, fırtınalar qopdu, Mitterand’la saatlarca bu mövzuda mübahisə etdik.

Françoise Mitterand o zaman prezident idi.

Dörd saatdan çox danışdıqdan sonra qalxmaq istədim. Yanımdakılar “Nə edirsən? Prezident qalxmadan qalxmaq olarmı?” - mənə dedilər.

“Ola bilər” dedim. “Amma Mitterand prezident olmazdan əvvəl də mənim dostum idi.”

Ədəbiyyat insan üçündür. Çexov deyir ki, uşaqlar üçün ayrı dərman yoxdur. Yalnız dərmanın dozası dəyişir.

Onunla razıyam, uşaqlar üçün ayrı bir ədəbiyyat yoxdur. Yalnız doza təyin edilir. Əsl məsələ uşaqların anlayacağı bir roman deyil, uşaqları araşdıran romanlar, hekayələr yazmaqdır.

Uşaqlara ayrı varlıqlar kimi baxılması məni dəli edir! Bir sənət əsərini uşaqların da anlamasını istəyiriksə, başqa nəqletmə yolları, başqa üsullar axtarmalıyıq.

Uşaqlığımda biz də böyüklərlə birlikdə gecələr boyu danışılan dastanları, nağılları, xalq hekayələrini dinlərdik. Kənddə bizə “Siz uşaqsız. Bunlardan başınız çıxmaz” deməzdilər.

Səkkiz yaşım olanda dinlədiyim bu xalq hekayələri bu gün də yadımdadır.

Amma bunlar uşaq nağıllarıdırmı? Deyil.

Uşaq vaxtı türküləri, dastanları, nağılları dinləyəndən sonra öz aramızda təkrar edirdik: “Üç dərdim var, bir-birindən keçilməz. Biri ayrılıq, biri yoxsulluq, biri ölüm.”

Uşaq idik, amma bu mövzulardan başımız çıxırdı. Məsələ insanlığın ana mövzuları məsələsidir. Uşağın da, böyüyün də, fəhlənin də, kəndlinin də, hamının malıdır bunlar. Hamı zatən bu mövzuların içindədir.

Məsələn, “Fillər sultanı” romanımı yazanda düşündüm, necə yazım ki, bu romanımı hər kəsə oxuda bilim. Bir üsul tətbiq etdim.

Homerin, “Koroğlu” dastanının, nağılların bir təhkiyə üsulu var. Onları hamı başa düşür. Elə düz, yalın bir təhkiyədir ki, onu keçmişdən bugünə bütün insanların anlamamasına imkan yoxdur.

Təkcə “Filler Sultanı”nda deyil, “İncə Məmməd”in də birinci cildində bundan istifadə etdim. Bunu bir fransız tənqidçi Anne Philipe çox yaxşı anlamış olmalıdır ki, belə dedi:

“Bir roman ki, kəndli də, şəhərli də, ziyalı da eyni ölçüdə anlaya bilər və dad ala bilər.”

İnsanlıq uşaq məsələsini həll etmədən heç yerə varmayacaq. Hər dərdimizi, ən qarışıq dərdlərimizi belə, uşaqlara danışa bilərik.

Bu, bir əziyyət, ustalıq işidir. Ölkəmizdə uşaq ədəbiyyat adıyla uşaqlara işgəncə verilir. Belə ədəbiyyat olmaz!"

Bəs Yaşar Kamalın istinad etdiyi A.Çexov bu haqda nə deyirdi?

A.Çexov
A.Çexov

1900-cü ildə naşir Q.İ.Rossolimo Anton Çexovdan ona uşaq hekayələri göndərməsini istəyir.

Çexov cavab yazır:

"Əlimdə indi uşaqlara uyğun olan iki hekayə var, itlərin həyatı haqqında. Onları sizə poçtla göndərirəm. İndi deyəsən, bu tipdə daha heç nəyim yoxdur.

Uşaqlar üçün yazmağı ümumiyyətlə, bacarmıram, onlar üçün 10 ildə bir dəfə yazıram, uşaq ədəbiyyatı adlanan şeyi isə qəbul etmirəm.

Uşaqlara böyüklərə də yarayan ədəbiyyatı vermək lazımdır. Andersen, “Freqat Pallada”, Qoqolu uşaqlar həvəslə oxuyurlar, böyüklər də.

Uşaqlar üçün yazmaq lazım deyil, artıq böyüklər üçün yazılmışlar arasından seçmək lazımdır.

Xəstələr üçün sırf uşaq olduğuna görə hansısa xüsusi dərman buraxmaqdansa, əsl bədii əsərlər arasından dərmanı düzgün seçmək və dozanı müəyyən etməyi bacarmaq gərəkdir."

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG