Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:01

Tapa bilməmişəm, ancaq tapacağam! (gürcü yazıçının hekayəsi)


Giorgi Leonidze

Giorgi Leonidze

- Bu gündən başlayaraq, Oxu Zalında gürcü yazıçılarının hekayələrini təqdim edirik.

Giorgi Leonidze Gürcüstanın xalq şairi olub. Böyük Vətən müharibəsi illərində yazdığı şeirlərində qəhrəmanlıq, vətənə məhəbbəti tərənnüm edib.

1950-ci ildə “Samqori”, 1951-ci ildə “Portoxala” tarixi poemaları, 1962-ci ildə isə “Sehrli ağac” adlı hekayələr toplusu nəşr olunub.

1957-1966 illərdə Gürcüstan Elmlər Akademiyası Ş.Rustaveli adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışıb.

Vaxtilə onun şeirlərini Azərbaycan dilinə Əhməd Cəmil, Əflatun Saraclı, Rəfiq Zəka, Məmməd Araz, Əli Kərim, Tofiq Bayram, Əlixan Binnətoğlu tərcümə ediblər.

Gürcüstanda yaşayan tərcüməçi və yazar Emin Mahmudov gürcü yazıçısı Giorgi Leonidzenin bu hekayəsini tərcümə edib.

GİORGİ LEONİDZE

DİLƏK AĞACI

Ağac, ağac basılıb

Üstündən halə asılıb.

Xalq şeiri

Dyakon Elepter axşamüstü kənd meydanında durmuşdu və kəndlilərlə söhbət edərək ürəyini boşaldırdı.

Bu, həmin Elepterdir, hansını ki, ötən ay bayram şənliyinə gəlmiş nadinc qonaqlar döymüşdülər - nə üçün adı Elepterdir? - deyə. Kəndin keşişi bu Elepter barədə deyərdi: İki Elepterim olsa, birini hökmən boğardım!

Dyakon Elepter daha çox şərab adamı idi, nəinki ruhani. Kef çəkməyi sevən, nəşəli, şərab düşkünü! Xeyir-dua zamanı Allah kəlamını tamam başdansovdu, donquldana-donquldana oxuyardı.

Lakin “Zəbur” surəsinin “Şərab insan qəlbini sevindirir” yazılan hissəsini elə böyük məhəbbətlə, elə şövqlə və səsini ucaldaraq deyirdi ki, gəl görəsən.

Qaranlıq düşənədək kənd naxırı çöldən qayıtdı, hamı öz mal-qarasına doğru yönəldi, kənd meydanı boşaldı, kasıb kəndli Elioz işsiz Elepterin çənəsinin altına düşdü.

- Deməli, sən bunu da bilmirsən ki, qəmgin qardaş, - deyə Elioza müraciət etdi, - zəmzəm bulağı ölməzlik suyudur?

Dyakon oradan keçən qız Abdianın əlindən su səhəngini aldı və dodaqlarma söykədi.

Əvvəlcə üzünə su səpdi, sonra ağzını yaxaladı, sonra bir-birinin ardınca başına çəkdi və razı qalmış halda, xoşbəxtliyə qovuşmuş kimi, sakitcə dedi: - Vay mənim başıma, sizin əlinizdən ölüm qurtarım və yoxa çıxım, məgər bilmirsənmi bu dirilik bulağı nədir?

- O bulaq haradadır?

- Tetrobiani dağlarında!

- Nəyin dərmanıdır? - Kəndli Elioz utancaqlıqla soruşdu.

- Dərman yox ki, ölməzlikdir!

- Ölməzlik nə deməkdir?

- Həmişə sağ-salamat olacaqsan!

Elioz diksindi, geri çəkildi.

- Yox, istəmirən! Bu əziyyətdə və kasıblıqda nəyimə gərəkdir?

- Kimdir sənə verən, ay yazıq! Məgər sənin kimiləri o bulağın yanına buraxarlarmı?! - Və gözlərini bərəltdi.

Dyakon Elepter incimiş halda Elioza baxırdı, kəşf etdiyi ölməzlik suyundan imtina edən bu savadsız və kobud adam onu təəccübləndirmişdi.

Dyakon nahaq yerə qəzəblənirdi. Körpə uşaqlı Elioz imkansız yoxsul idi.

- Elə olmağına elədir amma, ac it də ondan çörək almaz! - deyərdilər qonşuları və doğrudan da lüt-üryan, azuqəsiz Eliozun başına uçub-tökülən torpaq damının qarşısında həmişə gölməçə olurdu, yaşılaçalan milçəklərlə dolu... cındırlar... kir-pasaq... aclıq... zir-zibil... Əzazil yoxsulluğun ölməzliyi yazıq Eliozun nəyinə gərək idi?

Elioz incə qəlbli adam idi və eyni zamanda həddindən artıq xəyalpərəst. Həyatın məşəqqətləri onun qəlbində arzu qığılcımlarını söndürə bilməmişdi və özünün uydurduğu qəribə arzularla özünü qoruyurdu vəhşi kimi hücuma keçən gerçəkliklərdən.

Hələ qızıl yumurtalı, qızıl doğan toyuq axtarırdı kolların dibində. Sonra hər şeyə qadir balıq tutmaq arzusuna düşdü və bütün günləri ac-susuz İorinin sahilində oturdu; İorinini təmizlədi, qarşısını kəsdi, yan məcraya ötürdü, tor qurdu, tilov atdı; suyun bulaqlarını da süzdü, peşə də öyrəndi, lakin o sirli balığı tuta bilmədi ki, bilmədi!

İndi də Xerevandi dilək ağacını görməyi və onun meyvəsini yeməyi saldı ürəyinə: bu arzusunun çin olması ilə onun varlanması ki, birgə baş verməli idi!

Elioz inanırdı: yanvarın sərt şaxtalı gecəsində, əgər gecəyarı meşəyə düşsən və səmanın açılmasına şahid ola bilsən, onda zərif çiçəkli sehirli ağacı da görə bilərsən. Heç bir gözəllik ondan üstün ola bilməz. Həmin ağac, sən demə, bir saatda həm çiçəkləyir, həm də meyvə verir: əgər onun meyvəsini ələ keçirsən, bircə dişləmək və kifayətdir!

Yoxsulluq həmin andaca səndən həmişəlik əl çəkəcəkdir! Bunu kim demişdi, kim onun ağlına salmışdı, bu gün də bilmirəm!

Burası isə bir həqiqət idi ki, yanvar gecələri, şaxtadan səma parçalanan zaman, cır-cındır içindəki Elioz meşədə tez-tez, yalnız gəzib dolaşırdı, səmanın açılmasını və həmin dilək ağacını görmək intizarında.

- Ya ayıdan qorxmursanmı, yaxud canavardan, ya da çaqqaldan, belə ki, yalın əllə gəzirsən bu meşədə!

Lakin Eliozun gözlərinə qırmızımtıl-sarımtıl parlayan, çiçəklənmiş ağacdan başqa heç nə görünmürdü - nə təhlükə, nə də qorxu. Və onun cır-cındıra bürünmüş bədəni də arzu ilə isinirdi və görünür, dözülməz soyuğu hiss etmirdi.

Arvad-uşağı yalvarmaqla ona meşədə gəzməyə mane olurdu, lakin o, öz inadından əl çəkmirdi. Axırda buna öyrəşdilər və başını boşladılar. Meşədən qayıdanda odun şələsi gətirirdi və ailədə buna sevinirdilər də.

- Neylədin, Elioz, dilək ağacını tapdınmı? - Gülümsəyərək soruşurduq.

- Tapa bilməmişəm, ancaq tapacağam!

- Meşədə ki, soyuqdur, titrəyirsən və bu qılınc kimi doğrayıcı şaxtada tir-tir əsirsən?

- Bəs necə istəyirsən, ay evi tikilmiş?

Və, budur, bir qış səhəri, şaxta tüğyan edən zaman meşədən donmuş Elio-zu xizəkdə gətirdilər. Dilək ağacının axtarışında, onun keşiyini çəkməkdə və intizarında, şaxtadan çiçəkləmiş ağacın altmda donmuşdu.

- Yazıq doğrudan da elə gözəl ağac seçmişdi ki, ona baxmaqdan yaxşı heç nə ola bilməzdi. Şaxta min cür çiçəklə, krujeva, haşiyələrlə bəzəmişdi. Bütün şəkillərə qərq olmuşdu. - deyirdi qaranlıq gecədə təsadüfən donmuş Eliozun üstünə gedib çıxmış meşəbəyi Bodaveli.

Bu, həqiqətən belə idi...

Eliozun tabutunu uçub dağılmaqda olan samanlığının taxtalarından hazırladılar.

Dyakon Elepter Eliozun ehsanında bir dəfə yenə sərxoş oldu yə bununla da növbəti diləyinə çatdı. O biri gün yalnız dərdi dağıdacaq şərabsızlıqdan şikayət edirdi.

Yazıq Elioz isə yenə də iyrənc həqiqətdən qaça bilmədi və dilək ağacına qurban getdi.

Şairlər yalnız kağız üzərində qafiyələrlə danışanlar deyillər, poetik gözlə, poetik qəlblə və böyük arzularla şüalanmış başqaları da çox gəzir bu dünyada!

Günün bütün mövzuları

XS
SM
MD
LG