Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:58

Heç kəsin ağlına gəlməzdi ki, haçansa Gürcüstana basqın edərlər


Jacob Godebashvili
Jacob Godebashvili

- "Mənim də, arvadımın da Günəşi bu qızla doğur, o da bizi çox sevir, buralara öyrəşmişdir, sizi tamamilə unutmuşdur və ona görə də bütün Kaxetiyanın var-dövlətini gətirib mənim qapıma töksən də Ketonu qaytara bilmərəm."

"Dağıstan Gürcüstanın düşmənini öz düşməni hesab edirdi, Gürcüstanın dostuna öz dostu kimi baxırdı. Heç kəsin ağlına gəlməzdi ki, haçansa Gürcüstana basqın edərdilər və gürcülərlə savaşardılar."

Yakob QOQEBAŞVİLİ

(1840-1912. Gürcü pedaqoqu, jurnalisti, yazıçısı)

BEŞİK MAHNISININ HİKMƏTİ

1. Şərabın vətəni

Tiflisdən Şərqə doğru getsən, bir uca dağa rast gələcəksən, onun adı Sivi dağıdır.

Bu Siviyə qalxsan və orada, Şərqə doğru baxsan, sənin gözlərin önündə aşağıda göz işlədikcə uzanıb gedən vadi açılacaqdır.

Bu vadi bütün yaşıl üzümlüklər dənizini əhatə edir. Bu vadinin üzərində, orta hissədə uzun, şimaldan cənuba doğru uzanan parlaq zolaq görəcəksən.

Bu düzənlik sahə Kaxetiya vadisidir, parlaq zolaq isə Alazan çayıdır, bu çay Kaxetiyanı, demək olar ki, iki bərabər hissəyə bölür; bir yarısı Bu Tay, o biri yarısı - O Tay adlanır.

O Tay Şərqdən uca qağlarla sərhədlənir və onlar Kaxetiyanı Dağıstandan ayırır, bu diyar həmin dağların o tərəfindən başlanır.

Əgər O Tay tərəfə göz gəzdirsən, bir yerdə, dağın dibində, böyük çökəklik görəcəksən, dağın dərinliyinə işləmiş çökəklik. Bu çökəklik indi əkin-səpin yeridir.

Lakin yaxına getsən və yaxşıca diqqət yetirsən, torpaqlarm qatlarına və üst qatına nəzər salsan, əhəng daşlarını, kirəci və onların qalıqlarını asanca görərsən, bu qalıqlar onun inkaredilməz təsdiqidir ki, bu yer kənd xarabalıqlarıdır.

2. Vaşlovani kəndi

Gürcüstandan bir görüntü
Gürcüstandan bir görüntü

Qədim zamanlarda məhz həmin yerdə Vaşlovani adlı çox böyük kənd çiçəklənirdi.

Bu kənd Qərbdən üzümlüklərlə, Şərq tərəfdən isə az qala sıx və geniş yayılmış meşələrlə əhatə olunurdu.

Dağın yamacları bu meşələrlə bürünmüşdü. Bu sıx meşələrin sayəsində kəndin düz ortasında torpaqdan fəvvarə kimi gur, göz yaşı kimi dumduru bulaq suyu qaynayırdı, bu bulağın buz kimi soyuq suyu bütün kəndin sevimli içkisi idi.

Vaşlovaninin kənarında, Şərqə doğru, meşənin yaxınlığında yaraşıqlı ikimərtəbəli saray tikilmişdi, hərtərəfı gözəl naxışlı məhəccərlə əhatə olunmuşdu.

Bu saray tavad (tavad – gürcü mülkədarı - red) Zurab Kartveladzeyə mənsub idi, bu tavad özünün var-dövləti və duz-çörəyi ilə bütün Kaxetiyada məşhur idi, Kartlidən olan, daha doğrusunu desək, qızıl ürək sahibi Maqdani onun arvadı idi.

Maqdaninin möcüzəvi səsi vardı və özünün məlahətli, gözəl mahnıları ilə bütün guşədə ad çıxarmışdı. Onun səsi və mahınısı insan qəlbinə elə dərin yol tapırdı ki, elə ləzzət verirdi ki, hər kəs onu dinləsəydi, bütün həyatı boyu unutmazdı. Zurab və Maqdani cəmi beş-altı il idi ki, evlənmişdilər.

Onların yeganə qız övladları vardı - adı Keto idi, qız üç yaşının içində idi. Keti çox sevimli uşaq idi: gözəl, ağ pambıq qozası kimi, şux, yorulmaz, çevik.

Keto öz anasının mahnılarını sevirdi. Tez-tez oxudurdu və saatlarla diqqətlə qulaq kəsilirdi. Ata-anasının Günəşi onunla doğurdu və onu dəlicəsinə sevirdilər.

3. Ləzgilər Kaxetiyada

Ləzgilər Vaşlovanidə və ümumiyyətlə, Kaxetiyada tez-tez görünər, gəlib-gedərdilər. Qədim zamanlardan Dağıstan ilə Gürcüstan arasında mehriban münasibətlər mövcud idi, böyük dostluq hökm sürürdü.

Dağıstan Gürcüstanın düşmənini öz düşməni hesab edirdi, Gürcüstanın dostuna öz dostu kimi baxırdı. Heç kəsin ağlına belə gəlməzdi ki, haçansa Gürcüstana basqın edərdilər və gürcülərlə savaşardılar.

Ləzgilər müsəlmanlığı qəbul etdikdən və gürcülər pravoslav Rusiyaya üz tutduqdan sonra Gürcüstanın düşməninə çevrildilər. Qədim dövrdə isə gürcüləri böyük hörmət və ürək dostluğundan başqa heç nə ilə yad etmirdilər.

Bu dostluğa və qonşuluğa görə ləzgilər Kaxetiyaya sərbəst gedib-gəlirdilər, ən çox da ticarət məqsədi ilə. Satmaq üçün ən çox keçə məmulatlar və silah gətirirdilər, bu şeyləri hazırlamaqda onlar məşhur idilər.

4. Ketonu qaçırdırlar

Gürcüstanın Vashlovani təbiət qoruğu
Gürcüstanın Vashlovani təbiət qoruğu

Vaşlovani kəndinə çoxdan idi ki, ticarət məqsədi ilə iki nəfər alçaq boylu, yöndəmsiz ləzgi gedib-gəlirdi.

Onlar o qədər fağır, yazıq insanlar idilər ki, heç ləzgilərin özləri belə onları adam yerinə qoymurdular, ona görə də heç kəs onlardan pis əməl gözləmirdi, lakin onlar tezliklə gürcü xalq atalar sözlərini təsdiq etdilər: Yerəbaxan, saman altdan su yeridən olar...

Bir dəfə həmin ləzgilərdən biri o birisinə dedi:

- Bilirsən ağlıma nə fikir gəlib? Nə vaxtdır ki, biz ticarətlə məşğul oluruq, lakin bundan nə çıxdı, yenə də həmin yoxsullarıq, necə ki, var idik, yenə də həmin it günündə yaşayırıq - əvvəllər olduğu kimi. Başqa cür hərəkət etsəydik isə, birdən-birə varlanardıq və bu qədər əzab-əziyyətdən yaxa qurtarardıq.

- Necə? - Yoldaşı soruşdu.

- Zurab Kartveladze ki, olduqca dövlətlidir? - deyə o soruşdu.

- Hə, varlıdır, lakin onun dövlətli olması bizə nə verir?

- Verər, əgər ağılla hərəkət etsək. O dövlətli kişi ki, öz övladını dəlicəsinə sevir?

- Sevir, lakin bundan nə çıxdı?

- O çıxdı ki, o uşağı birtəhər qaçırıb, əsir kimi Dağıstana aparsaq, necə düşünürsən, Kartveladze öz qızını əsirlikdən xilas etmək üçün var-dövlətini əsirgəyərmi? Hay, hay, inan ki, əsirgəməz!

Bu fikir yoldaşının da xoşuna gəldi və qərara aldılar ki, pusqu qursunlar və əlverişli məqam ələ düşən zaman sakitcə Kartveladzenin Ketosunu qaçırtsınlar və Dağıstana əsir aparsınlar.

Biz artıq bilirik ki, Vaşlovani kəndi Şərqdən böyük meşə ilə əhatə olunmuşdu. Kartveladzenin ailə üzvləri bu meşənin kənarını tez-tez seyrə çıxardılar, çünki ev elə oradaca yaxında tikilmişdi.

Bir dəfə Ketonun dayəsi axşamüstü bu meşəyə tərəf gəzməyə çıxdı və Ketonu da özü ilə apardı.

Meşəyə yaxınlaşdıqda uşaq ağacın altında quş gördü və ona doğru qaçdı. Quş səksəndi və o tərəfdəki ağaclara doğru qanadlanıb uçdu.

Uşaq da onun ardınca qaçdı, bu minvalla Keto meşənin xeyli dərinliyinə getdi. Dayə də onun ardınca gedirdi. Birdən haradansa ləzgi peyda oldu, Ketonun üstünə cumdu, əlindən yapışdı, o biri əli ilə ağzmı tutdu və onu qaçırtdı.

Dayə çığır-bağır salmağa imkan tapa bilmədi, çünki bu zaman ikinci ləzgi onun başına dəyənəklə zərbə endirdi və huşsuz halda yerə sərdi. Ketonu qaçırtdılar və özləri ilə apardılar.

5. Təqibçi

Ketonun ata-anası heç nə barədə fikirləşmirdilər, elə bilirdilər ki, onların qızı və dayə qonşulardadırlar və vaxtında qayıdıb gələcəklər.

Qaranlıq düşəndə və dayə uşaqla heç yerdə görünməyəndə, təşvişə düşdülər və onları soruşmaq üçün qonşulara adam göndərdilər, lakin nə tapacaqdılar. Hər yerdə dedilər ki, onları bu gün heç görməmişlər.

Onda qorxuya düşmüş ata-ana məşəllərlə kəndin ətraflarını axtarmağa başladılar. Çox axtardılar və axırda meşədə dayənin üstünə gedib çıxdılar, qadın ölü kimi ağacın altında sərilib qalmışdı. Gecənin sərinliyi və səs-küy dayəni huşa gətirdi və o ayıldı.

Hələ əməlli-başlı özünə gəlməmişdi ki, təşvişə düşmüş və rəngi-ruhu qaçmış Maqdani çığırdı: “Keto haradadır?”

Dayə zəif səslə və dincələ-dincələ ləzgilərin Ketonu necə qaçırtdıqlarını söylədi. Bunu eşidən kimi Maqdaninin ürəyi getdi. Zurab da çox pis hala düşdü, lakin özünü kişi kimi ələ aldı, kədərini üstələdi və bağırdı: Hoydu, təqibçi!

O zamanlar hər igidin evdə tam silah-əslahası, yar-yarağı olurdu və onlar həm də təcrübəli döyüşçülər olurdular, çünki ən çətin anlarda Gürcüstan çarı bütün kişiləri orduya çağırırdı.

Ona görə də Zurabın çağırışından sonra heç bir saat da keçməmişdi ki, onun evinin qarşısında qırx nəfərə qədər igid dayanmışdı – hamısı da başdan ayağadək yar-yaraqlı. Zurab da tezliklə çıxdı, onları salamladı və irəli düşdü.

Gecə buludlu zülmət qaranlıq idi. Ləzgilər Ketonu qaçırtdıqdan sonra xeyli vaxt keçmişdi. Dağıstana doğru yalnız dar cığırlar gedirdi və onlarla hərəkət etmək gecənin qaranlığında olduqca çətin idi.

Ketonu qaçıran ləzgilər bu cığırları elə tanıyırdılar ki, buralarla gözüyumulu da gedə bilərdilər.

Zurab və onun dəstəsi isə burada, demək olar ki, heç olmamışdılar, ona görə də ləzgilər bütün gecəni dincəlmədən və heç bir maniəyə rast gəlmədən yol getdilər, təqibçini böyük məsafə ilə arxada qoydular və qaçırtdıqları Ketonu elə o biri gün Dağıstana keçirdilər. Zurab Kartveladze öz ətrafı ilə birlikdə əliboş və əldən-dildən düşmüş halda geri qayıtmağa məcbur oldu.

6. Naib Ketonu satın alır

Ləzgilər əvvəlcə Ketonu Kaxetiyanın sərhəddi yaxınlığındakı Dağıstanın iri bir kəndindən keçirdilər. Bu kənddə bir nəfər dövlətli naib yaşayırdı, Dağıstanın bütün Qərb hissəsi ona tabe idi.

Onun arvadı da ləzgi idi, bu qadın Allah tərəfindən eyni zamanda həm igidlik və həm də incə qəlb ilə mükafatlandırılmışdı.

Onlar xeyli vaxt idi ki, evlənmişdilər, lakin övladları yox idi və övladlığa uşaq götürməyi qərara almışdılar.

Ləzgilər Ketonu onların həyətinin qarşısından keçirəndə axşam çağı idi. Naib və onun arvadı evin divarsız dəhlizində oturmuşdular.

Onlar oradan keçən iki ləzgini gördülər və onlardan birinin arxasındakı dağarcıqdan başı və sifəti görünən uşaq nəzərlərini cəlb etdi.

Onları öz yanlarına çağırdılar, ləzgilər çox razılıqla getdilər və öz ağaları, hökmdarı kimi naibə baş əydilər. Hadisəni ləzgilərdən təfərrüatı ilə soruşdular.

Onlar danlanmaqdan qorxdular və dedilər ki, bu uşağı yolda tapıblar və özləri ilə gətiriblər.

Balaca Keto həm uzaq yol gəldiyindən və həm də aclıqdan olduqca zəifləmişdi və gözlərini güclə açırdı, lakin bu zəiflik onu daha sevimli uşağa çevirirdi. Naibin arvadı ləzgilərdən soruşdu: Nə verək ki, bu uşağı bizdə qoyasınız?

- Biz nə deyə bilərik, xanım, əgər istəyirsinizsə, peşkəşiniz olsun.

Naib ayağa qalxdı, evə girdi, içərisi qızıl ilə dolu bir iri kisə gətirdi və ləzgilərə verdi. Naibin arvadı Ketonu ləzgilərdən aldı və elə o andaca sinəsinə sıxdı. Ləzgilər təşəkkür etdilər və çıxıb getdilər.

Ana nəvazişi haldan düşmüş uşağı tezliklə sağaltdı. Lakin qız çox qəribsəyirdi, hər şey ona yad görünürdü, ancaq səfeh ləzgilərin əllərində əziyyət çəkdikdən sonra naibin arvadının əzizləməsi və ona qayğı göstərməsini özünə tale bəxti hesab etdi.

İlk zamanlar yenə də Keto hər şeyə soyuqluqla yanaşırdı və tez-tez ağlayırdı.

Öz ata-anasım, başqa ev adamlarını və öz kəndini xatırlayırdı, lakin naib və onun arvadı Ketoya elə məhəbbətlə, elə nəvazişlə və əzizləməklə yanaşırdılar ki, əvvəllərdə olmuşları ona tezliklə unutdurdular.

Naib və onun arvadı özlərini Ketoya elə sevdirdilər ki, doğma ata-anasının məhəbbətini, xatirələrini get-gedə onun hafizəsindən sildilər. İki-üç ildən sonra Keto naibi və onun arvadını özünün həqiqi valideynləri hesab edirdi.

Onlarla nəfəs alırdı, onlarla sevinirdi. Doğma ata-anasının izi onun təbiətindən, demək olar ki, bütünlüklə silindi. Ləzgi dili az-az, günbəgün doğma dili zəiflətdi, onun yerini tutdu və onu söndürdü.

Ləzgi kəndi doğma Vaşlovaninin adını onun qəlbindən silib çıxartdı. Keto yalnız bir çatışmazlığı uzun müddət hiss edirdi: Maqdaninin gözəl və məlahətli səsini, nəşələndirici mahnısını eşitmirdi, bu səs Ketonun qulağını əfsunlamırdı, lakin bunu da tezliklə unutdu, ancaq hamısından axırda.

Bir sözlə, bu gün - gerçəklik Ketonun ruhunda kök saldı və keçmişin əvvəlki rəngini soldurdu və sonra isə tamamilə yox etdi. Gürcü qadını ləzgi qadınına, Kaxetiya övladı - Dağıstan övladına çevrildi.

Ketonun belə tamamilə dəyişməsinə bu da kömək etdi ki, naib kənddə qəti əmr vermişdi: heç kəs, heç vəchlə cürət edib Ketonun qulağına çatdırmasın ki, onu qızlığa götürmüşlər və bizim doğma uşağımız deyil.

8. Ketonun atasının nahaq cəhdi

Ketonun ata-anası bu zaman nə düşünürdü? Onlar bilmirdilər ki, ləzgilər uşağı nə etdilər. Zurab öz uşağının Dağıstanın orta hissələrində olduğunu güman edirdi və oralarda axdartdırırdı, çünki uşağı qaçırdan ləzgilər oradan idilər.

Bu minvalla üç-dörd il gəlib keçdi. Axırda bir tanış ləzgi xəbər gətirdi ki, filan-filan naib sənin uşağını ələ keçirib, qızlığa götürüb və öz qızı kimi böyüdür.

Zurab həmin naibə ismarıc göndərdi ki, o qız mənim uşağımdır, oğrunca qaçırdılmışdır, təkcə o uşağı qaytar və nə istəyirsən sənə verərəm. Naib cavab kimi belə bir ismarıc göndərdi:

Əgər lap başdan bilsəydim ki, sənin uşağındır, mən özüm qaytarardım, lakin indi artıq gecdir.

Mənim də və arvadımın da Günəşi bu qızla doğur, o da bizi çox sevir, buralara öyrəşmişdir, sizi tamamilə unutmuşdur və ona görə də bütün Kaxetiyanın var-dövlətini gətirib mənim qapıma töksən də Ketonu qaytara bilmərəm.

Bu cür cavabdan sonra Zurab öz qızını yalnız güc tətbiq etməklə xilas edə bilərdi, ya da ki, hər hansı bir başqa üsulla. Ketonun Dağıstanda qalması isə ata-anası üçün dözülməz idi, həm də Ketodan sonra Maqdinanın uşağı olmurdu.

Kartveladze bir neçə dəfə iyirmiyə qədər silahlı igidlə Ketonu qaçırtmaq üçün Dağıstana getdi, lakin nahaq yerə, naib onun istəyini və niyyətini yaxşı bilirdi və ona görə də həmişə yolda elə yerdə pusquda qoyulmuş ləzgilərlə qarşılatdırırdı ki, orada pusqu qurmuş bir adam iyirmi, hətta qırx nəfər igidin yolunu kəsə bilərdi.

Gürcülərin dəstəsinin çoxluğu da naibin malikanəsinə yaxınlaşmağı çətinləşdirirdi.

Bu yolla heç nəyə nail ola bilmədikdə, Zurab fəndə əl atdı: şayiə yaydı ki, öz qızını qəlbindən çıxartmışdır və ata-anasının yanından qaçırtmağa heç cəhd də göstərməmişdir.

Bu xəbər naibə də gedib çatdı və o, əvvəlcə buna şübhə gözü ilə baxdı, sonra isə inandı, çünki bütün iki il ərzində Kartveladzedən səs-səmir çıxmırdı.

Bu vaxta qədər Ketonu bayıra çox ehtiyatla buraxırdılar, indi isə ləzgilərin başqa qadınları kimi, bir məhəllərən o birisinə tanışlarının yanına sərbəst gedib gəlirdi. Bütün bunların hamısını Zurab tanış ləzgilərin vasitəsilə yaxşıca öyrəndi və ehtiyatmı başqa cür görməyə başladı.

9. Atası Ketonu qaçırdır

Ləzgilər Ketonu qaçırtdıqları vaxtdan düz onuncu bahar ötüb keçdi, meşə sıx yaşıllaşmışdı və naibin kəndinə doğru nəzərə çarpmadan yaxınlaşmağı asanlaşdırırdı.

Zurab oralı bir ləzgini, çoxdan tanış olduğu və duz-çörək kəsdiyi adamı ələ aldı, bələdçi kimi yanına saldı və özü ilə yalnız on nəfər silahlı igid götürdü. Bütün yolu elə ehtiyatla getdilər ki, yolda bir nəfər ləzgiyə belə rast gəlmədilər.

O biri gün, axşam çağı naibin kəndinin kənarına gəlib çatdılar və meşədə əlverişli yerdə gizləndilər. Tanış ləzgi həmin gecə səssiz öz kəndinə getdi və səhər tezdən olduqca şad xəbər gətirdi:

Sən demə, Keto hər səhər özünün bir nəfər dostu qadına baş çəkməyə gedirmiş. Bu qadın qocalmış və bir az bundan əvvəl vəfat etmiş əvvəlki naibin qızı imiş.

Cavan qız atasının ölümündən çox kədərlənibmiş və ona görə də Keto hər səhər onu sakitləşdirməyə, ona ürək-dirək verməyə gedirmiş.

Günəş çıxan kimi Zurab Kartveladze yolun kənarına gəldi, ağacların arxasında gizləndi və Ketonun gəlib keçəcəyi yola baxmağa başladı. Kartveladze ilə üzbəüz, yolun o biri tərəfində böyük təpə vardı və bu təpə kəndi iki hissəyə, aşağı və yuxarı məhəlləyə bölürdü.

Keto aşağı məhəllədən bu təpəni və meşənin ortasını aşmalı və yuxarı məhəlləyə qalxmalı idi.

Gözləməklə xeyli vaxt keçdi, Zurab belə fikirləşdi ki, birdən Keto yuxarı məhəlləyə qalxmaq fikrindən vaz keçərsə, necə olar, ancaq elə bu vaxt uzaqda yenicə boy atmış qadın göründü, qürurla addımlayan və ləzgisayağı geyinmiş bir qız.

Zurab gözünü zilləyib baxmağa başladı və ürəyinin döyüntüsü artdı. Qadın get-gedə yaxınlaşdı və Zurab elə baxırdı ki, sanki ac gözləri ilə onu yemək istəyirdi.

Ketonun qiyafəsi bir qədər dəyişmişdi, xeyli böyümüşdü, yaşına görə böyük görünürdü, lakin rəngi və sir-sifəti uşaqlığındakı kimi, əvvəlki təki qalmışdı.

Atanın qəlbi hədsiz sevinclə doldu, öz Ketosunu yenə də gürcü qadını kimi tanıyanda şadlığı yerə-göyə sığmadı. Keto Zurabın daldalandığı ağaclara gəlib çatdı.

Kişi vaxt tapıb qızı qorxutmamaq üçün yavaşca, ehtiyatla onun qarşısını kəsdi. Keto diksindi, hürkmüş cüyür kimi kənara sıçradı.

- Qorxma, bala, sənin atanam, buraya gəldim ki, səni evə, ananın yanına aparım, - deyə şirin, ata səsi və nəvazişi ilə Zurab dilləndi. Keto qorxa-qorxa naməlum sözləri dinləyirdi və heç nə başa düşmədi ki, bu tanımadığı kişi ondan nə istəyirdi.

Yakob Qoqebaşvili
Yakob Qoqebaşvili

Zurab fikirləşdi ki, əgər danışmağa vaxt itirərsə, kimsə gəlib çıxa və iş korlana bilər, ona görə də sürətlə Ketoya doğru getdi, ehmalca biləyindən tutdu və meşəyə doğru qaçırtdı.

Keto hay-haray saldı, bu səs-küyü kənddə eşitdilər, lakin kimin idi və haradan gəlirdi, ilk anlarda təyin edə bilmədilər. Kənd ayağa durdu və bir neçə nəfər adam naibin yanına getdi.

O, başqa yerdə idi və ona görə də vaxtında ona xəbər çatdıra bilmədilər. Bu xəbəri ona çatdıranda olduqca mütəəssir oldu və dedi: Heç şübhəsiz qızı Kartveladze qaçırtdı və təqibçini çağırtdırdı.

Təcili surətdə otuz nəfər silahlı igid toplandı. Vaşlovaniyə doğra üç yol gedirdi. Naib təqibçiləri üç hissəyə ayırdı.

On nəfər igidi bir yol ilə, on nəfəri - ikinci yol ilə göndərdi və on nəfər igid ilə isə üçüncü yol

ilə özü təqib etməyə başladı. Hər üç təqibçi dəstə az qala Vaşlovaniyə qədər gedib çatdı, lakin Zurabın və Ketonun izinə düşə bilmədilər: onları sanki torpaq udmuş və yoxa çıxmışdılar.

İş burasında idi ki, Zurab öz qızını Vaşlovaniyə doğru aparmamışdı, çünki yaxşı bilirdi ki, təqibçi buraya gəlib çatacaqdı.

O, Şimal yoluna üz tutdu, bu yol Kaxetinin yuxarı kəndlərinə gedib çıxırdı. Uzaqdan dövrə vurmağı üstün tutdu ki, evə sağ-salamat gedib çıxsın, ancaq vay belə sağ-salamat gedib çıxmağa.

10. Keto çox əziyyət çəkdi

Keto ilk zamanlar öz atasını tanımırdı və buna görə kədərli olacaqdı, Zurab bu barədə düşünürdü, bununla yanaşı əmin idi ki, tezliklə yaddaşı özünə gələcəkdir, əvvəlcə öz atasını, sonra anasını tanıyacaqdır, öz uşaqlığı yadına düşəcəkdir və şadlanacaqdır, lakin çox aldanırdı.

Bütün yol boyu Ketonun kədərinin həddi-hüdudu yox idi. Onun gözlərindən ara vermədən sel kimi yaş axırdı. Elə hıçqırırdı ki, az qalırdı iç-çalatı ağzından çıxsın.

Atası qızının bu cür əziyyət çəkməsindən çox narahat olurdu, onun qüssəsini bir qədər azaltmağa çalışırdı, lakin əbəs yerə. Onun hər bir nəvazişi Ketonun kədərini artırırdı.

O, Zuraba özünün qanlı düşməni kimi baxırdı, onu ata-anasından, sevimli vətənindən ayıran, düşmən kimi əsir aparan cani hesab edirdi. Ona görə də onun hər bir şirin sözü və şərikliliyi ürəyinə xəncər kimi sancılırdı.

Zurab buna ümid bəsləyirdi ki, bəlkə evə qayıtdıqdan sonra Keto ağıla gəldi, anasını, öz həyət-bacasmı, kəndini tanıdı və ürəyi bizə doğra döndü.

Zurab bu fikirlə ümidlənirdi ki, öz evinin qapısını açdı, Ketonu içəri apardı və öz arvadına sevinclə dedi: “Aha, Maqdan, sənin Ketonu gətirdim!”

Sevincdən aşıb-daşan Maqdani qızma döğru atıldı, lakin sevinci təəssüfə çevrildi, öz qızının sifətində təsvir edilməsi çətin olan əziyyət izləri gördükdə özü də qüssələndi.

Maqdan Ketonu sevinclə köksünə sıxdı, onun kədərini yüngülləşdirmək istədi, lakin əbəs yerə. Keto buz kimi soyuq, daş kimi tərpənməz idi və Maqdanm analıq nəvazişləri və əzizləmələri ona heç bir təsir göstərmirdi.

