Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:28

- Müsahibə Riqada çap olunan “Bu gün ” qəzetində 4 noyabr 1932-ci ildə yayımlanıb.

1932-ci il. Paris... Vladimir Sirin1-Nabokov onun şərəfinə təşkil olunmuş ədəbiyyat gecəsində iştirak etmək üçün burdadır2 . Düşünürəm ki, oxucular keçiriləcək görüşə onu təkcə yazıçı kimi sevdikləri üçün yox, həm də "Lujinin müdafiəçisi"nin müəllifinin hansı görünüşə malik olduğunu görmək üçün gələcəklər.

Onu da deyim ki, maraq sahibləri qarşılarında 33 yaşlı, idmançı görünüşlü, çox çevik, əsəbi, impulsiv bir gənc görəcəklər. Peterburqlulara məxsus nəzakətli davranış tərzinə malik və gözəl danışıq qabiliyyətli, Kembricdən “yadigar qalan idmançı görünüş”lü , Berlin istehsalı olan keyfiyyətli, son dəbə uyğun kostyum geyinmiş - Sirin-Nabokov.

Onun uzunsov, arıq sifəti, hündür, günəşdə qaralmış alnı, qeyri-adi üz cizgiləri var. Sirin sürətli nitq qabiliyyətinə malikdi, tez-tez və əyləncəli danışır.

Amma müdrikliyə bənzər hansısa hiss ona özündən bəhs etməyə mane olur. Bir də ki, əslində bu çox qəliz məsələdi - yazıçı üçün uydurduğu həyatı kağıza köçürmək, özünün şəxsi həyatı haqda maraqla danışmaqdan daha asandı.

Bu 33 ildə o, Peterburqda Teniş məktəbində orta ixtisas təhsilinə yiyələnmiş, Krımdan qaçmış, Kembricdə xoşbəxt zamanlar keçirmiş, kitablarla bərabər olmasına baxmayaraq, olduqca darıxdırıcı Berlin həyatı yaşamışdır və hal-hazırda da yaşamaqdadır.

Tənbəllik onun yerdəyişməsinə imkan vermir. Bir də ki, əslində harda yaşamağın nə fərqi?!

Jurnalist Andrey Sedıx

V.N: - Əgər mən bu əzablı və böyük zəhmət tələb edən yazıçılıq sənətindən uzaqlaşa bilsəm (siqaretini tüstülədərək deyir) həyatım ancaq Kembricdə öyrəndiyim zoologiya, roman dilləri, tennisə, futbola və boksa olan böyük sevgidən ibarət olacaq.

Özü də deyəsən, mən yaxşı qapıçıyam. (O, bunu elə qürurla dedi ki, bir anlıq da olsa daxilindəki idmançının elə daxilindəki yazıçı üzərində qələbəsi hiss olundu. Amma biz tez-tələsik söhbətin yarım qalmış hissəsinə geri dönürük.)

Jurnalist: - Sizi "qeyri-rus"luqda , güclü “xarici təsirlərdə” günahlandırırlar. Həm də bu təsiri bütün romanlarınıza aid edirlər: "Kral, dama, valet"dən tutmuş "Cəhalət otağına" qədər.

- Gülməlidir! Bəli, məni əslində tanımadığım, heç bir əsəri ilə tanış olmadığım alman yazıçılarının təsiri altında yazmaqda ittiham edirlər. Mən isə ümumiyyətlə, almanca pis oxuyur və danışıram.

Ondansa, fransız təsirini önə çəkə bilərdilər. Məsələn, Floberi və Prustu çox sevirəm.

Maraqlısı budur ki, mən qərb mədəniyyətinə yaxınlığı Rusiyada hiss etmişəm. Burda - Qərbdə isə, bu mövzuda demək olar ki, heç nə öyrənmədim. Əvəzində Qoqolun və Çexovun kəskin cazibəsinə düşdüm.

- Sizin Lujin özünü asır3, Martin Edelveys ağlını itirib naməlum səbəblər üzündən Rusiyaya qəhrəmanlıq etməyə yollanır. "Cəhalər otağı"nın sakini Kreçmar küçə qadınına bənd olur.

Roman hələ ki, bütövlükdə yayımlanıb çap olunmasa da sonluğu görmək heç də çətin deyil. Əlbəttə ki, Kreçmarın sonu pis olacaq.

Maraqlıdı, axı niyə görə həm fiziki, həm də əqli cəhətdən sağlam olan yazıçının bütün qəhrəmanları ağıldankəmlərdi?

- Ağıldankəm? Hə, ola bilər siz haqlısız. Bunu izah etmək çətindi. Mənə belə gəlir ki, insan öz əzabları ilə sakit həyatındakı vəziyyətindən daha maraqlıdı. İnsan təbiəti bütünlüklə açılmalıdı. Düşünürəm ki, səbəb də elə bundadır.

Hazırda "Ümidsizlik" adlı roman yazıram. Hadisə əsas qəhrəmanın - ruslaşmış almanın dilindən qələmə alınır. Bu roman bir cinayətin tarixçəsi haqdadır.

- Sizin yazı işinizin texnikası haqda danışın...

- Mənim yazmağımda əsas rolu əhval-ruhiyyə təşkil edir. Beyin, ağılla əlaqəli hər şey ikinci plana keçir. Romanlarımın mövzusu da gözlənilmədən, bircə dəqiqənin içərisində yaranır. Bu, əsasdır.

Yeganə olaraq, qalır hardasa dərinlikdə bir yerdə ilişib qalmış valı hərəkətə gətirmək, vəssalam. Artıq heç kəs onu öz yolundan çəkindirə bilməz.

Bu işdə əsas olan ilk həmlədir. Yazıçı var ki, öz əməyinə hansısa hünər, öhdəlik kimi yanaşır - yəni hər gün əvvəldən qərara aldığı sayda səhifə yazılmalıdı.

Mən isə, yazıçının hansısa daxili intuisuyasının olduğuna inanıram. Bəzən 12 saat fasiləsiz yazıram - mən bunun xəstəsiyəm. Həm də bu zaman özümü çox pis hiss edirəm.

Bəzən də eyni cümlələri dəfələrlə yazmalı, üzünü köçürməli oluram. Elə hekayələr var ki, üzərində 2 ay işləmişəm. Daha sonra bəzi xırdalıqlar, yenidən işləmələr vaxt aparır. Məsələn, hansısa peyzaj, qəhrəmanın gəlib düşdüyü əyalət şəhərciyində tramvayların rəngi və başqa texniki məsələlər.

Hərdən hər bir sözü yenidən yazmalı və dəyişdirməli oluram. Həyatda bircə bu sahədə mən səbrli davranır və tənbəllik etmirəm. Məsələn, Lujini yazdığım ərəfədə uzun müddət şahmatla məşğul oldum.

Yeri gəlmişkən, Alexin iddia edirdi ki, mən əsərdə şahmatçı Tartakoverin prototipini yaratmışam . Amma mən onu heç tanımıram da. Mənim Lujinim tam şəkildə təxəyyülümün məhsuludur. Bu cür bənzətmələr tez-tez baş verir.

Eləcə də yazıçı M.Aldanovun Kremenskisində4 Peterburqlu məşhur vəkilin cizgilərini tapmağa çalışırdılar və əlbəttə ki, tapdılar. (Həmin vəkil indi mühacirətdədir)

Amma Aldanov canlı insandan obraz kimi istifadə etməyəcək qədər ehtiyatlı yazıçıdır. Kremenski Aldanovun fikrində, xəyalında doğulub, yaşayıb. O yazıçıya eşq olsun ki, oxucu onun qəhrəmanlarını aramızda yaşayan, gündəlik həyatımızda rastlaşdığımız insanlara bənzədir.

***

Elə bu anda Sirin fikrə getdi və susdu. Beləliklə də, ədəbiyyat mövzusu üzərində söhbətimiz demək olar ki, baş tutmadı.

qeydlər


1. Vladimir Nabokov həm də Vladimir Sirin təxəllüsü ilə çap olunub.

2. Burda söhbət Nabokovun şərəfinə keçirilən ilk ədəbiyyat gecəsindən gedir. Görüş dövrün məşhur ədəbiyyatçılarından biri olan İlya Fondaminski tərəfindən təşkil olunub.

Həmçinin həmin tədbir 1932-ci il 15 noyabrda Parisdəki Sosiale Muzeyində də təkrar olaraq keçirilib. Görüş haqqındakı qeydlərdən: “zal tam doludur, ümumi canlanma var.

Açılışdan sonra Sirin öz yaradıcılığından nümunələr səsləndirdi. Bunlar onun həmişəki repertuarına daxil olan “Pəncərə”, “Gələcək oxucuya”, “İlk sevgi”, “Çöldə axşam” şeirləri, sonra “ Musiqi” hekayəsi idi. İkinci hissədə hələ ki, tamamlanmamış “Ümidsizlik” romanının ilk iki fəsli oxundu.

Sirinin güclü qiraətçilik qabiliyyətinə malik olduğu özünü bir daha təsdiq etdi. Maraqlıdı ki, o şeirlərini şairdən daha çox bir aktyor kimi səsləndirir, nəsrdə isə nisbətən həssas davranır, lazım olan sözləri xüsusi intonasiya ilə çatdırmaq xüsusiyyətinə malikdir.”

3. ”Lujinin müdafiəsi”nə aid bu versiya müxbirə məxsusdur.

4. Semyon İsidoroviç Krementski- Mark Aldanovun “Açar”, “Qaçış”, “Mağara” trilogiyasının qəhrəmanı. Trilogiyanın ilk hissəsi olan “Açar”da müəllif yazır:

“Maraq xatirinə əlavə edirəm, əsərin qəhrəmanı Kremenski haqda iddia edilir ki, bu obraz bəzi qeydlərdə adları sadalanan 5 vəkildən hansınınsa portretidir. Bildirirəm ki, bu fikir həqiqətdən tam uzaqdır.”

Rus dilindən tərcümə: Xatirə Nurgül

Günün bütün mövzuları

XS
SM
MD
LG