Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:06

Kütləvi bağlanan dükanlar- [Fotolar]


Binə Ticarət Mərkəzində bağlanan dükanlar (həmçinin aşağıda)

Binə Ticarət Mərkəzində bağlanan dükanlar (həmçinin aşağıda)

►“O gün prezident televizorda deyirdi ki, o qədər iş yeri niyə bağlanıb?

Niyə bağlanmasın ki? 2500 - 3000 icarə haqqı olar?

Hələ işıq pulu, nə bilim, “nə” pullarını demirəm. Adamın sıxıb suyunu çıxardanda, əlbəttə, iş yeri yoxa çıxacaq”

... Qaynaq aparatını qarşısına qoyub gözləyir. Arada durub gəzişir.

“Bir yerdə dayananda adama lap soyuq olur. Gərək bir az hərəkət eləyəsən. Saat 6-nın yarısıdır. İndiyə qədər gələn olmadı. İnanmıram bundan sonra kimsə gəlsin. Dünən də beləydi”.

Buna da bax: Azərbaycan dilində bu sözlərin mənasını bilirsən?

45 yaşlı Fəxrəddin Kərimov metronun Xalqlar Dostluğu stansiyasının yaxınlığındakı “Qul bazarı” adlanan yerdə günəmuzd iş gözləyən onlarla adamdan biridir. Arada bir maşın yaxınlaşıb saxlayanda, o da başqaları kimi maşının üstünə qaçır ki, birdən fəhlə axtaran olar. Ancaq hər dəfə ümidi boşa çıxır. (Ardı aşağıda)

Bir il əvvəl dükanı varmış...

Fəxrəddin deyir ki, bir il əvvəl Binə ticarət mərkəzində işi, dükanı, az-çox müştərisi də olub:

“Türkiyədən, fabriklərin anbarlarından mal gətirib satırdım. Pis də qazanmırdıq. İcarə haqqı orda həmişə çox olub. Ancaq yenə dolanırdıq. Get-gedə vəziyyət pisləşdi. Manat ucuzlaşndan sonra əlimdə heç nə qalmadı. Borc götürdüm, faiz filan, gördüm yox, altından çıxa bilmirəm. Dükanı, əlimdəki malları dəyər-dəyməzinə satıb birtəhər borclarımı ödədim”.

Buna da bax: AŞPA prezidentindən İlham Əliyevə yeni məktub gəldi

“Axırda bu körpünün altı dolub-daşacaq...”

Bundan sonra Fəxrəddin çox iş axtarıb. İş atlı olub, o, piyada:

“Vağzalda yük də daşıdım. Ancaq orda gündə 5 manatdan artıq qazana bilmirdim. Axırda gəldim bura, körpünün altına. Əvvəl-əvvəl hər gün bir qapıda işləmək mənə çətin gəlirdi, sıxılırdım, utanırdım. Sonradan öyrəşdim. Əslində mən bir il əvvələ qədər sahibkardım. İndi hambal da deyiləm. Bizə “qul” deyirlər, demək ki, quldarlıq dövründə yaşayırıq. Binədə qardaşımın, çox dostumun dükanı, heç olmasa “polka”sı vardı. Hər gün birinin ordan çıxdığını, dükanı boşaltdığını eşidirəm. Bax, "iqtisadi inkişaf" budur. Burda mənim kimi qullara bilirsiz gündə neçəsi qoşulur? Axırda bu körpünün altı dolub-daşacaq..." (Ardı aşağıda)

“Satılır”, “icarəyə verilir” elanlarına hər gün bir elan qoşulur

Vaxtilə Fəxrəddinin işlədiyi Binə ticarət mərkəzində indi çox dükanın üstünə ya “satılır”, ya da “icarəyə verilir” elanını görmək olar.

Burada çalışan Teymur Əliyev deyir ki, bağlanan mağazaların sayı hər gün artır:

“Bu gedişlə buralar boş qalacaq. Alan yoxdur, mal tökülüb qalıb. Çünki indi camaat təzə nəsə almaqdansa, köhnələrlə keçinir. Biri mən, “kurtka” satıram, ancaq özümə qıyıb birini geymirəm” - deyib gödəkçəsinin cırılmış qoltuqaltısını göstərir.

