Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:22

-

Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə qalan 4 seçki dairəsindən 3-ü üzrə lider namizədlər müəyyənləşib, bir seçki dairəsində lider namizədlə bağlı məsələ isə hələ tam aydınlaşmayıb.

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin yaydığı məlumata görə, 118 saylı Ağdam şəhər Seçki Dairəsi üzrə məntəqələrin 45 faizi hesabat verib. Lider Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Bəxtiyar Əliyevdir və səs fərqi kəskin olduğundan qalan digər seçki məntəqələrinin səslərinin sayılmasından sonra lider namizədin dəyişməsi gözlənilmir.

121 saylı Laçın Seçki Dairəsində də hakim partiyanın namizədi Mahir Abbaszadə 75,2 faiz, yəni 5 min 569 səslə hələ ki, liderdir. Bu seçki dairəsində 102 məntəqədən 35 seçki məntəqəsi hesabat verib. M. Abbaszadəyə ən yaxın namizəd bitərəf Mayıl İlyasovdur (594 səs). Amma aradakı səs fərqi kəskin olduğundan bu dairədə də lider namizədin dəyişməsi gözlənilmir.

54 saylı Şabran–Siyəzən Seçki Dairəsində də lider mövqeyində YAP-ın namizədi Tahir Süleymanovdur. Burada 70 seçki məntəqəsindən 17 seçki məntəqəsi hesabat verib, T. Süleymanov 71,2 faiz, yəni 3398 səs toplayıb. Hazırki nəticəyə görə, T. Süleymanova ən yaxın bitərəf namizəd Elza Qasımova (Seyidcahan) cəmi 610 səs toplayıb. Fərq kəskin olduğundan bu dairədə də digər seçki məntəqələrinin hamısının hesabat verməsindən sonra da liderin dəyişməyəcəyi görünür.

35 saylı Xətai Seçki Dairəsi üzrə 33 seçki məntəqəsindən 6 seçki məntəqəsi, yəni seçki məntəqələrinin cəmi 18 faizi hesabat verib. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə 6 seçki məntəqəsinin hesabatına əsasən 44,7 faiz, yəni 1817 səslə birinci yerdə qərarlaşıb. Ümid Partiyasının sədri İqbal Ağazadə 1078 səslə ikinci yerdə qərarlaşıb. Səs fərqi az olduğundan və əksər məntəqələrdə nəticələr elan olunmadığından bu dairədə liderin kimliyi hələ ki, sual altındadır.

"Exit-Poll"un nəticələrinə görə isə , bu dairədə qalib Araz Əlizadədir. Ancaq İqbal Ağazadə bir sıra protokolları "Yeni Müsavat" qəzetində dərc edib. Orada qalibin İqbal Ağazadə olduğu göstərilir.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov noyabrın 1-i gecə keçirdiyi mətbuat konfransında digər dairələr üzrə öndə olan namizədlərin adını açıqlayıb. O, deyib ki, bu göstəriciləri seçki protokollarının 90 faizindən çoxunu hesablamaqla əldə ediblər. Məzahir Pənahovun çəkdiyi adlar "ElS" Müstəqil Araşdırmalar Mərkəzinin keçirdiyi "exit-poll"dakı qaliblərlə eyni şəxslər olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG