Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:25

Günel Mövludun atası: «İkisinin birdən tutulmasına mat qalmışam»


Foto illüstrasiya.

Foto illüstrasiya.

-

Yazıçı, tərcüməçi, Meydan TV-nin redaktoru Günel Mövludun iki qardaşı saxlanılıb. Qardaşlar – Vəkil və Raci İmanovlar narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunurlar. Bu haqda Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir.

Qardaşların atası Vəzir İmanov isə çaşqınlıq içindədir. O, AzadlıqRadiosuna deyib ki, oğulları həbs ediləndən sonra onlardan heç bir xəbər yoxdur. «İndi Biləsuvara getmək istəyirəm. Görüm nə öyrənirəm. Sumqayıtdakı oğlumdan da xəbərim yoxdur. Müstəntiq dünən axşam mənə dedi ki, sənə dəqiq sözü sabah deyəcəyik», - söyləyir ata.

«QƏTİYYƏN OLA BİLMƏZ»

- Daxili İşlər Nazirliyi onları narkotik maddəyə görə saxlandıqlarını deyir. Sizcə, bu mümkündürmü?

- Ortaya sübut qoysalar, nə deyə bilərəm? Amma ikisinin birdən tutulmasına mat qalmışam. Heç bilmirəm, nə deyim. Bilmirəm təsadüfdürmü? Dünən gecə (oktyabrın 13-də- red.) saat 12-də xəbər gəldi ki, ikincini də tutublar. Bilmirəm nə işdir.

- Yəni narkotik ittihamı irəli sürülsə inanarsınız?

- Onların heç biri marixuanadan istifadə etməyib. Dəqiq deyirəm sizə, bir dəfə də istifadə etməyiblər. Demirəm, bəlkə vasitəçi ola bilərlər. Satmaq məqsədilə yox! Kimdənsə alıb kiməsə verə bilərlər. Amma istifadə etməyiblər. And olsun Allaha, mən inanmıram ki, o uşaqlar marixuana əkə, onu quruda, marixuana sata. Qətiyyən ola bilməz. Mən əvvəllər yaşadığım yerdə hektarla marixuana bitirdi, onda uşaqlar da körpə idi. Amma mən bir dəfə də o tərəfə baxmamışam, başım çıxmayıb çünki. Sonradan bilmişəm ki, bu nədir, nə üçündür. Eləcə də mənim uşaqlarım, belə şeydən başları çıxmır. Öz işlərində-güclərində, uşaqlarının yanındadırlar. Onlar «Azərsun»da işləyirlər. Dünən işdən çıxanda avtobusdan düşürdüblər ki, «Vəkil kimdir, otur maşına». Oradan da Biləsuvara aparıblar. İndi də deyirlər, saat 3-də müstəntiqlə görüşməliyəm.

- Oğullarınız qızınızın -Günel Mövludun yazılarına görə həbs edə bilərlərmi?

- Nə deyim? Günelə görədirsə, məndən yapışardılar, mən də ərizəmi verdim işdən çıxdım. Mən diaqnostika mərkəzində laborant idim. Bakıdan, nazirlikdən müdirə zəng vurdular ki, işdən çıxmalıdır. Ya gərək mən gedəydim, ya da müdir. Sentyabrın 10-da idi. Onda mənə bununla bağlı mətbuatdan zəng vursalar da, boynuma almadım. Yazsalar, nə olacaqdı?

- Oğullarınızın biri Sumqayıtda, o biri Biləsuvarda, ikisi də narkotik vasitəyə görə tutulur. Sizə nə qədər gerçək görünür bu deyilənlər?

- Elə məsələ budur da. Biri Sumqayıtda, o biri Biləsuvarda. Bunları eyni vaxtda necə tuta bilərlər?.. Çaşıb qalmışam. Bu səhər saat 5 idi, avtobuslar camaatı işə aparırdı, amma hələ çöldə oturmuşdum. Fikirdən yata bilmirdim.

«NARKOTİKİN DADINA BAXMAYIBLAR»

Ailənin yaxını deyir ki, qardaşlar Günel Mövludun tənqidi yazılarına görə həbs ediliblər:

«Vəkil də, Raci də kasıbçılığı ilə məşğul olan sadə adamlardır. Onlar ömürlərində narkotikin dadına da baxmayıblar. İkisi də evli-ailəlidir, Vəkilin 3 oğlu, Racinin 3 qızı var. Hər şey aydındır».

Ailə yaxınının söylədiyinə görə, Vəzir İmanov xərçəng xəstəsidir. Xəbəri eşidəndə halı pisləşib. Ona görə yaxınları indi ikiqat pisdirlər.

Günel Mövlud köşə yazılarında hakimiyyəti və toplumu tənqid edib. Bir müddət öncə o, Gürcüstana köçüb, ailəsi ilə orda yaşayır.

Günel Facebook-da da münasibət bildirib

«Qardaşlarımın həbsinin hədəfi Meydan TV-dir»

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG