Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:03

-

"Təhkiyəçi iddia edir ki, kitabları yazıçıların deyil, qatillərin yazmalı olduğu vaxt gəlib çatıb"

Günel Mövludun tərcüməsində

Aleksandr Dolinin - ədəbiyyatşünas, "Roman paltarı geyindirilmiş hekayə" (M., 1988) kitabının, elmi məqalələrin müəllifi, V.V. Nabokovun bir sıra nəşrlərinin tərtibçisi və şərhçisi. Hazırda ABŞ-ın Viskonsin ştatı universitetitin rus ədəbiyyatı professoru.

Nabokov, Dostoyevski və "dostoyevşina"

İkinci hissə

İyirminci illərin sovet ədəbiyyatında Dostoyevskinin təsiri açıq-aşkar hiss olunurdu.

Məsələn, L.Leonovun “Oğru” romanında, Erenburqun kitablarında (Tanyanov deyirdi ki, onun əsərlərində Dostoyevski "yetərincə çeynənməyib"), Pilnyakın “Çılpaq il”-ində, Sobolun “Çilli adamın memuarları”-nda və s.

Nabokov 1926-cı ildəki hesabatında “sovet ədəbiyyatının məzlumluğunun səbəblərini” müzakirə edərkən “vulqarlaşdırılmış Dostoyevski”-nin izini və "böyük slavyan ürəyi" ideyasını Qladkovda, Seyfullinada, Pilnyakda, Leonovda və Zoşşenkoda da müşahidə edir.

Bunun fonunda daha bir neçə yaşlı, avtoritet mühacir-yazıçının Dostoyevskiyə qarşı neqativ münasibəti artırdı. Onların bunların arasında Bunin də vardı.

D.Baxrax xatirələrində deyir ki, Bunin ölümündən bir neçə il əvvəl arzulayırdı ki: “Əgər ömür vəfa etsə, gücüm çatsa, Dostoyevskini taxtından salacağam”.

Dostoyevski barədə daha sərt danışanlar arasında F.Stepan da vardı. O, deyirdi: "Dostoyevskinin qəhrəmanları elə danışırlar, elə bil, hamısının dilində ekzema var".

M.Aldanov “Sonun başlanğıcı” romanında "Cinayət və cəza" romanının "naqolay" quruluşu və qəhrəmanları, "alicanəb qatil" və "mələksifət fahişə" barədə kəskin mülahizələr irəli sürürdü.

"Sonun başlanğıcı" romanının süjetində əsas xəttlərindən biri "Cinayət və cəza"-nın əleyhinə çevrilib: gənc fransız Alver qətl törədir.

Bu qəhrəman - Raskolnikovun antipodu, özünə vurğun degenerat, zahirən çirkin, heç bir mənəvi əzaba qadir olmayan vəhşidir. Dostoyevskinin romanını oxuyan qəhrəman bu əsəri yalançı, sentimental cəfəngiyyat hesab edir və əzab çəkən, peşman olan qatil obrazını dağıtmaq üçün qətl törədir.

Bu, polemik bir priyomdur, gerçək, pis bir qatil Raskolnikova qarşı qoyulur. Bu qatil “Cinayət və cəza”nı tənqid edir.

Sonra əlbəttə ki, Buninin “Peterburq dönəmi” hekayəsinə gedib çıxır və burada qaraqabaq əclaf Sokoloviç naqolay Korolyok adlı, heç də müsbət obraz olmayan fahişəni soyuqqanlıqla öldürüb cəzasız qalmaqla özünün haqlı olduğunu subut edir.

Bu priyomun orijinal modifikasiyasını biz İ.Lukaşın “Polok” hekayəsində də görürük.

Hekayənin qəhrəmanı Dostoyevski özüdür və o, hekayədə öz romanı “Cinayət və cəza”-ya, “ədalətsiz kitab”a görə ictimai hamamda tanış bir səyyahdan tənqid eşidir (Svidriqaylova əzab verən məşhur ədəbiyyət obrazına açıq-aşkar eyham vurur).

Dostoyevskini hamama göndərməklə, Lukaş onu həm birbaşa, həm də dolayı yolla ifşa edir: hekayənin final səhnəsində, cəhənnəmin rəmzi olan hamamda Dostoyevskinin epileptik tutması tutur ki, bu da onun layiq olduğu cəzanı alması anlamına gəlir.

Dostoyevskinin ifşası, ya da ən azı, yenidən nəzərdən keçirilməsi tendensiyası mühacirət tənqidində də aşkar özünü göstərir.

Belə ki, P.Bisilli Dostoyevskinin “böyük dini mütəfəkkir və peyğəmbər olduğunu” etiraf etməklə yanaşı, bunu da qeyd edir ki, "bu yazıçı mətnin üzərindəki zorakılıqları ilə adamı nəfəsini dərməyə qoymur", bu səbəbdən itələyicidir və tez-tez "bizi qorxu və dəhşət hissinə yoluxdurur".

1932-ci ildə görkəmli filosof Qriqori Landau (yeri gəlmişkən, Nabokov bir çox şeylərə görə bu adama borcludur), özünün “Dostoyevski əleyhinə tezislər”-ini çap etdirir.

Landauya görə, Dostoyevskinin dünyası şərin yeraltı dialektikandan yaradıcılıq işığına və havaya çıxışına yer qoymur, buna görə də “insan həyatının, insan mənəviyyatının çoxtərəfliliyini, dolğunluğu və gerçəkliyini” təhrif edir.

Dostoyevskiyə qarşı yaranan xoşagəlməzlik tədricən o dərəcəyə çatır ki, Q.Adamoviç bir faktın konstatasiyasını özünə borc bilir: “Bizim buradakı həm yaşlı, həm də gənc, əslində isə daha çox yaşlı ədəbi “çevrələrdə” Dostoyevskiyə qarşı inadkar bir müxalifət var, getdikcə artan estetik bir müxalifət”.

Hərçənd, tənqidçi özü "partiya" maraqlarından çıxış edərək, Dostoyevskiyə müxalifət olanlara, estetik baxımdan düşmən "cəbhədən" etiraz edir və yazıçıya qarşı ümumi soyuqluğu "dövrün mənəvi mahiyyəti" adlandırır, onun Dostoyevski barədə şifahi olaraq dedikləri Aldanov və Buninin dediklərindən çox da fərqlənmirdi.

Y. Terapiano öz memuarlarında deyir ki, Adamoviç tez-tez "Dostoyevski rus və hətta dünya ədəbiyyatında sadəcə epizoddur və bizi ancaq gənc vaxtlarımızda təsirləndirə bilir."

Bir çox müasirlərinin sərt ittihamları ilə müqayisədə, Nabokovun 1920-30-cu illərdə Dostoyevskiyə qarşı müxalifətçiliyi olduqca yumşaq və təmkinli xarakter daşıyır.

O illərdə Dostoyevskini sevmək, yaxud sevməmək onun üçün şəxsi, fərdi zövq məsləsi idi, zövq kateqoriyasını müəyyənləşdirən göstərici deyildi.

Bu da xarakterikdir ki, "Dar" romanının qeyd-şərtsiz mükəmməl ədəbi zövqə və istedada malik iki qərhərmanı, şair Konçeyev və nasir Qodunov-Çerdıntsev Dostoyevskiyə münasibətdə fərqli fikirdədirlər.

Konçeyev “Ekiz” və “Cinlər”-in müəllifini çılğınlıqla sevdiyi halda, Qodunov-Çerdıntsev “onu araşdırmağa meyllidir”, onu gündüz işığı yanan otaqla müqayisə edir.

Həmçinin, xatırladaq ki, “Lujinin müdafiəsi”-nin qəhrəmanlarından biri olan psixoanalitik Dostoyevskini zərərli hesab edir, o qəhrəmanını şahmat oyanamqdan çəkindirir, bununla da, onun yaradıcı başlanğıcını boğmuş olur.

Bu, yaradıcılığının ilk illərində Nabokov üçün Dostoyevskinin heç də “üçüncü dərəcəli felyetonçu" olmadığına ən yaxşı sübut ola bilər.

Bunin və ya Aldanovdan fərqli olaraq, Nabokov Dostoyevskinin gerçək təsviri istedadını etiraf etməyə hazırdır.

"Məyusluq" üzərində işləməyə başlamazdan bir ildən də az müddət əvvəl, o, Berlində "Karamazov qardaşları" barədə göstərişli adı olan "Dostoyevşinasız Dostoyevski" hesabatı ilə çıxış edir, insanları Dostoyevskiyə mütəfəkkir və peyğəmbər kimi deyil, söz sənətinin ustası kimi baxmağa dəvət edirdi.

Bunun vacibliyini qeyd edən Nabokov deyir ki, “son yarım əsr ərzində Dostoyevskinin adı üzərində sxolastik şərhlərdən ibarət elə bir kurqan qurulub ki, rəssam, yazıçı Dostoyevski əzilib, basdırılıb.

Ədəbiyyata ancaq dolayı yolla aidiyyatı olan adamlar Dostoyevski barədə durmadan, ehtirasla, çılğınlıqla yazırlar.

Bəziləri onda siyasi etiraflar tapır, bəziləri ağıllı çıxaraq, sübut edirlər ki, üç qardaşdan və üstəgəl Smerdyakovdan ibarətdir, burdansa belə bir nəticəyə gəlib çıxırlar ki, Fyodor Dostoevski özü də gəncliyində atasını öldürmək istəyirmiş.

Hətta belə avaralar da var ki (düzdür, belələri daha çox əcnəbilərdir), bir düjün ağıllı çıxmış adamların arasında büt hesab olunan Freydin dəbdə olan fikirlərinin köməyilə Dostoyevskini "izah" etməyə çalışırlar.

Mühacir nəşrlərdə bu tipli məqalələrə rast gəlmək olur: "Dostoyevski və xristianlıq", “Dostoyevski rus inqilabının peyğəmbəri kimi”, “Dostoyevski böyük insansevər kimi”...

Sovet qəzetlərində Dostoyevski barədəki məqalələrdə onun haqqında əsr üçün xarakterik olan konfliktin ifadəçisi kimi bəhs edirdilər.

Bu konfliktdə tərpəniş, mülkədar-dvoryan mədəniyyətindən şəhərli-burjua mədəniyyətinə keçid vardı və bu dəyişiklik yazıçının şüurunda kosmik partlayış yaratmışdı. İnqilabdan əvvəlki xırda burjua intellegensiyası hələ də bu partlayışın təsirindən çıxa bilməyib”.

Dostoyevskinin yaradıcılığının bütün bu konsepsiyalarına qarşı Nabokov "Karamazov qardaşları"-nın sırf özünə məxsus estetik, antikonseptual oxunuşunu qoyur.

Burada nəqletmənin ustaca quruluşunu xüsusi olaraq, qeyd edir: müəllifin oxucunun marağını alovlandırmaq üçün istifadə edədiyi hiyləgər oyun; oxucu marağını saxlamaq üçün vaxtlı-vaxtında informasiyanın gizlədilməsi, ya da açılması, fabulanın peşəkarcasına inkişafı, yazıçının "bacarıqla, məntiqlə, azacıq da soyuqqanlılıqla öz qəhrəmanını açması”, müxtəlif yalanlar və tələlər.

“Bu, yazıçının oxucuya qarşı münasibətdə həssaslığının hipertrofiyasıdır, — axı oxucu eyni zamanda həm ovdur, şikardır, müəllif onu tələyə salır, həm də ovuçudur, elə bir ovçu ki, Nabokovun fikrinə görə, müəllif onun qarşısında cavab verir, izah verir.

Bu, bir növ rus ədəbiyyatının ənənəsidir (Puşkin “Yevgeni Onegin”-də, Qoqol “Ölü canlar”-da oxucunun qarşısında uzun-uzadı, gah zarafatla, gah xahişlə üzrxahlıq eləyirdi), bir az da Qərb kriminal romanlarının ənənəsidir”.

Nabokov üçün bədii cəhətdən qəbuledilməz olan - romanın ancaq o hissələridir ki, birinci plana Alyoşa çıxır, - “bu mistik "İvanuşka-duraçok" müəllifin uğursuz sevgisidir”, - müəllifin isə qəribə bir cəhəti var, o öz danışığı ilə qəfildən başqa qəhrəmanları danışan kuklalara çevirir”.

Nabokov iddia edir ki, Alyoşa danışmağa başlayan kimi, Dostoyevski söz üstası olmaqdan çıxır: Müəllifin bir yerdə dediyi kimi, “bu danışıq nəsə rəngi avazımış, işkəncələrdən çıxmış bir heyranlıq tutmasıdır ” və mənim zövqüm üçün qəbulolunmazdır, diri ölüdən fərqlənən kimi, onun da danışığı Dmitrinin və İvanın danışığından fərqlənir ”.

Romandakı yan süjetləri də o, mətndə artıq hesab edir: “Bu kitabın tamlığına mane olan süjetlər, Zosim barədəki ibrətamiz hekayət, madam Xoxlakovanın balaca və uğursuz farsı və məktəblilər, İlyuşanın ölümü barədə bəzi qəribə şirinliklərdən xali olmayan şirəli hekayətdir”.

Dmitrinin var olduğu, romanın mərkəzi səhnələri isə, əksinə, Nabokova olduqca maraqlı görünür: “Ümumiyyətlə, müəllif Dmitri ilə məşğul olanda, onun qələmi qeyri-adi dərəcədə canlanır, — Dmitri sanki qığılcım saçır, yaşayır və ətrafındakı hər şeyi canlandırır ”.

Bağda "qan püskürən" gecə baş verən səhnəni, Fyodor Pavloviç Karamazovun pəncərədən görünən fiqurunu o, xüsusilə qeyd edir — “onun adamın ətini ürpədən şəhvəti, o bəzəkli xələti, holland kətanından alt paltarı, bağın ortasındakı butafor bitki, teatral remarka qədər tutqun, qeyri-müəyyən bağ... ”.

Nabokov etiraf edir ki: “Pəncərədən düşən işığın altında sərt və teatral şəkildə işıqlanan bu kol məni həmişə həyacanlandırıb; bu da həyacanlandırıb ki, Dmitriybəlkə də pəncərədən düşən işığa görə belə görünən bu qırmızı meyvələri, sanki ona bir azdan axacaq qanı xatırlatdığı üçün sezir, fərqinə varır”.

Dəqiqdir ki, Nabokovun xoşuna gələnlər həm də “Mokromdakı tragikomik orgiya”, Qruşenkanın portreti, Mityanın sorğu-suala çəkilməsi, sorğu-sual zamanı diqqəti müstəntiqin ural daşları ilə bəzədilmiş üzüyünə çəkən priyom, qardaşların qədim, yaşıl, qaralmış, qarağat, yasəmən kollarının arasındakı külafirəngidə söhbətləri olub.

Qodunov-Çerdıntsev “Dar” romanında dediyi kimi, o, bədii bir detala diqqət çəkir: yaşıl masanın üstündə “dünəndən qalma, görünür yerə dağılmış bir qədəh konyakdan qalan dairəvi iz”ə.

Belə detallar Nabokova görə, söz üstasının diqqətliliyindən xəbər verir, Dostoyevskini “diqqətli yazıçı” adlandırmağı isə estetik dəyərlər baxımından "Nabokov şkalası"-nda ən üstün təriflərdən biridir.

"Məyusluq" romanının mərkəzi mövzsunu nəzərdə tutaraq, Nabokovu romandakı personajlardan ən çox qatil Smerdyakovun maraqlandırdığını qeyd etməmək mümkün deyil:

“Öz qatilliyi üçün olan-qalan ağlını, məzlum hiyləgərliyini xərcləyən kütbeyin, dayaz adamın obrazı, kədərli cinayətkar, axmaq cinayətkar, qatillərin əksəriyyəti kimi, uğursuzluğunun acısını dünyadan çıxan, buna görə bütün dünyadan qisas almağa çalışan bədbəxt adam.

O, xidmətçiliyinin, natamamlığının, çirkin üzünün, küt ağlının, alçaldıcı ləqəbinin qisasını almağa çalışır.

Onun eynək taxmağı, İvan məhkəmədən əvvəl onun yanına gələndə, İsaak Sirinin qalın cildli kitabını oxumağı necə də yaxşıdır.

Pəncərələrin hər birində bir dibçək çiçək olmağı, onun dəsmalının mavi saplarla bəzədilmiş və fırtıqlı olması necə də yaxşıdır”.

Hesabatı romanın ümumiləşdirilmiş xarakteristikası yekunlaşdırır: “Gözünü qırpan Smerdyakov, "qaynar gözlü və ehtiraslı dodaqlı" gözəl Qruşenk, burnu ilə gülümsəyən qoca Karamazov, əli qana batmış sadə oğlan Dmitri – onlar hamısı sanki canlıdırlar.

Maketlər də əla qurulub: tunc rəngli arakəsməli yataq otağı, bağçadakı küləfrəngi, koma, karvansara.

Çəp bir işıqla işıqlandırılmış parlaq, şübhəli dünya, bu dünyada nuh əyyamından qalma frantlar, barinlər, yaxud şeytanın özü, barmağında ucuz opal üzük gəzdirən “şişkin centlmen” var.

Bu dünya təhlükəlidir, burada fantaziyalar adamı təxəyyülün tutqun cığırlarına aparır. Bununla belə, qeyri-adi və maraqlı dünyadır ”.

Hesabatdan bəzi qeydləri (fəsillərin adı, oxucu gözləntiləri ilə oyunlar, süjetin quruluşu) Nabokov sonradan özünün "Karamazov qardaşları" barədə universitet mühazirəsində istifadə etmişdi, amma bu avto-sitatlar sadəcə iki mətnin prinsipial fərqini vurğulayır və Nabokovun romanı qiymətləndirməsinin kontekstə, auditoriyaya və şəraitə uyğun olaraq necə dəyişdiyini göstərir.

Əgər hesabatda Nabokov Dostoyevskinin fəlsəfi, dini, psixoloji və sosioloji interpretasiyalarını tənqidə məruz qoyursa və bununla da onun yaratdığı "qeyri-adi və maraqlı dünyanı" "dostoyevşinanın" tozundan təmizləməyə çalışırsa, mühazirəsində vurğu məhz uğursuzluqlara, müəllifin səhvlərinə salınır.

Hesabatda “Karamazov qardaşları” dahiyanə, xarakterik və ustaca təsvirlərlə dolu, bədii nailiyyət kimi təqdim olunursa, mühazirədə bu sadəcə fabulasının quruluşunda bəzi yanlışlıqlar olan “tipik detektiv romandır”.

Deyəsən, professor Nabokov istəyir ki, onun amerikalı tələbələri “Karamazovları” onun "Məyuslu" romanındakı Germanın Dostoyevskini oxuduğu kimi oxusunlar və eynilə onun kimi, bu yazıçını “bizim milli Pinkerton” adlandırsınlar. Onu Konan Doyl, Leblan i Uolles kimi detektiv müəllifləri ilə bir sıraya qoysunlar.

Burada ironiya bundan ibarətdir ki, "Məyusluq"-un qəhrəman-nağılçısı Nabokovun təsvirində sadəcə pis müşahidəçi, cinayətkar və "burnu sıxılmış kar korafəhmlərdən" deyil.

O, bir-birinin ardınca vacib faktları iqnor etməklə və axmaq səhvləri dalbadal etməklə kifayətlənmir, həm də olduqca diqqətsiz oxucudur. Beləliklə, o, Dostoyevskiyə lağ eləyərək, sitat gətirir: “Tüstü, duman, dumanda simlər titrəyir”.

Bu, şeir parçası deyil, bu Dostoyevskinin “Qan və tüpürcək” romanından bir sətirdir. Pardon, “Şuld und Zune”. Burada hansı tövbədən söhbət gedə bilər, yazıçı əsəri başa düşülmədiyi halda belə, günahını anlamır”.

Dırnaqlar arasındakı ifadə - doğrudan da, Dostoyevskinin "Cinayət və cəza" romanının altıncı fəslindən gətirilən sitatdır (hərçənd, tam dəqiq deyil).

Porfiriy Petroviç Rakolnikovla arasındakı həlledici söhbət zamını bu sözləri işlədir.

German bu ifadədə günahını anlayan və tövbə edən qatilə qarşı mərhəmətin melodramatik ifadəsini görür və buna görə roman müəllifini möhkəm itiham edir, özünü isə ondan qat-qat bacarıqlı və zövqlü söz ustası bilir.

Amma öz erudisiyasından həzz alan qəhrəmanın görmədiyi bir şey var ki, bu da sitatın ikimənalı dərinliyidir, axı Dostoyevskinin Porfiriy Petroviçi də öz növbəsində o sözləri Qoqolun "Dəlinin qeydləri" əsərinin axırıncı fəslindəki dəli Poprişindən sitat gətirir:

“Odur, göy üzü qarşımda dumanlanır, uzaqda ulduz parlayır, meşə tutqun ağacları və başının üstündəki ayla birlikdə gözlərimin qarşısından keçib gedir, soyuq duman ayaqlarımın altına döşənir, dumanda bir sim səslənir.”

Dostoyevskini ancaq üzdən oxuyan German mətnin bədii dərinliyini görməzlikdən gəlir və bununla da özünü bilməyərəkdən ifşa edir.

Nəinki özünü böyük söz sənəti ustaları ilə, nəinki Raskolnikovla bir sıraya qoya bilir, sadəcə Qoqolun məzlum dəlisi ilə eyniləşmiş olur.

Eynilə bu şəkildə, o, özünün Smerdyakovla oxşarlığını kəşf edir, Nabokovun müəyyənləşdirməsinə görə, bu hal Germana axmaq, eybəcər, dünyadan qisas almağa çalışan, Rusiyada yay gecələrində gitara çalan lakeylərdən danışan cinayətkarla eyniləşmək xasdır.

Bu barədə yazanda o, "Karamazov qardaşları"-ndakı müvafiq fəslə istinad edir və bunu “Gitaralı Smerdyakov ” adlandırır.

"Məyusluq"-un əlyazmasından gördüyümüz kimi, Nabokov əvvəlcə “Tüstü, duman, dumanda sim titrəyir” ifadəsini romana epiqraf götürəcəkmiş və bu sətirə ciddi əhəmiyyət verirmiş.

İşin gedişatında bu sətir romanın ikiplanlı, nağılçının və təsəvvür olunan müəllifin üst-üstə düşməyən koqnitiv dünyagörüşü üzərində qurulan təhkiyəçi strukturuna bir açardır.

“Ədəbiyyata dəxli olan hər şeyi bildiyini” və özünü bütün zamanların və xalqların böyük dühaları sırasında hesab edən German əslində, incəsənətin banal və sırtıq profanasiyasına qadirdir.

Dostoyevskinin mətnində Qoqolun sətirlərini tanımaması məsələsində olduğu kimi, yanlış sitat və ya özgə mətnin interpretasiyası ifşaedici fakt kimi çıxış edir, çünki təhkiyəçinin iddialarını diskreditasiya edərək, onun tuta bilmədiyi paralelləri, analogiyaları və antitezisləri göstərir.

Belə sitat-faktın daha bir vacib nümunəsi Puşkinin “Vaxtdır, dostum, vaxtdır” sətirləridir. German özünü dahi şairlə, özünün vulqar və ağılsız məqsədini isə Puşkinin qaçışı ilə eyniləşdirmək üçün bu sətirlərə appelyasiya edir.

Bununla belə, fərqinə varmamaq mümkün deyil ki, o, axırıncı sətri təhrif olunmuş şəkildə sitat gətirir: “xalis həzzlərin məkanı”, hərçənd, orijinalda “uzaq zəhmətlərin və xalis həzzlərin məkanı”dır.

Bunanla da o, özünün Puşkindən dərin fərqini, özünün həyat-yaradıcılıq proyektinin Puşkinin "həsəd olunası tale"yindən fərqini ifşa edir.

Şair "uzaq yerlərə", yəni təsəvvür elədiyi başqa mövcudluğa, başqa məkana, başqa yaradıcılıq dünyasına qaçmağı arzuladığı halda, istedadsız özündənbəy German ancaq xaricə qaçmağı və evsiz-eşiksiz yaşamağı arzulayır.

Yəni yaradıcı başlanğıcın var olmadığı "xalis həzlər məkan"nı. Analoji şəkildə "Məyusluq" qəhrəmanı özünü Puşkinin "Şairlər və kütlələr"indəki "dinc şairlə" eyniləşdirməyə çalışır, amma onun bütün cinayətkar hərəkətləri və məqsədləri onu qaramata, "çılğın kölələr"ə yaxınlaşdırır.

O insanlara ki, onların sırtıq iddialarının "ilham, şirin sədalar və dualar üçün yaranmışlar"ın azad nəğmələri ilə ortaq heç nəyi yoxdur.

"Məyusluq" kontekstində Germanın Dostoyevski əleyhinə cırtqoz danlaqları - onun özünü Puşkinlə eyniləşdirməyi kimi, küfrdür və buna görə də romanı çətin ki, "Cinayət və cəza", "Ekiz", yaxud "Ölü evdən qeydlər"in parodiyası hesab etmək olar.

Hərçənd, bütün bu əsərlər şəksiz, onun ən vacib kontekstlərinə aiddir. Y.Tınyanovun qeyd elədiyi kiimi, parodiya-əsərlər adətən ya müasir ədəbiyyatın özünə, ya da köhnə əsərlərə yeni münasibətlə büruzə verir.

"Məyusluq"un parodiya qatı bu müşahidəni tam təsdiqləyir.

Roman qəhrəmanının stilistik, tematik və ideoloji üstünlükləri hər şeydən əvvəl ultramüasir və modernist yazıçını ələ verir.

Yazıçı-Germanın parodik obrazını yaradanda, Nabokov, özünə xas bir şəkildə obraza eyni anda bir neçə ünvana aparan cizgilər verir; bunlar müasir nəsrin əsas məktəbləri və axınlarının ümumiləşdirici portretidir ki, o, bununla öz poetikasını müqayisə edir.

Onlar üçün ümumi nişanverici cəhət isə bu olur ki, "Məyusluğ"-un yeganə həssas obrazı rəssam Ardalion, Dostoyevski yaradıcılığında Nabokovun bədii cəşətdən şübhəli hesab elədiyi klişe situasiyaları, xarakter və ifadə vasitələrini Germana məktubunda "qaramat dostoyevşina" adlandırır.

“Karamazov qardaşları” barədə hesabatda olduğu kimi, polemika Dostoyevskidən daha çox, "müasirlərin ona münasibətinə" qarşı yönəlib: "Qaramat dostoyevşinada" günahı olan onun interpretator və epiqonlarına qarşı.

"Dostoyevşinanın" romanda paralel görünən konkret nümunələri arasında V.Brüsovun novellaları, L.Andreyevin “Fikir” hekayəsi var (bu hekayət özünü üst-üninsan hesab edən, axmaq, mənasız bir qətl törədən özünvurğun nitsşeçinin dilindən nəql edilir), A.Belıyın “Peterburq”-unun traktor səhnələri, eyni müəllifin “Çılğın adamın qeydləri”, Tolstoyun anti-emiqrant hekayəsi olan “Çarpayının altındakı əlyazması" və 1920-ci illərin sovet nasirlərinin bir sıra əsərləri var.

Görürünür ki, Nabokovun müasir "dostoyevşinaya" parodiyası üçün əsas model İ.Erenburqun “1925-ci ilin yayı” əsəri olub, bu əsər bir çox aspektlərinə görə, “Məyusluq”-la səsləşir.

Erenburq təhkiyəni birinci şəxsin dilindən, “insan sənədi” kimi, özünün Parisdəki hoqqaları barədəki gerçək hekayət kimi qurur.

Daima nəql edilmiş keçmişlə indi nəql edilən bu gün arasındakı kontrastla oynayır.

Povestdə vacib rollardan birini də ekiz və qətl motivləri oynayır (əslində, baş tutmamış qətl), özü də təhkiyəçi iddia edir ki, kitabları yazıçıların deyil, qatillərin yazmalı olduğu vaxt gəlib çatıb.

Mətn restoranlarda və barlarda dostoyevskivari söhbətlər, “Ölü evdən qeydlər ” ruhunda oxucuya birbaşa üztutmalarla və müxtəlif “yanakı” meta-ədəbi geriçəkilmələrlə doludur.

Nəhayət, müəllif-qəhrəman sonda kapitalist cəhənnəmindən qaçıb özünü xilas edəcəyi Sovet İttifaqına qarşı simpatiyasını da gizlətmir.

Böyük ehtimalla, Nabokov Germanın paranomiya ilə bitən kalambur şeirində də məhz “1925-ci ilin yayı”na eyham vurur, çünki Erenburq da öz povestinin finalını bu cür söz oyunu ilə bitirir.

Povestin təhkiyəçisinin sözlərinə görə, onun yazıçı missiyası bundan ibarətdir ki, özünü “hələ buxarlanacaq qədər isti, təzə ümidsizliyini ədəbi material kimi istifadə edən kövrək qəhrəmana çevirsin” və əslində, Nabokovun təhkiyəçisi də bu məqsədi güdür.

Amma əgər Erenburq nəticədə özünü kövrək "ekizindən" ayırmır, "dostoyevşina" kanonlarına uyğun şəkildə onunla saxta tövbə ekstazında birləşirsə, Nabokov əksinə, Germanı özünün müəllif kinayəsinin bir vasitəsinə çevirir.

Romandan keçən ədəbi allüziyalar əsasını rus nəsrinin məşhur çılğınlarından – Qoqolun Poprişinindən, Dostoyevskinin "Ekiz"-indəki Qoladyakidən, Soloqubun "Balaca cin"-indəki Peredonovdan, A.Belıyın "Peterburq"-undakı Dudkindən götürən qəhrəmanın genelogiyasını üzə çıxarır.

"Məyusluq" romanının finalında German öz əlyazmasını oxuyur və orda onu bir qatil kimi ifşa edən məşum səhvi tapır.

O, qurbanının özünə çıxdığı adını közlə yazdığı çubuğu cinayət yerində unutmuşdur. “İroniya bundadır ki," —Sergey Davıdov yazır, — "Germanın özünün qatil və yazıçı kimi dahiliyini sübut etmək üçün yazdığı hekayət onun tamamilə uğursuzluğunun sübutuna çevrilir".

Ədəbi ənənəni profanlardan qoruyan sərt müəllifin cəzalandırdığı German dəlixanada çubuqla döyülən Poprişin kimi çığıra bilərdi:

“Lənətə gəlmiş çubuq yaman bərk vurur!”

Nabokovun parodiyalırının çubuğu da onun amerikasayağı romanı olan “Despair”də, rus romanı “Məyusluq”da "dostoyevşina"-nı çox möhkəm döyür.

Günün bütün mövzuları

XS
SM
MD
LG