Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:06

"Uşaqlar üçün heç nə etmirik, amma onların savadlı olmasını istəyirik"


Əfsanə Laçın

Əfsanə Laçın

-

"Uşaqlar üçün nə qədər sayt var? Və ya TV-lərdə uşaqlar üçün kifayət qədərmi veriliş var? Uşaq kanalı belə yoxdur.

Cizgi filimləri, filimlər çox nadir hallarda çəkilir. Teatrlarda yeni tamaşalar qoyulmur. Oyuncaq fabriki haqqında xəyal belə yoxdur..."

Bu yaxınlarda yazıçı Əfsanə Laçının uşaqlar üçün yazdığı “Əlifba şəhərciyi” kitabı çapdan çıxıb.

Məlumdur ki, Azərbaycada uşaq ədəbiyyatı və uşaq yazarları qıtdır. Bəs görəsən səbəb nədir?

- Uşaqlar üçün kitab yazmaq fikirinə necə gəldiniz? Bundan əvvəl uşaqlar üçün nə isə yazmısınızmı?

- İxtisasca ibtidai sinif müəlliməsiyəm. Yaradıcılığa başlayanda həm inistitutda oxuyurdum, həm də orta məktəbdə laborant vəzifəsində çalışırdım. O məktəbdə ixtisasımı öyrənməyim üçün böyük imkan yaratmışdılar. Dərslərə girməyə icazə verirdilər. Şagirdlərə “Həyat bilgisi” dərsi keçirdim. Dərslikdə “Qayalar necə parçalanır” adlı bir mövzu var idi. Uşaqlar o mövzunu mənimsəməkdə çətinlik çəkirdilər. Düşündüm ki, görəsən bu dərsi necə sadələşdirim. Nəticədə “Balaca qaya” adlı hekayə yazdım. Hekayəni özüm də çox bəyəndim. Bu hekayə başlanğıc oldu. Şagirdlər də bəyəndilər. Öz dostlarına da danışırdılar hekayəni. Dərsi də artıq başa düşmüşdülər.

- Azərbaycanda uşaq kitabları bazarı sizi qane edirmi?

- Uşaq kitablarının nəşri çox bahadır. Müəllifin öz maddi gücü buna yetməz. Bu sahədə ixtisaslaşan nəşriyyat evləri, mətbəələr yoxdur. Mənim bəxtim onda gətirdi ki, bu il prezident təqaüdçüsü oldum və kitabı həmin məbləğin hesabına nəşr etdirə bildim. Yoxsa 3 il necə gözləmişdimsə, yenə də gözləyəcəkdim.

Türk kanallarında qəzet və jurnalları, kitabları reklam edirlər, bizdə bu yoxdu. Məncə, bu da kitab satışının artmasına yardımçı ola bilər. Gözəl bir təbliğat formasıdır. Düşünürəm reklam kitab bazarını hərəkətə gətirər.

“Əlifba şəhərciyi" kitabım da ehtiyacdan yaranıb. Araşdırdım, xarici uşaq ədəbiyyatında müəlliflərin yaradcılığında hərflər, rəqəmlər, fiqurlar haqqında şeir və nağıllar xüsusi yer tutur. Təhsildə isə bu kitablardan köməkçi vasitə kimi istifadə olunur. Rus bölməsinin müəllimləri belə materiallardan daim istifadə edirdi. Tədris metodunu müqayisə edən valideynlər bu şeir və nağılların bizdə niyə olmamasını soruşurdular. Mən də bu əskikliyi aradan qaldırmaq qərarına gəldim. Əlifbaya aid şeir və nağıllar yazdım. Özüm də dərs zamanı onlardan istifadə edirəm. Analar deyir ki, uşaqlar hansı hərfin şeirini öyrənirsə onu unutmur. Uşaqlara da çox əyləncəli və xoş gəlir. Şeir və nağılları demək olar ki uşaqlarla birgə yazmışam.

- Uşaq kitabları yazan yazıçıların belə az olmasının səbəbi nədir? Uşaqlarına kitab almaq istəyən valideynlərmi azdırlar?

- Uşaqlar üçün yazmaq asan deyil. Uşaq psixologiyasını bilmək mütləqdir. Onlar kimi düşünməyi bacarmaq lazımdı. Həm də uşaqlar üçün yazarkən qaydalar var, onlara əməl etmək də vacibdir. Uşaq kitablarının nəşri bahadır. Düşünmürəm ki, valideynlər kitab almaq istəmir, sadəcə yeni bir şey tapmırlar. İndi köhnə nağılları, uşaq kitablarının tərtibatını təzələyib yenidən satışa çıxarırlar. Halbuki, o nağılları hamı əzbər bilir. Yeni olan nəsə tapanda məncə valideynlər alırlar.

- Sizin “Əlifba şəhərciyi” kitabınız nağıl dilində yazılıb, sizcə indiki uşaqlar nağılvari təhkiyə formasından darıxmırlar ki, axı onlar texnologiya ilə, internetlə daha tez tanış olurlar.

- Bu kitab 4-6 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Bu yaş qrupundaki uşaqlar nağılları sevir. Bu onlarda təxəyyülün formalaşmasına, lüğət fondunun artmasına da yardımçı olur. Dinləmə mədəniyyətləri inkışaf edir. Darıxmasınlar deyə nağılları çox qısa yazmışam. Texnologiyadan da istifadə edirik, nağıllara səsli olaraq qulaq asırıq. Və nağılları slayd formasında yığıram ki, darıxmasınlar.

- Sizcə, indiki uşaqlar üçün internet və televizorla rəqabət apara bilməsi üçün necə kitablar lazımdır?

- Rəqabət apara biləcək deyəndə başqa seçənəkləri yoxdu axı. Səsli kitablar, qabarıq şəkilli kitablar, içində boyaması olan kitablar uşaqların kitab rəfini zənginləşdirə, həm də onların zövqünü oxşaya bilər. Ümumiyyətlə, uşaqlarla işləmək çətindi. Onlara istədiklərini verə bilmək üçün böyük bir komanda işləməlidi. Hansı ki, həmin komandanın içində həm müəllimlər, həm valideynlər, həm də psixoloqlar olmalıdır. Hətta uşaqların öz fikiri belə əvvəlcədən öyrənilməlidir. Bu, çox mürəkkəb bir prossesdir. Kifayət qədər vəsait tələb edir.

Dərinə gedəndə internetdə də uşaqlar üçün heç nə yoxdu. Uşaqlar üçün nə qədər sayt var? Və ya TV-lərdə uşaqlar üçün kifayət qədərmi veriliş var? Uşaq kanalı belə yoxdur. Cizgi filimləri, filimlər çox nadir hallarda çəkilir. Teatrlarda yeni tamaşalar qoyulmur. Oyuncaq fabriki haqqında xəyal belə yoxdur. Bu mənzərədən belə görünür ki, uşaqlar üçün heç nə etmirik, amma onların istedadlı, savadlı, yaradıcı olmasını diləyirik.

Günün bütün mövzuları

XS
SM
MD
LG