Fərəməz Kərimov da dükanını icarəyə verənlərdəndir:

“Bir ay olar burdan çıxmışam. Hələ başqa işim yoxdur, əlacsızlıqdan dincəlirəm. Bura da uşaqlara baş çəkməyə gəlmişəm. Həm də görüm nə var, nə yox. Görürəm ki, heç nə yoxdur, olan yoxun özüdür. O gün prezident televizorda danışırdı, deyirdi ki, hanı bağlanan o qədər iş yeri, niyə bağlanıb? Niyə bağlanmasın ki? 2500 - 3000 icarə haqqı olar? Hələ işıq pulu, nə bilim, “nə” pullarını demirəm. Adamın sıxıb suyunu çıxardanda, əlbəttə, iş yeri yoxa çıxacaq”.

Ticarət mərkəzinin hər tərəfində bağlanmış mağazalar var. Satıcılar deyir ki, çoxu təzəlikcə bağlanıb. (Ardı aşağıda)

Buna da bax: «5 milyonumu alıb universitetdən uzaqlaşdırdılar»

Gələn il daha çətin olacaq

İqtisadçı Məhəmməd Talıblı deyir ki, ölkədəki işgüzar aktivlik 21 fevral devalvasiyasından sonra düşüb. Bu, iri marketlərin, kiçik müəssisələrin bağlanmasında, iş yerlərinin itirilməsində, iri müəssisələrdəki kütləvi ixtisarlarda görünür. Növbəti il daha çətin keçəcək və daha çox adam işini itirməli olacaq:

“Ölkədə büdcədən maliyyələşdirilən investisiya layihələrində əgər bu il bir neçə milyard manat kəsir yaranırsa, eyni zamanda ötən illə müqayisədə büdcə gəlirləri 25 faiz azalıbsa, xərclər 22 faiz aşağı düşübsə, bu, o deməkdir ki, növbəti ildə büdcə xərclərində 22 fazi qənaət etmək məcburiyyətində qalacağıq. Artıq inşaat sənayesində bir neçə milyardlıq investisiya layihələri həyata keçirilməyəcək. Bu isə orda işləyən vətəndaşların iş yerlərini itirməsi deməkdir. İş yerini itirən fəhlələr, inşaat sektorunda çalışanların yoxsulluq səviyyələri dərinləşəcək. Dövlət büdcəsindən sifariş alan şirkətlərdə də ixtisarlar olacaq ki, bu da işsizlərin sayının daha da artmasına gətirib çıxaracaq”.

Son çıxışında prezident İlham Əliyev deyib ki, bu ilin 9 ayı ərzində 67 min iş yeri açılıb, onun 30 mini bağlanıb. Ölkə başçısı həmin iş yerlərinin niyə görə bağlandığının səbəblərinin araşdırılmasını tapşırıb.

Məhəmməd Talıblının sözlərincə, əslində işsizliyin artmasını hamı görürdü. Bunun yüksək səviyyədə etirafı isə o deməkdir ki, artıq bunu hamı hiss edir:

“Bunu hamı deyirsə, demək hamı hiss edir. Hamı deyir, danışırsa, hakimiyyətin də rəhbər heyəti bunu etiraf etməli olur."

Fəxrəddin yaxınlarının da qul bazarına gələcəyindən qorxur

Bir il əvvələ qədər sahibkar, bu günsə “bəlkə iş ola” deyib hər dayanan maşına ümidlə yaxınlaşan Fəxrəddin indi “qardaşımın, dostlarımın da bura gələcəyindən qorxuram,” deyir.

... O, səhər 9-dan gözləyirdi. Axşam saat 6-da körpünün yaxınlığında bir maşın dayanır. Sürücü maşından düşmədən əlilə onu çağırır. Maşına yaxınlaşır. Bir az söhbət eləyəndən sonra sevincək qaynaq aparatını, maskasını maşının yük yerinə yerləşdirir: “ Bu gün iş tapıldı. Görəsən, sabah da olacaq?”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG