Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:09

- "...bişmiş şabalıd qoxan Montinin, qır damlı Ermənikəndin məndə nostalji hisslər oyatmır. Mən bakembord saxlayıb Lenin sarayının önündə şəkil çəkdirməmişəm. Bokanın, Qaya qrupunun mahnılarına canlı qulaq asmamışam. Kubinkanın, Sovetskinin, Papaninin dalanlarında “plan” çəkməmişəm."

Bilal Həsənov

Bakı, mən səni sevmirəm

“Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən "Bakı, mən səni sevirəm” kinolayihəsinin oktyabrın 23, 24 və 25-də təqdimatı keçirilib. Layihənin prodüserləri Yeqor Mixalkov-Konçalovski və Nadir Maçanovdur. Ekran əsəri "Mosfilm” kinokonsernində istehsal olunub”. (xəbər saytından)

Yazı Keiko Matsuinin “Cherry Blossom” kompozisiyasının müşayətilə yazılıb (oxuyarkən dinləməyiniz məsləhət görülür).

98-ci ilin yazı idi. Məni - 7 “Q” sinifinin şagirdini digər məktəb yoldaşlarımla birgə sinif rəhbərimiz şəhərə, Bakıya gəzməyə aparmışdı. Paytaxdan 30 km aralıda yaşasaq da, bizlər Bakı üçün əyalət sakinləri sayılırdıq.

Köhnə, sınıq-salxaq, səsli-küylü ikarus tüstülüyərək, Bibiheybət məscidinin yanından keçirdi.

Mən və sinif yoldaşım Ariz yerimizi iki tələbə qıza verib, ayaq üstə gedirdik.

Aşağıda işləyən neft “kaçalka”-larını, tikilməkdə olan “Çıraq” platformasını görüb, poetik bənzətməmlə qızların diqqətini cəlb etmək istədim. Ucadan, pafosla “Ariz, bax, bura Bakının ürəyidir” söylədim.

Hazırcavab Ariz çox gözləməyərək, “Bəs görəsən Bakı kişidir, ya arvad?” soruşdu. Arizin bu sualına qızlar gülüşdülər. Elə Ariz də hey güldü. Nə isə, mən öz parlaq intellektimi göstərə bilmədim. Arizin primitivliyi mənim incə ürəkli eqomu üstələdi.

Ancaq uzun illər Arizin bu sualı məni düşündürürdü. Zaman ötdükcə bir çox şəhərlərə səyahət etdim və hər şəhəri “male” və “female” cinsinə aid edə bildimsə də, bircə Bakını hansı səmtə yazım, nəyə oxşadım bilmədim.

Vilnüsü, Odessanı, Minski sarışın, uzun hörüklü, al yanaqlı slavyan qadınına bənzədirdim. Berlini, Londonu, Helsinkini klassik geyimli, göy gözlü, parlaq saçlı bir cavana oxşadırdım. Qalırdı tək Bakı.

Bakıdan bir mənzərə

Bakıdan bir mənzərə

Bakını isə bu günə qədər, nə qadın, nə də kişi cinsində təsəvvür edə bilirdim. Amma indi tam əminliklə deyirəm ki, Bakı transdır, Bakı transgenderdir.

Sən kontrastlar şəhərindən translar şəhərinə çevrildin.

Dinsizlər yuvası Bakü

(“Nəsimi” filmindən)

Bakı, bizim nifrətimiz qarşılıqlıdır. Sən heç zaman məni saymamısan. Mən isə özümə səni yad sanmışam. Heç indi də məni qəbul etmirsən. Mənim antipatiyam sənin apatiyandan doğur.

Sən Vısotskinin dili ilə desək, səfillər və təlxəklər cənnətisən. Sənin dinməzliyin, ifrat köləliyin, yersiz pijonluğun, günlərlə səngiməyən küləklərin məni qıcıqlandırır.

Sən Hüqonun “Paris Notrdam kilsəsi”-ndəki qozbelsən. Qvazimoda tək sənin də başuva “Flame Tower” tacı qoyub təlxəklər kralı ediblər. Səni məsxərəyə qoyub, “Dubay-Dubay” deməklə məzələnirlər. Sən Qafaqazın Dubayı deyilsən. Sən Qafqazın Bombeyisən.

Sən ümumiyyətlə, Qafqazın harmoniyasın pozursan. Sənin biçarəliyin, yazıqlığın sənin xaçındır. Sən bu xaçı “keçəl dağ”-ına öz belində daşımağa məhkumsan.

Mayakovski səni dünya pencəyində yağlı ləkəyə bənzədirdi. Mən isə səni damarlarını kəsmək həddinə çatmış nevrozlu transa bənzədirəm. Gecələr mərkəzi küçələrində sıraya duran, al pamadalı, parikli, kobud səsli transa.

Sənə qarşı sevgisizliyimin haradan doğduğu əfsus ki, mənə məlum deyil.

Bəlkə də bu hiss səni dadmamağımdan irəli gəlir. Mən sənin dağüstü parkında əlimdə gitara, əynimdə “trapes” şalvar, damağımda “kosmos” siqareti gəzib-dolaşıb, erməni, rus, yəhudi qızları ilə cavanlıq eləməmişəm.

Sənin dar küçələrin, gündüzlər evlərindəki bəyaz gecələrin mənə tanış deyil.

Köhnə Papanin

Köhnə Papanin

İftixarla ağuşuva alduğun Xəzər, bakirə qız qalası, rusca danışan çıl-çıraqlı Torqovı küçən, ağ şalvarlılar məskəni İçəri şəhərin, sarımtıl qala divarların, bişmiş şabalıd qoxan Montinin, qır damlı Ermənikəndin məndə nostalji hisslər oyatmır.

Mən bakembord saxlayıb Lenin sarayının önündə şəkil çəkdirməmişəm. Bokanın, Qaya qrupunun mahnılarına canlı qulaq asmamışam. Kubinkanın, Sovetskinin, Papaninin dalanlarında “plan” çəkməmişəm.

Bəlkə də bu sevgisizliyim genetikdir. Ulu babam əyalətdən gəlib “20-ci sahə”-də kömür satıb, siqaret kötükləri yığarkən sənin kübar gecələrində Nobellər, Rotşildlər, Rokfellerlər, Mantaşevlər bahalı şampanlar, yaşlı çaxırlar içir, Şinayevlər, Artemyevlər qara kürü, nərə balığından kabab dadırdılar.

Sən damarlarında axan neftdən heç zaman bizlərə vermədin. Sənin adın bizim, səni dadan isə yadların olub.

Kənd adamını “çuşka” adlandırıb özündən diksindirdin. Sənin ki, hər ikinci “Бакинка”-vın nənəsi-babası əyalətdəndir, ay Bakı.

Sergey Yesenin

Sergey Yesenin

Bəlkə də səni xoşlamamağım sənin Yeseninə nifrətindən doğur. Ən çox sevdiyim şairin beynin qurutdu sənin boğanaq gecələrin.

O, səni şərqin muncuğu kimi, sənsə onu adi yoldan keçən turist kimi qəbul etdin. Sən ümumən istedadları bəyənmirsən, xoşlamırsan.

Bakı, sənin yaradıcı insanı rüşeyim dövründə abort etmək kimi vərdişin var. Cabbarlını sənin küləklərin vərəm elədi, sən ədibdən “1905-ci ildə” pyesinə görə intiqamuvu aldun.

Gecələr qucaq-qucaq “donos” yazdığın, gündüzlər heyranlıqla tamaşalarında əl çaldığın Cavid əfəndini sən ötürdün Sibirə.

Bəlkə də səni sevməməyim sənin həlimliyindən, miskinliyindən yaranıb. Sən heç zaman inqilablar, qəhrəmanlar şəhəri olmadun.

İkinci Dünya Müharibəsində “bron” alıb arxa cəbhəyə çəkildin, inqilab vaxtı mötədil oldun. Qızıl ordunu, daşnakçıları mumluyaraq qəbul etdin. İngilisləri milli geyimdə, saznan qarşıladın.

Sənin dözümlüyünə nifrət edirəm, tolerantlığın ürək bulandırır.

Bəlkə də səni sevməməyim səni yaxşı tanıdığıma görədir.

Bəlkə də səni sevməməyim sənin soyuqluğundandır.

Parlaq “bardyur”-lar, ağlaylı binalar, lal heykəllər, ağacsız, qara qarğalarla dolu bir şəhərsən. Susqun insanlar, gur səslə qarıldayan qarğalar şəhərisən sən.

Bəlkə də səni sevməməyim səni yaxşı tanıdığıma görədir.

Çünki səhərlər hava açılmamış, qabar əlləri ilə Salyandan, Neftçaladan “Keşlə” bazarına satmağa balıq gətirən qadın-gəlinlərivi görmüşəm.

İşıqsız, susuz, qazsız kəndləri, toz-torpaqlı qəsəbələri, baxımsız rayonları sokak-sokak gəzmişəm.

Sabunçu bazarı

Sabunçu bazarı

Küylü bazarlarıvı, əsəbi sakinlərivi, ümüdsüz gündüzlərivi, darıxan gecələrivi, hətta yiyəsiz pişiklərivi belə, tanıyıram.

Sənin laqeyidliyinə məəttələm. Vəfasızlığıvı anlamıram. Səni sözlə sevən, "Bakı, Bakı" dilindən düşməyənlər indi okean arxasından sağ əlində məşəl tutan xalanın ölkəsindədirlər. Onlar səni darda qoyub qaçdılar. Səni saymadılar. Səni atdılar.

Mən isə ölsəm də səninləyəm, yanındayam, qaçmıram, sevməsəm də qalasıyam.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG