Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:08

Aşura xatirələri


Orxan Bahadırsoy
Orxan Bahadırsoy

- "Sadəcə sevgidən yaranan, amma qeyri-peşəkar bir sənət məhsulunun şahidi olurdum."

Orxan Bahadırsoy

Aşura xatirələri

Şiəlik məzhəbinin ən qatı şəkildə hökmranlıq etdiyi bölgələrdən birində doğulmuşam – Lerikdə.

Bakıya hələ köçməmişdik. Hər il Məhərrəm ayı daxil olan gün kəndimizdə bəzi evlərdə təkiyələr qurulardı.

Təkiyə divarları qara parçalarla örtülmüş və uzun eyvanında müxtəlif cür bəzədilmiş ələmlərin üzüqibləyə qoyulduğu evlərə deyilir. Bu təkiyələrin mənim xatirəmdə özünəməxsus yeri var.

Təkiyələrin ən yuxarı başında molla əyləşərdi. Ətrafında kəndin ağsaqqalları, sayılıb-seçilən adamları, onlardan sonra cavan oğlanlar, nəhayət, qadınlar və qızlar bardaş qurub oturardılar.

Molla məlahətli səsilə mərsiyə oxumağa başlayanda yaşlı qadınlar dizlərini döyə-döyə hönkür-hönkür ağlayardılar. Sonradan anladım ki, bu qadınların çoxu öz dərd-sərinə ağlayır.

Mən uşaq olduğum üçün qadınların arasında oturardım. Cavan qızı ölən yaşlı bir qadın yaylığını ağzına yaşmaq edib, “cavan qızım, gözəl qızım” sözlərini pıçıldaya-pıçıldaya elə hönkürürdü ki, uzaqdan baxan bu qadının imam matəminə ağladığına qəlbən inanırdı.

Yaxın kəndlərdən mollalar, rayonun axundları da bir-bir təkiyələri gəzər, hər təkiyədə mərsiyə deyərdilər.

Lənkəranda Aşura
Lənkəranda Aşura

Bu axundlar təkiyəyə daxil olanda böyüklü-kiçikli hər kəs ayağa qalxar və oturmaq üçün axundun oturmasını gözləyərdilər.

Hamısının da elə güclü, yanğılı, şirin və məlahətli səsi vardı ki, indi düşünürəm: niyə bu adamlar musiqi məktəbini, Konservatoriyanı oxuyub, mədəniyyətə, incəsənətə xidmət etməyiblər?!

Sonradan yadıma düşür ki, bu xalqa molla, axund, şeyx daha çox lazım olduğuna görə, onlara da bu peşə sərf edib.

Bilirdilər ki, peşəkar musiqi ilə məşğul olsalar, indi qazandıqlarının heç yarısını da qazanmayacaqdılar.

Aşura gecəsi çox maraqlı olurdu. Təkiyə qurulan evin xanımları şərbət hazırlayardı. Niyyət tutulmazdan əvvəl şərbət süzülər və hər kəsə paylanardı.

Molla “Nuşi İmama! Yezidə Lənət!” şüarını təkrar-təkrar səsləndirərdi, bütün təkiyə əhli bu şüarı təkrarlayıb şərbət içərdi.

Hər kəs öz niyyətinin çin olması üçün mollaya, axunda pul verər və dua etməsini istəyərdi. Kimisi xəstəsinə şəfa dilətdirər, kimisi ölüsünə rəhmət oxutdurardı.

Mən duaların da pulla satıldığını onda görmüşdüm. Kasıbın bir “məmməd”inə bir dua oxuyan molla, varlının bir “şirvan”ına on dua oxuyardı.

Təkiyə mərasimi bitəndən sonra uşaqlar və qocalar evlərinə gedərdilər. Kəndin cavanları isə təkiyənin ələmlərini götürüb dəstə-dəstə bölünər, hərəsi bir ziyarətgaha üz tutardı.

Yaşımın az olmasına baxamayaraq, böyüklərin gözündən gizlənib, bu dəstələrdən birinə qoşulardım.

Gözəl səsi və ələm tutmaq üçün gücü olan cavanlardan biri öndə gedərdi. Biz onun arxasıyca addımlayardıq. Öndə gedən adam mərsiyə deyər, vagirləri (nəqarətləri) hamı birlikdə oxuyardı.

Cavanlar sinəsini, başını döyə-döyə, kimisi əlində zəncirlə özünə vura-vura trans vəziyyətinə düşərdilər. Bu vaxt onlar hər şeyi unudar, təkcə atılan addım səslərinin və oxunan mərsiyənin avazına təslim olardılar.

Xorda və sinədöymələrdə sinxronluq, mərsiyə oxuyanın şirin səsi, göyə ucalan ələmin görünüşü – hər şey başdan ayağacan əsl incəsənət idi.

Hər şey bir-birinə o qədər uyğunlaşırdı ki, bu zaman mən sadəcə sevgidən yaranan, amma qeyri-peşəkar bir sənət məhsulunun şahidi olurdum.

Amma bizim bölgəmizdə insanlar baş yarmırdı, qan tökmürdülər. Onların özlərinə verdiyi ən böyük işgəncə zəncir vurmaq idi.

Həmin vaxt bütün bunlara nə möhkəm inancım, nə də inamsızlığım vardı. Mənim üçün bunlar sənət nümunəsi kimi idi və mən bu mərasimlərdən həqiqətən zövq alırdım.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG