Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:21

Əhalinin 94 faizinin aylıq gəliri 300 manatdan azdır


Fermer təsərrüfatı, arxiv fotosu
Fermer təsərrüfatı, arxiv fotosu

Dövlət Statistika Komitəsi 2014-cü ildə əhalinin gəlirlərinə dair hesabatları açıqlayıb. Məlumata görə, adambaşına aylıq gəliri 300 manatdan yuxarı olan ailələrin sayı 5,2 faizdən 6,1 faizədək artıb.

Bakıda aylıq gəliri 300 manatı keçən şəxslərin sayı şəhər əhalisinin 11,5 faizini təşkil edir.

Qalan əhalinin aylıq gəlirləri 300 manatın altındadır. Rəsmi məlumata görə, 2014-cü ildə ölkədə orta aylıq nominal əmək haqqı 444,3 manat olub. Lakin əmək haqqı alanların sayı cəmi 1,5 milyondur. Ölkə əhalisinin sayı isə 9,6 milyon nəfəri keçib.

TƏBƏQƏLƏŞMƏ GEDİR

Statistika Komitəsi əhalini gəlir qruplarına görə aylıq 95 və 300 manatdan yuxarı olmaqla 21 yerə yerə bölür. Bu bölgü əhalinin pul gəlirləri haqda dolğun təsəvvür yaratmasa da, təbəqələşmənin dərinləşdiyini müəyyən qədər əks etdirə bilir. Hesabatda gəlirləri ayda 1000 manatdan çox olan şəxslərin statistikası yoxdur. Komitə yoxsulları saysa da, varlıları hesablamır.

2013-cü ildə ailələrin 4,6 faizi yaşayış minimumundan (116 manat) aşağı adambaşı aylıq gəlir əldə edirdi. Ötən il əhalinin 4,2 faizi yoxsulluq həddindən (125 manat) aşağı yaşayırdı.

Adambaşına gəliri 125 manatdan 200 manata çatan ailələr ölkə əhalisinin 62,5 faizini təşkil edir. 2013-cü ildə isə bu həddə gəlirləri olan ailələr ölkə əhalisinin 66,8 faizi qədər idi.

Keçən il ailə təsərrüfatlarının 27,4 faizində aylıq əmək gəlirləri 200-300 manat arasında dəyişib.

ORTA GƏLİR NƏDƏN YARANIR?

Ümumiyyətlə isə 2014-cü ildə ev təsərrüfatlarında ayda adambaşına düşən gəlir 230 manat olub ki, bu da bir il öncəkindən 15 manat 40 qəpik çoxdur.

Bu orta gəlir əsasən aşağıdakı mənbələrdən yaranıb:

Daimi və müvəqqəti iş yerlərindən – 74,8 manat;

Fərdi məşğulluqdan – 61,1 manat;

Kənd təsərrüfatından – 30,6 manat;

İcarədən – 1,66 manat;

Pensiya – 30,95 manat;

Müavinət və sosial yardım – 30,95 manat.

Bundan əlavə, gəlirlərin içində başqa ailələrdən alınan pul (ayda orta hesabla adambaşı 18,54 manat), eləcə də xaricdən göndərilən pul baratları (adambaşına ayda 5,99 manat) var.

SORĞU

DSK bu məlumatları toplamaq üçün hər rüb 4250 ev təsərrüfatında orta hesabla 17000 şəxsi sorğuya cəlb edir. Bu işlə yerli statistika orqanlarının 125 işçisi məşğul olur. Onların hər biri 34 ev təsərrüfatını tədqiq edir.

Mütəxəssislər bu sorğuların nəticələrini tam obyektiv hesab etmirlər. Çünki, məmurlar və vergidən yayınan iş adamları gəlirlərinin heç də hamısını statistika orqanının əməkdaşına “ürək qızdırıb” açmır. 2005-ci ildə məmurların gəlir bəyannaməsinin təqdim etməsi haqda qanunvericilik aktı qəbul edilsə də, indiyədək tətbiqi ləngidilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG