Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:41

Günel Mövludun qardaşlarından xəbər var


Günel Mövlud
Günel Mövlud

-

Meydan TV-nin redaktoru, yazar Günel Mövludun qardaşları barəsində seçilmiş həbs-qətimkan tədbiri qərarından apellyasiya şikayəti verilib.

Vəkil İmanovun vəkili Nemət Kərimli AzadlıqRadiosuna deyib ki, Biləsuvar rayon Məhkəməsinin qərarından Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət edib. Vəkilin dediyinə görə, Vəkil İmanov hazırda Kürdəxanı təcridxanasında saxlanılır. Onunla görüşmək mümkün olmayıb:

«Yəqin ki, apellyasiya məhkəməsindən öncə görüşmək imkanım olmayacaq. Amma ittihamın gülməli olduğu qərarın özündən də görünür. Qərarda qanunsuzluq, ziddiyyətlər var. Özünün də istintaqa ifadəsində narkotik maddə ilə bağlı heç bir etiraf yoxdur. Dünən evə zəng edib, vəziyyətinin normal olduğunu deyib, bildirib ki, heç narkotik maddədən xəbəri belə yoxdur».

«NARKOTİKİ CİBİNƏ ATIBLAR»

Digər qardaş – Raci İmanov haqqında məhkəmə qərarından da Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilib. Raci İmanovun vəkili Fariz Namazlı AzadlıqRadiosuna deyib ki, müdafiə etdiyi şəxslə məhkəmədə görüşüb:

«O özü də ittihamı saxta hesab edir. Narkotik maddəni onun cibinə atıblar. İki qardaşın eyni gündə, təxminən eyni saatda saxlanması da təsadüf deyil. Hazırda Raci Şüvəlan İstintaq Təcridxanasında saxlanılır».

İmanovlar oktyabrın 13-də saxlanılıblar, onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilirlər, hər birinin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Günel Mövlud qardaşlarının saxlanılmasını özünün fəaliyyəti ilə əlaqələndirir.

XS
SM
MD
LG