Yox, göstərdi, lakin tamamilə gözlənilənlərin əksini. Maqdanm nəvazişi Ketonun gözləri önündə onun analığının, naibin arvadının simasmı və nəvazişini canlandırdı. Kədəri daha da gücləndi və qaynar göz yaşları gözlərindən sel kimi axmağa başladı.

- Sənin valideyinin, ananam, bala! Bu da sənin doğma atandır!— deyirdi Maqdani Ketoya. - Bax, bu sən doğulduğun evdir, uşaq vaxtı iməkləyirdin. Bax, budur, sənin balaca beşiyindir, sən burda yatırdın, bu da səhərdən axşamadək oturduğun sevimli bağçan.

Lakin Ketonun nə buralarda gözü vardı, nə də könlü. Onun hissləri və ağlı dərin kədər və dərd ilə dolu idi. Maqdani yenə də ümidini itirmirdi ki, Keto bu gün olmasa da, sabah öz körpəliyini yadına salacaqdı, valideynlərini tanıyacaqdı və onlara qayıdacaqdı.

Bir neçə həftə keçdi və ata-ananın bu arzusu həyata keçmədi. Keto demək olardı ki, yemirdi, içkiləri də az içirdi, dərindən ah çəkirdi, saraldı və ölüyə bənzədi.

O, taxtın üstündə sakitcə oturur, əsasən gözləri yumulu halda durur və onun xəyalı oraya, Dağıstana, tay-tuşlarının yanına uçur, o kənddə dolaşırdı. Onu əhatə edən hər şey yad görünürdü, hamını gözdən salmışdı, hamını öz düşməni hesab edirdi, hamıdan acığı gəlirdi.

Onu ağla gətirmək üçün bir çox fəndlərdən istifadə etdilər ki, uşaqlığını yadına salsınlar. Anası bir neçə dəfə onu qaçırdıqları yerə, meşəyə apardı.

Axşamçağı, onu qaçırdıqları vaxt apardı, Ketonun öz dayəsi ilə tez-tez oturduğu və kənd arvadlarının bardaqlarını doldurduqları və çiyinlərinə alıb evə apardıqlarına tamaşa etdiyi bulaq başma apardı; qonşunun qızlarını, Ketonun tay-tuşlarını, uşaqlıqda tez-tez birlikdə oynadıqları qadınları göstərdi, başqa kənddən onun dayəsini çağırtdırdı ki, bəlkə onu tanıya; onun gəlinciklərini göstərdi - qutuda bütünlüklə saxlanılmış oyuncaqlarını, bir neçə dəfə Ketonun diqqətini kilsə zənginin səsi cəlb etdi, uşaq vaxtı zəng səslənən zaman Keto onu əl çalmaqla qarşılayardı, lakin heç bir tədbir lazımi nəticəni vermədi.

Ata-anası Ketoya elə bir gürcü paltarı tikdirdilər ki, bütün gənc qızların gözü üstündə qalırdı, lakin Keto ona heç yaxın da getmədi və bundan sonra özünün ləzgi paltarlarını daha çox sevdi.

Axırda bir qonşu Maqdana dedi: Keto sənə çox oxşayır, bütün sir-sifəti anasınınkıdır; Sizin güzgünün qarşısında dur və Ketonu da yanında otuzdur.

O, güzgüyə baxacaq, iki sifəti bir-biri ilə müqayisə edəcək, özü ilə sənin sifətin arasında çoxlu oxşarlıqlar görəcək və bəlkə bu sənə köməklik etdi.

Maqda bunu da sınaqdan keçirtdi, lakin bu Ketonu daha da təəccübləndirdi, Maqdanın qəribə hərəkəti onu çaş-baş saldı, heç onun üzünə də baxmadı, ona görə də sifətləri arasındakı oxşarlıqları da tamamilə görə bilməzdi.

Gənc qadın ata-anasının əlindən gedirdi, xəstələnmədən solurdu, əriyirdi və ölümün qapısının ağzında idi.

- Yox, mən bu uşağın bu əzab və əziyyətlərinə dözə bilmərəm; əgər bir neçə gün ərzində üzünü biz tərəfə döndərməsə, ata mindirəcək və öz əlimlə aparıb naibə və onun arvadına tapşıracağam.

Görünür, çox layiqli insanlar imişlər ki, özlərini bizim doğma övladımıza belə sevdiriblər, - dedi Zurab öz arvadı Maqdana.

Maqdani isə Ketonu belə asan güzəştə gedə bilməzdi və yeganə övladını öz yanında torpağa tapşırmağa hazır idi, nəinki təkrarən və həmişəlik Dağıstana göndərməyə.

11. Beşik mahısının hikməti

Bu minvalla aprel də gəlib keçdi və gözəl may qədəm qoydu. Elə birinci may səhəri baharsayağı buludlaşdı və şimşək çaxmağa başladı.

Axşamadək güclü və həyatverici yağış gözlərini yumub tökdü, axşam çağı isə göyün üzü elə təmizləndi ki, səmada bir əlçim bulud belə yox idi. Göy qübbəsi bütünlüklə parlaq ulduzlarla doldu.

Olduqca xoşagələn hava yarandı. Heç şübhəsiz, bunun səbəbi idi ki, Keto həmin gecə rahat yatdı. O biri gün bir balaca taqətə gəlmiş halda oyandı.

Müqayisəedilməz səhər idi: ətraf bərq vuran Günəşdən aldığı parlaq işıqla bütün fəvvarəni öz nuruna qərq etmişdi və bu işıqlı səhər hər şeyi min rəngdə əks etdirirdi.

Meşə quşların həyatverici civiltiləri ilə dolmuşdu. Kartveladzenin bağında qızılgül qönçələri ağzını zanbaq kimi açmışdı və ətrafı öz ətrinə qərq etmişdi.

Bu qızılgüllərin yaxınlığında, elə oradaca ağaca qonmuş bülbül şirin-şirin cəh-cəh vururdu. Təbiət gülürdü, bayram edirdi, sanki min toyu birdən edirdi.

Təbiət insanın kədər və dərdinin müqayisə olunmaz müalicəsidir. O Ketonun nisgilli qəlbinə də kömək etdi və sifətində o qorxulu kədərin azaldığı hiss olundu, bu nisgil onun qəlbini və ağlını qorxulu yuxu kimi sarmışdı və ətraf həyatda nələr baş verdiyini dərk etməyə imkan vermirdi.

Bununla əlaqədar, Keto ilk dəfə bu barədə düşünməyə başladı ki, yad adamlar nəyə görə və nə üçün ona bu qədər məhəbbət göstərirlər, mənim kədərimə nə üçün bu qədər narahatlıq keçirirlər.

Anası bu xoş dəyişikliyi asan duydu, ümidi artdı. Bir tərəfdən həmin ümid və digər tərəfdən gözəl yaz səhəri Maqdani xoş əhval-ruhiyyəyə gətirdi və o, tamamilə qeyri-iradi olaraq, öz-özünə beşik mahnısını zümzümə etməyə başladı.

Keto itdiyi gündən sonra Maqdaninin mahnısının səsini heç kəs eşitməmişdi. On illik sükutdan sonra bu onun ilk mahnısı idi.

Maqdani pəncərənin yanında oturmuşdu, Keto isə otağın küncüdə balaca taxtın üstündə rahatlanmışdı. Maqdani beşik mahnısını əvvəlcə alçaq səslə, zümzümə ilə oxuyurdu, sonra isə öz gözəlliyi onu qanadlarına aldı və özünəməxsus yanğı ilə oxutdurdu, səsini ucaltdı.

Bir balaca, qeyri-ixtiyari Ketoya doğru baxdı və mat-məəttəl qaldı. Ketonun sifətindəki həyəcan aydınca hiss olunurdu. Aydın idi ki, nəyi isə yadına salırdı və dəqiq anşırda bilmirdi.

Onun təbiətinin dərinliyində çoxdan basdırılmış xatirə oyanırdı, lakin oyanmadı, idrakının dərinliyindən hansısa arzu olunan xatirə püskürmək istəyirdi, lakin qat-qat başqa təsəvvürlər onları aşağı sıxışdırırdı və yuxarı qalxmalarına mane olurdu.

Maqdani bunları yaxşıca görüb hiss etdi və səsinə möcüzəvi həzinlik, cazibədarlıq qatdı. Əvvəllər həmin səslə və həmin mahnı ilə hər gün öz qızının - Ketonun uşaqlıq günlərini şirinləşdirirdi.

Maqdanın səsi Ketonun qəlbinin dərinliyinə sirayət etdi, onu yerindən surətdə silkələdi və orada basdırılmış uşaqlığının ülvi qalıqlarını, xatirələrini canlandırdı, Maqdani gah səsinə cəlbedici güc verirdi və gah da sərhəd bilməyən ana məhəbbəti ilə Ketoya baxırdı.

Keto da sanki anasının sir-sifətini gözləri ilə yeyirdi və həyəcanla onun sifətində nə isə böyük bir sirri oxumağa çalışırdı və oxudu da.

Ketonun həyəcanlı çöhrəsi get-gedə sakitləşdi, sir-sifətindən qara buludlar tamamilə çəkildi, simasına müəyyənləşdirici şüanın qızartısı çökdü və sevinc şüaları bərq vurmağa başladı. Keto birdən taxtın üstündən sıçrayıb qalxdı, arzu dolu səslə qışqırdı:

“Anacan!” Cəld Maqdaniyə doğru atıldı, hər iki əli ilə onun boynuna sarıldı və anasını dadlı öpüşlərlə öpməyə başladı. Ana ilə balanın gözlərindən yaş sel kimi axırdı, lakin bu sevinc, nəşə, şadlıq yaşı idi.

Bir azca bundan sonra Zurab da qapını açıb içəri girdi. Keto anasının qollarının arasından sıçrayıb çıxdı, Zurabın üstünə atıldı və “Ata!” deyə bağırdı və onun boynuna sarıldı.

Sonra anasının yanına qayıtdı, əlindən tutdu, o biri otağa apardı, böyük güzgünün qarşısında öz yanında dayandırdı, sevinclə göz gəzdirdi, lakin nə isə onun fikrini dəyişməyə məcbur etdi, sürətlə güzgüdən uzaqlaşdı, o biri otağa qaçdı, qutunu açdı, təzə gürcü paltarını götürdü və ləzgi paltarlarının əvəzinə geyindi. Sonra yenidən məəttəl qalmış anasını güzgünün qarşısına apardı, yanında dayandırdı. Sifətlərini müqayisə etdi, anasına necə çox oxşadığını aşkarca gördü, ona doğru çevrildi, boynundan asıldı və yenidən onu öpməyə başladı. Əvvəllər Maqdaninin bu cür hərəkəti onu təəccübləndirirdi, indi isə özü də beləcə hərəkət etdi. Sonra anasına gəlinciklərin saxlandığı qutunu açdırdı və keçmiş dostlarını sevinclə əzizlədi.

Bir xatirə o biri xatirəyə səbəb oldu, ikinci - üçüncüyə, üçüncü - dördüncüyə və özünün uşaqlıq illərinin hadisələri gözləri önündə güzgü kimi açıldı. Keto anasına dinclik vermirdi və gah bağçaya, bulaq başına, gah - meşəyə aparırdı və kəndin ətraflarını dolandırdı. Gürcü dilini də yadına saldı, lakin sözlər çox azlıq edirdi. Danışıq zamanı dayanırdı, yaxud da ləzgi sözləri qatırdı və bu zaman anası gürcü sözlərini öyrədirdi.

Hər bir vaşlovanili, istər böyük olsun, istər kiçik, istər qadın olsun, istər kişi, Ketonun özünə gəlib, hər şeyi xatırlamasından sevinirdi, axın-axın gəlir və Maqdani və onun ərini təbrik edirdilər, Ketonu sevindirirdilər. Kartveladzelərin evində sevinc hökm sürürdü. Bu güclü sevincə məhz Maqdaninin tez-tez oxuduğu mahnı necə də yaraşırdı və ona rövnəq verirdi. Necə ki, uzun müddət susuz qalmış cüyür müqəddəs suyu acgözlüklə sorduğu və tezliklə doymadığı kimi.

Keto da bütün on il ərzində məhrum olduğu anasının mahnılarının ən gözəl ləzzətini doymaq bilmədən dinləyir və Maqdaniyə dinclik vermirdi. Maqdani bir mahnını bitirən kimi, yeni mahnını oxutdururdu, sonra—üçüncüsünü, dördüncüsünü. Maqdani tez-tez deyirdi: - Qadan alım, bala, bir az dincəl, yoxsa hərəkətim yoxdur. — Lakin Keto bu yorğunluğun sağaldıcı dərmanını bilirdi: anasını sevinclə bağrına basmaq və öpüşlərə qərq etmək. Keto anasının həzin mahnılarını dinləməklə həm məzələnir və həm də özü də mahnı öyrənirdi.

12. Keto və onun analıq-atalığı

Bir dəfə, Keto yeni həyatla ürəyini dolduran zaman, anasından soruşdu: “Anacan, qadan alım, ola bilərmi ki, kiminsə vasitəsilə Dağıstana salam göndərək?”

Bu sözlər Maqdaninin xoşuna gəlmədi və dayandı.

- Fikir eləmə, ana, - Keto övlad məhəbbəti ilə dedi. - Səni də, atamı da sevirəm, necə ki, doğma valideynlər kimi, onlara isə hörmət bəsləyirəm, necə ki, mənim qayğıkeşlərim və tərbiyəçilərim kimi. Əgər onlar olmasaydılar, kim bilir, kimin əlinə düşəcəkdim və başıma nələr gələcəkdi?

Xüsusi göndərilmiş adamların vasitəsilə naibə və onun arvadına salam göndərdilər və sovqat kimi Kaxet şərabı da qoydular. O zaman ki, ləzgilər bu şərabı heç də kaxetlilərdən az içmirdilər.

Yay ötüb keçdi. Ana görürdü ki, Keto öz analıq-atalığını çox görmək istəyir, lakin bunu demir, üzə vurmurdu. Bir dəfə Maqdani Ketoya dedi: “Bilirsənmi, mənim əzizim, başıma belə bir fikir gəlib?

İndi üzüm yığımı yaxınlaşır, Dağıstanda üzüm yoxdur və orada üzüm yığımı bilmirlər, gəl, sənin analıq-atalığını üzüm yığımına dəvət edək və onları əyləndirək, yaxşılığın əvəzini çıxmaq lazımdır”. Təşəkkür əlaməti olaraq Keto anasını sevinclə sinəsinə sıxdı.

Naib və onun arvadı Ketonu çox görmək istəyirdilər, ona görə də üzüm yığımına dəvət olunmaq onları çox sevindirdi və təyin olunmuş vaxtda övladlığa götürdükləri qızın ata-anasına qonaq getdilər.

Ata-anasının razılığı ilə Keto öz analıq-atalığını ləzgi paltarında qarşıladı. Ketonun sevincinin həddi-hüdudu yox idi, çünki özünün dörd nəfər qiymətli insanını bir yerdə görürdü, bütün qəlbi və ruhu ilə sevdiyi insanları.

Zurab və naib dostlaşdılar, Maqdani da naibin arvadını ürəkdən sevdi və hər payız fəsli onları üzüm yığımına dəvət etmək ənənəyə çevrildi.

Bu ənənə bir neçə ildən sonra Keto anasının vətənində ərə getdikdən və bir nəfər Kartli igidi ilə nigah kəsdikdən sonra da dəyişmədi.

Hər sentyabr ayında Kartlidən qızı və kürəkəni, Dağıstandan - naib arvadı və əmələsi ilə qonaq gəlirdilər. Keto heç təsəvvürünə belə gətirə bilmirdi ki, kimsə öz həyatında üzüm yığımını Keto qədər ləzzətlə və xoşbəxtliklə keçirmiş olardı.

13. Ketonun xoşbəxtliyi

Doğma ata-anasının və analıq-atalığının məhəbbəti Ketonun qəlbində bir yerdə cəmləşdi. Axırda buna ləyaqətli ərinin və uşaqlarının məhəbbəti də əlavə olundu.

O, gürcüləri də və ləzgiləri də, Gürcüstanı da və Dağıstanı da özününkü hesab edirdi və bir halda ki, məhəbbətdən məhəbbət doğulur, ona görə də gürcülər və ləzgilər sanki bir-birləri ilə yarışırdılar ki, kim Ketoya daha çox hörmət edəcək, xətrini daha çox istəyəcək və məhəbbət bəsləyəcəkdir.

Gürcü dilindən tərcümə: Emin Mahmudov

XS
SM
MD
LG