Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:41

-

Son günlər Təfəkkür Universitetinin keçmiş əməkdaşı Riyad Əliyevin rektor Müşfiq Atakişiyevə qarşı ittihamları səngimir. Riyad Əliyev universitetin bəzi əməkdaşları ilə söhbətlərini gizli videoya çəkib YouTube portalında yerləşdirib. Onun rektora qarşı ittihamları çoxdur: universitetə təsisçi kimi cəlb olunub pullarının əlindən alınması, təqib olunması və s.

Riyad Əliyev barəsində bu ilin mayında İnterpola axtarış verilib, oktyabrda İnterpol onu Almaniyada saxlayıb, bir neçə saatdan sonra isə buraxıb. Təfəkkür Universitetinin keçmiş əməkdaşı dələduzluqda təqsirli bilinir.

Riyad Əliyev Təfəkkür Universitetinin Kiyev filialının rəhbəri, sonradan isə universitetin təsisçilərindən biri olduğunu bildirir və bunu sənədlərlə sübuta yetirə biləcəyini deyir. O, AzadlıqRadiosuna müsahibəsində rektorla arasında yaranmış problemlərə aydınlıq gətirib:

- Təfəkkür Universiteti ilə əlaqələriniz nə vaxtdan və hansı statusda başlayıb?

- 2004-cü ildə Təfəkkür Universitetinin filial müdiri təyin olundum, 2011-ci ilə qədər çalışdım.

- Kiyev filialının ilk rəhbəri siz olmusunuz, yoxsa sizdən əvvəl başqası olub?

- 2001-ci ildə Ukraynada filial təsis edilib, o zaman İlham Musayev filial rəhbəri olub, hazırda Təfəkkür Universitetinin tədris müdiridir.

- Kiyev filialının rəhbəriydinizsə, demək ki, daha çox Ukraynada olmalıydınız. Amma Bakıda həbs olunduğunuzu deyirsiniz. Bu nə vaxt olub və sizə qarşı sürülən ittiham nə idi?

- Filialda uşaqların adları gedirdi, dərsləri Bakıda keçirdik. Mən sənədləri gedib gətirirdim və burda, yəni universitetdə bir korpusa rəhbərlik edirdim. O zaman prorektor, həm də universitetin təsisçisi Tariyel Əhmədov günün günorta çağı küçənin ortasında öldürüldü, bu cinayət işi indiyə kimi açılmayıb. Tariyel Əhmədovun universitetdəki payı mənə təklif olundu, təsisçi kimi, mən də etiraz etmədim. O zaman məndə 4 milyon var idi, rektora 4 milyonu nağd verdim. 1 milyon manatın əvəzində bir villa, yeni tikilidə 3-otaqlı mənzil, 4 avtomobil, iki torpaq sahəsini Müşfiq Atakişiyevin qohumlarının adına keçirdim.

Bundan bir müddət sonra aramızda narazılıq yarandı. Rektorun qohumları mənə dələduzluq ittihamı ilə cinayət işi qaldırılmasına nail oldular, 3 illik həbs olundum, il yarım yatandan sonra cəzamın yarı hissəsindən azad olmaq üçün məhkəməyə müraciət etdim. Sonra isə ölkədən çıxdım.

- Prorektorun ölümündən sonra siz onun payını almısınız. Qanunla müqavilə -alqı-satqı sizinlə payçının varisi arasında bağlanmalıydı. Siz müqaviləni kimlə bağladınız?

- Müqaviləm rektor Müşfiq Atakişiyevlə bağlandı. Şərtə görə, onlar Tariyel Əhmədovun varisinə çatacaq payı verməli idilər. Amma Tariyel Əhmədovun oğlu gəlib mənimlə görüşdü, ona heç bir pay çatmadığını söylədi. Dedi ki, ona 100 min dollar verəcəklər, amma o, buna razı deyildi ki, 100 min dollarlıq da paymı olar?

- 5 milyon qoyduğunuz təqdirdə gəliriniz nə olacaq?

- Gəlir yüksək idi. Bütün xərclərdən sonra təsisçilərə 3-4 milyon manat qalırdı, təbii, gəlir əsasən köçürmə tələbələrdən idi.

- Burdan bir sual da doğur ki, 4 milyon bir müəllimdə haradandır?

- Filial müdiri olanda illik gəlirim 300 min manat idi. 2004-dən 2011-ci ilə qədər o vəzifədə çalışdım. Çatmayan məbləği də dostlarım kömək etdilər, yüksəlməyini eşidəndə pul tapmaq çətin deyil. Üstəlik, həqiqətən də etibarlı və imkanlı dostlarım var, elə həbsxanada da onlar mənə dəstək oldular.

- Təsisçi keçəndən sonra gəliriniz oldumu? Neçə il təsisçi oldunuz?

- Olmadı, imkan vermədilər, təsisçi keçən kimi bu əhvalat başladı. Qoyduğum pulu geri qaytarmamaq vətəsisçilikdən uzaqlaşdırmaq üçün mənə şər-böhtan atdılar, həbsimə nail oldular.

- İndi tələbiniz nədir?

- Tələbim qoyduğum vəsaiti geri almaq, Tariyel Əhmədovun qatillərinin tapılması və barəmdə çıxarılan məhkəmə hökmündən bəraət almağımdır. Bunun üçün də Avropa Məhkəməsinə müraciət etmişəm.

RİYAD ƏLİYEV BÖHTANA GÖRƏ MƏHKƏMƏYƏ VERİLİB

AzadlıqRadiosu Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyevin Riyad Əliyevin ona qarşı səsləndirdiyi ittihamlara cavabını öyrənməyə çalışıb. Universitetdən məsləhət gördülər ki, suallar təhsil müəssisəsinin rəsmi elektron ünvanına göndərilsin. Ancaq 5 gün ərzində universitetdən heç bir cavab almadıq.

Bu ilin mayında Təfəkkür Universitetindən APA-ya bildirilib ki, Riyad Əliyev universitetin rəhbərlərinə, bəzi vəzifəli şəxslərə əsassız böhtanlar atdığına görə universitet rəhbərliyi tərəfindən məhkəməyə verilib: «Əfsuslar olsun ki, Riyad Əliyev məhkəmənin çağırışlarından yayınaraq xaricə qaçıb. Elə buna görə də Yasamal rayon Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli qərarına əsasən, Riyad Əliyev hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır».

Məlumatda həmçinin qeyd olunur ki, Təfəkkür Universitetinin Riyad Əliyev adlı təsisçisi olmayıb və universitetin Kiyev şəhərində filialı yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG