Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:04

Gülməli vəziyyətə düşürlər


Günel Mövlud
Günel Mövlud

- "Dükanda satıcı, taksidə sürücü, evdə ev sahibi, oteldə otel personalına sübüt etməyə çalışırlar ki, Azərbaycan daha varlı, daha rifahı yüksək, daha gözəl ölkədir."

"Öyrəşiblər ki, pul hər şeyi həll edir, burda əksini görəndə bərk təhqir olunmuş hiss edirlər özlərini."

Günel Mövlud

Kabinet

Uzun müddətdir ki, Azərbaycandan Gürcüstana istirahətə, məzuniyyətə, gəzməyə, əylənməyə gələnləri müşahidə edirəm. Xeyli təəssüratım, qənaətlərim var. Xeyli şeyləri anlayıram, fərqinə varıram.

Bizimkilər gəlir Gürcüstana. Ya tək, ya sevgilisi ilə, ya da bütün ailəsi ilə. İki, bir həftə, üç gün, nə qədərsə qalır, dincəlir, əylənir və geri qayıdırlar. Onlar öz məzunyyətlərini gəlib, burda keçirirlər.

Bu ilki statistika göstərdi ki, il ərzində təkcə Azərbaycandan 700 mindən çox turist Gürcüstana dincəlməyə, istirahətə gəlib. Bu, müşahidə deyil, statistikadır. Fakt budur ki, onlar dincəlməyə bura gəlirlər. Yəni Qəbələyə, Lahıca, Lerikə deyil, məhz Gürcüstana gəliblər.

Belə baxanda, çox normaldır. Ucuzluqdur, rahatlıqdır, geyim, içki, əyləncə limiti, qınağı yoxdur, gəliblər, lap yaxşı ediblər. Brend mağazalara girisən, müştərilərin 80 faizi ailəsi ilə birlikdə bazarlıq edən orta yaşlı, orta sinfin nümayəndəsi olan azərbaycanlı kişilərdir.

Onlar əyinlərində şortik fırlanır, ailələrini alış-veriş mərkəzlərinə aparır, deyib-gülür, özlərini sərbəst aparırlar. Di gəl ki, bir məqam gəlir, özlərini heç cür rahat hiss edə bilmirlər. Bu, mənəvi narahatlıqdır.

Onlar bir müddətdən sonra mütləq Gürcüstanı Azərbaycanla müqayisə etməyə başlayır və birmənalı olaraq, üstünlüyü Azərbaycana verirlər. Məsələn, qadınlı-kişili hamısı belə söhbətlərə başlayırlar.

Yox, adı ucuzluqdu, demək olar, elə bizdəki qiymətlərdi, hələ çox şey bizdə daha ucuzdu.

Bilmirəm, nəyin bəyənirlər, Bakı burdan min dəfə gözəldir.

O qədər gözəl yerlərimiz var ki, bura nədir?!

Heyif deyil, bizdə filan şey filandır...

Bu narazılıq onların hər addımında, hərəkətində hiss olunmağa başlayır. Dükanda satıcı, taksidə sürücü, evdə ev sahibi, oteldə otel personalına sübüt etməyə çalışırlar ki, Azərbaycan daha varlı, daha rifahı yüksək, daha gözəl ölkədir.

Təbii ki, iş başında olan, işini yerinə yetirən otel personalı, taksü sürücüsü, satıcı mədəni olmağa məcburdur. Buna görə də abrına qısılır, qayıdıb demir ki, atam-qardaşım, anam-bacım, xalam-nənəm, gözəldir, lap yaxşı, çox gözəl, çox pakizə. Onda niyə öz gözəl, rahat, abad, ucuz ölkəndə dincəlmirsən?

Bura niyə gəlmisən? Nə işin var burda? Niyə burda dincəlirsən axı? Get, o gözəl, ucuz, rahat ölkənin gözəl guşələrində, otellərində dincəl, gəz, istirahət elə, xeyri-gəliri də öz xalqına qalsın. Daha nə düşmüsən canımıza?

Azərbaycanda “şortik” geyinənlərə lağ edən, təhqir edən dayılar bura keçən kimi şortik geyinir, ölkələrində örtdükləri arvadları burda açılıb-saçılır, Bakıda kafe kabinetindən başqa ictimai qidalanma tərzi tanımayan adamlar burda kafelərdə rahat oturur, ölkəsində rahat siqaret çəkə bilməyən qadınlar gəlib burda rahat siqaret çəkir...

Amma yox, Azərbaycanda “şortik” geyinənlərə lağ edən, təhqir edən dayılar bura keçən kimi şortik geyinir, ölkələrində örtdükləri arvadları burda açılıb-saçılır, Bakıda kafe kabinetindən başqa ictimai qidalanma tərzi tanımayan adamlar burda kafelərdə rahat oturur, ölkəsində rahat siqaret çəkə bilməyən qadınlar gəlib burda rahat siqaret çəkir, sevgililər orda videokamera, Lider TV qorxusundan sevgilisini bura gətirib sevişir, amma “kam” alandan sonra deyirlər ki, bizdə daha yaxşıdır.

Həzm edə bilmirlər kasıb bir ölkənin azadlığını, rahatlığını. Dükanda satıcını, restoranda ofisiantı, taksüdə sürücünü təhqir etməyə, alçaltmağa çalışırlar. Nəsə sübut eləmək istəyirlər.

Rədd cavabı alanda, “yox” cavabı eşidəndə, özlərini təhqir edilmiş hesab edirlər.

İnanmırlar ki, Gürcüstanda beş manat artıq çaypuluna görə ofisiant yalandan gülümsəmir, qulluqpərgarlıq eləmir, bərbər saat altıdan sonra saç kəsmir, manikürçü evə gəlib, dırnaq düzəltmir.

Öyrəşiblər ki, pul hər şeyi həll edir, burda əksini görəndə bərk təhqir olunmuş hiss edirlər özlərini.

Ucuz və rəngli paltarlar geyinən gəncliyini, sərbəstliyini görəndə, dəbdəbəsiz evlərdə rahat yaşandığını görəndə, mərmərsiz, parıltısız köhnə şəhərin turistlərlə dolu olduğunu görəndə, inandıqları şeylər laxlayır və onlar bunu həzm edə bilmirlər.

Düz bir ildir ki, girdiyim dükanlarda, gəzdiyim küçələrdə, olduğum ortamlarda soydaşlarımın bu narahatlığını, bu əsəbiliyini, əzikliyini hiss edirəm, görürəm, müşahidə edirəm.

Təbii ki, bu yazılanlar hamıya aid deyil. Hər kəs belə eləmir. Söhbət əksəriyyətdən gedir. Və təbii ki, insanın öz ölkəsinin təəsübünü çəkməsində pis, qəbahət heç nə yoxdur.

Amma obyektivlik olmayanda, olan qüsurları ört-basdır etməyə çalışanda, başqa ölkənin üstünlüklərini sırf buna görə görməzdən gəlməyə çalışanda, gülməli və acınacaqlı bir vəziyyət alınır.

Acınacaqlısı budur ki, bura gələnlərin böyük çoxluğu Axundovun, Mirzə Cəlilin, Mirzə Şəfi Vazehin burda yaşamağı, yaratmağını danışmaq, mədəni-tarixi istinadlar eləmək əvəzinə, mərmərlərimizdən, nəhəng binalarımızdan danışır və gülməli vəziyyətə düşürlər.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG