Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:54

Sevin uşaqlarınızı, bilinmir həyat onlara nə hazırlayıb


Bilal Həsənov
Bilal Həsənov

- "Butafora, replika, mulyaj və maketlərlə doludur həyatımız."

"Ata uşaq üçün əlində televizor pultu olan heykəl deyil."

"Borca, xərcə, kreditə girib uşağı Antalyaya aparıb, sonra da şəkillərini bütün sosial şəbəkələrdə paylaşan, amma uşağına üç il velosiped söz verib almayan valideyin kimə nəyi sübut etmək istəyir?"

Bilal Həsənov

Sünilik...

“Sevin uşaqlarınızı, bilinmir həyat onlara nə hazırlayıb.”

Ekzüperi

“Əgər istəyirsiniz uşaqlarınız ağıllı olsunlar, onlara nağıl oxuyun. Əgər istəyirsiniz onlar çox ağıllı olsunlar, onda çoxlu nağıllar oxuyun.”

Eynşteyn

Uşaqlar cəmiyyətin təməlidir, özülüdür, bu klişe olsa da, banal səslənsə də, danılmazdır, heç belə sübuta ehtiyacı da yoxdur. Uşaqları maarifləndirmək, mənən qidalandırmaq və sevmək lazımdır.

Əks halda, saatlı bombanı qurmuş olursan. O bombanı ki, cəmiyyəti içəridən sakitcə-dinməzcə param-parça edəcək. Cəmiyyət o vaxt qurulur ki, toplum formasından qurtulur. Bir neçə insanın bir yerdə yaşaması toplumdur.

Amma onların birlikdə düşünməsi, müəyyən qaydalara əməl etməsi, həyat kriteriyalarını cızması artıq onların toplumunu ibtidailikdən çıxarır, müasirləşdirir, formalaşdırır.

Bu metamarfozanın əsas amili maariflənməkdir. Elm, savad, bilik, kitablar hamısı alətlərdir, əsas xammal isə uşaqlardır. Amma mən sanıram ki, hər şeydən əvvəl biz onları sevməliyik.

Bəli, sevməliyik, amma süni sevgi ilə yox, adi, insan sevgisi ilə.

Razılaşın ki, sünilik bizim cəmiyyətin hər pilləsində var. Sünilik, hap-gopçuluq, yola-verdi demək olar, gündəlik həyatımızda hər an qarşımıza çıxır. Butafora, replika, mulyaj və maketlərlə doludur həyatımız.

Artıq buna o dərəcədə öyrəşmişik ki, reallığı sünilikdən ayırd edə bilmirik. Yalandan ali məktəbə qəbul olunmaq, gözdən pərdə asıb ibadət eləmək, quzu dərisi geyinib insanları aldatmaq, süni bilik, süni hörmət, süni iqtisadi inkşaf, süni xöşbəxlik, süni demokratiya, süni qiymət artımı, süni mayalanma, süni seçkilər, süni dəfn mərasimləri, süni ideal ailə, süni insan münasibətləri, süni cəmiyyət.

Nəyisə nəyəsə və kiməsə görə etmək haqqında saatlarla danışsaq da, narazılıq etsək də, etdiyimizi edirik. Süniliyi yaymaqda israrlıyıq.

İndi cəmiyyətimizdə maşın-maniyadan sonra, Top Onluqda ikinci yerdə uşaq-maniya gəlir. Yəni övlada həddən artıq diqqət, sevgi, nəvaziş. Əla, gözəl, belə lap super, amma kaş bu sünilik olmaya.

Sünilik artıq o qədər şişib böyüyüb ki, içi çirklə dolu bir çibana bənzəyir. Partladıb irini dağıtmaqdan qorxuruq.

Ruslar buna deyir “ради галочки”, yəni bir quş qoy qabağına ki, bəs etdik, tamam, qırılın. Elə hey bu quşları qoya-qoya quşduyuruq. Hər işimizdə, hər addımımızda quşduyuruq.

İnsanların içində özləri irilikdə kompleksləri var. Bu kompleks onları ağırlaşdırır, nəfəs almağa, yaşamağa imkan vemir. Sevgiləri belə, süni olur.

Bir kərəm nənəmin yanında oğlumu qucağıma almışdım. Gördüm arvad tərs-tərs mənə baxır, gülümsünüb sorüşdum ki, ay nənə, nə olub, nə məsələdi?

Dedi, ay bala, ver uşağı anasına. Bizlərdə kişinin uşağını qucağına alması əgibdir. Oğul gərək atanın bir nəvazişini həsrətlə gözləyə. O hadisədən bir xeylam vaxt ötüb, nənəm artıq dünyada yoxdur, amma həmin dialoq heç yadımdan çıxmır.

Düzü, onda nənəmlə razılaşmadım. Elə heç indi də razı deyiləm. Bir də ki, arvad köhnə düşüncəli idi, uşaq vaxtından ərə vermişdilər. Biləcəridən o yana keçməmişdi. Savadsızlıq, cahillik öz sözünü demişdi.

İnsan öz övladını sevər də, əzizləyər də, lap elə başına da dolanar, amma kaş ki, bu təbii sevgi ola, təbii istək, daxildən qaynayan tələbat ola.

İndi cəmiyyətimizdə maşın-maniyadan sonra, Top Onluqda ikinci yerdə uşaq-maniya gəlir. Yəni övlada həddən artıq diqqət, sevgi, nəvaziş. Əla, gözəl, belə lap super, amma kaş bu sünilik olmaya.

Qonaq getmisən bir evə, salam, salam, keçib oturursan yuxarı başda. Lap yaxşı, lap əla, ev yiyəsinin uşağı görür qonaq gəlib, sevinir, atılıb düşür, oynamaq istəyir, diqqət axtarır. Vəssalam, elə burda şou başlayır.

Uşağı əllərinə keçənlə döyürlər, söyürlər, basırlar başqa otağa, arxasınca da bir-iki yağlı söyüş-kötək, adamın qanı qaralır, deyirsən ki, nə zibilə düşdüm, gəldim, mənə görə uşağı danladılar. Bir söz tapıb deyə bilmirsən, bir də ki, nə deyəsən, hər valideyn özü bildiyi kimi tərbiyə verir öz övladına.

Bir az hal-əhval tutub sağollaşırsan. Gecə də görürsən ki, ata-ananın WhatsApp-da iki saat əvvəl kötək yeyən uşağının şəkli və status: “Sən mənim ürəyim”, “Həyatımın mənası”, “Canım balam”.

Başqa bir hadisə. Ər-arvad uşaq istəmirlər. Xüsusən də qız uşağı. Bir-iki abort, qırğın-qiyamət, dava-dalaş, sonra da nənə-babanın təkidi ilə dünyaya uşaq gətirirlər. Ağız büzə-büzə, narazı, deyinə-deyinə ki, bizə hələ tezdi, buna kim baxacaq, imkan yoxdur, bəs mən necə işləyim, necə edim?

Yəni bəhanələr. Üç gündən sonra da görürsən ki, doğulan uşağın Faceebook-da şəkli, ata-ana ikisi də bir gözyaşardıcı status yazıb ki, dəsmal çıxart, otur ağla. Bəs təşəkkürlər tanrıya ki, səni bizə bəxş etdi, sən doğdun günəş kimi bizim həyatımıza, sən yeni rəng qatdın günümüzə və s.

Yaxın dostum tibbi sığorta şirkətlərindən birində işləyir. Deyir, bir gün bir ata zəng vurub dava-dalaş salıb ki, niyə mənim oğlumun sünnətini sığorta ödəmir. Vətəndaşa başa sala bilmirlər ki, bu mümkünsüzdür.

Dostumdan soruşdum, bəlkə imkanı yoxdur? Deyir, yox e, gəlib-gedən adamdır, maşını tank irilikdə, sadəcə qıymır, vəssalam. "Maşına pul tapır, bazdığa tapır, yeyib-içməyə tapır, oğlunun işini görməyə tapmır."

Di gəl ki, telefonunun üz qabığında oğlunun şəkli, maşınının nömrəsi oğlunun ad günü tarixi, açdığı şirkətinə də qızının adın verib.

Dükanda iki qadının söhbətinə qulaq şahidi oldum. Biri o birisinə istehza ilə deyirdi ki, mən qızıma paltarları ancaq "Mothercare"dən alıram. Nə danışırsan? Nə? Binə-Sədərək ticarət mərkəzlərindən heç uşağıma paltar alaram?!

Bu an balaca qızcığaz əlində dondurmayla həmin anaya yaxınlaşır. Qadın uşağın saçından dartır, dondurmanı əlindən alır, uşağın da başına bir qapaz.

Nədir bu? Kompleks? Yoxsa total özünü göstərmə müsabiqəsi? Nə olub bu insanlara? Nəyi və kimə sübut etməyə çalışırlar?

Borca, xərcə, kreditə girib uşağı Antalyaya aparıb, sonra da şəkillərini bütün sosial şəbəkələrdə paylaşan, amma uşağına üç il velosiped söz verib almayan valideyin kimə nəyi sübut etmək istəyir?

Bir yaşında uşağının adına ipatekaya ev alan ata ömrünü gününü o ipatekanı ödəməyə sərf edəcəksə, uşağını ancaq gecələr yatmış görəcəksə, bunun o uşağa nə faydası?

O, öz üşağına bəs nə öyrədəcək? Uşaq ondan nə götürəcək? Ömrünü kreditə işləməyi?

Ayda-ildə bir kərəm, xala-xətrin qalmasın, uşaqları bulvara aparıb, iki karuselə mindirib, morojna alıb, "Mən uşaq böyüdürəm" demək olmaz. Bu uşaq böyütmək deyil. Bu, uşağa sevgi deyil.

İşdən sonra vaxtını uşaqları ilə keçirtmək yerinə onlara nəsə öyrətmək əvəzinə, saatlarla çayxanalarda domino vuran, tonlarla çay içən, kiloqramla semiçka yeyən atalar, səhərisi işdə quyruğu qapı arasında qalanda birinci cağalarını verirlər qabağa.

Bu, uşağı “avtopilot” rejiminə qoyub, onun böyüməsini gözləməkdir. Sevgi şəxsidir, onu sosiallaşdırmağa ehtiyac yoxdur.

Sevən səssiz də sevəcək. Onun sevgisini bilən var və ya yoxdur, bu onu narahat etmiyəcək. Yerdə qalan isə sünilikdir.

Yəni mən də atayam, mən də anayam, baxın mən uşaqlarımı necə sevirəm.

Görün nə gözəl insan, vətəndaş və ailə başçısıyam! Baxın və həsəd aparın. Siz qonşular, siz dostlar, siz düşmənlər, siz qohumlar.

İşdən sonra vaxtını uşaqları ilə keçirtmək yerinə onlara nəsə öyrətmək əvəzinə, saatlarla çayxanalarda domino vuran, tonlarla çay içən, kiloqramla semiçka yeyən atalar, səhərisi işdə quyruğu qapı arasında qalanda birinci cağalarını verirlər qabağa.

Bəs, ay rəis, ay ingilis, qoyma, amanın günüdü, balalarım ac-yalavac qalıb evdə. İndi onları kim böyüdəcək?! Uşağı yedirtmək hələ onu böyutmək və tərbiyələndirmək deyil. Ata uşaq üçün əlində televizor pultu olan heykəl deyil.

Bəli, razıyam, sosial tələbatlar, məişət problemləri bəzən gün ərzində bizi çox yorur. Amma bu bizə haqq qazandırmır. Biz anlamalıyıq ki, uşaqlara ata və ana diqqəti lazımdır.

Nə maşın, nə ev, nə torpaq. Onlara sevgi lazımdır. Amma süni sevgi yox, publikaya hesablanmış sevgi yox. Real, daxildən gələn sevgi. Çün uşaqlar biz böyüklərdən fərqli olaraq, süniliyi tez hiss edirlər.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG