Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:18

- "Səhər oyanıb görürsən, biri maşını saxladığı yerə iri daş parçası qoyub, başqası iki dəmir döyüb asfalta, aralarında da zəncir sallayıb, üçüncüsü maşının nömrəsin boyayla yerə yazıb."

"Aramızda bu böyüklükdə antipatiyanın, latent nifrətin, gizli aqressiyanın haradan doğulduğuna məəttələm."

Bilal Həsənov

DAŞ HASAR

Maqsud İbrahimbəyovun 1973-ci ildə çap olunan “Ondan yaxşı qardaş yox idi” əsərini çox guman ki, oxumusunuz. Bu povest haqqında bilgisi olmayanlara onu mütaliə eləməyi israrla məsləhət görürəm.

Hə, yadımda ikən xırda haşiyə çıxım ki, Maqsud bəy Rüstəm bəyin qardaşıdır. Həmin Rüstəm bəyin ki, hakimyyətimizdən küsülü düşüb ölkəni tərk edib.

Mən əbəs yerə bu əsərin adın yazmadım. Cəmiyyətdə insanlarımız arasında olan ünsiyyəti, həmin kitabın qəhrəmanları Simurq ilə Cəlilin münasibətinə oxşadıram.

Bir ananın iki oğlu, eyni şəhərdə, eyni küçədə, eyni evdə yaşayırlar. Di gəl ki, biri o birinə qardaş, “brat” deməynən iş düzəlmir. Necə ki, halva-halva söyləməknən ağız şirin olan deyil. Ədavət düşür bu iki qardaşın arasına.

Kin, küdrət peyda olur ortada. Anaları ölür. Böyük qardaş Cəlil bir həyəti bölür iki yerə. Bir kamaz kubik öz işin görür.

İllüstrasiya

İllüstrasiya

Bax, elə həmin daş hasar bu günə kimi bizim cəmiyyəti parçalayır. İnsanlarımız alınları ilə soyuq daşlara dirənirlər.

Başların daşa döyürlər. Daş hasar bir-birimizi sevməyə, anlamağa, eşitməyə, ünsiyyət qurmağa, güzəştə getməyə imkan vermir.

Əngəl olur. Riyakarlıq, yalançılıq, satqınlıq, inamsızlıq və ən əsası, aqressiya yaranır.

Ramiz Əzizbəyli

Ramiz Əzizbəyli

Yeri gəlmişkən qeyd edim ki, daş hasar simvol kimi Ramiz Əzizbəylinin 1991-ci ildə çəkdiyi “Bəxt üzüyü” filmində də var.

Xatırlayın, qonşular dalaşandan sonra sərxoş Hüseyn gəlir və daş hasarla danışmağa başlayır.

Hüseyn əllərini daş hasara çırparaq, monoloq deyir: “İnsanlar öldürdü onu. Daş qəlbli insanlar. İnsanlar arasındakı sərhədlər öldürdü onu. Bu daş hasar öldürdü onu.”

Sakini olduğum binanın qarşısında, Bakı maklerinin diliylə desək, hündürmərtəbəli “novostroyka” yerləşir. Demək olar ki, hər axşam işdən dönərkən həmin binanın həyətində pulsuz tamaşa izləyirəm.

O binanın həyətindən dava-dalaş səngimir. Ağız deyəni qulaq eşitmir. Maşın saxlamaq yeri uğrunda qanlı savaş gedir.

Aqressiya aşıb-daşır. Qıraqdan elə görünür, sanki bu dəqiqə biri digərinin ətin didəcək. Qədim Romada kütləni əyləndirməkdən ötrü vuruşan qladiatorlara bənzəyirlər. Məhəllə əhli də onları alır dairəyə, küçə olur Kolizey.

Səhər oyanıb görürsən, biri maşını saxladığı yerə iri daş parçası qoyub, başqası iki dəmir döyüb asfalta, aralarında da zəncir sallayıb, üçüncüsü maşının nömrəsin boyayla yerə yazıb. Ancaq müharibə onsuz da səngimir. Axşam yenə dünənki döyüş təkrarlanır.

Üç ilin söhbəti olar. Yay idi. Günəş asfaltı əridirdi. Avtobusla Bakıətrafı qəsəbələrdən birinə gedirdim. Dayanacaqda avtobusa üç nəfər əcnəbi mindi.

Biri sarışın, göz oxşayan gənc qız, ikisi oğlan idi. Qız yanımda əyləşdi, oğlanlar keçib əyləşdilər arxa tərəfdə. Bir az söhbətləşdik. Polşadan idilər, Krakov şəhərindən. Gedirdilər palçıq vulkanlarına baxmağa.

Azərbaycandan, Bakıdan danışdılar. Kababımızı təriflədilər. Onda hələ “Bakı sanki Dubaydır”, “Bakı Qafqazın Dubayıdır” klişesi dəbdə deyildi deyə, onu demədilər.

Nəhayət çatdıq qəsəbəyə, avtobus dayandı, yerimdən qalxanda arxadan mənə kimsə toxundu. Bu, bayaqdan diqqətlə əcnəbiləri süzən yaşlı bir kişi idi. Havanın bürkü olmasına baxmayaraq, qırmızı qalstuk, pencək geyinmişdi.

Əlimdən tutub dedi ki, bacıoğlu, o gədələrə deynən ki, əmi onların yol pulusun verəcək. Bilsinlər bizlər necə qonaqsevərik.

Tam altı ay sonra ilin qış fəsli, çovğunda-soyuqda, yenə həmin avtobusla eyni qəsəbəyə gedirdim. Yolda avtobusa yaşlı bir kişi mindi.

Əbasından kimsəsiz, evsiz, yiyəsiz olduğu bilinirdi. Əl açıb dilənirdi, yırtıq ayaqqabısından çirkli, iri dırnaqlı baş barmağı görünürdü. Heç kim onun əvəzinə yolpulu vermədi.

Pul nədi, heç durub yer verən tapılmadı. Kişi bütün yolu ayaq üstə keçirtdi.

Gün ərzində şəhərdə maşın sürənlər məni daha yaxşı anlayar. Siz heç sürücü-sürücü və yaxud piyada-sürücü arasında nə baş verdiyinə diqqət etmisiz? Sanki bu insanlar düşməndirlər.

Yersiz siqnal vermək, işıqforun yaşıl işığı yanmamış öndəki maşının sürücüsünü tələsdirmək, digərinin yolunu kəsmək, istədiyi yerdə maşını saxlamaq, piyada keçidi üstə olan piyadaya yol verməmək, beş qarış yol üstündə az qala damarlarını kəsmək həddinə çatırlar.

Şou başlayır. Sanki Tom və Ceri cizgi filmidir. Erkək Tom başlayır dişi Cerini qovmağa. Çatıb maşınla yolunu kəsir, siqnal verir, nalayiq söyüşlər, yenə aqressiya, yenə hər cəhdlə güzəştə getməmək.

Sanki eyni millətdən deyillər, elə bil bir dildə danışıb bir şəhərdə yaşamırlar.

Yaşadığım binada ruslar, ləzgilər, yəhudilər çox idi. Əlbəttə ki, mən sizə danışıram Sovet dönəmindən. Qonşu evdə Tolik dayı yaşayırdı.

Əla mebel ustası idi. İşinin sənatkarı idi. Dümanı orijinalda oxuyurdu. Di gəl ki, çox içərdi. Hər axşam evə dəm gələrdi. Hər axşam da, evinə çatmamış, elə blokdaca qonşulardan kiminsə qapısını isladardı. Cəmi qonşular bilirdi ki, bu Tolikin işləridir, yenə sərxoş olub.

Hamı da Toliki yola verərdi. İllər ötdü, zaman dəyişdi, ruslar, yəhudilər, Tolik köçüb getdi. İndi onların evlərində azərbaycanlılar yaşayırdı. İndi Tolikin evində Əli adlı bir kişi məskən salmışdı.

O da içən idi. Ayıq günü olmazdı. Bir balaca da əqli cəhətdən narahat idi. Bir kərə yenə sərxoş olub öz evinə getmək əvəzinə, səhvən qonşunun qapısını döymüşdü. Qapı açılan kimi özünü yıxmışdı içəri.

O evdə yaşayan ata və iki yetkinlik yaşına çatmış oğul, Əlini o qədər döymüşdülər ki, Əli olmuşdu əlil. Vaxtında qonşular tökülüb gəlməsəydi, yazığı öldürəcəkdilər.

Adam tanıyıram, azərbaycanlı dilənçilərə pul vermir. Gedib rus qarılarını tapıb onlara verir. Ət, yağ, dərman alır onlara. Səbəbin soruşanda deyir onların sifətində nur var, bizim dilənçilər sırtıqdı, yekəxanadı.

Aramızda bu böyüklükdə antipatiyanın, latent nifrətin, gizli aqressiyanın haradan doğulduğuna məəttələm.

Qardaş deyib bir-birimizə kələk gəlməkdən usanmırıq. Gördüyümüz daş hasar simalarımızı gizlədib yalan danışmağımıza fürsət verir.

Mən hələ də yolda qəza olayını görüb kömək etmək əvəzinə, telefonunu çıxardıb yaman hala düşmüş insanları, alt paltarı çöldə olan qız-qadınları videoya çəkənləri anlamıram.

Öz tərəfimdən bütün varlığımla, gücümlə, əziyyətlə həmin hasarı ovub, dağıtmaq istəsəm belə, sanki əks tərəfdən onu hey palçıqnan bərkidirlər.

İndi perforatorla dağıda bilmədiyimiz daş hasarı, sabah bulldozer uçurda bilməyəcək.

İlyas Əfəndiyev

İlyas Əfəndiyev

İlyas Əfəndiyevin “Daş hasar” adlı qısa hekayəsi var. İncəsənət sarıdan sinov gedən Firuzə adlı qızdan bəhs edir.

O, Mürşüd adlı rəssama ərə gedir.

İlk vaxtlar əri ilə qürur duyan, onu bütləşdirən Firuzə, zaman ötdükcə ərinin fərqli olduğunu, onun öz xırda dünyasının sahibi olduğunu anlayır. Ərin onun gözündə kiçilməyə başlayır.

Firuzə yayda Mürşüdün bağ evində qalır. Ev isə uca daş hasarla əhatə olunmuş olur. Bu hasar qızı çox sıxır, narahat edir, Firuzə diskomfort keçirir.

Əsəbiləşir, cinlənir, guya dənizi görə bilməməyi onu darıxdırır. Hər gecə Xəzərin səsinə qulaq asan qız, onu görə bilmədiyi üçün ərinə çımxırır. Aralarında acıqlıq düşür. Sonda bağdan köçürlər şəhərə.

Sözsüz ki, hekayədə iki insanın ünsüyyətindəki soyuqluğa səbəb evi əhatəyə almış daş tikili deyil, məsələ iki şəxsin bir dünyasını yarıya bölmüş, anlamsızlıqdan hörülmüş beyindəki çəpərdir.

Nə isə, bircə onu bilirəm ki, bu gün uşaqlarımızın önündə tikdiyimiz bu daş hasarı sabah onlar qan ilə boyayacaqlar.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG